Bu gün general-mayor Polad Həşimovun doğum günüdür.
2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Həşimov xalqın qələbə mübarizəsinin, əzminin, zəfər uğrunda sarsılmaz gücünün başlanğıcı oldu. Döyüş zamanı şəhid olan general-mayor kimi o hərb tarixinin nadir şəxsiyyətlərindən biridir.
Milli qəhrəmanın doğum günü ilə bağlı anası Səmayə Həşimova Moderator.az saytına danışıb.
"1975-ci ilin bu günü sevinirdik ki, Polad dünyaya gəldi. Bu gün də kədərlənirəm ki, Polad həyatda yoxdu. Mən onun yoxluğuna dözə bilmirəm."
Polad Həşimovun ölümü təkcə onun anası, ailəsi üçün yox, bütöv bir xalq üçün böyük itkidir. Bu fikirləri Səmayə xanım da təsdiq etdi.
"Xalq onu sevir, xalqım sağ olsun. Bu gün Polad Həşimovun məzarına yüzlərlə insan toplaşmışdı. İndi də evimiz insanlarla doludur. Xalq onu ehtiramla anır, unutmur.
Əgər kimsə Poladdan halallıq istəyirsə, Polad həyatda yoxdur, amma mən varam."
Qəhrəmanın anası deyir ki, Polad Həşimovun adını ata babası qoyub. Ad insanın taleyinə, xarakterinə təsir edir. O, elə polad kimi bərk, sarsılmaz yetişdi, o cür yaşadı.
Polad iki qızdan sonra dünyaya gələn oğlan nəvə idi. Oturub məsləhətləşdilər, babası dedi ki, "onun adını Polad qoyacam".
Polad kimi böyüdü, yetişdi, yaşadı və Polad kimi də dünyadan köçdü."
Təmtərağı sevməzmiş qalib xalqın qəhrəman oğlu. Doğum günlərini evdə, ailəsi ilə sadə süfrə başında qeyd edərmiş həmişə...
"28 il orduya xidmət etdi və ad günlərini heç zaman təmtəraqlı qeyd etmədi. Ümumiyyətlə, təmtərağı sevməzdi.
Uşaq vaxtı da ad günü olanda mən süfrə açardım, ona hədiyyə alardım, evdə, ailə içində qeyd edərdik. O, elə görmüşdü, həmişə də elə qeyd edirdi. Sonuncu illərdə Daşkəsəndə xidmət edirdi. İki il ad gününü orda qeyd etdik. Heç bir iş yoldaşına da demirdi doğum günü olanda. Orda kirayə qaldığı evdə bir süfrə açmışdıq, ailəsi, uşaqları ilə qeyd etdi."
Yanvarın 2-si dünyaya göz açan general-mayor sağ ikən vətəninə xidmət etdi, ölümüylə isə, vətəninin zəfərinə yol açdı. Belə oğulları yalnız qəhrəman analar yetişdirə bilər!
Qəhrəmanın ruhuna ehtiram, qəhrəmanı yetişdirən ananın isə varlığına təzim edirik!