ABŞ İranın hücumlarını cavabsız qoymayacaq - General

İran tərəfindən iddia edilən yeni hücumlar olacağı təqdirdə ABŞ Silahlı Qüvvələri müxtəlif tədbirləri görməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurillanın yaydığı bəyanatda qeyd olunub. “Biz xalqımızı qorumaq üçün hər zaman bütün lazımi tədbirləri görüb, seçdiyimiz vaxtda və yerdə cavab verəcəyik. Biz İranın hər hansı yeni hücumu qarşısında müxtəlif tədbirlər görməyə hazırıq”, - bəyanatda bildirilir.

İran Azərbaycana hərbi müdaxiləyə hazırlaşır?

 Dostlar mütəmadi olaraq bu sualı verirlər və hər zaman bir neçə "açar" sözdən ibarət eyni cavab alırlar, bir müddətdən sonra İranın hərbi müdaxiləsilə bağlı suallar yenidən səslənir. Görünənən odur ki, cavab qane etmir və bu səbəbdən daha ətraflı izahata ehtiyac var. Dünya böyük mexanizmdir, bir detalın sıradan çıxması mexanizmin ümumi işinə zərər verəcək, bu baxımdan Rusiya və ABŞ-ın prinsipial fərqi ondan ibarətdir ki, Rusiya təsir dairəsində olan ölkələri dondurulmuş münaqişələr, təhdidlər vasitəsilə idarə edir, ABŞ öz təsir dairəsində olan ölkələri isə dayanaqlı sülh, sabitlik, sosial rifah, ədalətli idarəetmə, demokratiya ilə yönləndirir(məhz yönləndirir, idarə etmir). Dünyanın strateji təhlükəsizlik doktrinası mövcuddur. Bu doktrinada ölkələr arası, regionlar arası, hərbi-siyasi ittifaqlar arası münasibətlər tənzimlənir: hərbi-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik qarantiyaları, nüvə təhlükəsizliyi, terror təşkilatlarla mübarizə və s.  Başqa sözələrlə strateji təhlükəsizlik doktrinası dünyada sabitliyi təmin edən faktordur. *Qeyd. Rusiya Ukraynaya hücum etməmişdən qabaq ABŞ-a verdiyi "təhlükəsizlik təminatı" adlı ultimatum yadınızdadırmı? Həmin sənəddə Rusiya tələb edirdi ki, ABŞ və NATO post-sovet məkanından çəkilsin. Məhz bu sənəd qlobal strateji təhlükəsizlik doktrinasının dəyişdirilməsi cəhdi idi. ABŞ və NATO-nun Rusiyanın cəhdinə cavabı bu gün hər kəsin gözü qabağındadır. Cənubi Qafqaz geosiyasi xəritədə Qərbin təsir dairəsində olacaq regiondur, Azərbaycan da, Ermənistan da, Gürcüstan da. Deyəcəksiniz ki, bəs bu illər ərzinə bu region Rusiyanın təsir dairəsində idi. Bəli, unutmayaq ki, ABŞ regionla əməkdaşlığa başlayanda bu region məhv Rusiyanın təsir dairəsində idi(1991-ci ildə bəri) və ABŞ "long game"(uzunmüddətli) strategiyasına uyğun "realpolitik" çərçivəsində davranaraq gündən-günə təsir gücünü artırırdı. Bugünkü geosiyasi "zəlzələ"(yəni yaxın gələcəkdə Rusiyanın öz sərhədlərinə çəkilməsi) təsir dairələrin yeni sərhədlərini cızacaq və bizim region məhz Qərbin(başqa seçim də yoxdur, Çinin təsir dairəsində olan deyil ki) təsir dairəsində olacaq. Bu proses 2022-ci il 24 fevralda kəskin sürətlənib. Azərbaycan öz növbəsində enerji təhlükəsizlik sahəsilə yanaşı bir neçə sahədə Qərbin müttəfiqi sayılır. 3 ən yaxın strateji müttəfiqimiz (İsrail, Böyük Britaniya, Türkiyə) ABŞ-ın da strateji müttəfiqləridir. Təbii ki, Azərbaycanın Qərb qarşısında öhdəlikləri olduğu kimi, Qərbin də Azərbaycanın qarşısında strateji öhdəlikləri var. Azərbaycana İran və ya Rusiya tərəfindən təhdidlər strateji təhlükəsizlik doktrinasına ziddir, bu baxımdan Qərbin(məhz ABŞ-ın) Azərbaycan qarşısında ən vacib öhdəliyi təhlükəsizlik qarantiyalarıdır, ABŞ, Rusiya və İrandan gələn təhdidlərə qarşı bu qarantiyaları verir. Təbii ki, Türkiyə, İsrail və Böyük Britaniya, ABŞ tərəfindən Azərbaycana verilən təhlükəsizlik qarantiyalardan kənarda deyillər, AMMA VƏ LAKİN bir məsələnin altını xüsusilə cızmaq istəyirəm, dünya tərəfindən "terroru maliyyələşdirən" kimi tanınan 5 ölkə var(İran, Rusiya, Suriya, Ş. Koreya, Kuba), Azərbaycan 2-silə həmsərhəddir, belə coğrafiyada olan ölkəyə ABŞ-dan başqa HEÇ BİR ölkə təhlükəsizlik qarantiyaları vermək iqtidarında deyil. Azərbaycanın da öhdəlikləri var. Misal üçün ABŞ Maliyyə nazirliyinin dərc etdiyi heç bir hesabatda Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verən ölkələr siyahısında bizim adımız yoxdur. Başqa misal gətirim, bir neçə gün qabaq ilk dəfə olaraq Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya neft tədarükünə start verib("Xoşbəxt Yusifzadə" tankeri, ilk partiya 7 min ton neftdən ibarət idi).  Bunlar, Azərbaycanın Rusiyaya qarşı demarşı deyil, bunlar Azərbaycanın strateji təhlükəsizlik doktrinasına görə öhdəliklərin yerinə yetirilməsidir. Və təbii ki, geosiyasi "trendə" uyğun olaraq davranışdır.  Yaxın gələcəkdə ABŞ Azərbaycanın götürdüyü başqa öhdəlikləri də yerinə yetirməsini gözləyəcək: Ermənistanla sülh müqaviləsi və demokratik açılım istiqamətində ilk addımlar. Demokratik açılım daxili məsələ deyil, regionun strateji təhlükəsizlik məsələsidir. Kamran Cəfərov, politoloq  Sozcu.az

