Türkiyədə terror təşkilatının 89 tərəfdarı saxlanılıb

Türkiyənin 6 vilayətində terror təşkilatının 89 tərəfdarı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib. Nazir qeyd edib ki, 2 aprel 2024-cü il çərşənbə axşamı Van, Hakkari, Siirt, Batman, Şırnak və İzmir vilayətlərində qanunsuz aksiyalar keçirən, separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirən ümumilikdə 89 şübhəli saxlanılıb. “Aprelin 2-də xəbərdarlıqlara baxmayaraq, müqavimət göstərərək, icazəsiz nümayiş keçirdiklərinə, separatçı terror təşkilatına dəstək şüarlar səsləndirdiklərinə, təhlükəsizlik qüvvələrinə daşla hücum etdiklərinə Vanda 26, Yüksekovada 29, Hakkaridə 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 şübhəli nəzarət altına alınıb. “Təhlükəsizlik qüvvələrimiz ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi naminə yorulmadan fəaliyyətini davam etdirir”, - Yerlikaya “X”dəki hesabında yazıb.

Bakıda həyətyanı sahədə qazılan quyu partlayışa səbəb olub, bir nəfər ölüb - FOTO

Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən partlayış baş verib. Sozcu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu mərkəzi kanalizasiya sistemi olmadığı həyatyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış baş verib. Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. *** 01:45 Sozcu.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu yeraltı su kanalizasiya xəttində iş görən zaman ordan keçən qaz borusunda sızma olub. Nəticədə partlayış baş verib. Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Fakt araşdırılır.apa

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib

Tayvanın şərq sahillərində 7,5 bal gücündə zəlzələdən sonra sunami Yaponiyanın Yonaquni adasının sahillərinə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb. Jurnalistlərin məlumatına görə, hazırda dalğanın hündürlüyü 0,3 metrdir. Lakin bu rəqəmin artacağı istisna edilmir. Təbiət hadisəsindən sonra ölkə hakimiyyəti yerli sakinlərə hündürlüyü üç metrə qədər sunami təhlükəsi barədə xəbərdarlıq edib. Okinava prefekturasına daxil olan adalar - Miyakojima və Yaeyama potensial təhlükəli zonada yerləşir. *** 04:12 Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.

Blinken Makronla Ukraynanı və Yaxın Şərqi müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Parisə səfəri ərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb və onunla Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir. “Dövlət katibi Blinken və Prezident Makron Ukraynanın azadlıq mübarizəsinə güclü dəstəyi bir daha təsdiqləyiblər. Onlar həmçinin Qəzza zolağında münaqişənin yayılmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər. Qeyd olunur ki, tərəflər həmçinin “Çinin yaratdığı çağırışları” və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə ediblər.

Bayden və Szinpin qlobal məsələləri müzakirə etdilər

ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Szinpinlə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, liderlər ABŞ və Çin arasındakı ikitərəfli əlaqələri, kommunikasiya kanallarının gücləndirilməsinin davamlı əhəmiyyətini, Vaşinqton və Pekin rəqabətinin məsuliyyətli idarə olunmasını və bir sıra regional və qlobal məsələləri nəzərdən keçiriblər.

1 yaşlı körpəsini öldürən ata danışdı - VİDEO

Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb. O, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib: “Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı”.  Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub. 

