İsmayıllıda yol qəzası baş verdi: altı hindistanlı yaralandı

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır. ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Hindistanəsilli 6 vətəndaş ağır dərəcəli bədən xəsarətləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Binəqədidəki yanğında yaralananların SAYI

Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub. Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Cihazqayırma zavodunda YANĞIN

Gəncədə yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki, Cihazqayırma zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Uzunömürlülüyə görə Azərbaycan axırıncı yerdədir

Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi” indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub. İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb. Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlük və s. göstəricilərinə əsasən onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.

Bərdədə yas yerində xəsarət alanların sayı 33-ə ÇATIB

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib. TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

İlham Əliyevin Viktor Orbanla görüşü başladı

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

TƏBİB-dən qızılca ilə bağlı AÇIQLAMA

"Media nümayəndələrindən daxil çoxsaylı müraciətlərə cavab olaraq bildirmək istəyirik ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb". Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. "Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir. Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır. Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır", - qurumun məlumatında vurğulanıb.

Ermənistan hazırlığa başlayıb, müharibə edəcək - Polkovnikdən sensasiyalı açıqlama

“İstənilən silah bizim üçün narahatlıqdır və onun böyük-kiçikliyi yoxdur”. Bu sözləri Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Fransa və Hindistandan Ermənistana göndərilən silahların Azərbaycan üçün potensial təhlükələri barədə danışıb: “Düşünmürəm ki, Ermənistan o silahlardan sabah bizə qarşı istifadə edəcək. Çünki o silahların işlək vəziyyətə gətirilməsi üçün Ermənistana müəyyən müddət lazım olacaq. Yəni kadrlar hazırlamalı, mütəxəssislər o silahı poliqonlarda istifadə etməlidir ki, deyə bilək, bu silahları erməni hərbçiləri artıq rahat şəkildə istifadə edə bilərlər”. Ü. Cəfərovun sözlərinə görə, Ermənistanı faktiki olaraq Azərbaycana qarşı kökləyirlər: “İrəvanın havadarları onu revanşist addım atmağa məcbur edəcəklər. Ermənistan mütləq buna gedəcək, çünki həmişə böyük dövlətlərin aləti olub. Bunu nəzərə almalıyıq.  Doğrudur, həmin silahlar müəyyən təhlükə yaradır, amma bunun faciəvi bir durum olduğunu hesab etmirəm. Çünki müəyyən addımlarımız var. Amma Fransa və Hindistandan alınan silah-sursat bizim üçün müəyyən qədər çətinliklər yarada bilər. Yəqin ki, Azərbaycanın hərbi rəhbərliyi bu barədə götür-qoy edib. Gürcüstanda aparılan müzakirələrdə yəqin ki, bu məsələ əsas mövzu olub. Lakin Ermənistanın bir neçə il sonra Azərbaycana əzələ nümayiş etdirməsi labüddür. Mənə elə gəlir ki, İrəvana verilən silah-sursat onları şirnikləndirəcək”.

Şəfiyevdən Xankəndi ilə bağlı açıqlama

Xankəndidəki mülklər, mədəni abidələr qorunur, heç bir ziyan dəyməyib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Laçın-Xankəndi yolu ətrafında mübahisələr" adlı hesabatın təqdimatında deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına riayət edir: "Proseslərin bundan sonra necə baş verəcəyi barədə hələ nəsə demək çətindir. Azərbaycan hökuməti elan edib ki, kim istəyirsə qayıtsın. Düşünürəm ki, hökumət qayıtmaq istəyənlərə müddət verəcək. Kim istəsə qayıdıb yaşayacaq, kim istəsə gəlib əşyalarını götürəcək. Ümumən oradakı mülklərə heç bir ziyan dəyməyib".

