Bərdədə qadın doğuşdan sonra öldü - Yenilənib

09:46 Bərdədə doğuşdan sonra 28 yaşlı ana ölüb, uşaq sağ qalıb. Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Firuzə Şakir qızı Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib. Doğum Evinin baş həkimi Tünzalə Bəşirova Trend-ə məsələ barədə açıqlama verib: "F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00 da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurub. Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır". Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır. *** Bərdə rayonunda 28 yaşlı ananın doğuş zamanı ölümünün ilkin səbəbi məlum olub. TƏBİB-dən bildirilib ki, 17 mart saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub. 37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Cinsi kişi, çəkisi 3 kq. 400 qr., boyu 50 sm. olan yenidoğulmuşa zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir. Əməliyyatdan sonra zahı qadında səbəbi bilinməyən hemoliz, HELLP sindromu və DDLP sindromları müşayiət edilib. Zahı qadının qarın boşluğunda 2 litr həcmində maye toplanması səbəbilə konsilium keçirilib və diaqnostik relaparotomiya, qarın boşluğunun sanasiyası və drenlənməsi əməliyyatının aparılmasına qərar verilib, qarın boşluğu serroz mayenin üstünlüyü ilə qan komponentlərindən təmizlənilib. Mütəmadi olaraq cərrah, reanimatoloq, hematoloq, uroloqlar ilə konsiliumlar aparılaraq pasiyentin müalicəsi davam etdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq 18 mart saat 01:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Açıqlamada qeyd edilib ki, hamilə qadının yaxınlarının dediyinə görə, 17 mart saat 22:00 radələrində sözügedən şəxs yaşadığı ərazi üzrə tibbi təhsili olmayan şəxsə müraciət edib və məlum olmayan səbəbdən hamilə qadına infuziya köçürülüb. İnfuziyanın köçürülməsi başlayan andan az müddət sonra qadının ümumi vəziyyəti pisləşib və təcili tibbi yardım xidmətinə müraciət edilib. Müraciətdən sonra isə ağır vəziyyətdə tibb müəssisəsinə hospitalizasiyası baş tutub.

Ermənilər mövqelərimizi yenə atəşə tutdu

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Daha 2 şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Behbudov Daşqın Nəsrəddin oğlunun qalıqları Göyçay rayonunda, Atayev Atakişi Qəhrəman oğlunun qalıqları Bakının Keşlə qəsəbəsində martın 19-da dəfn olunacaq. D.Behbudov 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində, A.Atayev isə 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.

Kəlbəcərdə yük maşını aşdı: ölənlər var

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Nəticədə sərnişinlər - 64 yaşlı Gəncə şəhər sakini M.Məmmədov hadisə yerində, 48 yaşlı Şəmkir rayon sakini R.Şahnəzərov isə xəstəxanada ölüb. Sürücü 37 yaşlı E.Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Bakıda 15 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 12. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bunu ciddi qəbul edin: Colani öldürüləcək - Şəriyətmədari

Əhməd əş-Şara da (Colani) Bin Laden və Əbu Bəkr əl-Bağdadinin taleyini yaşayacaq. Bu proqnozu yadda saxlayın və ciddi qəbul edin. Sozcu.az xəbər verir ki, bu, Əli Xameneinin ofisinə bağlı olan “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriyətmədari yazıb. “Bin Laden və Əbu Bəkr Bağdadi kimi muzdluların karyerasının sonu açıq şəkildə göstərir ki, təkfirçi terrorçular ABŞ tərəfindən yaradılıb. Birləşmiş Ştatlar təkfirçilərin vəhşi cinayətlərinin məsuliyyətini öz üzərinə götürməmək üçün bu qruplardan istifadə etdikdən sonra liderlərini aradan götürür!”- o bildirib. Qeyd edək ki, “Keyhan”ın baş redaktoru Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub və burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Azərbaycan şəhərində bayram mərasiminə icazə verilmədi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində keçirilməsi nəzərdə tutulan bayram şənliyi mərasiminə icazə verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, mərasimdə tonqal qalanması, “Cilman”, “Saray”, “Sarıtel” və “İlqar” incəsənət və musiqi qruplarının ifası, sayaçı və təkəmçilərin çıxışları nəzərdə tutulubmuş. Qəribədir ki, azərbaycanlıların bayram mərasiminə icazə verilmədiyi halda bölgədə yaşayan kürdlərin martın 18-də (İlaxır çərşənbədə) geniş bayram proqramı barədəki müraciətləri müsbət cavablandırılıb.

