Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 183 750 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 665 tank, 7 110 zirehli maşın, 2 819 artilleriya sistemi, 538 reaktiv yaylım atəşi sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 2 376 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 692 avtomobil texnikası və avtosistern, 330 xüsusi texnikadan ibarətdir.

Krım planı: sürərli və heyrətamiz… - Budanov

Ukraynanın Krımı azad etmək planı tədricən həyata keçirilir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. “Yazının sonuna qədər hələ xeyli vaxt var. Hər şey qrafik üzrə gedir. Görək yaxın gələcəkdə hadisələr necə inkişaf edəcək. Ukraynanın əks-hücum əməliyyatı dəqiq plan və qrafikə uyğun gedir”, - Budanov bildirib. Budanov qeyd edib ki, baş verəcəklərin bütün təfərrüatını açıqlaya bilməz: “İndi bunu etsəm, planı ruslara açıqlamış olaram. Bu heyrətamiz və sürətli olacaq”.

Kremldə hamı şokdadır - Qalyamov

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderindən sonra Putin və ətrafı depressiyaya düşüb. Sozcu.az “Radio NV”yə istinadla xəbər verir ki, bunu politoloq, publisist Abbas Qalyamov deyib. O bildirib: “Hamı şoka düşüb. Həbs qərarı Putinin ətrafında çox güclü və çox mənfi təəssürat yaratdı. Ağlı olanlar hələ müharibənin əvvəlində başa düşürdülər ki, bundan uzaq durmaq, birtəhər qarşısını almaq lazımdır”. Qalyamovun fikrincə, Rusiya rəhbərinin əhatəsində olan hər kəs başa düşüb ki, Putinin əmrinə əməl etsələr, onun cinayətlərinə şərik olacaq və liderlə birlikdə məhkəmə qarşısına çıxacaqlar. Buna görə də Kremldə dəhşətli depressiya başlayıb: “İndi onlar çaşqındır və nə edəcəklərini bilmirlər. Onların sağ qalma strategiyası yoxdur”.

Blinken və çinli həmkarı tezliklə görüşməlidir - Berbok

ABŞ Dövlət katibi Entoni Blinken və Çin xarici işlər naziri Tsin Qan tezliklə Tayvandakı situasiya ilə əlaqədar görüşməlidirlər. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annelena Berbok deyib. “Fikrimcə, tezliklə bu görüşün baş tutması vacibdir”, - deyə XİN rəhbəri bildirib.

Rusiya Ukraynada NƏ QƏDƏR texnika itirdi? - dəhşətli statistika

Rusiya ordusunun Ukraynadakı itkiləri 10 min texnikanı ötüb. Rusiyanın Ukraynada işğalçı hərəkata başladığı gündən bu yana tankların 2/3-i və piyada döyüş maşınlarının demək olar ki, yarısı məhv edilib, zədələnib və ya ələ keçirilib. Sozcu.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Oryx mərkəzi məlumat yayıb. Gələn informasiyalara əsasən, 414 günlük müharibədə Rusiya ordusu 10014 ədəd müxtəlif hərbi texnika itirib. Buraya Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilmiş, zədələnmiş, tərk edilmiş və əsir götürülmüş (və foto və ya videoda çəkilmiş) texnika da daxildir. Rus ordusu ən çox itkiləri tanklarda (1908 ədəd) və piyada döyüş maşınlarında (2288 ədəd) verib. Bu, 2022-ci ilin fevralında işğal başlamazdan əvvəl Rusiyanın Quru qoşunlarında xidmətdə olan tankların sayının 65%-ni və piyada döyüş maşınlarının sayının 44%-ni təşkil edir (anbarda olan maşınlar istisna olmaqla). 2023-cü ilin martında Ukraynanın Forbes jurnalı Rusiyanın itirdiyi avadanlıqların ümumi dəyərini 25 milyard dollar qiymətləndirib. Bu, 2 trilyon rubldan çox və ya Rusiya Federasiyasının 2023-cü il federal büdcəsinin bütün xərclərinin təxminən 7% -ni təşkil edir. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin 2023-cü ildə 1500 tank istehsal edəcəyinə söz verib. Hərbi ekspert Roman Svitan bu rəqəmi tamamilə qeyri-real adlandırıb: “Hələ sanksiyalardan əvvəl Rusiya müdafiə sənayesi ildə 200-ə yaxın (ayda 16-17) tank istehsal edirdi. İndi müəssisələrin 3 növbəli iş rejiminə keçidini nəzərə alaraq, onlar ayda cəmi 20 yeni tank istehsal edə, 30-a yaxın texnikanı anbardan gətirib yeniləyə bilərlər. Yeni fabriklər tikmədən bu rəqəmi artırmaq mümkün deyil, çünki buna illər lazımdır”,-deyə o, bildirib. Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri Qərbin raket əleyhinə sistemləri (Javelin, TOW) sayəsində zirehli texnikanı Rusiyanın istehsal edə bildiyindən daha tez məhv edir.

