ABŞ bu ölkələrin Çinə qarşı birləşməsini istəyir

ABŞ Çin G7 tərəfdaşlarına qarşı iqtisadi təzyiq göstərəcəyi halda bu ölkələrin Pekinə qarşı birgə hərəkət etməsini istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb. Məlumata görə, ABŞ hökuməti Konqreslə birlikdə tariflərin artırılması ilə bağlı qanun layihələrini müzakirə edir.

“Bunlar əhəmiyyətli uğurlardır. Lakin əsas vəzifə sərhəddə postumuzu qurmaqdır...”

“Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu, eləcə də Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaq gərəkdir...” “Milli Ordumuzun son günlər həm Şuşa-Laçın və Xankəndinə gedən yollar ətrafında, həm də Laçın rayonunun sərhəd kəndləri olan Zabux və Cağazur kəndləri arasındakı ərazilərdə keçirdiyi əməliyyatlar alqışlanmalıdır. Yadınızdadırsa, ötən söhbətlərimizdə dəfələrlə demişdik ki, Şuşa, eləcə də Laçın şəhərlərinin təhlükəsizliklərinin tam təmin olunması üçün ətrafdakı bütün yaşayış məntəqələri, xüsusən də yüksəkliklər nəzarətə götürülməlidir. İndi çox şükürlər ki, bu istiqamətdə ordumuz uğurlu addımlar atmağa başlayıb”.  Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Sarıbaba, onun yaxınlığındakı 2054 yüksəkliyi həm Laçından Şuşaya gedən əsas avtomobil yoluna, həm də Turşsu qəsəbəsi istiqamətindən, yaxud Zarıslıdan Xankəndinə gedən ermənilər üçün “alternativ” silah-sursat daşıma marşrutu olan torpaq yollara nəzarət etmək üçün strateji əhəmiyyətə malikdirlər. Lakin bundan sonra Şuşa ətrafındakı digər yüksəklik və məntəqələri də tədricən nəzarətə götürmək vacibdir. Həmçinin  Gorus istiqamətində ermənilərin Qarabağa gedib-gəldiyi alternativ Laçın yoluna da nəzarət etmək baxımından Zabux və Cağazur yaxınlığındakı keçmiş sərhəd postlarımızın geri alınması da əhəmiyyətli uğurdur. Əbəs yerə deməyiblər ki, yüksəkliklər kimin əlindədirsə, qalibiyyət də onun tərəfindədir”- deyə davamında keçmiş nazir bildirib.  “Amma əldə edilən uğurlarla arxayınlaşmaq olmaz. Bundan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri, əvvəllər də vurğuladığımız kimi, Laçın yolunun başlanğıcında, yəni Həkəri çayının üstündəki körpü üzərindən keçən sərhəd ərazidə Rusiya “sülhməramlı”larının postunun yaxınlığında sərhəd, gömrük və s. nəzarət-buraxılış məntəqələrimizin qurulmasıdır. Yalnız bundan sonra deyə bilərik ki, biz Qarabağa gedib-gələn yola nəzarət edirik. Çünki ermənilər əgər sərhədimizdən “sülhməramlı”ların “nəzarəti”ndən  silah-sursat, yaxud canlı qüvvəni keçirə biləcəklərsə, onu nə yolla olursa-olsun, Qarabağa çatdırmağa çalışacaqlar. Biz tutduğumuz yüksəkliklərdən də bunun qarşısını tam şəkildə ala bilməyəcəyik. Düzdür, artıq 4 aya yaxındır ki, Laçın-Şuşa-Xankəndi yolunda fasiləsiz aksiya keçirən eko-fəallar da dolayısıyla həmin yoldan keçən yüklərə, sərnişinlərə nəzarət edirlər.  Ordumuz da, daxili qoşunlarımız da və s.həmin yola çox yaxındadırlar. Yəqin ki, ermənilər, yaxud ruslar risk edib oradan silah-sursat keçirməzlər. Amma əvəzində axı onların Xankəndinə gedən digər “alternativ” torpaq yolları, cığırları var.  Yəni bunlar məsələnin tam həlli deyil... Bir sözlə, bütün deyilənləri, eləcə də Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu və Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaqla, nə yolla olursa-olsun, Laçın yolundakı sərhəddə nəzarət-keçid postlarımızı qurmalıyıq. Ümidvaram ki, belə də olacaqdır və bütün baş verənlər bizi növbəti qələbələrə, həmçinin Xankəndi və digər ərazilərimizin tam yurisdiksiyamıza qaytarılmasına aparır”- deyə general-mayor vurğulayıb.

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi tükənir”

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi azalır”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski teleqramda yazıb. O bildirib ki, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”. A.Sirskinin sözlərinə görə, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur. Qeyd edək ki, təxminən 6 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir.

Ukrayna rusların 47 hücumunu dəf etdi

Ukrayna ordusu gün ərzində Kupyansk, Liman, Baxmut, Adveyev və Marinsk istiqamətlərində Rusiya ordusunun 47 hücumunu dəf edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukrayna müdafiəçiləri əzmlə Baxmutun müdafiəsini təmin edirlər.

"Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır" - Politoloq

"Bu gün səfirliyimizin açıldığı İsrailin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözləri müxtəlif şərhlərə yol açdı. İlk növbədə İran bunu “Bakının sionist rejimi ilə İrana qarşı işbirliyi” kimi təqdim edir, lakin bu sözlər Azərbaycan cəmiyyətində də İranla hərbi münaqişə narahatlığına, xüsusilə “Azərbaycanı İrana qarşı müharibəyə sürükləyirlər” kimi fikirlərə yol açdı". Sozcu.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.  İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığının sirr olmadığını bildirən politoloq,  hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdlərinin hələki nəticə vermədiyini də qeyd edib: "Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-da belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu başqa mövzudur". "İsrailin anti-İran bu koalisiyasında Azərbaycanı da görmək istəyi  bəlli olduğunu bildirən politoloq Asif Nərimanlı,  rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaq olduğunu da diqqətə çatdırıb:  "Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd, burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq".

Rusiya bombardmançısı Ukraynada məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Su-24M bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Su-24M Baxmut istiqamətində vurulub.

İsveçin NATO-ya üzvlük prosesi müharibədən öncə başlayıb

İsveçin Şimali Atlantika Alyansına cəlb edilməsi Ukraynadakı xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfirliyinin “İsveçin uçuruma doğru addımı” başlığı altında dərc olunan məqaləsində bildirilib. "Hamıya məlumdur ki, ölkə NATO-ya cəlb olunmağa Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatından xeyli əvvəl başlayıb. Formal səbəb ortaya çıxanda ölkəmizə qarşı qorxu yarandı. Nəticə Vaşinqtonun əmri gəldi: "Müstəqil olmaqdan əl çək, bizim üçün Şimali Avropa NATO-nun Rusiyaya qarşı yeni cəbhəsi olmalıdır", - məqalədə qeyd olunub.

Nazir “Challenger” tanklarını şəxsən sınaqdan keçirdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Böyük Britaniyanın “Challenger” tanklarının test-drayv mərhələsində şəxsən iştirak edib.  Sozcu.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, təəssüratlarını bölüşüb.  “Ukraynanın ilk əsas döyüş tankı “Challenger 2”yə ​​minmək çox xoş idi. Böyük Britaniyanın tədarük etdiyi belə tanklar ölkəmizə bu yaxınlarda gəlib. Bu fantastik maşınlar tezliklə öz döyüş tapşırıqlarına başlayacaqlar”, - deyə Reznikov bildirib. 

Netanyahu geri çəkildi: İslahatlar dayandırılır

İsrailin Baş naziri Benyamin Netanyahu fraksiya liderləri ilə görüşdən sonra məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Prezident mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatının təhdid altına düşdüyünü deyib.

"Rusiya Azərbaycana qarşı İranın əli ilə hərəkət edir" - Elxan Şahinoğlu

"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı. Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır".  Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir. Elxan Şahinoğlu, politoloq

Putinə qarşı təzyiqi davam etdirəcəyik - Bayden

ABŞ və Kanada Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək siyasətini davam etdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib. “Biz tarixi sanksiyalarımızla Putinə qarşı təzyiqi davam etdirəcəyik”, - Bayden bildirib. Eyni zamanda, Bayden ABŞ və Kanadanın Ukraynaya ehtiyac duyduğu hərbi təlimi, texnika və humanitar yardımı davam etdirəcəklərini qeyd edib.