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq olundu

Martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. Qeyd: Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

İmtahan cavabları niyə gec açıqlanır? - Abituriyentlər narahatdır

Azərbaycanda 2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin 6 həftə sonra elan olunacağı bildirilib. Bu müddət abituriyentlər və onların valideynləri arasında narahatlığa səbəb olub. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanlarda ümumilikdə 110 mindən çox şagird iştirak edib. Nəticələrin gecikməsinin əsas səbəbi kimi yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etməsi göstərilir. DİM rəsmiləri bildiriblər ki, bu cür tapşırıqların dəqiq və obyektiv qiymətləndirilməsi üçün əlavə vaxt tələb olunur.  Bununla belə, nəticələrin gec açıqlanması abituriyentlərin ali təhsil müəssisələrinə qəbul prosesinə hazırlaşmasına mənfi təsir göstərə bilər.  Modern.az mövzu ilə bağlı ekspertilərin fikirlərini öyrənib. Elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, 6 həftə, həqiqətən də uzun müddətdir: “Amma bu qədər yubanmanın səbəbi də var. Məlum olduğu kimi martın 20-21-ci Novruz Bayramıdır, həmçinin 30-31 mart da Ramazan bayramıdır. Bununla əlaqədar olaraq martın 20-dən aprelin 1-ə qədər qeyri-iş günüdür. Həmin 12 günü çıxsaq, nəticələrin elan olunması 3-4 həftəyə enə bilərdi. Amma məhz bu qeyri-iş günlərinin olması nəticələrin gec çıxmasına gətirib çıxarır. O cümlədən əvvəlki dövrlərdən fərqli olaraq 2019-cu ildən etibarən imtahanlarda situasiya tipli suallar salınır. Onların yoxlanılması zamanı ən az 2 müəllim iştirak edir, sonda isə proses kompüter tərəfindən yoxlanılır. Nəticə etibarilə həmin suallara görə nəticələrin açıqlnaması gecikir. Əgər bayram tətilləri olmasa idi nəticələr 3-4 həftə ərzində elan edilə bilərdi. Amma bu da uzun müddətdir. Düşünürəm ki, qarşıdakı dövrdə DİM imtahan modelində fərqli üsul tətbiq etməklə yaxud müəllimlərin sayını artırmaqla cavabların daha tez açıqlanması üçün qərar verər”. Azərbaycan Psixologiya Akademiyasının rəhbəri həkim-psixiatr Ramil Hüseynzadə də bildirib ki, 6 həftə həqiqətən uzun müddətdir: “İnsanın bir yaxınının yasını yaşama, qəbul etmə müddəti qədərdir. Bu müddətdə nəticələr bilinmədiyinə görə abituriyentlərdə qeyri-müəyyənlik olacaq. İnsan qeyri-müəyyənliyə qarşı dözümlü varlıq deyil, qeyri-müəyyənlik insanı təşvişləndirir. Xüsusən yeniyetmələrdə təşviş əlamətləri görülə bilər. Bu da onlarda diqqət dağınıqlığı, konsentrasiya olmaqda çətinliklər yarada bilər. Nəticədə bu periodda növbəti imtahana keyfiyyətli şəkildə hazırlaşmaya bilərlər. Eyni zamanda nəticələr bilinmədiyinə görə ətrafdan gələn fikirlər, şərhlər də onlara psixoloji təsir edə bilər. Bura həm valideynlərin, həm də digər abituriyentlərin fikirləri aiddir. Valideynlərin mütəmadi imtahanla və nəticə ilə bağlı suallar verməsi, fikir soruşması stressi artıra bilər. Eyni zamanda digər abituriyentlərin "bu imtahan çox çətin idi, hamı zəif nəticə toplayacaq", "deyirlər filan sinifin uşaqlarının hamısı yüksək nəticə toplayıb" kimi fikirlərinin də psixoloji təsiri az deyil. Bəzi abituriyentlər bu qeyri-müəyyənlik dönəminin keçməsini gözləyib bu müddətdə digər imtahana hazırlaşmaya bilərlər. Bu da vaxt itkisinə, ləngiməyə səbəb olur ki, yekun nəticədə abituriyentin müvəffəqiyyətinə təsir edir”. Psixoloqun sözlərinə görə, abituriyentlər əvvəlcə realist olmalıdırlar: “Nəticənin necə olmasından asılı olmayaraq, ilk mərhələnin imtahanını verdilər, hal-hazırda ikinci mərhələyə hazırlaşmalıdırlar. Ona görə ilk mərhələyə hazırlaşarkən necə sistemli, rejimli və balanslı çalışırdılarsa, onu bərpa etsinlər. Əgər elə çalışmırdılarsa, rejimlə çalışmağa başlasınlar. İmtahan nəticəsi ilə bağlı həyəcan təbiidir. Bunu təbii qarşılamaq lazımdır. Əgər imtahan nəticəsi mövzusunda danışıqlar onları narahat edirsə, o zaman bu söhbətlərdən uzaq durmağa çalışsınlar və ətrafındakılardan da bu durumun onları narahat etdiyini bildirərək onların yanında müzakirə edilməməsini xahiş edə bilərlər. Stressi idarə etmək üçün müxtəlif nəfəs texnikalarından istifadə edə bilər. Meditasiya faydalı olar. Eyni zamanda gün ərzində açıq havada gəzməyi, bol-bol su qəbul etməyi unutmasınlar. Fiziki fəaliyyət həm onların zehni fəaliyyətlərinə dəstək olacaq, həm də həyəcanlarını azaldacaq. Yuxu rejimi əhəmiyyətlidir. Gecə yuxusu xüsusən əhəmiyyətlidir”.