Putin dünyanın başqa tərəfə baxacağını düşünürdü - Bayden

"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna məsələsində dünyanın qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi və bütün cəbhələrdə yanıldı”. Sozcu.az “The Guardian”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib. Onun sözlərinə görə, Putin Ukraynada genişmiqyaslı hücuma başlayanda dünyanın başqa tərəfə baxacağını düşünürdü. Bundan savayı, preizdent Bayden Ukraynaya tibbi avadanlıq da daxil olmaqla 170 milyon avro yardım etdiyinə görə irlandiya hakimiyyətinə təşəkkür edib. Qeyd edək ki, İrlandiya Rusiya əleyhinə sanksiyalara qoşulub və Ukraynadan olan 80 min qaçqın həmin ölkəyə sığınıb.

İrəvan Azərbaycan və Ermənistan ekspertlərinin Ankarada görüşmək təklifini qəbul etməyib

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yarandığı ilk gündən etibarən Ermənistanla Azərbaycan arasında sülhün təşviq olunması üçün qətiyyətli nümayiş etdirib. Hələ 44 günlük müharibədən əvvəl BMTM müxtəlif kanallar vasitəsilə erməni həmkarlarına sülh mesajını çatdırmağa çalışıb, onları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləməyə dəvət edib". Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib. Qeyd olunub ki,Azərbaycan hökumətinin illərlə apardığı təşəbbüslərə bənzər və paralel şəkildə BMTM göstərdiyi səylər Ermənistan tərəfinin "Track 1.5" diplomatiyasında iştirakdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələnib. Diplomatik səylərin uğursuz olmasından sonra Azərbaycan hökuməti işğal olunmuş əraziləri hərbi yollarla azad etməli olub və 44 günlük müharibədə mühüm qələbə qazanıb. BMTM sülh gündəliyinə sadiqdir və münaqişənin həlli nəticəsində yaranmış imkanları yüksək qiymətləndirir. Mərkəz Ermənistan və Azərbaycan arasında sülh səylərinə töhfə vermək məqsədi ilə Ermənistanın "Orbeli" Mərkəzi kimi həmkar təşkilatlarla təmaslar qurmaq və "Track 1.5" diplomatiyasının mümkün alətlərindən və potensialından istifadə etmək cəhdlərini davam etdirib. Bu məqsədlə, BMTM ortaq beynəlxalq tərəfdaşlardan gələn vasitəçilik təkliflərini yüksək qiymətləndirir və bundan yararlanmağa çalışır. "Lakin təəssüf ki, erməni həmkarlar dəfələrlə beynəlxalq tərəfdaşların təklif etdiyi görüş imkanlarından imtina ediblər. Məsələn, 2022-ci ilin avqust və noyabr aylarında Cenevrədə və həmin il noyabrın ortalarında Moskvada erməni tərəfi görüş üçün əvvəlcədən razılaşdırılmış tarixə bir neçə gün qalmış iştirakdan imtina edib. Erməni tərəfi bu ilin aprelində Ankarada görüşmək üçün edilən son cəhdi də tədbirdən bir neçə gün əvvəl rədd edib. Bu cür məsuliyyətsiz münasibətlə Ermənistan hökuməti və beyin mərkəzləri ortaq beynəlxalq tərəfdaşlarımızın bütün səylərini və resurslarını heçə sayıb və iki ölkə arasında dialoqa ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan hökuməti davamlı sülhün əldə olunması prosesini ləngitmək və paralel istiqamətlərdəki səyləri pozmaq məqsədilə ermənilərin qurbana çevrilməsi iddiaları, təhlükəsizlik təhdidləri və ya "blokada" kimi müxtəlif mövzulardan istifadə edir. BMTM erməni həmkarlarının bu yanaşmasını sülh səyləri üçün çox zərərli hesab edir və təəssüflə bildirir ki, Ermənistan tərəfi ardıcıl və substantiv təmaslardan yayınır, bu tərəflər arasında gərginliyi artırır və ümumilikdə iki cəmiyyət arasında sülh və barışığa mane olur", - mərkəzdən bildirilib.

