Rusiyanın itkiləri 748 mini ötdü

Ukrayna müharibənin 1016-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 748 950 hərbçi, 9 506 ədəd tank, 19 472 ədəd zirehli döyüş maşını, 21 023 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1020 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 843 ədəd avtomobil texnikası, 19 977 ədəd PUA, 2 855 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 630 xüsusi avadanlıq itirib.

Blinken Tiflisi hədələdi: Tədbir görəcəyik!

ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstan hakimiyyətini AB-yə üzvlük danışıqlarının dayandırılmasına etiraz edən nümayişçilərə qarşı zorakılığa görə pisləyib və Tiflisi daha sərt sanksiyalarla hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə Entoni Blinkenin yaydığı bəyanatda bildirilib. “Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə və müxalifət xadimlərinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. Dinc toplaşmaq və söz azadlığı hüquqlarından istifadə etdiyi üçün saxlanılan şəxslər dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”, - Blinken vurğulayıb. Blinken rəsmi Vaşinqtonun Gürcüstan xalqı ilə həmrəy olduğunu da vurğulayıb: “Birləşmiş Ştatlar əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyalar da daxil olmaqla, ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır”. Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti Tiflisin AB-yə üzvlük danışıqlarını təxirə salmaq qərarına və etirazçılara qarşı güc tətbiqinə görə ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını açıqlamışdı.

Nərgiz Məhəmmədi tibbi məzuniyyətə buraxıldı

İranın tanınmış ictimai xadimi, həbsdə olan hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi 190 min dollar məbləğindəki girov qarşılığında səhhəti ilə əlaqədar tibbi məzuniyyətə buraxılıb. Sozcu.az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili bildirib. Vəkilin sözlərinə görə, məhbus bu yaxınlarda cərrahiyyə əməliyyatı olunub. Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. O, hazırda "İran əleyhinə təbliğat aparmaqda” ittiham olunaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Sulu qəlyanın quru ölümü - Həkim AÇIQLADI

Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir. "Bir dəfə ilə heç nə olmaz" deyərək sulu qəlyan çəkənlər sonradan vərdişkar və aludəçi hala gəlirlər. Əsasən, gənclərin zərərsiz hesab etdiyi sulu qəlyan isə zənn edildiyindən də artıq ziyanlıdır. Cəmi bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən də çox nikotin var... Əvvəllər siqaret çəkməyə alternativ kimi təqdim edilən qəlyan bir çoxları tərəfindən daha az zərərli olduğu düşünülərək istifadə edilir. Lakin qəlyanın sağlamlıq üzərindəki təsirləri heç də gözlənildiyi kimi deyil. Bir çox insan qəlyan çəkməyin siqaretdən daha az zərərli olduğuna inanır, amma bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər. Qəlyanın tərkibindəki zəhərli maddələr və uzun müddətli istifadəsi bədənin müxtəlif hissələrində ağır fəsadlar yarada bilər.  Bəs qəlyanin nə kimi zərərləri var? Məsələ ilə bağlı Milli.Az-a həkim Sərxan Musayev açıqlama verərək bildirib ki, qəlyan çəkmək tütünün su vasitəsilə keçməsi səbəbindən bir çox insan tərəfindən zərərli maddələrdən təmizlənmiş kimi qəbul edilir. Lakin bu, tamamilə səhv bir fikirdir. "Su yalnız zərərli maddələrin bir hissəsini süzüb təmizləsə də əsas zəhərli maddələr hələ də qalır və bu maddələr çəkmə zamanı orqanizmə daxil olur. Qəlyan çəkərkən tütün ağ ciyərlərə daha dərin şəkildə daxil olur və bununla da tütünün yaratdığı zərərlər artır. Həmçinin, qəlyan çəkmək üçün istifadə olunan bir dəfəlik musluklar da infeksiyalardan qorunma təmin etmir. Çünki bakteriyalar tütünün qoruyucu qatında və su qabında qalır. Qəlyanın qızdırılması üçün istifadə olunan kömürdən ayrılan zəhərli qazlar, tütün vasitəsilə ağ ciyərlərə daxil olur. Nəticədə qəlyan çəkmək dad hissiyatının pozulmasına, ağ ciyər və qalxan bədən xərçənginə, astmadan əziyyət çəkməyə, davamlı baş ağrılarına, yanaq əzələlərinin deformasiyasına, spermatozoid keyfiyyətinin pisləşməsinə və bədəndə bir çox bakteriyanın toplanmasına səbəb ola bilər. Buna görə də qəlyan müntəzəm olaraq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər".