Qarabağda müharibə bitməyib, dayandırılıb...

Qarabağın azad edilməsi uğrunda başlanan müharibə 44-cü günündə-2020-ci ilin 10 noyabrında dayandırıldı. Bəli, müharibə bitmədi, dayandırıldı və bu dayanma Azərbaycanın təşəbbüsü, istəyi ilə olmadı. Ona görə savaşın 44-cü günündə müharibə “bitmədi”, məhz “dayandırıldı” demək, daha doğrudur və bu günün də reallığına uyğundur.  Məhz bu məntiqlə də, “bütün müharibələrin sonu sülhlə yekunlaşır” klassik deyimi, 44 günlük müharibə üçün hələlik keçərli deyil, çünki sülh müqaviləsi yoxdur, ümumiyyətlə tərəflər arasında sülh yoxdur. Sülh olmadığına görə də “müharibə bitdi” yox, “müharibə dayandırıldı”, reallığı əks etdirir. Həmin gün imzalanan üçtərəfli razılaşma Ermənistan Respublikasının geri çəkilməsi hesab edilə bilər, amma yenə də sülh deyil, çünki müharibənin bitməsinə mane olan, yəni onu dayandıran Rusiya, Azərbaycana ərazi bütövlüyünü tam həyata keçirməyə imkan vermədi, bu gün də vermir.  Müharibənin dayandırılmasından keçən 2 il dörd aydan çox müddətdə məğlub tərəf revanş götürmək məqsədilə silahlanır, Qarabağda yeni hərbi istehkamlar yaradır, havadarları-İran, Rusiya, Fransa tərəfindən hərbi-siyasi, bəzi Qərb ölkələrindən də diplomatik dəstək alır, sülh təkliflərini qəbul etmir. Deməli, dayandırılmış müharibənin yenidən davamı gözləniləndi. Təəccüblüsü odur ki, müharibəyə hazırlaşanlar “münaqişənin hərb yolu istisnadır” bəyanatlarını verir və bundan məhz bizə təzyiq vasitəsi kimi istifadə edirlər. 26 il ərzində Minsk Qrupu da, işğal etdiyi torpaqlarda rahatlanan Ermənistan da belə deyib problemi həll etmədilər, amma 44 günlük müharibə ilə çox şey həll oldu. Maraqlıdır ki, hərbi yol istisnadır deyən Rusiya da, Qərb də Ukraynada müharibəni öz maraqları naminə davam etdirirlər, amma bizə “istisnadır” bəyanatlarını ünvanlayırlar.  Üç aydan sonra Moskvaya səfər edən Ararat Mirzoyan geri qayıdandan sonra, Smolensk meydanından aldığı gücdən ruhlanaraq, dünən Ermənistan XİN-in kəskin bəyanatını yayıb.  Bəyanatda “ Artsax xalqının öz müqəddəratını təyin etməsi onun tam haqqıdır.. və öz müqəddəratını təyinetmə hüququnun inkarı və zorla boğulması, habelə münaqişənin həlli vasitəsi kimi danışıqlardan imtina edilməsi ( guya ki, bütün bu sadalananları Azərbaycan edir-red), xalqın müstəqil dövlət qurmaq hüququnun tanınması üçün əsasdır”- deyilənlərlə, dünənə qədər Paşinyanın vurğuladığı : “ ..beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində plankanızı bir az endirin.., əks halda, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik", - fikirləri arasında fərq nədən qaynaqlandı?  