London artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb... Britaniya, rəsmi Londonun fikrincə, İsrail və "HƏMAS" yaraqlıları arasında müharibəyə son qoyacaq beş bəndlik plan təklif edib. Sozcu.az xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron regiona səfəri zamanı İsrail və Fələstin liderləri ilə bu təşəbbüsü müzakirə edib. Bundan əlavə, Kemeron səfəri zamanı tərəfləri “döyüş əməliyyatlarını dərhal dayandırmağa” çağırıb. Britaniya rəsmisi əmin olduğunu bildirib ki, döyüşlərin dayandırılması sonda Qəzzada girovların azad edilməsinə, daha sonra isə daimi atəşkəs üçün danışıqlara gətirib çıxaracaq. "Bizim etməyə çalışdığımız şey o fikri gücləndirməkdir ki, siz bu fasiləni əldə etdikdən sonra onu davamlı atəşkəsə çevirmək üçün çox çalışmalı və həqiqətən də atəşkəsi daimi və davamlı edə biləcək real və əldə edilə bilən şeylərə diqqət yetirməlisiniz", - Kemeron belə deyib. Britaniya artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb. Bununla belə, nəşrin yazdığına görə, baş nazir Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması və ya Fələstin Muxtariyyəti ilə əməkdaşlıq istiqamətində hər hansı addımı istisna edib, həmçinin girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi kimi hər hansı daimi atəşkəsi də rədd edib.
Estoniya, Latviya və Litva Rusiya ilə sərhəddə müdafiə xətti yaratmaq barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. "Baltikyanı ölkələr şərq sərhədi boyunca Baltikyanı müdafiə xəttinin yaradılması ilə bağlı razılığa gəliblər. Müdafiə hazırlığını artırmaq üçün vaxtdan düzgün istifadə etmək mütləqdir", - nazirliyin məlumatında deyilir.
15 yanvar 2024-cü il tarixində Bakıda mebel sexində, elə həmin gün Sumqayıtda yataqxanada ölümlə müşayiət edilən partlayışlar baş verdi. Partlayışlar zamanı onlarla insan xəsarət aldı. Sirr deyil ki, istər Sumqayıt, istərsə də paytaxtda belə “ölüm məhəllələri” çoxdur. İlkin məlumata görə, yataqxanadakı partlayışa məhz kanalizasiyadakı qaz sızması səbəb olub. Abay Kunanbayev küçəsində yerləşən və partlayışın baş verdiyi sexin isə qaz borusunun üzərində tikildiyi iddia edilir. Bəs bu tikintilərə kimlər icazə verir? “Azəriqaz” İstehsalat Birliyindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, hadisə baş verən yataqxanaya qaz verilməyib: “Sadəcə, yataqxanaya yaxın bir zavod var, ora qazlaşdırılıb. İlkin ehtimala görə, həmin yeraltı boru xəttindən sızma olub. Orada istintaq işi aparılır, hər şey aydın şəkildə ortaya çıxacaq. Hüquq mühafizə orqanlarının əməkdaşları ilə bərabər bizim də əməkdaşlarımız hadisə baş verən ərazidədirlər. Nəticə haqda ictimaiyyətə açıqlama veriləcək”. E.Vəliyev mebel sexinin qaz borusu üzərində tikilməsinə aydınlıq gətirib: “Mebel sexinin dəqiq qaz xəttinin üzərində tikilməsi də araşdırılacaq. Əslində, hər hansı bina, obyekt tikilən zaman “Azəriqaz”dan da icazə alınmalıdır. Lakin bir çoxları buna əməl etmirlər. Bəzən çoxmərtəbəli bina tikildikdən sonra yada düşür ki, infrastruktur nəzərə alınmayıb. Yəni bina tikildikdən sonra kommunal xətlərinin haradan çəkiləcəyini düşünürlər. Normalda qaydalara riayət edilməlidir. Tikinti aparılması üçün icazənin olub-olmaması yoxlanılmalı, icazə verilərsə, tikilməli, verilməzsə, tikinti dayandırılmalıdır. Abay Kunanbayev küçəsində baş verən partlayışın səbəbi də araşdırılır”.
ABŞ SEPAH və husilərlə əlaqəli olan Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki gəmiçilik şirkətinə və onlara məxsus dörd gəmiyə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şirkətlər SEPAH-ın Qüds Qüvvələri adından İran məhsulları daşıyıb və gəlirlər husiləri maliyyələşdirmək üçün istifadə olunub. “Xammal satışından əldə olunan gəlirlər husiləri və onların Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumlarına sərf olunub",- Maliyyə Nazirliyinin məlumatında bildirilib. ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın İranın husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran qeyri-qanuni maliyyə şəbəkələrinə qarşı fəaliyyətini davam etdirəcəyini deyib.