“Deputatlar qanun müzakirəsində susurlar, sonra pafosa başlayırlar” – Qalmaqal

Taksilərlə bağlı qəbul edilən qərar müzakirələr yaratmaqla yanaşı, narazılığa da səbəb olub. Qərara görə, 1 iyul 2024-cü il tarixindən taksi xidməti göstərən avtomobillər ağ və qırmızı rənglərdə olmalıdır. Maşınların buraxılış ili 2009-cu ildən başlamalıdır. Bu standartlar pozulduqda taksi fəaliyyətinə icazə verilməyəcək. Sahibkarlar, sürücülər bu qərardan narazı qalıb. Tanınmış şəxslər arasında da hökuməti bu mövzuda tənqid edənlər var. Tənqidçilər sırasına bəzi deputatlar da qoşulub. Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi xidmətində keyfiyyətin artırılması üçün müəyyən addımlar atılıb. Onun sözlərinə görə, onlardan biri sürücülərə dair tələbdirsə, ən önəmlisi nəqliyyat vasitələrinə dair qaydalardır: “Yəni nəqliyyat vasitələrinin texniki, daxili vəziyyəti, rəng görünüşü, əyləc sistemindən tutmuş istehsal ilinə qədər müəyyən tələblər ortaya qoyulub. Bu, Azərbaycanda qəbul edilmiş ilk belə qanundur. Ötən il “Avtomobil nəqliyyatı haqqında” Qanunda bütün bunların öz əksini tapdığını deyə bilərəm. İndi deputatlar buna etiraz edir, lap yaxşı. Həmin deputatlar axı ötən il özləri buna səs verib, qəbul ediblər. İndi nəyə etiraz edirlər?! Belə çıxır ki, bəzi deputatlar səs verdikləri qanuna etiraz edirlər? Elə deputat var ki, tez-tez pafoslu çıxışlar edir. Niyə parlamentdə müzakirə olunan zaman bu qanunun əleyhinə çıxış etmir, təklif vermir, sərt mövqe bildirmirdilər? İş-işdən keçib, qanun qüvvəyə minib, Nazirlər Kabineti qanundan irəli gələn qərarların icrasına başlayıb, bəzi deputatların indi yadına düşüb ki, taksi sürücüləri işsiz qalacaq. Bilirsiniz, burada məsələ iş, sosial həyat və s. deyil. Bəzi insanlar və qüvvələr bu məsələni məqsədli şəkildə şişirdirlər”. Ekspertin fikrincə, dünyanın heç bir yerində belə biabırçı xidmət yoxdur: “Azərbaycanda bunu bəzi işbazlar, transmilli şirkətlər yaratdı. Çünki onlara bu xaotik vəziyyət sərf edirdi. Belə olan halda dövlət buna müdaxilə etməli oldu. Son illər taksi xidməti üçün ölkəyə minlərlə “Prius” maşınları gətirilib. Bunu sürən şəxslərin əksəriyyəti standarta cavab vermir. Bəs hökumət buna laqeyd qalsın? Tədbir görməsin?!”. E.Muradlı Bakı şəhərində 70 minə yaxın taksinin olduğunu, amma islahatlardan sonra bu sayın maksimum 10 min azalacağını deyib. O bildirib ki, populist çıxış etməkdənsə, sürücülərin hazırkı vəziyyətinə dəstək olmaq lazımdır: “Taksi sürücüləri müştəri gözləyəndə 2-3 dəqiqə yolda dayanırlar. Bu zaman 20 manat cərimə gəlir. Sistem görürsə ki, bu, taksidir, buna güzəşt etmək lazımdır. Onlar orada keflərindən dayanmır. Vətəndaş avtobus dayanacağında taksi sifariş verir. Nəticədə də duracağa yaxınlaşan taksiyə 40 manat cərimə yazılır. Bunların həlli yolunu tapmaq lazımdır. Yoxsa, deputatlar orada özləri qanuna səs verib, qəbul edirlər, üstündən bir ay keçməmiş deyirlər, “yox, burada məsələ düz deyil”. Düz deyil, bəs vaxtında bax gör, nəyə səs verirsən də”.

İstanbuldakı yanğında ölənlərin sayı artdı – Yenilənib

Türkiyədə baş verən yanğında ölənlərin sayı artıb. Sozcu.az “TRT Haber”ə istinadən xəbər verir ki, binanın klub kimi istifadə olunan mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində baş verən yanğına yanğınsöndürənlər 31 texnika və 86 canlı qüvvə ilə cəlb olunub. Yanğın nəticəsində 27 nəfərin həyatını itirdiyi, xəstəxanaya yerləşdirilən ağır yaralının müalicəsinin davam etdiyi açıqlanıb. İstanbul valisi Davud Gül Beşiktaşda 16 mərtəbəli binanın altındakı əyləncə mərkəzində baş verən yanğınla bağlı hadisə yerinə baxış keçirib. Yanğının səbəbinin dəqiq olmadığını və yanğınsöndürmə briqadasının səbəblə bağlı çalışdığını bildirən Gül yanğının binanın altında diskoteka kimi istifadə edilən yerdə baş verdiyini bildirib. Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından hadisə ilə bağlı açıqlama verib: “Yanğınla bağlı İstanbul Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb və 3 dövlət ittihamçısı təyin edilib. 3-ü iş yeri məmuru, məsul müdir və 1-i təmirdən məsul olmaqla cəmi 5 şübhəli haqqında həbs qərarı çıxarılıb”. Tunç istintaqın davam etdiyini bildirib. ***16:54 İstanbulun Beşiktaş rayonunda şiddətli yanğın olub. Sozcu.az TRT-yə istinadla xəbər verir ki, hadisə Qayrettəpə məhəlləsində yerləşən 16 mərtəbəli binada baş verib. Bildirilib ki, yanğın yanğınsöndürmə briqadalarının intensiv müdaxiləsi ilə söndürülüb. Qeyd olunub ki, yanğında 15 nəfər həyatını itirib, 7-si ağır olmaqla 8 nəfər yaralanıb. İstanbul Valiliyi hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.