Nazirliyin Qarabağ açıqlamasında rüsvayçılıq – “Bu, son deyil…”

Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağla bağlı yaydığı məlumatda dilemma qarşısında qalıb. Sozcu.az xəbər verir ki, nazirlik press-relizdə Azərbaycanın Qarabağ İqtisadi rayonundan bəhs edərkən “artsax”, “Dağlıq Qarabağ vətəndaşları”, “Dağlıq Qarabağ sakinləri” ifadələrindən istifadə edib. Erməni ekspertlər nazirliyin bu yanaşmasının rüsvayçılıq olduğunu bildiriblər: “Nazirlik tərəfindən yazılmış mətn Nikol Paşinyanın “artsax”la bağlı siyasətini yaxşı xarakterizə edir. Əvvəlində “artsax respublikası”, ortada “Dağlıq Qarabağ vətəndaşları”, sonunda isə sadəcə olaraq “Dağlıq Qarabağın sakinləri”. Başqa sözlə, enən xətlə gedir və bu, son deyil”. Qeyd edək ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu baxımdan Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən məlumatda üç saxta variantı yazması İrəvanın növbəti təxribatıdır.globalinfo)

Paşinyan hədələdi: “Yeni seçkilər keçirəcəm, yenidən seçiləcəm və...”

“Siyasi dairələr gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fəal şəkildə danışırlar. Hökumət artıq mövzunu gündəmə gətirib”. Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb.  “Bizə dedilər ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin son iclaslarının birində növbəti dəfə əli ilə hədələyib ki, onlar yeni seçkilər keçirmək və yenidən seçilmək, parlamentin hazırkı imicini tamamilə dəyişmək və orada tamamilə yeni müxalifət formalaşdırmaq üçün kifayət qədər işlər görəcəklər. Siyasi çevrələrdə Paşinyanın belə bir sürətli addım atıb bir-iki il əvvəl seçkilərə gedə biləcəyini, bu dəfə “polad mandat”dan daha inamlı danışaraq seçilmək üçün yenidən inzibati resurslardan istifadə edə biləcəyini istisna etmirlər. Bunun məqsədi həm də siyasi meydanı sürprizlə ələ keçirmək və yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməməkdir”, - deyə erməni nəşri bildirib.

Türkiyə kəşfiyyatı PKK liderlərindən birini məhv etdi

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/YPG-ni ağır silahlarla təmin edən və “qırmızı bülleten”lə axtarışda olan şəxslərdəni birini zərərsizləşdirib.  Sozcu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçu Fahrettin Tolun Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. 

Ermənistan XİN “sərhəd görüşü”nü təsdiqlədi – Tarix

Noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq. Təfərrüat açıqlanmayıb.

ŞOK: Rusiya Ukraynada son altı həftədə 36 min əsgərini itirib

Rusiya Ukraynada son altı həftə ərzində gedən döyüşlərdə 36 minə yaxın əsgərini itirib. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib. "Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələri Rusiya hərbi gəmilərini Qara dənizdən çıxarıb və hətta öz güclü donanmasına malik olmasa belə, gəmiçilik azadlığını tədricən bərpa edir – bunlar bizim asimmetrik hərəkətlərimizin nəticəsidir. Moskvanın başa düşdüyü yeganə dil gücdür. Biz bu dili yaxşı öyrənmişik", - Umerov vurğulayıb.

Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək

Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək ki, Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın. Sozcu.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib. “Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər, Qarabağı ermənilərdən tam azad etdilər, indi 9-cu bənd qalıb, gəlib bu ərazidə dayanmaq istəyirlər. Məgər biz öz yollarımızın təhlükəsizliyini təmin edə bilmərik?” O bildirib ki, Zəngəzuru ruslara versək, heç bir təminat yoxdur ki, bir aydan sonra azərbaycanlıları çağırıb, bu ərazilərin Azərbaycana aid olduğunu deməyəcəklər: “Rusiya yenidən diktə edən olmaq, bizə qul statusu vermək istəyir”. Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb: “Artıq bir çox ölkə ilə silah müqavilələrimiz var. Bu, rusların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər”.axar)

Bakı məktəbində BİABIRÇILIQ: Doğum gününə pul yığdığı iddia olunan direktor DANIŞDI

Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur. Söhbət Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.  Bu barədə Bizim.media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. Onun sözlərinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır: “Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən iki manat, yuxarı siniflərdən üç - beş manat, müəllimlərdən isə hansısa məbləğdə pul yığılır”.  Məsələ ilə bağlı münasibət öyrənmək üçün sözügedən məktəbin direktoru Kəmalə Babayeva ilə əlaqə saxlanılıb. Direktor bu barədə məlumatı yeni eşitdiyini diqqətə çatdıraraq, daha ətraflı məlumat əldə etmək üçün Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə yaratmağı tövsiyə edib. K.Babayeva doğum gününün noyabrın 24-də olub-olmamasını nə təsdiq, nə də inkar edib.    BŞTİ-dən isə bildirib ki, məsələnin araşdırılacaq.

“Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndiririk”

Kanada hakimiyyəti ABŞ sərhədində baş vermiş partlayışla bağlı informasiya toplayır. Sozcu.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo deyib. O bildirib ki, hökumət məsələ ilə bağlı ABŞ hakimiyyət orqanları ilə əlaqədədir: “Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndiririk”. Qeyd edək ki, ABŞ - Kanada sərhədində Niaqara şəlaləsi üzərində körpüdə partlayış baş verib.

ABŞ və Kanada arasındakı körpüdə partlayış: ölənlər var

ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. Hadisə Nyu Yorka gedən “Mersedes” markalı avtomobildə baş verib. Partlayış nəticəsində ən azı 2 nəfər ölüb. ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Ukrayna Krımı və Donbası Rusiyaya verməyə razı olmayacaq - Zelenski

Ukrayna Krımı və Donbası Rusiyaya verməyə razı olmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Foks Nyus”a (Fox News) müsahibəsində deyib. O bildirib ki, Kiyev Donbas və Krımı Rusiyaya verərsə, döyüşləri dayandırmaq olar, lakin Ukrayna bununla razılaşmayacaq. Çünki bu, sülh planı deyil. Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşməyə və onun sülh planını müzakirə etməyə hazır olduğunu da vurğulayıb: “Gəlin Trampla danışaq və ona sülh qərarında hansı addımların olduğunu göstərmək imkanı verək. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər. Mən onunla görüşməyə hazıram”.

Ermənistanla sərhəddə komissiyanın iclası keçiriləcək

Noyabrın 29 və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə "Caliber"ə diplomatik mənbələrdən məlumat daxil olub. Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib. İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir. Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib. Qeyd edək ki, daha öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan iki ölkə arasında delimitasiya komissiyasının iclası ilə bağlı konkret razılaşma olmadığını bildirib.