Ərdoğan HÜDA PAR-ın şərtlərini qəbul edib? - TƏHLİL

Türkiyə "Hizbullah"ı kimi tanınan Hüda (Xuda) Par (Partiya) seçkilərə AKP-nin siyahılarından qatılacaq. Mən sadəcə, kənardan dəstək verəcəklərini düşünürdüm, amma görünür, prezident Ərdoğanın və AKP-nin hər səsə həyati ehtiyacı var. "Hüda Par" Türkiyənin bəzi cənub-şərq vilayətlərində aktiv olan və radikal islamçı kürdləri ətrafında birləşdirən siyasi partiyadır. Əsasən Batman və Diyarbəkirdə müəyyən elektoral gücə malikdir və AKP-yə təxminən 200 - 250 min əlavə səs qazandıra bilər. "Hüda Par" kürd məsələsində HDP-dən daha sərt mövqe tutur. Kürdlərə muxtariyyət verilməsi və Türkiyənin federallaşması kimi variantların müzakirəyə çıxarılmasının tərəfdarıdır. "Hüda Par"ın proqramında kürd xalqının qurucu element qismində türklərlə bərabər Konstitusiyada təsbit edilməsi, kürd dilinə 2-ci rəsmi dil statusu verilməsi, dövlətin Şeyx Səidin ailəsindən rəsmən üzr istəməsi və sair tələblər də var. Belə bir partiya ilə ittifaqa girən AKP və Cumhur İttifaqının bundan sonra müxalifəti HDP ilə əməkdaşlıqda ittiham etməyə haqqı qalmır. (Zatən haqqı yox idi.) Hələ üstəlik, nəzərə alsaq ki, HDP seçkilərə Millət İttifaqı ilə bərabər, onun siyahılarında deyil, öz ittifaqı ilə ayrılıqda qatılır.  Qənaət yarana bilər ki, bu cür proqrama sahib olan partiyanı öz siyahılarına aldı deyə AKP-nin və Ərdoğanın səsləri daha da azalacaq. Amma belə deyil. (Bəlkə bəzi MHP-lilər bu səbəbdən Ərdoğana səs verməz, onu deyə bilmərəm.) Dəfələrlə vurğuladığım bir fikri bir daha təkrarlamaq istərdim ki, azərbaycanlılar (sosial mediada gördüyümüz insanlar) kürd məsələsində Türkiyə vətəndaşlarından daha radikal mövqe tutur və "papadan artıq katoliklik" - türkiyəlilərdən daha artıq türkiyəçilik edirlər. Hətta bir çoxları heç bir haqqı olmadığı halda, Türkiyənin tamhüquqlu vətəndaşları olan kürdlər haqqında hökm çıxarır, onları terrorçu adlandırır və sair. ("Yersiz gəldi, yerli, qaç" məsələsi...)  Bizim bəzi insanlara elə gəlir ki, Türkiyədə kimsə kürd partiyası isə əməkdaşlıq edirsə, onlara salam verirsə, həmin siyasətçi və ya siyasi partiya dəhşətli əmələ yol vermiş olur və onun siyasi karyerası bitməlidir. Halbuki yaxın keçmişdə "çözüm sürəci"ndə AKP hökuməti bilavasitə PKK ilə ayrı-ayrı yerlərdə 3 masa quraraq danışıqlar aparırdı: İmralıda Abdulla Öcalan, Osloda PKK-nın Avropa qanadının liderləri Sabri Ok, Zübeyir Aydar, Mustafa Karasu, İraqda  - Kandil dağında terrorçuların lideri Murat Karayılan və digərləri ilə... Bu danışıqların sonunda İstanbulda, baş nazir Ərdoğanın Dolmabahçe ofisində Türkiyə hökuməti ilə HDP arasında rəsmi Bəyannamə də imzalandı. Eyni zamanda, "çözüm sürəci" dövründə PKK-nın İraqdan Türkiyəyə külli miqdarda silah, partlayıcı maddə keçirməsinə göz yumuldu, çünki Ankaradan hökumət jandarma və polisə göstəriş vermişdi ki, onsuz da məsələni həll edirik, siz onların qarşısını kəsib prosesi pozmayın. Hətta guya silahı yerə qoyub Türkiyəyə qayıdan bəzi PKK-lılar üçün Habur sərhəd qapısında səyyar məhkəmə də təşkil olundu və onların sərbəst buraxılması barədə qərarlar çıxarıldı. Abdulla Öcalanın məktubları Türkiyə TV-lərində canlı yayınlarda oxundu, təhlil olundu, bəyənildi, hökumət tərəfindən dəstəkləndi və s...  Bu qədər həngamədən sonra yəqin ki, bizim insanların məntiqinə görə, Ərdoğan və AKP Türkiyə siyasətindən silinməli idi. Amma silinmədi. "Hüda Par" ilə ittifaq səbəbi ilə də silinməyəcək. Çünki Türkiyə əhalisi (azı yarısı) fərqli məntiqə sahibdir. Bəli, Türkiyə əhalisinin çoxluğu PKK-ya yaxınlığı səbəbi ilə HDP-yə neqativ münasibətdədir, PKK-ya uzaq, amma kürd məsələsində onunla paralel düşüncələrə sahib "Hüda Par"a da o cümlədən. Amma eyni zamanda bu çoxluğun çox hissəsi anlayır ki, HDP (yaxud o cizgidəki hər hansı kürd partiyası) Türkiyənin reallığıdır və PKK-nın siyasi tələblərini haqlı sayan narazı kürdlərin leqal, legitim təmsilçisidir. 6-7 milyon Türkiyə vətəndaşı HDP-yə (qarşıdakı seçkilərə Yeşil Sol Parti adı ilə qatılacaq) səs verir, bu gerçəyi gözardı etmək mümkün deyil. Bu səbəbdən, həmin partiya yerli hakimiyyət orqanlarında, parlamentdə təmsil olunur, TBMM iclaslarını idarə edir və Türkiyənin dövlət büdcəsindən maliyyələşir. (Bu il HDP-yə büdcədən 0,5 milyard TL-dən çox pul ayrılıb.)  Uzun sözün qısası, Türkiyəni səthi yanaşmalarla qiymətləndirmək doğru deyil və yanlış qənaətlərə aparıb çıxarır. Şahin Cəfərli, politoloq