Bu ölkə Rusiyanın müharibə maşınına güc verir - ABŞ

ABŞ Macarıstan hakimiyyətinin Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyindən narahatdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib. "Biz narahatıq ki, Macarıstan liderləri onların qəddar təcavüzünə baxmayaraq, Rusiya ilə daha da sıx əlaqələrə can atırlar. Rusiya ilə sıx iqtisadi əməkdaşlıq onların müharibə maşınına güc verir və transatlantik alyansın təhlükəsizliyini təhdid edir", - diplomat vurğulayıb.

Adaların sahibi dəyişməyəcək - Təhlil

Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra ona məxsus Kuril – İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi. Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq daha sonra SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu. SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi.  Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi. Bundan başqa Rusiyada keçirilən referendumda Konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarmaq qanuni yolla qadağan edildi. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır. Bu arada, Çin də Kuril adalarıyla bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişdi. Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında sərhəddə gərginlik 1964-cü ildə baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı lideri Mao Tsedun faktiki Yaponiyanın adalarla bağlı siyasətinin haqlı olduğunu dəstəkləyirdi. Pekin uzun illər Kuril adalarıyla bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra Pekin bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Tsi Cinpin Moskvada Vladimir Putinlı görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın mövqeyini dəstəkləməyəcəyini bildirib.  “Atlas” Araşdırmalar Mərkəzi

Türkiyə Suriya, Əfqanıstan və Venezuela ilə bir sırada yer alıb

Xəqani Cəfərli  Faşist Almaniyasının Hərbi Hava Qüvvələri naziri Herman Görinq deyirdi ki, kərə yağı adamları kökəldir, dəmir filizi isə Reyxi güclü edir. Məşhur rəssam Con Hartfild rəsmilərinin birində Görinqə cavab verir. Dünyaca məşhur olan həmin rəsmdə alman ailəsinin masa arxasında dəmir əşyalar yediyi təsvir edilir. Zibil qutusunda gizlənərək SS-in təqibindən xilas olaraq Almaniyanı tərk edən rəssamın adı Gestaponun ən çox axtarılanlar siyahısında beşinci idi.  Türkiyədəki sosial-iqtisadi vəziyyətin ağırlığı altında insanlar ölkələrini kütləvi şəkildə tərk edir ki, bundan böyük faciə ola bilməz. Vətəndaşları ölkələrini tərk edib Avropaya sığınmaq istəyən ölkələrin siyahısında Türkiyə Suriya, Əfqanistan və Venesueladan sonra dördüncü yerdədir. Köç sürəti azalmasa Türkiyə bu il Venesuelanı keçərək üçüncü yerə yüksələcək.  Bütün bunlar isə Rəcəb Tayyip Ərdoğanın 21 illik hakimiyyətinin acı nəticələrindən biridir. Digər bir acı nəticəsi ucuz ət və ucuz çörək mağazaları qarşısındakı uzun növbələrdir. Bütün bu acı, ürək dağlayan hallarla bağlı qeydlərimizə biriləri PUA şəkiləri cavab verir və məni anti-türkçülükdə ittiham etməyə çalışır. Məlumatsız, bilgisiz insanlarla mübahisə etmək çox faydasız əməldir.   Ərdoğanı PUA şəkilləri üzərindən müdafiə edənlərin xəbəri belə yoxdur ki, son 21 ildə aparılan siyasət dəyişməsə 2053-cü ildə Türkiyədə türklər azlıq təşkil edəcəklər. Ənsar mədəniyyətindən gəldiklərini iddia edənlər ümmətçilik şüarı ilə Türkiyəni bədəvi ərəb və əfqanlarla doldurub.  On əsr ərzində bu çoğrafiya türklərin qanı ilə vətən edilib. Ərdoğan isə ənsar mədəniyyəti və ümmətçilik nağlı ilə Türkiyəni bədəvi ərəblərə təslim edir. Zaman çox sürətlə ötür və 2053-cü il çox da uzaqda deyil.

