"Gürcüstanda baş verənlərin region üçün təhlükələri var " - Natiq Cəfərli

Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər.  Etiraza səbəb olan "inoagent" haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir. Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, Ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institurları olan ölkədə normal işləməsi mümkün deyil - zatən, Kreml də "inoaqent" haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi.  Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlarımdan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir - Kreml "yumşaq gücdən" ən çox Tiflisdə iştifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV-lər, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanaşvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir.  Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir.  Bizdə bəziləri dünyanın harasında olur-olsun küçədə 5-10 min adam görəndə "siyasi orqazm" yaşayayırlar, onlara məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyərənsilər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar... Natiq Cəfərli, politoloq  Sozcu.az 

Türkiyə baharı olacaqmı?

Cengiz Çandarın tv24.com-da 8 martda yazdığı “Türkiye baharı” başlıqlı yazısında “Hak, Hukuk, Adalet” şüarı yer alıb. Türkiyənin qocaman qələm sahiblərindən və siyasəti çox yaxşı bilən azsaylı şəxslərdən bir olan Cengiz Çandar bəy çox gözəl bilir ki, hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir yerdə bahar ola bilməz.  Xristian dünyasının bu günki inkişaf səviyyəsinə görə minətdar olmalı olduğu şəxslərdən biri,  Avqustin Avreli hələ 16 əsr öncə, V əsrdə yazırdı ki, “Hüquq və ədalət olmayan bir dövlət böyük bir quldur dəstəsindən başqa bir şey deyil”. Türkiyə başda olmaqla bizim çoğrafiyanın hüquqa və ədalətə ehtiyacı var. Hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir çoğrafiyada sülh və rifah ola bilməz. Qəbiristanlıq sükutu ola bilər, amma sülh olmaz. Zənginlik ola bilər, amma rifah olmaz. Cənubi Qafqazdan Şimali Afrikaya kimi uzanan Böyük Yaxın Şərqdə sülhün və rifahın yaranması, azadlıqların bərqərar olması Türkiyədə avtoritarizmə qarşı başlayan demokratiya mübarizəsinin nəticəsindən çox asılıdır. Prezident seçkilərində Ərdoğana qalib gəlmək olar. Amma bu demokratiyanın dərhal bərqərar olacağı anlamına gəlmir. Seçki demokratikləşmə üçün yalnız başlanğac ola bilər.  Gəncliyi İsmət Paşanın, bütün şüurlu ömrü Türkiyə siyasətində keçmiş Altan Öymən son müsahibəsində HDP faktouna diqqət çəkərək xəbərdarlıq edir ki, HDP-ni yox sayaraq xoşbəxt sonluğa çatmaq olmaz.   Türkiyə Böyük Millət Məclisində üçüncü böyük partiya olan HDP-nin siyasi proseslərdən kənarlaşdırılması bundan sonra daha ağır nəticələr verə bilər.  Türkiyədə “Hak, Hukuk, Adalet”-in qələbəsi İranda “Azadlıq, Ədalət, Milli hökumət”in yolunu açacaqdır.  Gerçək Türkiyə baharı yalançı Ərəb baharından fərqli olaraq Böyük Yaxın Şərqdə yeni mərhələnin başlanğacı ola bilər. Xəqani Cəfərli, politoloq 

Ermənistan və Hindistandan BİRGƏ ADDIM

Ermənistan Hindistanda bu ölkədən almaq istədiyi "MArG 155/39" özüyeriyən haubitsasını sınaqdan keçirib. Bu haqda Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti iki gün öncə Hindistanda rəsmi səfərdə olub. Səfər zamanı hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

İvanişvili artıq Gürcüstanın keçmişidir

Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq.  Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir.   Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb. Lakin bu, çox riskli oyundur. Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar.  Yeni Georgiyevsk traktatı mümkün deyil. Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib.  İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən... Şahin Cəfərli, politoloq 

Gürcüstan müxalifətindən çağırış: Yeni mitinq...