İsrailin hökumət üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq cəhdləri nəticə verməyəcək. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavabında bildirib. Qeyd edək ki, Katz Ərdoğanı “keçmişində "erməni soyqırımı" olan bir ölkənin prezidenti” adlandırıb.
Türkiyədə dini senzura Türkiyəyə hakim olmağa başlayan radikal dini təriqqət və cemmatları hədəf alan “Kızıl Goncalar” serialının yayımlanması öncə RTÜK (Radio və Televiziya Ali Şurası) tərəfindən dayandırıldı. Ardınca da məhkəmə RTÜK-ün qərarını təsdiqlədi və filmin yaradıcılarını“cəmiyyətin milli-mənəvi dəyərlərini” pozduğuna görə 9 milyon lirə cərimələdi. “Kızıl Goncalar” serialının yayımının dayandırılmasının arxasında əsasən “Menzil cemmaat” dayandığı güman edilir. Türkiyədə məhkəmə və prokurorluq orqanlarında əsas söz “Menzil cemmatı”dır. Türkiyədə nüfuzlu qələm sahibləri “Menzil cemmatı”nı talibandan daha radikal dini qrup hesab edir. Adını yarandığı kəndin, Adıyamanın Menzil kəndindən alan “Menzil cemmatı” hazırda Türkiyədə ən çoxsaylı tərəfdarı olan dini birlikdir. Üç milyon müridi olduğu iddia edilən “Menzil cemmatı”nın dövlət idarəçiliyinə ən çox təsiri olan dini birlikdir. İddialara görə, hazırkı nazirlərin ən azı üçü “Menzil cemmatı”n təmsil edir. Türkiyədə qeyri-rəsmi olaraq dini senzuranın mövcudluğu illər öncə məlum idi. İndi isə bu dini senzura öz hakimiyyətini rəsmiləşdirir və Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir. Türkiyənin sürətlə Avropa dəyərlərindən uzaqlaşaraq Yaxın Şərq dövlətinə çevrilir. Türkiyədə baş verən qorxunc proses Azərbaycan üçün də ciddi risklər yaradır. FETO çirkabından tam təmizlənməmiş Azərbaycan daha böyük təhlükə ilə üz-üzədir. Xəqani Cəfərli, politoloq
"Sabiq prezidentə toxunulmazlıq, dövlət mühafizəsi, ömürlük aylıq müavinət, dövlətin daşınmaz əmlakından istifadə hüququ veriləcək..." Aleksandr Lukaşenko ölkə Konstitusiyasını özünə uyğunlaşdırıb Belarus hakimi Aleksandr Lukaşenko ölkə Konstitusiyasına dəyişiklikləri təsdiq edib. Sozcu.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb. Bu dəyişikliklər istefaya gedəcəyi təqdirdə onun toxunulmazlığı, ömürlük mühafizəsi və dövlət daşınmaz əmlakı hüququna zəmanət verir. Düzəlişlərə əsasən, istirahətə yollanacaq Belarus prezidenti "prezident səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar olaraq törətdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilə, habelə bununla bağlı saxlanıla, başqa yolla şəxsi azadlıqdan məhrum edilə, istintaq və digər prosessual hərəkətlərə məruz qala bilməz". Toxunulmazlıq sabiq dövlət başçısının ailə üzvlərinə də şamil edilir. Həmçinin dəyişdirilən qanunda yazılıb ki, prezident vəzifəsini tərk edən şəxs Ümumbelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olur. Bundan başqa, sabiq prezidentə dövlət mühafizəsi, ömürlük aylıq müavinət və dövlətin daşınmaz əmlakından istifadə etmək hüququ verilir. "Bir çoxları deyir ki, Lukaşenko Konstitusiyanı özünə görə uyğunlaşdırıb. Məni bağışlayın, bunu mən etməmişəm. Mənim dövrüm sona çatır, heç bir konstitusiyanı özümə uyğunlaşdırmaq fikrində deyiləm", - bunu Lukaşenko ötən yazda vəd edib və əmin edib ki, onun övladları prezident olmayacaq. Onun fikrincə, Qərb ölkələrində bir çoxları onun istefaya getməsini istəyir, deməli, bunun əksini etmək lazımdır. "Amma bu, o demək deyil ki, mən bu vəzifədən yapışıb qalacağam. Yox, bu, belə olmayacaq. Mən gələcək barəsində düşünürəm", - o, izah edib. Qeyd edək ki, Belarus Konstitusiyasına dəyişikliklər haqqında referendum 2022-ci il martın 4-də keçirilib, Lukaşenko onun nəticələrini təsdiq edib. 2020-ci ilin noyabrında Lukaşenko yeni Konstitusiyanın qəbulundan sonra prezident olmayacağını vəd edib: "Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın". Xatırladaq ki, bir sıra oxşar qanunlar Qazaxıstanın ilk prezidenti Elbası (millətin lideri) Nursultan Nazarbayev 2019-cu ildə dövlət başçısı postundan getməzdən öncə imzalayıb. Lakin 2023-cü ildə Nazarbayev bütün təsdiq edilən imtiyazlardan, o cümlədən Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən və fəxri senator adından məhrum edilib.