ANAMA əməkdaşı Ağdamda minaya düşdü

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində bir nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam Rayon Prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Qəmbər oğlu Əliyev xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib. Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

İSLAM DÜNYASI ÖLKƏLƏRİNİN SƏFİRLƏRİNİN VƏ BAŞ KONSULLARININ İŞTİRAKİ İLƏ RUSİYADA ƏN KÜTVƏLİ RESPUBLİKA İFTARI KEÇİRİLİB

12 mindən çox müsəlman, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və İslam dünyasının digər ölkələrinin nümayəndələri. Martın 29-da Tatarıstan Respublikasının paytaxtı Kazanda ilk dəfə olaraq respublika iftarı (mübarək Ramazan ayında axşam namazından sonra birgə yemək) bu qədər qonaq toplayıb. Tədbir göstərdi: Kazan İslamın inkişafı və Rusiyanın İslam dünyası ilə əlaqələrinin inkişafı üçün ən mühüm mərkəzlərdən birinə çevrilir. Burada hər il respublikanın minlərlə müsəlmanının və fəxri qonaqların iştirakı ilə kollektiv iftar süfrəsi təşkil edilir. Bu il ilk dəfə olaraq “Rusiya - İslam Dünyası” Strateji Baxış Qrupunun himayəsi altında keçirilib və faktiki olaraq beynəlxalq status alıb. İftarda bir sıra İslam dövlətlərinin səfir və konsulları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin mərkəzi ənənəvi olaraq əsas beynəlxalq tədbirlərin keçirildiyi Kazan Expo meydanı olub. Rusiyada elan edilən Ailə ili çərçivəsində iftar və şam namazından əvvəl saytda ailə dəyərlərinə dair moizələr dinlənilib. Fələstin xalqı üçün toplu namaz da qılınıb. İştirakçıların fikrincə, Respublika iftarı yüksək səviyyədə keçirildi və Rusiyada ilin əsas tədbirlərindən birinə hazırlıq üçün mühüm mərhələ oldu. Artıq may ayında Kazanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə Rusiya Federasiyasında ən böyük tədbir olan “Rusiya - İslam Dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

Biz İranla müharibə istəyirik - Kohen

Biz çox açıq şəkildə deyirik ki, İran və Hizbullahla müharibə etmək istəyirik. Hələ başa düşmürsüz?  Sozcu.az xəbər verir ki, bu sözləri israilli jurnalist İdi Kohen X hesabında yazıb. Onun tvitinə münasibət bildirən X istifadəçiləri isə illərdir iki ölkənin bir-biri ilə sözdə müharibə etdiyini, lakin nəticədə ölənlərin ərəblər olduğunu bildirib.  Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına hücum edib. Hücum nəticəsində bina tamamilə dağılıb, İranın yüksək rütbəli 7 zabiti həyatını itirib. İranlı diplomatlarında öldüyü bildirilir. 

İsa Qəmbər başqanlığa qayıdır?

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, partiya nəzərdə tutulan qurultayını may ayının 4-nə təyin edib. Bununla bağlı Müsavat Məclisi martın 30-da qərargahda iclas keçirib. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Çıxış edən divan üzvləri Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Bundan əlavə, qurultayla bağlı partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb. İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

"Dövlət vətəndaşa mənzil almağa şərait yaratmalıdır"

“Sovet Azərbaycanının Konstitusiyasındakı mənzil hüququ ilə hazırkı mənzil hüququ arasında fərq var. O zaman vətəndaşların mənzillə təminatı dövlətin öhdəliyi idi. Yerli hakimiyyət orqanlarının xətti ilə və ya müəssisələr tərəfindən müəyyən olunmuş qaydalara uyğun növbə sistemi var idi. Pis-yaxşı o sistem işləyirdi. İndi dövlətin belə bir öhdəliyi yoxdur”. Bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, dövlətin öhdəliyi vətəndaşa minimal tələblərə cavab verən mənzil almaq üçün şərait yaratmaqdır: “Bunun üçün digər hüquqlar da təmin olunmalıdır. Layiqli məşğulluq, ədalətli əməkhaqqı sistemi, işsizlikdən müdafiə sistemi, özəl mənzil tikitisinə şəritin yaradılması və s. Bunlar təmin olunan zaman alim də, fəhlə də, məmur da öz mənzil hüququnu reallaşdıra bilər. Əlbəttə, dövlət, imtiyazı olan və təminatsız qruplar üçün də əlavə tədbirlər görməlidir”.

