"Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın"

"Sabiq prezidentə toxunulmazlıq, dövlət mühafizəsi, ömürlük aylıq müavinət, dövlətin daşınmaz əmlakından istifadə hüququ veriləcək..."

Aleksandr Lukaşenko ölkə Konstitusiyasını özünə uyğunlaşdırıb

Belarus hakimi Aleksandr Lukaşenko ölkə Konstitusiyasına dəyişiklikləri təsdiq edib. 

Sozcu.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.

Bu dəyişikliklər istefaya gedəcəyi təqdirdə onun toxunulmazlığı, ömürlük mühafizəsi və dövlət

daşınmaz əmlakı hüququna zəmanət verir. 

Düzəlişlərə əsasən, istirahətə yollanacaq Belarus prezidenti "prezident səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar olaraq törətdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilə, habelə bununla bağlı saxlanıla, başqa yolla şəxsi azadlıqdan məhrum edilə, istintaq və digər prosessual hərəkətlərə məruz qala bilməz". 

Toxunulmazlıq sabiq dövlət başçısının ailə üzvlərinə də şamil edilir.

Həmçinin dəyişdirilən qanunda yazılıb ki, prezident vəzifəsini tərk edən şəxs Ümumbelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olur.

Bundan başqa, sabiq prezidentə dövlət mühafizəsi, ömürlük aylıq müavinət və dövlətin daşınmaz əmlakından istifadə etmək hüququ verilir.

"Bir çoxları deyir ki, Lukaşenko Konstitusiyanı özünə görə uyğunlaşdırıb. Məni bağışlayın, bunu mən etməmişəm. Mənim dövrüm sona çatır, heç bir konstitusiyanı özümə uyğunlaşdırmaq fikrində deyiləm", - bunu Lukaşenko ötən yazda vəd edib və əmin edib ki, onun övladları prezident olmayacaq.

Onun fikrincə, Qərb ölkələrində bir çoxları onun istefaya getməsini istəyir, deməli, bunun əksini etmək lazımdır. 

"Amma bu, o demək deyil ki, mən bu vəzifədən yapışıb qalacağam. Yox, bu, belə olmayacaq. Mən gələcək barəsində düşünürəm", - o, izah edib.

Qeyd edək ki, Belarus Konstitusiyasına dəyişikliklər haqqında referendum 2022-ci il martın 4-də keçirilib, Lukaşenko onun nəticələrini təsdiq edib. 

2020-ci ilin noyabrında Lukaşenko yeni Konstitusiyanın qəbulundan sonra prezident olmayacağını vəd edib:

"Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın".

Xatırladaq ki, bir sıra oxşar qanunlar Qazaxıstanın ilk prezidenti Elbası (millətin lideri) Nursultan Nazarbayev 2019-cu ildə dövlət başçısı postundan getməzdən öncə imzalayıb.

Lakin 2023-cü ildə Nazarbayev bütün təsdiq edilən imtiyazlardan, o cümlədən Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən və fəxri senator adından məhrum edilib.

Share on Facebook