Sayı günü-gündən artan piyada ölümləri: insanları necə xilas etməli?

Son vaxtlar ölkədə piyadavurma hadisələrinin sayı artıb. Elə bu gün Dövlət Yol Polisi də bununla bağlı əhaliyə müraciət edib. Bildirilib ki, piyadavurma hadisələrinin sayının artmasının əsas səbəbi hava şəraiti və yolların sürüşkən olmasıyla bağlıdır. Təkcə son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb. Ancaq piyada ölümləri yalnız hava şəraiti ilə bağlı deyil. Burada sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etməmələri, eləcə də digər amillər ciddi rol oynayır . Bəs, piyada ölümlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakupost.az -a açıqlamasında bildirib ki, piyada ölümlərinin qarşısını almaq üçün müasir yanaşmalar tətbiq olunmalıdır: "Qəzalar dünyanın hər yerində baş verir. Səbəblər müxtəlif ola bilər, amma ayrı-ayrı ölkələrin bu məsələyə yanaşması fərqlidir. Vision Zero konsepsiyası mövcuddur - ölüm hallarına sıfır dözümlülük siyasəti. Yəni qəza qaçılmazdır, lakin qəzanın nəticəsi olaraq insanlar yollarda ölməməlidir. Bunun üçün Azərbaycanda görülən işlərin davamı gəlməlidir. Məsələn, sürəti azaldan qərarlar qəbul edilib, nişanlar qoyulub, cərimə balları artırılıb və ya yağışlı havada sürətin azaldılmasının vacibliyi tablolarda əks olunub. Lakin fiziki olaraq sürətli sürməmək üçün yetərincə tədbirlər görülməyib”. Ekspert qeyd edib ki, piyada keçidlərinin təhlükəsizliyi artırılmalı, şəhər daxilində zolaqların enləri daraldılmalıdır: “Şəhər daxilindəki küçələrdə zolaqlar daha genişdir. Zolaqların ensizləşdirilməsi əməliyyatı aparılmalıdır. Bəzi prospektlərdə bunu görmək mümkündür. Məsələn, 8 Noyabr prospektində bu addım atılıb, amma bütün şəhərdə həyata keçirilməlidir. Zolaqlar ensizləşdirildikdə kanallaşma təmin edilir, yəni sürücülərin yanlış manevr etməsi mümkünsüz olur. İki zolaqdan artıq olan prospektlərdə, eyni səviyyəli piyada keçidlərində təhlükəsizlik adacıqları qurulmalıdır. Piyada küçəni tam keçə bilməsə belə, həmin adacıqlarda özünü təhlükəsiz hiss edir və avtomobilin keçməsini gözləyir. Bu adacıqlar olmadıqda, sürücülər sürəti artırır və piyadaların yanlış hərəkət etməsi ilə qəzalar qaçılmaz olur. Bundan əlavə, piyada keçidlərinin işıqlandırılmasına diqqət yetirilməli və işıqforlarla nizamlanan keçidlərin sayı artırılmalıdır. Bu tədbirlər həyata keçirildikdə, qəzalarda