Sabahın havası - 24° isti

Aprelin 3-də Azərbaycanda hava yağmursuz olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Rusiyada yaşayan azərbaycanlıları böyük təhlükə gözləyir

“Crocus City Hall”da baş verən terror aktından əvvəl də miqrantlara qarşı Rusiyada münasibət pisləşmişdi. Onlar hətta miqrantları günahlandırırdılar ki, Rusiya müharibə aparır, amma onlar heç bir şəkildə bu müharibəyə yardım etmirlər, hansısa formada müharibədə iştirak etmirlər. Deyirdilər ki, müharibədə iştirak etmirlərsə, heç olmasa, hansısa formada maddi yardım göstərsinlər, yaxud könüllü kimi çağrılsınlar”.  Bu sözləri Yenisabah.az-a iqtisadçı Natiq Cəfərli deyib. Miqrantlara qarşı tədbirləri sərtləşdirən Rusiya hökuməti barədə danışan ekspert bildirib ki, bu münasibət “Crocus City Hall”da baş verən terror aktından əvvəl də özünü göstərirdi:  “Bu suallar Rusiya cəmiyyətində çoxdan var idi və miqrantlara qarşı ritorika kifayət qədər sərtləşmişdi. Dövlət televiziya kanallarında belə miqrantları açıq-aşkar günahlandıran çıxışlar edilirdi. “Crocus City” hadisəsi isə ictimai ritorikada bardağı dolduran son damla oldu. Artıq nəinki miqrantlara qarşı ritorika sərtləşib, hətta qanunlar da sərtləşir. Dövlət Dumasına bununla bağlı ard-arda bir neçə qanun layihəsi təklif olunub ki, miqrantların Rusiyada qalması şərtləri kifayət qədər sərtləşdirilsin.  Bura həm iş icazələrinin alınması qaydalarının sərtləşdirilməsin, həm rus dili, tarixi ilə bağlı imtahanların sərtləşdirilməsi aiddir. Yalnız mütəxəssislərin ölkədə qalıb işləməsinin tərəfdarı olanlar çoxdur.  Artıq 2 aydan çox Rusiyada qalmaq istəyənlərə ağır şərtlər gətirilir. Yəqin ki, gələn həftə, ya da bu həftənin sonunda Dövlət Duması birinci oxunuşda bu qanunları qəbul edəcək. Bundan sonra miqrantların vəziyyəti daha da pisləşəcək. İqtisadçı bildirib ki, bundan sonra Rusiyadakı əmək miqrantlarına qarşı qanunvericiliyin tələbləri xeyli sərtləşdiriləcək:  “Rusiya rəsmi dairələrinin verdiyi məlumata görə, 800-900 minə yaxın insan artıq Rusiya vətəndaşlığı alıb. Miqrantlara qarşı aparılan kampaniya Rusiya vətəndaşlarına aid deyil, kimin ki, Rusiya pasportu var, onlara hər hansı formada təsir edə bilməzlər. Amma yarım milyondan bir milyon yarıma qədər qeydiyyatsız miqrant da var. Onlar Azərbaycan vətəndaşlarıdır və bundan sonra onlarla bağlı vəziyyət qəlizləşə  bilər. Çünki bundan sonra iş icazələrinin, oturum icazələrinin alınması sərtləşə bilər və bu sərtləşmələr nəticəsində onların bir qisminin vətənə dönməsi məsələsi gündəmə gələ bilər, çünki iş olmayandan, pul qazana bilməyəndən sonra Rusiyada qalmağın mənası olmayacaq”.  N.Cəfərlinin sözlərinə görə, Azərbaycan hökuməti indidən buna hazır olmalı və geri dönəcək şəxslər üçün müxtəlif qanun layihələri hazırlamalıdır:  “Bu haqda artıq indidən düşünmək lazımdır. Mənə elə gəlir ki, Azərbaycan hökuməti də bu barədə ciddi proqram hazırlamalıdır. Çünki istər-istəməz Rusiya ilə bağlı vəziyyət birmənalı deyil və durum daha da pisləşə bilər. Rusiya-Ukrayna müharibəsi kontekstində hətta iqtisadi, siyasi vəziyyət daha da kəskinləşə bilər. Ona görə də Rusiyadan qayıtmaq istəyənlər bura gəlib biznes qurmaq istəsə, hansısa formada işləmək istəsə, onlara şərait yaratmaq lazımdır. Əslən Qarabağdan olan soydaşlarımızdan Rusiyada çalışanlar kifayət qədərdir, onlar üçün çox böyük təşviq proqramları qəbul edilməlidir, soydaşlarımızın geri qayıtmasından qorxmaq, çəkinək lazım deyil. Zatən Azərbaycanda demoqrafik vəziyyət getdikcə pisləşir, indi doğuş sayı azalır. Bizə əhali artımı onsuz da lazımdır.  Ölkəmizə geri qayıdanlarla bağlı ağıllı, düşünülmüş bir proqram qəbul edə, onlara biznes fürsətləri yarada bilərik. Onlar bizə yük deyil, əksinə fürsətdir. Rusiyada yaşayan həmvətənlərimiz bizim üçün bir fürsətdir, onlar geri dönsələr, ölkə iqtisadiyyatında ciddi, dinamik inkişafa səbəb olacaqlar”. 