Tempraturun yüksəlməsi bu hekayənin yalnız başlanğıcıdır: ARAŞDIRMA

-Yer niyə, necə isinir? Qlobal iqlim dəyişikliyinin birdən- birə yaranan problem olmadığı sirr deyil. İnsanların atmosferə buraxdığı istixana qazlarının emissiyalarının artması nəticəsində Yer kürəsinin iqlimindəki dəyişikliklər günbəgün artır, istiləşmə baş verir. Dəyişikliklər ilk növbədə birbaşa dünyanın suyuna təsir edir. Buzlaqlar və buz təbəqələri kiçilir, çay və göl buzları daha tez parçalanır, əriyir, daşqınlar, sellər baş verir. Bu da suyun itkiyə getməsi ilə yanaşı biomüxtəlifliyin azalmasına da səbəb olur. İstiləşmə səbəbindən tez-tez meşə yanğınları, bəzi bölgələrdə daha uzun quraqlıq dövrləri müşahidə olunur, küləyin intensivliyi artır. Qlobal iqlim dəyişikliyi yer kürəsinin hər nöqtəsinə öz təsirini fərqli göstərir. Hesablamalara görə, yer səthinin orta temperaturu hazırda 1800-cü illərin sonlarında (sənaye inqilabından əvvəl) olduğundan təxminən 1,1°C, son 100.000 ilin istənilən vaxtından daha istidir. Son onillik (2011-2020) rekordlar üzrə ən isti onillik olub və son dörd onilliyin hər bir onilliyi öncəkindən daha isti olub. İqlim dəyişikliyi dedikdə ilk ağıla gələn havanın istiləşməsidir. Ancaq unutmayaq ki, temperaturun yüksəlməsi bu hekayənin yalnız başlanğıcıdır. Yer hər şeyin bir-birinə bağlı olduğu bir sistem olduğu üçün intensiv quraqlıqlar, su qıtlığı, şiddətli yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlarının əriməsi, fəlakətlərə səbəb olan tufanlar və biomüxtəlifliyin azalması bu proseslə bağlıdır, getdikcə daha da intensivləşəcək. İqlim alimlərinin dəniz buzlarının itirilməsi, buzlaqların və buz təbəqələrinin əriməsi, dəniz səviyyəsinin qalxması və daha güclü istilik dalğaları kimi proqnozlaşdırdığı təsirləri ilə bağlı həyacan təbili çalan narahatlıqlarının artdığını görürük. Alimlərin proqnozlarına görə, iqlim dəyişikliyinin yaratdığı təsirlərin şiddəti gələcək insan fəaliyyətinin rolundan asılı olacaq. Daha çox istixana qazı emissiyası daha çox iqlim dəyişikliyi və planetimizdə geniş yayılmış zərərli təsirlər deməkdir. Nəticəni doğuran səbəblər nəzərə alınsa, deyilənlərə əməl edilsə bu məsələni qismən tənzimləmək mümkündür. Gələcək təsirlər buraxdığımız karbon qazının ümumi miqdarından asılıdır. İnsanlar qlobal istiləşməyə görə məsuliyyət daşıyır Son 200 ildə qlobal istiləşməyə görə insanların məsuliyyət daşıdığı belə əsaslandırılıb ki, insan həyat şəraiti və fəaliyyəti dünyanı daha sürətli istiləşən istixana qazanlarına dönməsinə səbəb olub. Nəticədə su qıtlığı və qlobal iqlim böhranı yaranıb. Böhran təkcə şirin su ehtiyatının azalması kimi özünü göstərmir, çoxşaxəlidir. Temperaturun yüksəlməsi mövcud şirin su mənbələrində ölümcül patogenlərə səbəb olur ki, bu da təsirə məruz qalmış suyu insanların içməsi üçün təhlükəli edir. Daha çox üstünlük təşkil edən isə qıtlıqdır- su qıtlığı. Dünyadakı sirin su ehtiyatlarımız getdikcə tükənir. 2001-2018-ci illər arasında baş verən təbii fəlakətlərin təxminən 74 faizi quraqlıq və daşqınlar da daxil olmaqla su ilə bağlı olub. Bundan sonra da bu cür hadisələrin tezliyi və intensivliyinin yalnız iqlim dəyişikliyi ilə artacağı gözlənilir. Azərbaycanda kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm və səhiyyə sektoru iqlim dəyişikliyinə həssas hesab edilir. Vəziyyət ümumilikdə belə olsa da, iqlim dəyişikliyinə ən çox həssas olan sahələr kənd təsərrüfatı və su sektorudur. Iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu (IPCC) tərəfindən 2022-ci ildə hazırlanmış 6- cı qiymətləndirmə hesabatında bütün qitələrdə və bir çox okeanlarda aparılan müşahidələrin nəticələri göstərir ki, bir çox təbii sistemlər, o cümlədən hidroloji dövr, su təminatı və suyun keyfiyyəti, həmçinin su təchizatı ciddi surətdə iqlim dəyişmələri təsirlərinə məruz qalmaqdadır. Hesabatdan göründüyü kimi, cənubi Avropa, Qafqaz və Mərkəzi Asiyada iqlim dəyişmələri yüksək temperaturlara, quraqlıqlara və su resurslarının azalmasına, hidroenerjinin, yay turizminin və ümumilikdə mədəni bitkiçiliyin potensialının aşağı düşməsinə gətirib çıxaracaq. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü normadan daha artıqdır. Azərbaycanın su ehtiyatları Azərbaycanda daxili su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat artan templə irəliləyir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları, buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənmişdir. Çay sularının ehtiyatlarının 67-70%-i qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5-30,5 milyard m3, təşkil edir ki, onun da qonşu ölkələrin ərazisindən ölkəmizə daxil olan transsərhəd çaylarda formalaşan hissəsi 19,0-20,5 milyard m3 yerli çayların axımı isə 9,5-10,0 milyard m3 təşkil edir. Quraqlıq illərdə təbii su ehtiyatları 22,6-27,0 milyard m3-ə qədər azalır. Müvafiq olaraq, bu suların 17,1-14,3 milyard m3 transsərhəd çaylarına aiddir. Transsərhəd suların 25%-i həmin dövlətlər tərəfindən müxtəlif istifadə məqsədi üçün götürüldüyündən onlarla ölkəmizin ərazisinə yalnız 13,5-14,0 milyard m3 su daxil olur. Bu səbəbdən də ölkə ərazisində mövcud olan su ehtiyatları 23,0- 24,0 milyard m3 təşkil edir. Son 27 ildə əsas Tranzit çaylar olan Kür və Araz çaylarının müxtəlif məntəqələrində sululuğun dəyişmə tendensiyası verilmişdir. 1991-2017-ci illərdə sululuğun 1961-1990-cı illərlə müqayisəli dəyişməsi verilir. Göründüyü kimi, həmin müddət ərzində illik azalma iqlim norması ilə müqayisədə 4%-dən 24 %-dək təşkil edir. Daşqınlar Azərbaycn Respublikasının ərazisi dünyada daha çox sel müşahidə edilən ərazilər sırasına daxil edilir. Respublika ərazisinin təxminən yarısını əhatə edən Böyük və Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir. Ən çox sel hadisələri Böyük Qafqazın Cənub yamacında və Naxçıvan MR-in yüksək dağlıq ərazilərində baş verir. Bu dağ sistemlərində aşağıdakı sel rayonlarını ayırmaq olar: • Böyük Qafqazın cənub yamacı • Böyük Qafqazın şimal-şərq yamacı • Kiçik Qafqazın şimal-şərq yamacı (Şahdağ və Murovdağ silsilələri) • Kiçik Qafqazın cənub-qərq yamacı • Naxçıvanın ərazi çayları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Coğrafiya İnstitutunun məlumatları əsasında Azərbaycanın sel xəritəsi tərtib olunub. Ən çox sel hadisələri Respublikanın Şəki-Zaqatala və Naxçıvanın yüksək dağlıq ərazilərində baş verir. Respublika ərazisində yaranan sellərin 85-87%-i yağış suları hesabına formalaşır. 1966-2017-ci illərdə ölkə çaylarında müşahidə olunan daşqınların tendensiyası aşağıdakı kimi olub. Yüksək sululuq dövründə Kür çayında, Böyük Qafqazın cənub yamacı və Lənkaran-Astara bölgəsi çaylarında daşqınlar müşahidə olunur. Nəzərə alsaq ki, iqlim dəyişmələri modellərinə görə su ehtiyatlarının artımı gözlənilmir, iri çaylarda tənzimlənən su anbarlarının olması lazımdır, onda maksimal sərflərin buraxılması ilə bağlı çətinlikləri olmayacaq. Gələcəkdə kiçik çaylar üzərində layihəsi nəzərdə tutulmuş su anbarlarının tikilməsi, daşqın hadisələrinin azalmasına təsir edə bilər, təbii fəlakət hadisələri ilə mübarizədə bir fəal vasitə kimi irəli getməyə imkan vermiş olar. Aparaılan qiymətləndirmə işləri nəticəsində məlum olmuşdur ki, 1961-1990 dövrünə nisbətən 1991-2017 dövrü ərzində ölkə ərazisində temperaturun yüksəlməsi və yağıntının əsasən azalması ilə əlaqədar respublikanın daxili çaylarının əksəriyyətində su sərfində azalma baş verir. Azalma əsasən yay dövründə daha çox baş verir. Buzlaqlar Azərbaycanda əsas buzlaq sahələr Böyük Qafqazda Qusarçayın hövzəsində yerləşir. Son 110 ildə aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu dövrdə buzlaqların sahəsi 4,9 km2-dan  2,4 km2-a qədər azalmış və hazırda onların aşağı sərhəddi orta hesabla dəniz səviyyəsindən 3500m hündürlükdən keçir. Yeraltı sular ölkənin Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində və düzən ərazilərdə, Naxçıvanda və Talışda formalaşaraq gündə 24 mln.m3 (ildə 8,8 km3) təşkil edir. Hal-hazırda gündə 5 mln. m3 və ya ümumi ehtiyatların yalnız 20%-indən istifadə olunur. Bu isə su qıtlığı dövründə ölkənin yeraltı su potensialından daha geniş istifadə edilə bilməsinin mümkünlüyüny göstərir. Qlobal istiləşmə dünyanı narahat edir Qlobal iqlim dəyişmələri üzrə ekspert, BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycandakı əlaqələndiricisi İsa Əliyev Noyabrın birinci yarısında dünyanın gözünün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 26) keçirildiyi Qlazqoya dikildiyini bildirən maraqlı fakt səsləndirib. İsa Əliyevin