Azər Rəşidoğlunun səhhəti ilə bağlı Prezidentə və birinci xanıma müraciət edildi

Ölkənin tanınmış jurnalisti Azər Rəşidoğlunun səhhətində yaranmış ciddi onkoloji problemlə bağlı olaraq, ölkənin bir sıra jurnalistləri, media rəhbərləri, QHT təmsilçiləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Sozcu.az müraciətin mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya Müraciət Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım, Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir. Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərinin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. Bu səbəbdən xəstəliyin müayinə edilməsi və müalicənin uğurlu olması üçün xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi və buna uyğun külli miqdarda vəsaitin ayrılması tələb olunur. Hal-hazırda Azər Rəşidoğlunun müalicəsi üçün gərəkli olan vəsaitin dəqiq məbləği müəyyənləşdirilməyib. Lakin məlumdur ki, müalicənin davamı və xarici ölkələrdə təchizatlı müayinə və əməliyyatların həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Təəssüf ki, Azər Rəşidoğlunun bu müalicəni həyata keçirmək üçün şəxsi maddi imkanları yoxdur. Qeyd edək ki, Azər Rəşidoğlu 35 ildir Azərbaycan mətbuatında çalışan tanınmış imza sahibi olan jurnalistdir. O, vətənpərvərliyi, analitik təhlil yazıları ilə tanınır və milli-mənəvi dəyərlərimizə sədaqətli jurnalistlərimizdəndir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Azərbaycan cəmiyyətində yüksək hörmətə layiq olan və etimad göstərilən, uzun illər boyu media sahəsində xidmət etmiş, ölkəmizin nüfuzlu jurnalistlərindən biri olan Azər Rəşidoğlunun həyatı və sağlığına yardım göstərilməsi, onun müalicə xərclərinin qarşılanması üçün Sizin yüksək diqqətinizə və yardımınıza ehtiyacı var. Azər Rəşidoğlunun sağlamlığına qovuşmasının təmin olunması məqsədilə xarici ölkələrin birində müayinə və müalicəsi üçün dəstəyinizi və qayğınızı əsirgəməməyi Sizdən xahiş edirik. Müraciətimizi dəyərləndirərək, bu çətin dönəmdə ona kömək olmağınız ölkəmizin bir çox insanları tərəfindən böyük minnətdarlıqla qarşılanacaq. Əvvəlcədən göstərdiyiniz diqqət və yardım üçün dərin təşəkkürümüzü bildiririk. Qeyd edək ki, müraciətə ölkənin nüfuzlu media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar qoşulublar. İmzalanma prosesi yekunlaşdıqdan qısa müddət sonra ünvanına göndəriləcək.

