Bu gün İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur. O 25 fevral 1926-cı ildə Gəncədə anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub. Təhsilini 1948-ci ildə başa vurub.
Əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb.
T. Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri olub.
1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub.
1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur.
Sözcü.az