sözlərinə görə, konfransın əsas məqsədi iqlim dəyişmələrinə təsirlərin yumşaldılması üzrə hər hansı yeni bir razılaşmanın qəbul edilməsi yox, artıq qüvvədə olan Paris Sazişinin 1.5°C dərəcədə saxlanılma kimi ən iddialı məqsədinin yerinə yetirilməsi üzrə icra mexanizmləri barədə razılığın əldə edilməsindən ibarət olub. Ekspert bildirib ki, konfransda indiki dünya gerçəklikləri baxımından razılaşma əldə olunması üçün şansların çox az olmasına rəğmən, Qlazqo İqlim Paktı qəbul edilib. “Qəbul edilən Iqlim Paktı sadəcə yaxın bir neçə ildə iqlimə təsirlərin yumşaldılması ilə bağlı fəaliyyətləri sürətləndirmək üçün yalnız bir istiqamət təklif edir. Bu xətt iqlim dəyişmələri kimi əks -əlaqələrə malik olduqca mürəkkəb məsələdə bir tərəqqi görüntüsü yaratsa da, təəssüflər olsun ki, Paris sazişinin əsas məqsədlərinə nail olunması (1.5°C və ya 2°C kimi) baxımından əhəmiyyətli dərəcədə kənara çıxır. Bu baxımdan vəziyyəti ideallaşdırmaq üçün elə bir ciddi əsas yoxdur və heç kimə sirr deyil ki, qlobal emissiyalarda arzu olunan azalmalarla, real azalmalar arasında fərq böyükdür və getdikcə bu fərq artmaqdadır. Bu da o deməkdir ki, Qlazqo Sammitinin qəbul etdiyi öhdəliklər yerinə yetirilsə (hərçənd sözdən əməli işə keçilməsinə şübhələr böyükdür) belə, dünya 2,7°C dərəcədən çox istiləşmə trayektoriyası ilə irəliləməkdə davam edəcəkdir. Baxın qlobal temperaturun 1.5°C artması üzrə Yer atmosferinin karbon büdcəsinin tamamlanması üçün təxminən 500 milyard tondan az qalmışdır. Problemə qlobal emissiyaların indiki illik səviyyə (heç bilsəydiniz bu səviyyədə nə qədər qaranlıq məqamlar, qeyri-müəyyənliklər və suallar var…) miqdarı ilə baxsaq, görərik ki, bu büdcə yaxın 10-15 ildə qapanır. Paris sazişinin əsas məqsədlərindən olan qlobal temperatur artımının 1.5°C dərəcə səviyyəsində saxlanılmasının mümkün olmadığı artıq hamıya məlumdur. Hər artan 0,1°C qlobal iqlim sistemində baş verən dəyişmələrin geriyə dönməz xarakter alması ehtimalını daha da artırır və bəşəriyyəti daha təhlükəli dəyişmələrə səbəb olacaq bir ana yaxınlaşdırır. Hazırda dünya birliyi yol ayrıcındadır və qərar qəbul etmək üçün çox az vaxt qalıb. Əslində dünya birliyi tərəfindən qəbul edilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və onun Paris Sazişinin son məqsədlərinə dair bəzi müddəa və prinsiplərin (təbii olaraq nəzərdə tutulan adaptasiya, qlobal temperatur artımının 1.5°C dərəcə səviyyəsində saxlanılması vəs. və s.) artıq açıq -aşkar köhnəlmiş olduğu aydın görünür və bu sənədlərdə mövcud reallıqlara əsaslanan müvafiq dəyişikliklərin edilməsi vacib məsələlərdəndir. Belə olan halda, şirin xəyallara əsaslanan arzularla yaşamaqdansa, elmə və mövcud reallıqlara uyğun fəaliyyət proqramlarının hazırlanması və icra edilməsi daha məntiqlidir. Öz- özünü aldatmağın isə heç kimə heç bir faydası yoxdur. Ola bilsin ki, indiki dünya bu olduqca mürəkkəb məsələnin həllində lazım olan irəliləyişlərin əldə edilməsi qabiliyyətində deyil və insan oğlu bunu bir neçə əsr bundan əvvəl görməliydi, amma görə bilməmişdir. Lakin ağrıdıcı məqam budur ki, problemin mahiyyəti məlum olandan sonra da, təxminən keçən son 50 il ərzində də məsələnin həll edilməsi üzrə fəaliyyətlərdən çox vaxt bilərəkdən, bəzən isə bilməyərəkdən yayınmışlar. Bizə isə ümid etmək qalır ki, qarşıdakı 10 il müddətində əsas ölkələr iqlim planlarını tələb olunan səviyyədə gücləndirərək, qlobal temperatur artımının heç olmasa 2°C çərçivəsində məhdudlaşdırılmasını təmin edəcəklər… Indiki vəziyyəti düşünərkən, 4 il bundan əvvəl Bonnda keçirilən konfransda Fici dövlətinin təklif etdiyi Talanoa dialoqunun əsas suallarını xatırladım: İqlim fəaliyyəti baxımından biz haradayıq? Hara getmək istəyirik? və Ora necə gedə bilərik? Əsas məsuliyyət isə dünyanı bu günə qoyan inkişaf etmiş aparıcı dövlətlərin üzərinə düşür…”, ekspert fikirlərini belə əsaslandırıb. -İqlim dəyişikliyinə səbəb olan emissiyalar dünyanın hər yerindən gəlir və hər kəsə təsir edir, lakin bəzi ölkələr digərlərindən qat-qat çox emissiyaları istehsal edirlər.Yeddi ən böyük emissiya yalnız (Çin, Amerika Birləşmiş Ştatlar, Hindistan, Avropa İttifaqı, İndoneziya, Rusiya Federasiyası və Braziliya) 2020-ci ildə qlobal istixana qazı emissiyalarının təxminən yarısını təşkil edib. Yəqin ki, ekspert “dünyanı bu günə qoyan inkişaf etmiş aparıcı dövlətlər”, deyərkən haqlı olaraq bunları nəzərdə tutub. Hər kəs iqlimlə bağlı tədbirlər görməlidir, lakin daha çox problem yaradan insanların və ölkələrin ilk növbədə hərəkətə keçmək üçün daha böyük məsuliyyəti var. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürüb və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilməlidir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. İqlim dəyişikliyi bizə necə təsir edir? Kənd təsərrüffatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmli, bildirib ki, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0, 4-1,3oC-yə qədər artdığına görə, suya olan təlabat artıb, bitkiçilikdə su çatışmazlığı, quraqlıq səbəbindən məhsuldarlıq aşağı düşüb, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsi səbəbindən bitki örtüyü azalıb, şoran torpaq sahələri artıb, səhralaşma prosesi sürətlənib. Yağıntıların azalması ilə əlaqədar çaylarda suyun həcmi azalıb. Ölkənin su resursu son 10 il ərzində 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb. Son illərdə sel əmələ gəlməsi 14 dəfə artıb. Regionlarda dolu düşməsi halları 2 dəfədən çox artıb. İntensiv yağışların yağması və sel sularının əmələ gəlməsi səbəbindən fermerlərin təsərrüfatlarına ciddi ziyan dəyib. Bütün bunlar sübut edir ki, Azərbaycan iqlim istiləşməsinin təsirindən yan keçmir. Kənd təsərrüfatına dəyən zərər ilbəil artır. Hidrometeorologiya Xidməti təkcə bu ilin iyununda ölkəmizdə 55 sel hadisəsini qeydə alıb. İyun ayında ölkə ərazisində yağıntılar əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub. Xidmətin məlumatında qeyd edilib ki, ay ərzində hava şəraiti bölgələrdə 11 gündən 24 günə kimi yağıntılı keçib, əsasən şimal və şərq rayonlarında iqlim normanı dəfələrlə aşıb. Qusarda 3,2 dəfə, Qaxda 2,8 dəfə, Sabirabadda 2 dəfə çox olub.Qubada aylıq norma 169%, Şəkidə 143%, Balakəndə 131%, Zaqatalada 118%, Gəncədə 111%, Gədəbəydə 117%, Cəfərxanda 106% müşahidə olunub. Lənkəran-Astara zonasında isə nisbətən az yağıntı hava şəraiti qeydə alınıb və aylıq normanın 23-70%-ni təşkil edib.Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb, bəzi çaylardan qısamüddətli sel keçib. Havanın əsasən qeyri-sabit keçməsinə baxmayaraq, Bakıda ay ərzində orta sutkalıq temperatur 24 gün normadan yüksək (1-5°) olub. Azərbaycanda kənd təsərrüfatı bitkilərinin 90 faizinin suvarılan torpaqlarda yetişdirilir. Respublikamızın aran bölgəsində suvarılma aparılmadan kənd təsərrüfatı bitkiləri yetişdirmək qeyri-mümkündür. Belə olan bir şəraitdə Azərbaycanın ərzaq təhlükəsizliyi də su ehtiyatlarından asılı vəziyyətə düşür. Su çatışmazlığının indi də özünü büruzə verdiyi bu bölgədə problem yay aylarında daha çox müşahidə olunur. Çünki isti havada suya tələbat 2–3 dəfə artır. Aparılan tədqiqatların təhlili göstərir ki, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində temperaturun və buxarlanmanın artması nəticəsində ölkəmizin su ehtiyatları 20-25 faiz azala bilər. Şirin suyun BMT tərəfindən artıq tükənən ehtiyatlar sırasına daxil edildiyini deyən mütəxəsislər Azərbaycanda da şirin su ehtiyatlarının qorunması və həmin ehtiyatların səmərəli istifadəsi və idarə edilməsi üçün bir sıra proqramların qəbul olunmasının vacibliyini qeyd edib. Yeganə çıxış yolu sudan qənaətlə istifadə etmək və israfçılığın qarşısını almaqdır. Bunun üçün suvarmada səmərəli üsullardan istifadə qaçılmazdır. Yaşıllıqların açıq, nəzarətsiz və selləmə qaydasında sulanması ciddi itkilərə səbəb olur. Buna görə də damcı və çiləmə üsullarından istifadə edilməlidir. Bu üsul su israfını 60 %-ə qədər azaldır, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını alır. Gələcək ekosistemin işləməsi bundan sonra daha çox suyun mövcudluğundan asılı olacaq. Təbiət hələ məhdud su ehtiyatları ilə bitki istehsalını artırmaq üçün istifadə edilə bilən sirləri aça bilər. Biz insan oğulları məntiq və həssaslıq göstərərək yeni, şirin su ehtiyatlarımızı kəşv edə və ağılla idarə edə bilərik. Könül Alı “Məqalə İsveçrə İnkişaf Agentliyi tərəfindən dəstəklənən “Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanıb. Layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur”.

