Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Mətin Gürak keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun bacanağıdır.
Ötən il müdafiə naziri Hulusi Akarın təşəbbüsü ilə qəbul olunan qanun dəyişikliyi ilə Baş Qərargah rəislərinin təqaüd yaşı 67-dən 72-yə qaldırılıb. Bu dəyişikliklə o vaxtkı Baş Qərargah rəisi Yaşar Gülərin, yaxud Gülər təqaüdə göndəriləcəyi təqdirdə, qaydalara görə onun yerinə təyin olunacaq Quru Qüvvələri komandanı Musa Aysevərin səlahiyyət müddətini 2027-ci ilə qədər uzatmaq mümkün olacaqdı. Bu halda Mətin Gürak 2025-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndəriləcəkdi. Hulusi Akarın bu qanun dəyişikliyi ilə məhz Gürakın Baş Qərargah rəisliyini əngəlləmək niyyəti güddüyü kulislərdə danışılırdı.
Lakin prezident Ərdoğan gözlənilmədən Hulusi Akarla yollarını ayırdı və onun yerinə Yaşar Gülər təyin olundu. Güləri Baş Qərargahda müvəqqəti əvəz edən Quru Qüvvələri komandanı Aysevər isə yaş həddi ilə əlaqədar Yüksək Əsgəri Şura tərəfindən təqaüdə göndərildi və Baş Qərargah rəisi vəzifəsinə 2-ci ordunun komandanı Mətin Gürak gətirildi. M.Gürak Mardində doğulub və ərəb əsillidir.
Bir sözlə, hərbi sistemdəki intriqalarda uduzan Hulusi Akar oldu. O, indi heç bir gücü olmayan adi bir millət vəkilidir.
Bunu Süleyman Soyluya da aid etmək olar. O da özünü çox güclü hiss etdiyi bir dönəmdə birdən-birə yüksəklikdən yerə düşdü. (Ərdoğan tipli liderlər bu cür “şişmiş” adamları sevmir.) Yeni daxili işlər naziri Əli Yerlikaya hazırda Soylunun adamlarını sistemdən təmizləməyə başlayıb. Vəzifədən azad olunanlar arasında Soylunun sağ və sol əli kimi tanınan paytaxtın polis rəisi (əmniyyət müdiri) Sərvət Yılmaz və Sedat Pekerin ifşaedici çıxışlarında adı tez-tez hallanan Əmniyyət genel müdir yardımçısı Rəsul Holoğlu da var. Yılmaz və Holoğlu MHP-yə yaxın idi.
2021-ci ildə Ankara əmniyyət müdiri S.Yılmaz nazir Soylu ilə arası soyuq olan İstanbul valisi, indiki nazir Əli Yerlikaya haqqında FETÖ dosyesi hazırlayaraq onu “vurmağa” çalışmış, lakin bu plan baş tutmamışdı.
Şahin Cəfərli, politoloq