yalnız maddi ziyan və yüngül xəsarətlər ola bilər". Ekspert qeyd edib ki, qəzalar bir halda insan həyatına son qoya bilər, digərində isə zərər yalnız qırıq və ya zədə ilə məhdudlaşa bilər: "Əsas məqsəd insan həyatını qorumaqdır. Küçələri sakitləşdirən elementlərin sayını artırmaq və həssas insanların hərəkət etdiyi ərazilərdə fərqli həllərə üstünlük vermək lazımdır. Dünyada belə həllər tətbiq olunur. Məsələn, bağçalar, məktəblər və xəstəxanaların önündə süni maneələr qoyulur ki, buna "Berlin yastığı" deyilir. Riskləri azaldan həllərə gəldikdə, sürəti sakitləşdirən elementlər və qəzanın nəticəsini yüngülləşdirən tədbirlər iki hissədə nəzərdən keçirilməlidir. İnsan faktoru burada mühüm rol oynayır: sürücünün peşəkarlığı, avtomobilin texniki vəziyyəti və hava şəraiti qəza səbəbləri ola bilər. Amma əsas məqsəd nəticədə insanın həyatını itirməməsidir. Bir şeyi də qeyd edim ki, sadaladığım elementlər Bakı şəhərində var, amma nöqtəvidir. Məsələn, Həsən Əliyev küçəsində Kral şadlıq evinin yanında və Ağa Nemətulla küçəsində təhlükəsizlik adacıqları qurulub. Ağ Şəhər layihəsi çərçivəsində də müasir elementlər tətbiq olunub. Məhəllə girişləri səki səviyyəsinə qaldırılıb ki, bu da sürücüləri sürəti azaltmağa məcbur edir" Rauf Ağamirzəyev həmçinin, Bakı şəhərində mövcud piyada infrastrukturundakı problemləri də dilə gətirib: “Əgər biz hər hansı vərdişlərdən danışırıqsa, çox təəssüflər olsun ki, bizim piyada infrastrukturumuz bərbbaddır. Səki və keçidlərdə çoxlu maneələr -ağaclar, nişanlar, işıq dirəkləri və dükanların pilləkənləri kimi əngəllər mövcuddur. Konkret zəbt hallar var ki, bu da piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir və yanlış vərdişlər formalaşdırır. Biz ilk olaraq, səkiləri azad və abad etməliyik". Ekspert vurğulayıb ki, cərimələrin tətbiqində boşluqlar var: "Səkilər azad edilməli və qayadalar sərtləşdirilməlidir. Son statistikalara görə, taksilərlə hərəkət edənlərin müəyyən faizi avtobus və metroya keçib, lakin bunun əsas önəmli faizi piyadalardır. Şəhərimizdə məsafələr qısa olmasına baxmayaraq, şəxsi avtomobil və taksi istifadə edilir ki, bu da yol infrastrukturunda küçə yol şəbəkəsinin yüklənməsinə, tıxacların atmasına birbaşa təsir edir. Ona görə də piyada infrastrukturunun yaxşılaşdırılması, təhlükəsizlikliyin təmin olunması məsələlərinə diqqət artırılmalıdır".