ABŞ Ermənistanla bağlı QƏRAR VERDİ: İrəvana qoşun göndərilir?

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istəyir. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə RT sənədlərə istinadən məlumat yayıb. Qeyd olunub ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək: “Daşınma iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir. Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması planlaşdırılır”.

Övladlarının əlini yandıran anaya - Bu cəza verildi

Abşeron rayonunda azyaşlı övladlarının əlini yandıran qadın cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Arzu Yusifovaya (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 133.2.4-cü (Əzab vermə - yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə əsasən hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, Arzu 2016-cı ildə Ruslan adlı şəxslə ailə həyatı qurub. Onların 2017-ci ildə oğul və 2019-cu ildə isə qız övladları dünyaya gəlib. Lakin cütlük 2021-ci ildə boşanıb. Bir müddət əvvəl isə Ruslan keçmiş həyat yoldaşının övladlarına xəsarət yetirməsini görərək polisə şikayət edib. Faktla bağlı cinayət işi açılıb və Arzu Yusifova barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə qadına 2 il sınaq müddəti verilməklə şərti cəza verilib.

Ukraynanın Kursk əməliyyatı: Ruslar darmadağın edildi

Kursk vilayətində Ukrayna ordusunun əməliyyatı hər mənada uğurlu alındı, çünki itkilərin nisbəti 1-in 10-a Ukraynanın xeyrinə idi. Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş bölük komandiri Yevgeni Dikiy deyib. Onun sözlərinə görə, hərbi nöqteyi-nəzərdən itkilərin nisbəti həmişə Ukrayna üçün çox əlverişli olub: “Bu səkkiz ayda ruslar Kurskda müvəffəqiyyətlə darmadağın edildilər. Biz əslində orada bu müharibənin miqyasında çox cüzi itkilər verdik. Ruslar isə əksinə, orada bir ildən artıqdır ki, kütləvi hücumlar həyata keçirdikləri Pokrovski istiqamətindəki ciddi itkilərə məruz qaldılar. Hərbi baxımdan balans bizim xeyrimizədir”. Keçmiş komandir bildirib ki, Sucada Ukrayna hərbçiləri nə yarımmühasirə, nə də tam mühasirə vəziyyətində olublar: “Əslində rus qoşunları əsas logistik marşrutu kəsərək Ukrayna kontingentinin təchizatını mümkünsüz etdi. O zaman kontingent mütəşəkkil şəkildə çıxmağa başladı”.

Qaşqay türkləri aksiyası keçirdi: “Azərbaycan var olsun!”

İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində qaşqay türkləri etiraz aksiyası keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə onlar sosial mediada paylaşım ediblər. Etiraza səbəb İran Mədəni İrs Nazirliyinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lor xalqı adına qeydiyyata alması olub. Öz milli geyimlərində əyalət valiliyi binası qarşısına toplaşan qaşqaylar “Qaşqayının libası, qaşqayının olası”, “Azərbaycan var olsun, qaşqayı sağ olsun” və başqa şüarları səsləndiriblər. Sosial media fəallarının yaydığı məlumata görə, aksiya yerinə gələn Fars əyalətinin polis rəisi Rəhambəxş Həbibi narazı qaşqayları təhdid və təhqir edib.

Bayram namazı nə zaman qılınacaq?