“Sərhəddəki təxribatların arxasında Rusiya və İran dayanır” - Azərbaycanlı nazir müşavirindən SENSASİON AÇIQLAMA

Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribatlara münasibət bildirib. Diplomat A.Xudiyev Demokrat.az-a açıqlamasında deyib ki, baş verən təxribatların arxasında Rusiya və İran dayanır: "Bu gün Qarabağda baş verən toqquşmanın nəticəsinə baxanda dəqiq demək olar ki, bu, Rusiyanın avantürist siyasətinin nəticəsində baş vermiş təxribatdır. Çünki Rusiya öz məkirli və klassik siyasətindən əl çəkmək istəmir. Hər zaman öz əhatə dairəsini genişləndirmək istədiyi regionlarda mütləq şərtlə qeyri-müəyyənlik yaradır. Bu qeyri-müəyyənlik isə sonda xaosa gətirib çıxardır. Rusiya və İran bu xaosdan, qeyri-müəyyənlikldən istifadə edərək, öz məkrli işlərini görürlər. Ona görə də bu gün Kəlbəcər və Laçın istiqamətində baş verən toqquşmalar birbaşa bu məsələlərin təzahürüdür. Amma bu dəfə Rusiya və İranın Cənubi Qafqaz regionunda avantürası baş tutmadı. Rusiya İranın vasitəsilə Azərbaycana təzyiq etmək istəyirdi. Amma artıq anlayırlar ki, Azərbaycana bu cür təzyiq etməklə nəsə əldə etmək mümkün deyil, Azərbaycan milli maraqları naminə bu dövlətlərə güzəştə getmir. Son vaxtlar bu reallığı Rusiyanın ayrı-ayrı ekspertlərinin, deputatlarının və siyasətçilərinin də dilindən eşidirik. Həmin şəxslər siyasi tok-şoularda çıxışlarında aşı şəkildə deyirlər ki, artıq Azərbaycanı yola gətirmək hər gün daha da çətinləşir, çünki Azərbaycan proseslərə öz maraqlarından yanaşır. Əlbəttə ki, hər bir ölkənin öz suverenliyi və müstəqil siyasəti olduğu kimi, Azərbaycan dövləti də müstəqil siyasət aparır. Şübhəsiz ki, Azərbaycanın müstəqil siyasət aparması nə İranın, nə də Rusiyanın maraqlarına uyğun deyil. Ötən dövrlər də göstərdi ki, nə qədər biz Rusiyanın maraqlarına xidmət edəcəyik, o zaman bizim tələblərimizə ciddi baxan olmayacaq. Təbii ki, bu cür təhdidlərə də hazır olmalıyıq. Çünki əgər müstəqil siyasət aparmaq istəyiriksə, o zaman xaricdən gələn bütün təzyiq və təhdidlər nəzərə alınmalıdır. Amma eyni zamanda indi Rusiyadan çox ehtiyatlı olmaq lazımdır. Misal var ki, yaralı ayı daha çox vəhşi olur. Ona görə də Rusiya ilə prinsipial siyasətimizi həm ehtiyatlı, həm də qətiyyətli formada davam etdirməliyik". Nazir müşaviri vurğulayıb ki, bu gün sərhəddə baş verən toqquşmaların digər səbəbləri də var: "Burada başqa amillər də var. Həmin amillər odur ki, son zamanlar Azərbaycan həm İsrail, həm ABŞ, həm də Avropa ilə yaxınlaşma taktikasını seçib. Bilirsiniz ki, hazırda Azərbaycanın müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov ABŞ-da səfərdədir. O, Vaşinqtonda Amerikalı həmkarları