Zaman keçdikcə düşmən iddiasını yenidən ortaya qoyur və Rusiyanın tormozladığı sülh, onu ruhlandırır. İlk baxışdan bu gün Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu təəssüratı yarana bilər, amma bu dərinə işləməyən gərginlikdir. Ermənistanın Qərbə meyillənməsi Rusiyaya təzyiq vasitəsidir. Rusiya da “günahkar” kimi “günahını” yuyur və Ermənistandan Laçın yolu vasitəsilə separatçılara silah-sursat, humanitar yardım, ərzaq və sairə daşımaqla məşğuldur. Rusiya hərbi kontingenti Laçın yolunda tam formal nəzarət funksiyasını həyata keçirir. Dinc etiraz aksiyasının onlara mane olmadığı Xəlfəli-Turşsu yolu ilə daşınan hərbi yüklərin müşayət olunması kadrları ilə sübut olundu.  Ermənistanla sülh müqaviləsi nə üçün lazımdır? Bu işin Qarabağ probleminə təsiri nədir? Tutaq ki, sabah Ermənistanla sülh müqaviləsi imzalandı, Qarabağdakı separatçı rejim və onu qoruyan Rusiya Xankəndini bizə təhvil verəcək? Son iki gündə Ermənistan rəsmilərinin açıqlamaları yalnız Qarabağla əlaqədardır. Onları delimitasiya, demarkasiya işləri, anklav kəndlərin problemi maraqlandırmır, yalnız Qarabağ ermənilərinin müstəqilliyi barədə bəyanatlar səsləndirirlər. Guya vəzifədən çıxarılan Vardanyan fəaliyyətini dayandırıb? Bu gün FB səhifəsində “Azərbaycanın uğursuz Qarabağ siyasəti” barədə geniş paylaşım edib. Vardanyan 100 günlük “blokadanı” qəhrəmancasına dəf etdiklərini və Artsax məsələsinin Azərbaycanın daxili problemi olmadığının sübut edildiyini paylaşıb. Qarabağ separatçıları Rusiyanın dəstəyilə o qədər fəallaşıblar ki, hətta qondarma rejimin keçmiş xarici işlər naziri Masis Mailyan “nikbinliyə böyük əsaslarımız var” deyə bilir.  Biz Ermənistanla sərhədimizi  və harada dayandığımızı bilirik. Ermənistan öz problemi ilə deyil, bizim daxili işimizlə -Qarabağla məşğuldur. Deməli, biz də bütün siyasi, hərbi fəaliyyətimizi Qarabağa istiqamətləndirməliyik. Ermənistanla 31 oktyabr 2022-ci ildən sonra rəsmi danışıqlarımızı dayandırmışıq, amma daxili işimiz olan Qarabağa hələ real təsir edəcək siyasətə nail olmamışıq. Xankəndi və Ermənistan arasında alternativ yolun olduğunu və bu yoldan hərtərəfli istifadə edildiyini video materiallarla sübut etdikdən sonra Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qoyulmasını bu qədər ləngitmək olmaz. Ermənistan silahlı qüvvələrin Qarabağdan çıxarılmasını sözlə yox, əməldə həll etmək artıq zərurətdir. Biz nə qədər sərt bəyanatlar versək belə qarşı tərəflərə təsir etməyəcək, necə ki, bu günə kimi təsir etməyib. Biz hərəkət etməliyik, düşməni fakt qarşısında qoymalıyıq. Müharibə bitməyib, dayandırılıb.  İlham İsmayıl, Moderator.az 

Yaponiyanın baş naziri Ukraynaya getdi

Hindistana səfərini başa vuran Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla xəbər yayıb. Agentlik yazır ki, adətən Yaponiyanın baş nazirinin xaricə səfərindən əvvəl ictimaiyyətə açıqlama verilirdi. Bu dəfə ənənə pozulub. Bildirilir ki, səfər Yaponiyanın Ukraynaya dəstəyini nümayiş etdirir.