Bayram namazı mart ayının 30-da qılınacaq. Sozcu.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur. "Bayram namazı məscidlərdə 08:00 və 09:00-da qılına bilər. Fərqi yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir", - deyə F.Nurullayev qeyd edib.

7 körpənin öldüyü yanğınla bağlı məhkəmə keçirildi

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Perinatal Mərkəzin Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli ifadə verib. O, bildirib ki, işlədiyi dövr ərzində işdə nöqsan olmayıb: “23 fevral 2023-cü ildə FHN Perinatal Mərkəzdə yoxlama aparıb və nöqsanlar aşkar edib. Lakin bu məndən öncə baş verib. Mənim əmrim 27 fevral 2023-cü ildə verilib. Rəhbəri olduğum şöbədə mühafizə və nəzarət bölməsi var. İşim onlara nəzarət etmək və işlə bağlı təlimatlandırmaqdır. Yanğın təhlükəsizliyi ilə bağlı əmr verilib. Onunla tanış olmuşam və üzərimə düşən öhdəliyə cavabdehəm. Hadisə baş verən zaman Mehriban Abasquliyeva mənə zəng edib xəbər verdi. Mən ora çatanda artıq hadisə baş vermişdi. Mən mərtəbənin boşaldılmasına yardım etdim. Tüstü 5-ci mərtəbəyədək qalxmışdı. Qalxıb oradakıların təlxiyəsinə yardım etdim. Bütün şöbələrə yanğınla bağlı təlim keçirilib. Mən mütəmadi yoxlamalar aparırdım. Elektrik yuvalarına və uzadıcılarına həddindən artıq qeyri-tibb avadanlıqları qoşulduqda irad bildirirdim və aradan qaldırılması üçün tapşırıq verirdim. Lakin tibbi avadanlıqlarla bağlı göstəriş vermirdim. Tibb sahəsini bilmirəm. Anlayışım olmadığı üçün belə edirdim. Elektrik naqillərinə isə elektrik nəzarət edirdi. Bizə aid olan və çatışmayan avadanlıqlar üçün rəhbərliyə bildirirdik. Daha sonra mərkəzin satınalma şöbəsinə bildirirdik. Avadanlıqların təmin olunması ilə bağlı problem yaşamamışıq”. Daha sonra zərərçəkən Emil Abbasəliyev ifadə verib: “Öncə yoldaşımı özəl klinikalardan birinə yerləşdirmək istədim. Lakin bizi Respublika Perinatal Mərkəzinə yönləndirdilər. Orada bizə dedilər ki, bu doğum risklidir. Biz razılıq verəndən sonra yoldaşım əməliyyat olundu. Bizə uşağın iki gün mərkəzdə qalacağını bildirdilər. Mən uşağı çıxartmaq istəyəndə onlar bizə körpənin şəkərinin aşağı düşdüyünü dedilər”. Həmçinin zərərçəkən bildirib ki, hadisə baş verən gün övladını öncə "Yeni Klinika"ya göndərmək istələr də, sonra qərar dəyişdirilib: "Mehriban Abasquliyeva dedi ki, uşağın vəziyyəti normaldır. Ona görə Yeni klinikaya başqa körpə göndərildi. Mənim uşağımı isə "Semaşko" xəstəxanasına göndərdilər. Hadisə zamanı Mehriban xanım mərkəzdə osa da, mən onun Respublika Perinatal Mərkəzin direktoru olduğunu bilmirdim, elə bilirdim burada çalışan həkimdir”. Zərərçəkən təqsirləndirilən şəxsləri məhkəmə zamanı tanıdığını və bu işdə günahkar olanlara ən ağır cəzaya məhkum edilməsini xahiş edib. Proses aprelin 14-ü davam etdiriləcək. Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Ağadadaşın baltası özünə qaytarıldı

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb. Sozcu.az-ın Modern.az-a istinadən məlumatına görə, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib. Qeyd edək ki, müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin. İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib. Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib. Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

3 gün əvvəl intihar edən məktəblinin atası da özünü asdı

Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da eyni əməli törədib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ə.S-nin atası bu gün intihar edib. 48 yaşlı M. Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xızının qadın prokuroru qəzaya düşdü

Xızının prokuroru yol qəzasına düşüb. Sozcu.az xəbər verir ki, "Toyota” ilə “Niva” markalı avtomobil toqquşub. "Toyota" markalı avtomobildə olan rayon prokuroru Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb. Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.