Azərbaycanlılar təzyiq altındadır - AP nümayəndələri

Avropa Parlamentinin nümayəndələri bu qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə məktub ünvanlayıb. Sozcu.az xəbər verir ki, məktubu AP-nin 9 nümayəndəsi imzalayıb. Məktub müəllifləri İranda 30 milyon azərbaycanlının yaşadığını, İran hakimiyyətinin onlara qarşı assimilyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını qeyd edib. Nümayəndələr azərbaycanlıların milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar. Müxtəlif ölkələrdən olan AP nümayəndələri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını da yazıblar. Nümayəndələr, həmçinin, azərbaycanlıların ətraf mühit məsələlərində ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Sabah Qəzzada savaş dayanacaq

Qəzza zolağında atəşkəs noyabrın 23-də yerli vaxtla saat 10:00-da qüvvəyə minəcək. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Əbu Marzuk deyib.

“Dolanmaqda çətinlik çəkirdim” – “Bravo”ya hücumda təqsirləndirilən şəxs

Bakıda “Bravo” hipermarketə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov dindirilib. O bildirib ki, cinsi azlığın nümayəndəsidir və təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla instaqramda tanış olub: “Valideynlərim cinsi azlıq olduğumu biləndən sonra məndən imtina edərək bir daha evə gəlməməyimi tapşırdı. Bakıya köçdüm. Dolanmaqda çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların instaqramdakı səhifəsində elan paylaşdım və orada R. İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.İsmayılovla həmin evə köçdük və orada birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi”. Təqsirləndirilən şəxs bildirib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini, Dəyanətə isə digər tapançanı verəcəyini deyib. Onun sözlərinə görə, Ruhlan digər təqsirləndirilən şəxs Azərlə ondan daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar: “Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasını götürəndə onun içərisində silah olduğunu bilmədim”. Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib. Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.