Leysan yağacaq - PROQNOZ

Dekabrın 6-dan 7-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.

Məktəbli yoldaşını bıçaqlayan saxlanıldı

Məktəbli yoldaşını yaralayan şagird saxlanılıb. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Bu dərmanları reseptə yazanlara XƏBƏRDARLIQ

Dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər cərimələnəcək. Sozcu.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -221.12-ci maddəsində əksini tapıb. Layihəyə əsasən, “Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək. Təklif edilən yeni -221.13-cü maddədə isə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilməsi təklif edilir.

Ağsuda şəhid ailəsinin şikayətinə baxan yoxdur - Video

Ağsu rayon sakini, şəhid qardaşı Zöhrabov Sərdar Şirvan oğlu Sozcu.az saytına yazaraq, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun onların müraciətlərinə baxmadığını bildirib. Zərdar Zöhrabov bildirib ki, şəhid ailəsi olaraq üzün illər növbə gözlədikdən sonra, 2020. - ci ildə ailənin özünə məxsus olan torpaq sahəsində mənzil tikilərək onlara təhvil verilib. Çox keyfiyyətsiz və ucuz materiallarla tikilən mənzili ailə özü yenidən vəsait xərcləyərək bərpa edib. Sərdar Zöhrabov bildirir ki, hazırda həmin mənzilə gedən yol və mənzilin ətrafı bərbad gündə olduğu üçün ailə hələ də, onlara tikilən mənzilə köçə bilmir. Yağışlı havalarda ərazi palçıq olur və hətta, avtomobil ilə gedib-gəlmək mümkün olmur. Bununla bağlı dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə müracət etsələr də, onların müraciətinə baxan olmayıb, deyə, şikayətçi qeyd edib. https://www.youtube.com/shorts/lyXNv4DWB6k

Hazırda tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Babək prospekti, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Sumqayıtda piyadanı maşın vurub ÖLDÜRÜB

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb. Belə ki, sürücü Anar Əlirza oğlu Pənahov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Samuxda 22 yaşlı piyadanı maşın vurub öldürüb

Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü S.İsmayılovu avtomobil vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ruttedən Ukraynaya: Rusiya ilə sülh danışıqları aparmayın!

NATO-nun Baş katibi Mark Rutte Ukraynaya Rusiya Federasiyası ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Alyansın yeni rəhbəri hesab edir ki, Qərb müttəfiqləri Kiyevin döyüş meydanında uğur qazanmasına və danışıqlarda mövqeyini gücləndirməsinə kömək etmək üçün kifayət qədər hərbi yardım göstərənə qədər Rusiya ilə istənilən danışıqları mümkün qədər təxirə salmalıdır: “Sülh prosesinin necə görünə biləcəyini indi ətraflı müzakirə etməyə dəyməz”.

Hindistan Rusiya hərbi texnikasından imtina edir

Hindistan Rusiyadan müdafiə texnikası sifarişlərini kəskin şəkildə azaldıb və indi daha çox Qərb təchizatçılarından alır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, Hindistan silahlarının yalnız 36%-i ötən il Rusiyadan gətirilib, 2009-cu ildə isə bu rəqəm 76% olub. Bu, ənənəvi olaraq Rusiyadan silah tədarük edən ölkə üçün əhəmiyyətli siyasi dəyişiklikdir. Yüksək rütbəli Hindistan rəsmilərinin dediyinə görə, Hindistan və Rusiyanın birgə helikopter və qabaqcıl döyüş təyyarələri hazırlamaq və istehsal etmək planları daha əvvəl dayandırılıb. Bundan əlavə, Hindistan heyətinə təlim keçmək üçün Rusiyadan sualtı qayığın icarəyə götürülməsi təklifinin də həyata keçirilməyəcəyi ehtimal edilir, çünki Dehli artıq öz gəmilərini inşa edir.

Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə edildi

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib. O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub". "Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib", - deyə o bildirib.

Bu ölkədə Baydenin səfərinə görə qadağalar tətbiq edildi

Anqolanın qərbindəki Benqela əyalətinin hakimiyyət orqanları ABŞ Prezidenti Co Baydenin səfəri zamanı küçə ticarətini və dəfn mərasimlərini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Novo Journal” nəşri məlumat yayıb. “Baydenin səfəri zamanı Benqelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək”, - məlumatda deyilib. Qeyd edək ki, bazar ertəsi ABŞ Prezidenti Co Baydenin Anqolaya iki günlük səfəri başlayıb.

Qaribaşvili "Gürcü Arzusu"nu tərk etdi

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili partiya sıralarını tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” məlumat yayıb. Onun partiyanı hansı səbəbdən tərk etməsi açıqlanmır.

Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib. Bu barədə Sozcu.az “Təmiz Şəhər” ASC-yə istinadən xəbər verir. Ötən dövr ərzində 30 nəqliyyat vasitəsi utilizasiyaya verilib və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib. Qeyd edək ki,ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi ilə bağlı bu linkdən tanış olmaq olar.