Putinin həbsi ilə bağlı order ömürlükdür - Kərim Xan

Rusiya prezidenti Vladimir Putinin həbsi üçün Haaqada verilən order ömürlükdür. Sozcu.az xəbər verir ki, bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib. "İnsanlar harada olurlarsa olsunlar, qanunun olduğunu başa düşməlidirlər. Müharibə cinayətləri üçün heç bir məhdudiyyət müddəti yoxdur", - o deyib. Xanın sözlərinə görə, həbs qərarı yalnız Putinin məhkəməyə gətiriləcəyi və hakimlərin işi dayandıracağı halda geri götürülə bilər. Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.

Ukraynada daha 760 rus hərbçisi, 1 helikopter məhv edilib

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 163320 (+760) nəfər canlı qüvvəsi, 3506 (+2) tank, 6823 (+13) ədəd zirehli döyüş maşını, 2552 (+13) ədəd artileriya sistemi, 504 (+1) reaktiv yaylım atəşi sistemi, 265 (+0) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 290 (+1) helikopter, 2145 (+0) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5401 (+7) avtomobil texnikası və avtosistern, 258 (+1) xüsusi texnikası məhv edilib.

Əsəd Ərdoğanla “görüş şərtini” açıqladı

Türkiyə qoşunları Suriya ərazisindən çıxacağı təqdirdə Ərdoğanla görüşməyə hazıram. Sozcu.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. “Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin aydın formada və heç bir qeyri-müəyyənlik olmadan Suriya ərazisindən ordusunu tam çıxarmasına, vəziyyətin Suriyada müharibə başlamazdan əvvəlki vəziyyətinə qayıtmasına bağlıdır. Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır. Bundan başqa, belə bir görüş Suriyadakı müharibə üçün yekun nəticələrə gətirib çıxarmayacaqsa, onu təşkil etmək nəyə lazımdır?” - Əsəd bildirib. Onun sözlərinə görə, Türkiyə Suriyadakı müharibədə neqativ rol oynayıb, Dəməşqin terrorçu hesab etdiyi təşkilatları dəstəkləyib və ordusunu Suriya ərazisinə yeridib: “Türkiyə bizim üçün işğalçı dövlətdir”.

Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 385-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 161 520 hərbçi, 3492 ədəd tank, 6799 ədəd zirehli döyüş maşını, 2528 ədəd artilleriya sistemi, 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 262 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5377 ədəd avtomobil texnikası, 2 132 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 257 xüsusi avadanlıq itirib.

Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Bu barədə məlumat Aİ Şurasının saytında dərc edilib. Görüşdə müzakirə edilən məsələlərlə bağlı məlumat verilməyib.

Ruslar qadın məhbusları döyüşə göndərir

Müharibədəki ağır itkilərdən sonra ruslar məhbusları, o cümlədən qadın dustaqları cəbhə bölgəsinə gətirir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Müharibədə şəxsi heyətin ağır itkiləri fonunda düşmən canlı qüvvəsini artırmaq üçün alternativ mənbələrdən istifadə edir. Belə ki, ötən həftə məhbusların daşınması üçün ayrılmış sərnişin qatarı Donetsk vilayətinə doğru hərəkət edib. Vaqonların birində qadın məhbuslar olub”, - məlumatda qeyd olunub.

"Ukrayna ilə savaş qəlyanaltıdır, növbəti menyu Rusiyanın parçalanması olacaq..."