Aprel döyüşlərindən 8 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 8 il ötür. Sozcu.az-ın məlumatına görə, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqeləri, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub. Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçuları olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur. Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.

İsrail İran konsulluğunu vurdu: məşhur generallar, diplomatlar, zabitlər öldü – ADLAR

İsrailin zərbəsi nəticəsində SEPAH-ın iki generalı ilə yanaşı, 5 yüksək rütbəli zabiti də ölüb. Onların SEPAH müşavirləri olduğu bildirilib. Bundan başqa, Dəməşqdəki İran səfirliyi və konsulluğun vurulması nəticəsində oradakı diplomatların da öldüyü deyilir ***20:55 İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin konsulluq şöbəsi İsrail tərəfindən raket hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə “İrna” agentliyi məlumat yayıb. İsrailin hava hücumları nəticəsində azı 8 nəfər həlak olub. Suriyanın xarici işlər naziri Feysəl Miqdad raket hücumundan sonra İran səfirliyinə baş çəkib və iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb və İsrailin hücumunu pisləyib. Yerli mənbələr İranın Dəməşqdəki diplomatik missiyasının üzvlərinin xəsarət almadığını bildirib. “Mehr” agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı komandiri general Məhəmməd Rza Zahedi və onun müavini ölüb. SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb. Suriyanın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin bir hissəsini məhv etdiyi bildirilir. *** 20:09 SEPAH-ın generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı və Qüds qüvvələrinin yüksək rütbəli komandiri Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi zərbə nəticəsində öldürülüb. Qeyd edək ki, İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib. Hadisə nəticəsində 6 nəfər həlak olub. Məlumata görə, zərbə nəticəsində konsulluğun binası tamamilə dağılıb. İranın Suriyadakı səfiri və ailəsi xəsarət almayıb. Xatırladaq ki, “SNN” agentliyi daha öncə İran konsulluğuna və səfirin iqamətgahına hücum edildiyi barədə məlumat vermişdi. Suriya Dövlət Xəbər Agentliyi də Dəməşq yaxınlığında partlayış baş verdiyini yazıb.

İstanbul bələdiyyə məclisindəki partiya bölgüsü məlum olub

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Məclisindəki partiya bölgüsündə Cümhuriyyə Xalq Partiyası (CHP) 184, Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 130 yer qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə İBB-nin sədri Əkrəm İmamoğlunun müşaviri Murat Onqun sosial şəbəkədə bildirib. “31 Mart 2024-cü il yerli seçkilərin nəticələrinə əsasən İBB Məclis üzvlərinin bölgüsü belədir: CHP – 184, AKP – 130, MHP (Milliyyətçi Hərəkat Partiyası – red.) 2”, – Onqun qeyd edib. Xatırladaq ki, Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.