Müsavat fəalını qətlə yetirən şəxsə hökm oxundu

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Elsəvər İslamov 19 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb. Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

"Nyukasl" finalda "Liverpul"a qalib gəldi

Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib.  Sozcu.az xəbər verir ki, turnirin həlledici mərhələsində "Liverpul" "Nyukasl"la qarşılaşıb. Matç Londonda, "Uembli" stadionunda keçirilib.  Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Nyukasl" kubokun qalibi olub.  "Liverpul" - "Nyukasl" - 1:2  Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52 

"Barselona"dan möhtəşəm geridönüş

İspaniya La Liqasında 28-ci tura yekun vurulub. Sozcu.az xəbər verir ki, bu gün 5 oyun keçirilib. “Rayo Valyekano” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Leqanes” evdə “Betis”, “Sevilya” “Atletik”ə, “Osasuna” isə “Xetafe”yə uduzub. Turun mərkəzi oyununda “Atletiko” “Barselona”nı qəbul edib. Meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sonradan 4 qol vuraraq əzmkar qələbəyə sevinib. 16 mart "Leqanes" – "Betis" - 2:3 Qollar: Raba, 29; 44 – İsko, 64-pen. Bakambu, 78. K.Ernandes, 82. "Sevilya" – "Atletik" - 0:1 Qol: Y.Alvares, 84. "Osasuna – "Xetafe" - 1:2 Qollar: Budimir, 45-pen – Terrats, 55; 71. "Rayo Valyekano" – "Real Sosyeda" - 2:2 Qollar: Trexo, 58. P.Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80. "Atletiko" – "Barselona " - 2:4 Qollar: X.Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. F.Torres, 78; 90+8. L.Yamal, 90+2. Bu nəticələrdən sonra "Barselona" 60 xalla liderdir. "Real" eyni xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Barselona" rəqiblərindən bir oyun az keçirib.

Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə иu barədə Zelenskinin ofisinin saytında məlumat yer alıb. Kadr dəyişikliyinin səbəbləri açıqlanmır.

NASA qərargahının əməkdaşları Trampın sərəncamından sonra tarakanlardan şikayət ediblər

ABŞ Prezidenti Donald Trampın bütün federal işçilərin ofisə işə qayıtması barədə əmrindən sonra NASA işçiləri qərargahda tarakanlarla və masa çatışmazlığı ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yanvarın 20-də inauqurasiyadan sonra Tramp bütün federal işçilərə pandemiya zamanı keçmiş Vaşinqton administrasiyası tərəfindən aktiv şəkildə həyata keçirilən evdən işləmək təcrübələrinə son qoyaraq, dərhal ofislərinə qayıtmağı əmr edən sərəncam imzalayıb. “Reuters” xəbər verir ki, NASA-nın ABŞ paytaxtında yerləşən qərargahının əməkdaşları keçən ay işə qayıdanda ofislərinin döşəmələrində tarakanlar və su kranlardan sürünən digər həşəratlar aşkarlayıblar. Agentlik həmçinin yazıb ki, yazı masası çatışmazlığı səbəbindən çoxları stullarda oturaraq işləyirmiş. Məqalədə qeyd edilir ki, “Reuters” ofisdə işləməyə qayıdan bir neçə nümayəndə ilə danışıb. Daxili Gəlir Xidmətinin (IRS) baş qərargahının meneceri deyib ki, o, masası olmadığından konfrans zamanı kompüterini qucağına alıb yerdə oturmalı olub. Şöbə əməkdaşları yararsız iş şəraiti arasında internetin olmamasını da qeyd ediblər. Qeyd olunur ki, onlardan bəzilərinə mobil telefonlarından "Wi-Fi"ın giriş nöqtələri kimi istifadə etmək tapşırığı verilib.