Gürcüstanda bu gün günortadan sonra parlament önündəki meydanda yenidən böyük mitinq keçiriləcək. Sozcu.az xəbər verir ki, bu haqda Gürcüstan müxalifəti məlumat yayıb. Qeyd edək ki, ölkədə əhali və müxalifət "Xarici agentlər" haqqında qanun layihəsinə etiraz edir. Dünən və gecə boyunca isə ölkə paytaxtında etirazçı kütlələr ilə polis arasında ciddi toqquşmalar yaşanıb.

Podolyak: Baxmutun müdafiəsi Ukrayna ordusunun böyük strateji uğuru oldu

Baxmutun müdafiəsi Ukrayna ordusunun böyük strateji uğuru oldu. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak CNN kanalına bildirib. Podolyakın qeyd edib ki, Ukrayna bu döyüşlər hesabına zaman qazanmalı və Rusiya ordusunu itkilərə məruz qoymalı idi: “Ordu tapşırıqları artıqlaması ilə yerinə yetirdi. Ordumuz bir tərəfdən düşmənin döyüşə hazır əsas hissəsini məhv etmək planını reallaşdırıb, digər tərəfdən isə on minlərlə ukraynalı hərbçinin əks-hücuma hazırlaşmaq üçün təhsil və təlim almasını təmin edib”. Həmçinin bildirilib ki, daha əlverişli mövqelərə çəkilmək qərarı verilsə də, Baxmutun müdafiəsi gələcək qələbənin təməli olacaq.

Türkiyədə yeni dönəmdə idarəetmə necə olacaq?

Millət İttifaqı liderləri parlament üsul-idarəsinə keçidin yol xəritəsini elan etdilər.  - Bildirilir ki, parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişiklikləri yeni parlament tablosunun imkan verdiyi ən qısa müddətdə tamamlanacaq; - Keçid dövründə 5 siyasi partiyanın liderləri vitse-prezident vəzifəsini tutacaq; - Ankara və İstanbul bələdiyyə başqanları yeni prezidentin uyğun görəcəyi zamanda və müvafiq səlahiyyətlərlə vitse-prezident təyin olunacaq; - Vitse-prezdentlər formal olmayacaq, xüsusi prezident qərarnaməsi ilə onların konkret cavabdehlik sahələri müəyyənləşdiriləcək; - Prezident yanında yaradılmış bütün şuralar və ofislər ləğv ediləcək; - Hökumət formalaşdırılarkən hər partiyaya 1 nazirlik veriləcək, digər nazirliklər bu partiyaların parlament seçkisində alacağı səslərə uyğun bölüşdürüləcək. (Bu, o deməkdir ki, nazirlər əsasən CHP və İyi Partidən olacaq); - Nazirlərin təyinatı və çıxarılması onların təmsil etdiyi partiyanın lideri ilə məsləhətləşmə şəraitində həyata keçiriləcək; - Prezident önəmli qərarları (fövqəladə vəziyyətin elanı, milli təhlükəsizlik məsələləri, yüksək vəzifəli dövlət məmurlarının təyinatı və s.) vitse-prezidentlərlə məsləhətləşmə şəraitində qəbul edəcək;  - Parlament sisteminə keçdikdən sonra erkən seçki olmayacaq, prezident və TBMM səlahiyyət müddətini tamamlayacaq... Təbii ki, bütün bunlar həm prezident, həm də parlament seçkilərində qələbə əldə olunacağı təqdirdə mümkündür.  Mən prezident seçkilərində Kamal Kılıçdaroğlunun elə ilk turda qələbə ehtimalını yüksək görürəm.  Parlament seçkilərində Millət İttifaqı partiyaları vilayətlərin təxminən yarısında ortaq siyahı ilə iştirak etməyi planlaşdırır. Şahin Cəfərli, politoloq 