ilə Azərbaycanın havadan müdafiəsinin daha da gücləndirilməsi üçün müzakirələr aparır. Şübhəsiz ki, bütün bunlar Rusiyanı qıcıqlandırmaya bilməzdi. Rusiya hər zaman istəyir ki, onunla yaxın regionda yerləşən və qonşu olan dövlətlərin bütün hərbi və təhlükəsizlik sistemini öz nəzarətində saxlasın. Artıq o dövr geridə qalıb. Bu gün Rusiya o güc təsirini itirib. Rusiya görür ki, nə Gürcüstanda, nə Ermənistanda, nə də Azərbaycanda öz təsir gücünü əvvəlki kimi yürüdə bilmir. Ona görə də Rusiya Qarabağda bugünki kimi təxribatlara əl atır. Tam əminliklə deyə bilərəm ki, bu gün Laçın istiqamətində törədilən təxribatın da arxasında Rusiya dayanır. Gec-tez bunun da üstü açılacaq.  Rusiya bir müddət öncə Ermənistanı silahlandırırdı. Hətta, buna görə Azərbaycanın dövlət başçısı və Müdafiə Nazirliyimiz dəfələrlə Rusiyaya və Qarabağda müvəqqəti yerləşdirilmiş "sülhməramlı" qüvvələrin komandanlığına xəbərdarlıq etmişdi.  Eyni zamanda Qarabağdakı erməni separatçılarına və Ermənistan dövlətinə dəfələrlə xəbərdarlıq olunub ki, silahlanmadan vaz keçin, əks halda Azərbaycan dövləti müvafiq tədbirlər görməyə məcbur olacaq. Qarabağdakı erməni separatçılarına ən böyük silah dəstəyini isə Rusiya "sülhməramlıları" da verirdilər. Hələ o zamandan gözlənilirdi ki, sərhəddə təxribatlar baş verəcək. Hətta, həmin vaxtı Azərbaycanın bir sıra hərbi, siyasi və təhlükəsizlik üzrə ekspertləri təhlillər apararaq, bununla bağlı öncədən xəbərdarlıq edirdilər".  Rusiya-Ukrayna müharibəsinə də toxunan Azər Xudiyev qeyd edib ki, hazırda Rusiya Ukraynada hər gün böyük itkilər verir: "Bildiyiniz kimi, hazırda Rusiya Ukraynada hər gün daha da zəifləyir, gücdən düşür. İndi Rusiya həm daxilində, həm də beynəlxalq aləmdə öz nüfuzunu itirir. Bu gün Rusiyada artıq Putin hakimiyyətinə qarşı böyük demoralizasiya formalaşıb. Əlbəttə ki, bütün bunları həll etmək üçün Rusiyanın köhnə klassik avantüra metodunu hərbi avantüraya çəkməkdir. Zənnimcə, bütün bunlar Ukraynanın Rusiyaya qeyri-şərtsiz boyun əymədiyinə və daim başını dik tutduğuna görə baş verir. Azərbaycan dövləti də hər an belə hallara hazır olmalıdır. Azərbaycan öz prinsipial siyasətini yeritməlidir və tədricən Rusiya artıq başa düşməlidir ki, Azərbaycanla diqtə ritorikası ilə danışmaq olmaz".

412-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 412-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 179 320 hərbçi, 3644 ədəd tank, 7038 ədəd zirehli döyüş maşını, 2765 ədəd artilleriya sistemi, 535 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5620 ədəd avtomobil texnikası, 2332 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 316 xüsusi avadanlıq itirib.