Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların "müğənni" statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır!
Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial media hesabında yazıb.
O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib:
"Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar, hamının gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz bizi uçuruma aparır. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur?
Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərin, min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır.
Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır!".