Tramp fırıldaqçılıq işinə üzrə 175 milyon dollar girov qoyub

ABŞ-nin keçmiş prezidenti Donald Tramp fırıldaqçılıq işi üzrə qərara etiraz etmək üçün 175 milyon dollar girov ödəyib. Sozcu.az xəbər verir ki, bu barədə ABC telekanalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb. Xatırladaq ki, daha öncə Nyu-York məhkəməsi “Trump Organization”ın aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi üzrə məhkəmə prosesini aprelin 15-nə təyin etmişdi.

Türkiyədə iki qrup arasında atışma olub, ölənlər var

Türkiyədə atışma olub. Sozcu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Hadisə Şanlıurfanın Siverek rayonunda qeydə alınıb. İki qrup arasında baş verən atışmada iki qardaş ölüb. İnsident zamanı Mecit və Orhan Qeyik qardaşları həlak olub. Polis faktı araşdırır.

Bakıda zəncirvari qəzada dörd avtomobil toqquşub - FOTO

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, zəncirvari qəza "Opel", "Hyundai", BMW "Chevrolet" markalı minik avtomobillərinin iştirakı ilə baş verib. Qəza zamanı avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Yaponiyada növbəti dəfə güclü zəlzələ olub - YENİLƏNİB

Yaponiyanın Honsyu adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb. Yeraltı təkanların episentri İvate prefekturasında, zəlzələocağı isə yerin 71 km dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Akita, Aomori, Miyaqi, Fukusima, Yamaqata, eləcə də Hokkaydo prefekturalarında hiss olunub. *** Saat 03:29 Yaponiyada güclü zəlzələ baş verib. APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib. Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanların ocağı ölkənin Hatinohe şəhərindən 44 kilometr cənub-şərqdə qeydə alınıb.

Rusiyada işləyən azərbaycanlılar diqqət! - Miqrantların qalma müddəti azaldılır

Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında bildirib. Sənəd Rusiyaya daxil olan əcnəbilər üçün biometrik identifikasiyanın tətbiqini nəzərdə tutur, həmçinin ölkədə qalma müddətini il ərzində 90 günə qədər azaldır. Hazırda altı ay ərzində 90 gündür. Sənəddə əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlər, iş və ya xidmətlərin sifarişçiləri üzərində nəzarətin gücləndirilməsi, dövlət orqanlarına, təşkilatlarına, fiziki və hüquqi şəxslərə miqrasiya qanunvericiliyini pozanlara hər hansı xidmət göstərməsinə qadağa qoyulması, habelə Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiya, əcnəbinin rəqəmsal profili, xarici vətəndaşların müəyyən kateqoriyaları üçün Rusiyada nəzarət edilən qalma rejimi, qanunsuz miqrantların hüquqlarının məhkəmədənkənar məhdudlaşdırılması və digər tədbirlər nəzərdə tutulur. Həmçinin “loyallıq müqaviləsi”nə də baxılır. Əcnəbilərdən qanun pozuntusu halında Rusiyaya daxil olmaq, ölkədə qalmaq və yaşamaq hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı razılıq imzalaması tələb olunacaq.

Atası tərəfindən öldürülən azyaşlının nənəsi və babası danışdı - Video

Sumqayıtda dəniz sahilində bir yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Ahmet Yeşil Turanla bağlı bəzi detallar bəlli olub. Belə ki, ölən azyaşlının nənə və babası Baku TV-yə danışıblar. Zeynəb Yeşilin babası Əjdər Abdullayev kürəkəninin etdiyi hərəkətdən məəttəl qaldığını və çox pis olduğunu qeyd edib: “Kürənim bizlə qalırdı, mənə dedi ki, sənin oğlunam. İşləmirdi, mən ona Sumqayıtda dörənxana açmışdım. Sonra dedi ki, dörd min pul ver, mən də ona dedim ki, “nə desən mənim gözüm üstə”. Üç ildə onun heç bir pis hərəkətini görməmişdim. Hamı onun bu işinə məəttəl qalıb”. Qətlə yetirilən azyaşlının nənəsi Azadə Abdullayeva qeyd edib ki, Ahmet son zamanlar həmişəkindən fərqli davranırdı: “Dindar adam idi, namaz qılırdı. Yeni iş yerini açandan qızım deyirdi ki, Ahmet dəyişib. yolunu azıb və özündə deyil. Namazı da buraxmışı, qılmırdı. Kürəkənim uşağını o qədər sevirdi ki, bir milçəyin belə üzərinə qonmasına imkan verməzdi”. Ətraflı süjetdə: