“Baş nazirlərin müavinlərinin Azərbaycan-Ermənistan sərhədindək sabahkı görüşündən sonra tərəflərin yekun sülh müqaviləsi imzalayacağını real görmürəm. Çünki prosesə təsir edən üçüncü tərəflər, əsasən də Rusiya mövcuddur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında müstəqil siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı deyib.
O, sabah sərhədin Qazax-İcevan istiqamətində keçirilməsi planlaşdırılan Baş nazirlərinin müavinlərinin delimitasiya ilə bağlı görüşünün pərdəarxası məqamlarına toxunub.
Analitik düşünür ki, Qərb sənədin imzalanmasından yanadır bu, Qərbin maraqlarına tamamilə uyğundur:
“Sual oluna bilər ki, hər hansı bir sazişin imzalanması Moskvanın hansı maraqlarına uyğun deyil? Kreml hesab edir ki, 2020-ci ilin 10 noyabr sənədində qeyd olunan Ermənistan ərazisindən keçəcək kommunikasiya xətləri məhz Rusiyanın nəzarəti altında olmalıdır. Bu, həll olunmayana qədər də heç bir saziş imzalana bilər. Məhz buna görə də Rusiya bu məsələlərdə ciddi təzyiq göstərir. Ona görə də mən sazişin yaxın müddət ərzində imzalanmasına skeptik şəkildə yanaşıram”.
“Lakin Baş nazirlərinin müavinlərinin delimitasiya ilə bağlı sərhəddə keçirəcəyi görüşü müsbət hesab edirəm. Təbii ki, görüşmək və danışmaq lazımdır. Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağı Azərbaycanın suveren əraziləri kimi tanıyır. O, hətta qeyd edib ki, son 1 ildə rəsmi İrəvan bununla bağlı 8 dəfə açıqlama verib və bu məsələdə 2 dövlət arasında heç bir problem yoxdur”, - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, bu amillər təbii ki, müsbətdir və bütün bunları nəzərə alaraq, sülh sazişinin bu şəkildə imzalanması Azərbaycanın milli maraqlarına tam şəkildə uyğundur:
“Bu, eləcə də Ermənistan, ümumilikdə isə bölgənin maraqlarına uyğundur. Yekun müqavilə Vaşinqton, yaxud Moskva formatında da imzalanmasa, ən azı, 2 dövlət başçısı bu sənədi öz aralarında görüşüb imzalaya bilərlər. Hətta düzgünü və yaxşı olanı da budur.
Başa düşüyüm qədəri ilə, Qərb də bunun əleyhinə deyil. Onlar buna müsbət yanaşırlar. Bu sənədin imzalanmasının əleyhinə olan isə Rusiyadır. Kreml nəyinsə imzalanmasını məqsədəuyğun hesab etmir və bunu açıq şəkildə bildirir. Yəni həm Lavrov, həm Putin, həm də Zaxarova səviyyəsində bu mesajlar verilib”.
“Yeri gəlmişkən, delimitasiya və demarkasiya ilə bağlı komissiya yayda yaranmışdı və sərhəddə görüşüb müzakirələr aparmışdılar, amma bunun axırı gəlmədi. Halbuki həmin ərəfədə Ermənistan Azərbaycan ərazi bütövlüyünü qəbul etmişdi. Düzdür, həmin dönəm Qarabağda ermənilər var idi və İrəvan onların təhlükəsizlik məsələsini müzakirə edilməsini önəmli hesab edirdi. Lakin görüşlərdən həmin toplantı ilə bitdi. Eynisi yenə də ola bilər. Yəni yenə də hansısa bir çaxnaşma və gərginlik ola bilər. Çünki Rusiyanın hərbi kontingenti hələ də Qarabağdadır və hələ də onların prosesə təsir etmək imkanları var”, - deyə o, fikirlərini yekunlaşdırıb.