Pakistanın Ali Məhkəməsi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin zaminə buraxılmasını təsdiqləyib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Pakistan Ədalət Uğrunda Hərəkat partiyasının liderlərinə hər biri 1 milyon Pakistan rupisi girov qoymaq barədə hökm çıxarıb. Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi Xan və Qureyşi Rəsmi Sirrlər Qanununu pozmaqda ittiham edib. Lakin pakistanlı siyasətçilər ittihamları qəbul etməyiblər. Noyabr ayında Pakistanın Ədalət Uğrunda Hərəkat Partiyası Ali Məhkəməyə müraciət edərək Xan və Qureşinin zaminə buraxılmasını istəyib. Avqustun 5-də Pakistanın keçmiş baş naziri Xan korrupsiya işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 29-da Pakistan məhkəməsi Xanın üç illik həbs cəzasını təxirə salıb və onun girov müqabilində azadlığa buraxılmasına qərar verib. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.
Yenidən Polşa Baş naziri seçilmiş Donald Tusk inaqurasiya nitqində Qərbi Ukrayna dəstəyi artırmağa təhrik edəcəyini deyib. Sozcu.az xəbər verir ki, Tusk bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu deyən siyasətçilərə qulaq asmayacağını vurğulayıb. “Biz Qərbin Ukraynaya yardım üçün tam səfərbərliyini tələb edəcəyik. Mən bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu bildirən siyasətçilərə qulaq asmayacağam. Ukraynaya hücum bizim hamımıza hücumdur. Biz Ukrayna ilə bağlı vahid mövqedən çıxış etməliyik. Bu bizi birləşdirməlidir… Biz müharibənin nə üçün olduğunu xatırlamalıyıq. Ukraynalılar son dərəcə vacib bir məsələ uğrunda mübarizə aparırlar, onların mübarizəsi Maydanda başladı, onlar Qərb ictimaiyyətinə qoşulmaq uğrunda döyüşürlər”, - Baş nazir deyib. Tusk Polşanın Ukraynaya dəstəyinin vacib olduğunu, bununla belə fermerlərin qorunması kim öz milli maraqları ilə bağlı məsələlərdə mühafizəkar mövqe sərgiləməli olduğunu əlavə edib.apa
Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir. Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.
İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası artıq mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər. Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni isə bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır. Yeni dünya düzənin qaçınılmaz bir proses olacağı aydın olsa da, yeni nizamın necə olacağı bağlı bir-birinin tam əksinə olan iddialar var. ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz. İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsirinin azalması qaçınılmazdır. Əslində isə, general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanın bütün çoğraiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil. Rusiyanın mövqelərinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərinin də zəifləməsinə səbəb olmağa başlayıb. Moskvanın itirdiyi mövqeni Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin dövlət başçısı Si Cinpin ABŞ-a qarşı avtoritarların alyansını, yuxaarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verdi. “Şər oxu” yaratmayacağı ilə vəd ilə yanaşı Si Cinpin Çinin ABŞ-ın dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır. Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın isə İranın yeganə sığınacaqq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümaunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığı üçün dağıldı. Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə münasibətdə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır. “Post-Rusiya Azad Xalqlarının Forumu”nun ligitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisə edilməz dərəcədə dəstək qazandığını göstərir. Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükaftı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siaysətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək. Buna görə də müasir dövrdə “şər oxu”nun liderliyi ilə dünya düzəni yarana bilməz. Yaransa belə, belə dünya nizamı həyati qabliyyətli ola bilməz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Cozef Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır. “Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir. Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzənini İranda xalqların öz müqəddəratını təyin etmə hüquqnun tanınacağı bir dünya olacaq. Çünki, İran milli dövət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur. İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiteror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollara sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki, bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, Hizbullahın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar da qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin ligitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdən qaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə daxil qoyacaq. Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzənin formalaşması prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanunın diqtəsi olaraq tarixi zərurətə çevrilib. Xəqani Cəfərli, politoloq
Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları dalana dirənib. Belə ki, öncə Azərbaycan Brüssel, daha sonra isə Vaşinqton müstəvisindən aparılan danışıqları dayandırdı. Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) imtina etdi. Niyə? Çünki Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Fransa və Almaniya isə buna imkan vermədi. Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar nəzərə alındı. Eyni zamanda Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlamasını da nəzərə alan rəsmi Bakı bu formatda danışıqlarda iştiraka lüzum görmədi. Baxın, Qranadadakı görüşdə Türkiyənin iştirakına Paris və Berlin razı olmadı. İndi isə Almaniyaya yaxınlığı ilə tanınan və 2015-ci ildən ortada olan “politico.eu” saytında bugünlərdə gedən bir məqalənin başlığına diqqət edək: “Azerbaijan can become a constructive player in the Caucasus”, yəni Azərbaycan Qafqazda konstruktiv oyunçuya çevrilə bilər. Məqalənin ikinci başlığı bizim üçün xüsusi ilə maraqlıdır. Nə yazırlar? Yazırlar ki, ABŞ, Aİ və Türkiyə tərəflər arasında vasitəçilik prosesinə rəhbərlik etməlidir, çünki onlar regionda təhlükəsizlik əlaqələrini və qarşılıqlı iqtisadi əlaqəni gücləndirə biləcək nizamlanmadan birbaşa faydalanacaqlar. “Politico.eu” son dərəcə nüfuzlu saytdır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama vermiş və ABŞ-ın Azərbaycana hərbi yardımı dayandıra biləcəyi ilə bağlı məlumat yaymışdı. Düzdür, bu xəbər tezliklə ən yüksək səviyyədə təkzib edildi. Ancaq az sonra bəlli oldu ki, “politico.eu” saytının yaydığı xəbər doğru imiş. Yəni bu sayt nə yazdığının fərqindədir. Birmənalı şəkildə deyir ki, Azərbaycan Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilə bilər. İkinci və ən önəmli məqam odur ki, ABŞ Aİ ilə birlikdə Türkiyə-Azərbaycan-Ermənistan danışıqlarına rəhbərlik etməlidir. Mən də əminəm ki, bu, ən optimal yoldur və konkret nəticələrin əldə olunacağı formatdır. Zatən Azərbaycanın da istədiyi budur... ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulmasına görə isə məsuliyyət dövlət katibinin köməkçisi Ceyms O’Braynın ayağına yazılmalıdır. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O’Braynın “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” bəyanatına, 907-ci düzəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi bu mövqeyi “birtərəfli, qərəzli, əsassız və qəbuledilməz” hesab etdi... Azərbaycan nə təklif edir? Rəsmi Bakı “3+2” formatında (Azərbaycan, Ermənistan, İran, Türkiyə və Rusiya), Tiflisdə və iki ölkə sərhədində ikitərəfli görüşə hazır olduğunu bəyan edir. Azərbaycan ABŞ, Aİ və Türkiyənin də birgə vasitəçiliyinə müsbət baxır. Rəsmi Bakı Moskva müstəvisinə də maraq göstərir. Ancaq Qərbin sifarişi ilə Rusiya ilə bütün körpüləri yandıran Ermənistan bunu qətiyyən istəmir. Ona görə də Moskva görüşü real deyil və mümkün variant kimi qəbul oluna bilməz. Gördüyünüz kimi, Azərbaycan həm Vaşinqtonu, həm də Brüsseli ermənilərə birtərfli şəkildə simpatiya bəsləməkdə suçlayır. Təbii ki, Ermənistan bu Qərb-Azərbaycan qarşıdurmasından yararlanmağa çalışır. Əlbəttə, Qərblə qarşıdurmaya getmək Azərbaycan üçün arzuolunan yol deyil. Ancaq biz onu da untmamalıyıq ki, Qərbdə Azərbaycanın son dərəcə önəmli bir müttəfiqi var. Şübhəsiz ki, bu, Böyük Britaniyadır. Noyabrın 22-də Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul etdi. Son dərəcə xoş atmosferdə keçən görüşdə qarşılıqlı münasibətlərdən məmnunluq duyulduğu vurğulandı. Yəqin ki, diqqət edirsiz. Son vaxtlar Ermənistan Qərbin ən güclü ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır. Öncə Fransa ilə yaxınlaşan Ermənistan daha sonra Almaniya ilə münasibətlərini yeni və daha yüksək səviyyəyə qaldırdı. İndi isə Ermənistan Böyük Britaniya ilə yaxınlaşmaq üçün ciddi addımlar atmaqdadır. Ermənistan mənbələri yazır ki, ötən həftə Londonda tərəflər arasında strateji xarakterli danışıqlar keçirilib. Cənab Leo Dokerti Bakıya gəlməmişdən öncə İrəvanda olmuşdu, qısa zaman içində münasibətlərdə xeyli irəliləmə var. Ermənistan mediası yazır ki, Böyük Britaniyanın əsas hədəfi Rusiyanın Cənubi Qafqaza təsirini sıfırlamaqdan ibarətdir. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli və sülh prosesinin başa çatdırılması da Britaniyanın Cənubi Qafqazdakı prioritetləri sırasındadır. Qeyd edim ki, Britaniyalı nazir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Londona səfəri başa çatdıqdan dərhal sonra İrəvana gəlib. Ötən həftə Ermənistan səfirliyi Londonda yeni binaya köçüb. Mirzoyan bu münasibətlə belə deyib: “Yeni bina ilə birlikdə biz həm də əlaqələrimizin dərinləşməsi üçün yeni təməl qoyuruq”. Təkcə Ermənistan yox, Britaniya da tərəflər arasında “strateji dialoq”un başladığını elan edib. Səfərindən bir qədər əvvəl Leo Dokerti deyib: “Cənubi Qafqaz həm daxili, həm də qonşu ölkələrdən gələn regionun sabitliyini təhdid edən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir. Qeyri-sabit regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”. Britaniya səfirliyindən bildirilib ki, nazirin səfəri zamanı Ermənistanda demokratik islahatlar gündəliyi, eləcə də Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların zəruriliyi müzakirə olunacaq. Nazir İrəvan, Bakı və Tiflisə “iqtisadiyyatın diversifikasiyası və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi” təklif edəcək. Diqqət etdinizmi? Britaniya “Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların zəruriliyini” vurğulayır. Əlbəttə, bu, təsadüfi deyil. London yaxşı bilir ki, Azərbaycan da birbaşa danışıqlardan yanadır. Erməni siyasi şərhçi Hakob Badalyan deyir ki, Böyük Britaniyanın Cənubi Qafqazda fəallaşması Rusiyanın bölgədəki təsirini neytrallaşdırmağa yönəlib: “Əsas diqqət Qərb platformalarında Ermənistan-Azərbaycan “sülh prosesi”nin təşviqi və başa çatdırılmasına yönəldiləcək. Bu da Rusiyanın bölgədə təsirinin zəiflədilməsi və ya praktiki olaraq ləğv olunması mərhələsinin başlanmasına imkan