Azərbaycan və NATO arasında müzakirə...

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb. Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Partlayışa görə zərəri kim ödəyəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı bina zədə görüb və qarşısında olan avtomobillər yararsız hala düşüb. Bəs dəymiş zərəri kim qarşılayacaq ? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı milli.az-a əmlak eksperti Vüqar Oruc açıqlama verərək bildirib ki, mənzillər mövcud hallara görə sığortalanmalıdır. "Buna görə icbari sığorta qaydaları da mövcuddur. Həmin sığorta olunan mənzillər bu və digər hadisələrlə qarşılaşdıqda, həmin mənzillərin sahibləri kompensasiya əldə edirlər. Hazırkı situasiya araşdırılır və hadisənin əsl mahiyyəti üzə çıxacaq. Əgər həmin hadisə binaya ciddi şəkildə ziyan vurubsa, bunu icra hakimiyyəti qarşılayıb bərpa edəcək. Hadisənin konkret baş vermə səbəbi müəyyən edildikdən sonra, bu hadisənin baş verməsinə aidiyyəti olan şəxsdən kompensasiya alına bilər. Çünki elə dağıntılar var ki, yalnız binanın daxili hissəsindəndir. Xaricdə olan zədələr isə binanın görünüşünə təsir edir. Bu zaman icra qurumları bu prosesdə addımlar ataraq binanın bərpasında uyğun işlər görə bilər". Ekspert qeyd edib ki, vətəndaşlar özlərinə məxsus mənzillərin siğortalanması istiqamətində ciddi qərarlar qəbul etməlidirlər. Sonradan bu cür problemlərlə qarşılaşanda kompensasiya ödənilməsindən asılı olmayaraq həmin şəxsə məxsus obyektin və ya mənzilin dəymiş ziyanın ödənilməsi üçün müvafiq qurumlara müraciət edilə bilsin.

Sumqayıtda axtarış-xilasetmə işləri başa çatdı - YENİLƏNİB

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Bununla bağlı Sozcu.az-a FHN-dən məlumat verilib. Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib. *** 10:14 Sumqayıtda dağıntılar altında kiminsə olması ehtimal edilir. Sozcu.az-ın məlumatına görə, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev jurnalistlərə açıqlamasında deyib. "Bu saata olan məlumata əsasən, dağıntılar altında tərəfimizdən üç nəfər xəsarət alanın çıxarılıb təhvil verilməsi təmin edilib. Hazırda axtarış xilasetmə işləri davam etdirilir", - o qeyd edib. Xatırladaq ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

Sumqayıtda binada güclü partlayış: 6 nəfər...

07:31 Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisindəki yaşayış binalarının birində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır. *** Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir. *** Sumqayıt şəhərində yaşayış binasında baş vermiş partlayışda azı üç nəfər yaralanıb, bir nəfərin dağıntılar altında qaldığı güman edilir. Report xəbər verir ki, yaralılar xəstəxanaya aparılıblar. Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır. *** Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub: "Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”. *** Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb. Bildirilib ki, hadisədə 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. *** Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır. Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur. Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir. *** Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.

TƏBİB yaralılarla bağlı məlumat yaydı

09:33 Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi), 2007 (kişi) və 2010-cu il (qadın) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar. Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 1975-ci il təvəllüdlü (qadın) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib. Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın, 1 kişi) hospitalizasiya olunub. 1949-cu il təvəllüdlü (kişi) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib. 1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Vüqar Həşimovun valideynlərinin evində partlayış - Yeniləndi

08:48 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. *** Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib. Qeyd edək ki, səhər saatlarında Sumqayıt şəhərində 13-cü mikrorayon ərazisindəki yaşayış binasında güclü partlayış olub. *** Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində partlayış olub. APA xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir. Məlumata görə, evdə 2 nəfər olub. Onların hər ikisi xilasedicilər tərəfindən dağıntılar altından sağ çıxarılaraq xəstəxanaya göndərilib. Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir. *** TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib: "Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".