"Vəziyyət çox ciddidir və biz Rusiyanın parçalanmasını görə bilərik..." "Çox təəssüf ki, Ukrayna sonradan görəcəyimiz tarixi hadisələrin yalnız tətiyidir..." Fransız general NATO-ya Rusiyanın parçalanmasına hazır olmağa çağırış edib NATO artıq bu gün Rusiya Federasiyasının hissələrə parçalanacağına hazırlaşmalıdır. Sozcu.az xəbər verir ki, bu fikri fransız general, NATO qüvvələrinin Avropada sabiq komandan müavini Mişel Yakovleff fransız hərbi ekspert, sabiq hərbi təyyarəçi Ksavye Titelmanla söhbətində ifadə edib. "Düşünürəm ki, vəziyyət çox və çox ciddidir. O qədər ciddidir ki, biz Rusiyanın parçalanmasını görə bilərik. SSRİ-nin Berlin divarının çökməsindən sonra dağılması kimi", - general əmin edib. O, qeyd edib ki, Rusiya hələ Ukraynada müharibədən öncə çökməyə doğru gedib. "Hazırki rejim iflasa məhkumdur. O, hələ fevralın 24-dən öncə iflasa məhkum olub. Demoqrafiya səbəbindən. Rusiya demoqrafiya çöküşünü yaşayır. O, həmçinin iqtisadi səbəbdən, Rusiyanın iqtisadi quruluşu baxımından iflasa məhkum olub. O, artıq üçüncü dünya ölkəsinə çevrilib və dördündü dünya ölkəsinə çevrilmə yolundadır, yalnız xammal, filiz, enerjidaşıyıcıları, meşə qırılması hesabına yaşayır", - Yakovleff deyib. Ksavye Titelman cavabında deyib ki, hətta Mərakeş belə adambaşına düşən sənaye istehsalına görə Rusiyanı üstələyir. Yakovleff davam edərək deyib ki, Ukraynada müharibə Rusiyanın dağılmasını ən azı "beş il" sürətləndirib. Generalın fikrincə, bunun səbəblərindən biri də ölkədə üç ordunun-Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin fəaliyyət göstərməsidir, bu da 1973-cü ilin Livan nümunəsinə bənzəyir.  Mən hələ "Vaqner qrupu", "Patriot" tipli özəl hərbi şirkətlərindən, oliqarxların və "kadırovçuların" ordusundan danışmıram. "Ukraynada müharibə qəlyanaltıdır, daha sonra əsas menyu-Rusiyanın parçalanması olacaq. Rusiyanın parçalanması SSRİ-nin parçalanmasından daha qanlı olacaq, çünki o ölkəni müharibəni istəməyən ağıllı adamlar idarə edib. Düşünürəm ki, NATO buna hazırlaşmalıdır. Mən təəssüflə etiraf etməliyəm: Ukrayna bizim sonradan görəcəyimiz tarixi hadisələrin yalnız tətiyidir", - general deyib. Mişel Yakovleff İraq müharibəsinin, NATO-nun Yuqoslaviya əməliyyatının iştirakçısıdır. Karyerasının pik nöqtəsi Mərkəzi Avropada NATO qüvvələri komandanının müavini, Baş Qərargah rəisinin müavini olub. 1905 və 1917-ci il inqilablarının iştirakçısı olan mühacir menşevikin nəslindəndir.

Rusiyaya yardım edən ölkələrə sanksiyalar tətbiq edilməlidir

Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yanvar-fevral aylarında büdcə kəsiri 2,58 trilyon rubl təşkil edib. Halbuki, illik büdcə kəsiri 2,92 trilyon rubl olaraq nəzərdə tutulmuşdu. İndi isə ilin ilk ayının büdcə kəsiri 2023-cü il üçün nəzərdə tutulmuş büdcə kəsiri həndəvərindədir. Qarşıda isə hələ on ay var.  Sanksiya siyahılarına daxil edilən malların Türkiyə üzərindən Rusiyaya ixracının qarşısı alındığı kimi, Rusiyanın digər “nəfəslik”ləri də bağlanmalıdır. Rusiyanın sanksiyalardan yayınmasına yardım edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edilməlidir. Hazırda Rusiyanın valyuta gəlirləri sürətlə azalır və sanksiyaların pozulmasının qarşısının alınması bu prosesi dərinləşdirəcək.  Qərbin üzərinə düşən vəzifə müharibənin Rusiyaya daha baha başa gəlməsini təmin etməkdir. Bunun üçün bütün Qərb ölkələri Norveç kimi hərəkət etməli, Ukraynanı müasir silahlarla silahlandırmalıdırlar. Rusiyaya silah yaradımı edən İran sərt şəkildə cəzalandırılmalı, bu ölkənin artelliriya mərmisi və raketlər istehsal edən zavodları dağıdılmalı, Çinin Rusiyaya yardım istəyinin qarşısı alınmalıdır.  Əgər bundan sonra müharibənin bir günü Rusiyaya iki dəfə baha başa gəlsə, avqust-sentyabr ayında artıq terrorçu rejimin müharibəni davam etdirmək üçün mərmisi və pulu olmayacaq. Xəqani Cəfərli, politoloq