verəcək”. Erməni şərhçinin sözlərinə görə, Azərbaycan indi Qərb platformalarından və Qərbin vasitəçiliyindən deyil, Ermənistanla danışıqlardan imtina edir və İrəvan Azərbaycanın şərtləri ilə razılaşmayana qədər rəsmi Bakı özünü belə aparacaq. Britaniyanın Azərbaycanın bu təklifinə dəstək verməsi həm də o deməkdir ki, Vaşinqton və Brüssel də bu formata razıdır. Qərb üçün ən önəmlisi odur ki, bu danışıqlarda Rusiya olmasın. Azərbaycanla Ermənistanın Tiflisdə görüşməsi və konkret nəticə ilə görüşdən ayrılması son dərəcə realdır. Hə, fiziki baxımdan Qərb o görüşdə iştirak etməyəcək, ancaq ruhən orada olacaq və prosesi tənzimləyəcək. “Jam-news.net” saytı erməni siyasi ekspert Hakob Badalyanın bəzi fikirlərinə yer verib. O deyir: “Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə inandırmağa cəhd edilir. Britaniya, təbii ki, Azərbaycan iqtisadiyyatına yüz milyardlarla dollar sərmayə qoyub. Ona görə də Azərbaycana müəyyən təsir gücünə malikdir. Amma məsələ ondadır ki, Britaniyanın Azərbaycana təsir etməyə həvəsi varmı və real olaraq belə təsir imkanları varmı?” Badalyan hesab edir ki, “Britaniya oyununun məntiqi” başqadır, vurğu Ermənistana “müəyyən bonus vədləri” verməkdir ki, İrəvan Azərbaycanla yeni sövdələşmə ideyası ilə razılaşsın... Gördüyünüz kimi, Böyük Britaniya artıq Azərbaycan-Ermənistan danışıqlarında qeyri-rəsmi vasitəçi rolunda çıxış edir. Mən hesab edirəm ki, bu, Azərbaycanın dövlət maraqları baxımından son dərəcə önəmli məsələdir. Onu da xatırladım ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının bir parçası idi. XX əsrin ilk illərində Britaniya Azərbaycan neftinə 60 milyon rubl sərmayə qoymuşdu. Bu, o vaxt üçün son dərəcə böyük kapital idi. Hələ uzaq 1904-cü ildə Britaniya kerosinə olan tələbatının 47,1 faizini Bakıdan alırdı... 1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de-fakto diplomatik əlaqələr quruldu... Yəni Britaniya-Azərbaycan münasibətlərinin tarixi kökləri var. 1994-cü il sentyabrın 20-də Bakıdakı Gülüstan sarayında “Azəri”, “Çıraq” və “Günəşli” dərin dəniz yataqlarından hasil olunan məhsulların müştərək paylanması haqqında müqavilə bağlandı. Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz kompleksində fəaliyyət göstərən ən iri şirkətdir. Onu da qeyd edim ki, bağlanmış müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb. Yəni ən azı həmin vaxta qədər Britaniyanın Azərbaycanda həyati maraqları var... Bəs Böyük Britaniya ABŞ və Aİ-nin bacarmadığı vasitəçilik missiyasını uğurla həyata keçirə bilərmi? Böyük Britaniya dünyada xüsusi çəkisi olan ölkədir. Məsələn, dünyanın 88 ölkəsində ingilis dili ya dövlət dilidir, ya da dövlət dili səviyyəsindədir. 1920-ci ildə Böyük Britaniya yer kürəsindəki torpaq ərazisinin 24 faizinə hökm edirdi. Şübhəsiz ki, son 500 ildə dünyada dominant mövqedə olan Böyük Britaniyanın siyasi təcrübəsi yetərincə yüksəkdir və belə bir ölkə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına nail ola bilər. Mən ona da əminəm ki, Britaniya səhnə arxasında olsa da bu prosesdə iştirak edir. Belə görünür ki, Britaniya səhnə arxasından səhnəyə çıxmağa qərar verib. Tezliklə Ermənistan-Azərbaycan danışıqlarında canlanma baş verəcək. Bir önəmli məqamı da qeyd edim. Azərbaycanla Qərb arasındakı münasibətlər pisləşməyib. Çünki Azərbaycan bütün varlığı ilə Qərbə bağlıdır. Azərbaycanın ixrac etdiyi əsas 2 şey var: neft və qaz. Hər ikisinin də əsas alıcısı Avropadır. Hə, İsrail Azərbaycan neftinin 40 faizini alır. Ancaq İsrail də Qərbin bir parçasıdır... Erməni politoloq Alen Gevondyan Azərbaycan-Qərb münasibətlərini son dərəcə dəqiq ifadə edir: “Bakıya ünvanlanan kəskin bəyanatlara və Azərbaycana qarşı bəzi formal sənədlərin qəbuluna rəğmən, Qərblə Azərbaycan tərəfinin maraqları böyük ölçüdə üst-üstə düşür”. Azərbaycanla Qərbin bir-birinə ehtiyacı var. Hazırda Cənubi Qafqazda Gürcüstan və Ermənistan Qərbin yanındadır. Azərbaycansız Cənubi Qafqaz Qərb üçün o qədər də gərəkli məkan deyil. Həm də Rusiyanın enerji mənbələrindən imtina edən Qərb Azərbaycana alternativ enerji mənbəyi kimi görür. Yəni qarşılıqlı asılılıq ortadadır. Gözləyək. Tezliklə səhnənin pərdəsi qaldırılacaq və Britaniya öz əzəməti ilə səhnəyə daxil olacaq. Qərbin alqışları altında yeni tamaşa başlayacaq... Şahmatda "İngilis açılışı" (c4 ilə başlayan gediş) var. Bu açılış ağ fiqurla oynayana üstünlük verir. Azərbaycan isə 44 günlük müharibə başlayandan bəri Ermənistana qarşı ağ fiqurlarla oynayır... Elbəyi Həsənli. SÜRİX