Meral Akşenerin qayıdışı "masa"nı əvvəlkindən də güclü edəcək

Azərbaycan toplumunda, o cümlədən demokratik düşərgədə Maral Akşenerə qarşı simpatiya demək olar ki, yoxdur. Əslində, Türkiyə siyasətçiləri içərisində ən sağlam mövqedə olan Maral xanımdır. Azərbaycana münasibəti də lap əvvəldən çox yaxşı olub.  Türkiyə televiziyalarında gedən diskussiyalardan məlum olur ki, Kamal Qılıçdaroğlu "Altılı masa"nın vahid namizədi müəyyən edilməsi ərəfəsində Maral xanım xaric digər bütün partiya rəhbərləri ilə təkbətək görüşüb və gələcək iqtidar koalisiyasının şərtlərini onlarla müəyyənləşdirib, lakin İyi Partiyasının rəhbərliyi ilə razılaşmağı zəruri saymayıb. Bəzi təhlilçilərin rəyinə görə, Kamal bəy bu hərəkəti ilə Maral xanımı və rəhbərlik etdiyi partiyanı fakt qarşısında qoymaqla İyi Partiyasını CHP- nin satilleti səviyyəsinə endirmək niyyəti varmış. Əgər bu mülahizələrdə həqiqət payı varsa, onda "masa" ətrafında yaranan krizə görə qınaq obyekti məhz Kamal Qılıçdaroğlu olmalıdır.   Maral xanımın "Altılı masa"ya qayıdışı bu qurumu əvvəlkindən daha güclü hala gətirəcək. İstənilən halda, Maral Akşenər "masa" daxilində gedən proseslərə şəffaflıq gətirdi. Heç şübhəsiz ki, bu da son nəticədə düşünərək qərar qəbul edən seçicinin iradəsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, "Altılı masa"nın dağılacağı barədə bir il əvvəl verdiyi proqnozun doğrulmasından sevincək hala düşüb son günlərdə teleulduza dönən Məhərrəm İncənin də kefinə soğan doğranacaq. O, hətta Maral xanıma baş nazir vəzifəsini verməyə hazır olduğunu bəyan etmişdi.  Güman edirəm ki, Türkiyədəki növbəti cümhurbaşqanı seçkilərində ikinci tur qaçılmazdır. Böyük ehtimalla ikinci turda Məhərrəm İncə Kamal Qılıçdaroğlunun namizədliyini dəstəkləyəcək. İkinci turda Kamal bəyin qalib gəlməsi üçün bu dəstəyin yetərli olub - olmayacağı sual altındadır. Təəssüf ki, son nəticədə seçkinin taleyini HDP seçiciləri həll edəcək. Bu mənada hansı namizədin qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq hələlik mümkün deyil. Vaqif Hacıbəyli, hüquqşünas 

Pakistanda polis avtomobilinə hücum olub, 9 nəfər ölüb, 15-i yaralanıb

Pakistanın Bəlucistan əyalətində polis avtomobilinə bombalı hücum nəticəsində 9 polis əməkdaşı ölüb, 15-i yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Terror hücumunun məsuliyyətin hələ ki heç bir təşkilat üzərinə götürməyib.

İmamoğlu və Yavaş Akşenerlə görüşəcək

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş Türkiyənin milliyətçi İYİ Partiyasının sədri Meral Akşenerlə görüşəcək. Bu barədə "HaberTürk" kanalı məlumat yayıb. Yavaş və İmamoğlu onları namizəd olmağa çağıran Akşenerə namizəd ola bilməyəcəklərini izah edəcəklər. Onlar, həmçinin müxalifətin formalaşdırdığı "Altılı masa"nın dağılmamasına səy göstərəcəklər. Görüşün İYİ Partiyasının qərargahında deyil, başqa məkanda keçiriləcəyi gözlənilir. Qeyd edək ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Rusiya bu ərazidə könüllü dəstələr yaradır

Simferopolda ruslar ukraynayönlü hərəkatın aktivləşməsindən qorxduqları üçün könüllü dəstələr yaradırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, sözügedən könüllü dəstələrin tapşırıqlarından biri, xüsusən də gözətçi və təxribatçıları müəyyən etmək olacaq: “Məlumdur ki, müharibəyə görə Ukraynada hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən çatışmazlığı var. Ona görə də şəhərə nəzarət etməkdən əlavə, müşahidəçilərin və təxribatçıların müəyyən edilməsi olmalıdır”.

Mirzoyan Hindistanda Lavrovla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqramda yazıb. O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdiriblər. Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.