Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət dünən başa çatıb. Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, müharibə veteranları və əlilliyi olan şəxslərin müavinətlərində artım gözləniləndir:
"Çox böyük ehtimalla bu artım əsas müharibə veteranları və əngəlli insanları əhatə edəcək. Çünki müharibə veteranlarına verilən vəsait kifayət qədər ciddi ictimai müzakirələrə səbəb olmuşdu. Müharibə veteranları və əngəlli insanlarla bağlı müavinətlərdə növündən asılı olaraq, təqribən 10 və 25 faiz arası artımlar ola bilər".