“O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili yardım isə Azərbaycan səhiyyəsidir”

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsində 15 yaşlı yeniyetmə 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Sosial şəbəkələrdə yeniyetmə üçün çağırılan təcili tibbi yardımın gəlməməsi geniş müzakirə olunur. Hadisə ilə bağlı tanınmış həkim-radioloq Aydın Əliyev də yazıb.

Sozcu.az xəbər verir ki, A.Əliyev sosial şəbəkə hesabında ölkə səhiyyəsini tənqid edib:

“Abşeron rayonu Masazır qəsəbəsində 15 yaşlı uşaq 2-ci mərtəbədən yıxılaraq yerə düşüb, ağır dərəcəli bədən xəsarəti alıb, çoxsaylı sınıqları, travmaları olub. Hadisə yerinə çağırılan təcili tibbi yardım heyəti 1,5 saat ərzində xəsarət alana çatmayıb, valideynləri məcbur qalaraq özləri uşağı xəstəxanaya aparıblar, uşaq çox miqdarda qan itirib, hal-hazırda vəziyyəti ağırdır. O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili tibbi yardım isə azərbaycan səhiyyəsidir. Biz dəfələrlə ölkədəki tibbi xidmətin düzgün təşkil edilmədiyini işıqlandıranda bəziləri bizi qınayır. İndi baxın və qiymət verin, o yıxılan uşaq hər birimizin övladı ola bilər. Həkimlərin, tibb işçilərinin fəaliyyətinə düzgün qiymət verilmədikcə belə halların sayı artacaq. Əhalinin sağlamlığına cavabdeh olan tibb məmurları tibb işçilərinə dəyər vermədikcə tibbi böhran dərinləşəcək. Yalandan bir neçə örnək klinika və örnək həkim göstərməklə bu problem həll olmayacaq. Ölkədə açıq-aşkar getdikcə dərinləşən tibbi böhran var, gənc həkimlərin xarici ölkələrə beyin axını sürətlənir, yuxarı ranq tibb məmurları isə komfort həyat sürür. Biz deyirik, ancaq gözardı edilir, bunun sonu yaxşı olmayacaq!”

Share on Facebook