Rusiyaya total PUA hücumu: Bu vilayətlər vuruldu

Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumlardan birini həyata keçirib. Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətləri PUA hücumlarına məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, ən güclü zərbə Pskovdakı Müdafiə Nazirliyinə məxsus aerodroma endirilib. Rəsmi məlumatda hücumda neçə dronun iştirak etməsi bildirilməsə də, Rusiya Teleqram kanalları bunların 10-20 ədəd olduğunu yazıb. Partlayışlar yerli vaxtla saat 23:40-da (Bakı vaxtı ilə 00:40) başlayıb və iki saata yaxın davam edib. Pskov qubernatoru Mixail Venediktov hücum zamanı xəsarət alanların olmadığını deyib. Rəsmi məlumatda aerodromdakı 4 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin zədələndiyi təsdiqlənib. Pskovda Rusiyanın 76-cı qvardiya desant-hücum diviziyası yerləşir və bu təyyarələr də həmin divisiyanın ixtiyarındadır. Bu diviziya Ukraynanın Buça şəhərinin işğalında iştirak edib. Rusiya mətbuatı yazır ki, vurulan hər bir İl-76 təyyarəsinin qiyməti 5 milyard rubldur. Hazırda aerodrom avqustun 31-nə kimi bağlı elan edilib. Pskov şəhərində diversantların axtarışı ilə bağlı “Edelveys” planı tətbiq olunub. Bundan başqa, Bryansk vilayətinə də PUA hücumu edilib. “Baza” yazır ki, dronlardan biri “İsgəndər” və “Pantsir”lər üçün komplektlər istehsal edən Rusiyanın ən böyük mikroelektronika müəssisəsi olan “Kremniy EL” zavoduna düşüb. Zavodun 16-cı korpusunda yanğın baş verib. Daha iki PUA isə “Drujba” neft bazasına hücuma cəhd edib. Bryansk qubernatoru Aleksandr Boqomaz hücum zamanı xəsarət alanların olmadığını deyib. Avqustun 30-u gecə saatlarında Orlov vilayətinə də PUA hücumu edilib. Vilayətin qubernatoru Andrey Klıçkovun sözlərinə görə, hücum 2 dron tərəfindən həyata keçirilib. Eyni zamanda Kaluqa və Ryazan vilayətlərinə də PUA hecumu həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi hər iki vilayətə hücum edən PUA-ların məhv edildiyini bildirib. Moskvanın Ruzsk rayonunda da bir PUA zərərsizləşdirilib. Tula vilayətində də partlayışlar baş verib. Yerli Teleqram kanallarının məlumatına görə, bütün region ərazisində PUA hücumları səbəbindən “Xalça” planı tətbiq olunub.

Çin Rusiyanın bir hissəsini öz ərazisi elan etdi

Çin ilk addımı atdı və rəsmi xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi elan etdi. Çinin dövlət təsisatı, Standart Xəritələrin Kartoqrafik Xidməti 2023-cü il üçün coğrafi xəritələr toplusunu təqdim edib. Bu xəritələrdə ilk dəfə olaraq Rusiya aid ərazi Çinin bir hissəsi kimi göstərilib. Söhbət Amur çayı üzərindəki Böyük Ussuri adasından gedir. Rusiya və Çin arasında 2008-ci ildə imzalanmış sazişə görə bu ada iki ölkə arasında bölünmüşdü. İndi isə ada bütövlükdə Çin torpağı elan edilib. Sovet dövründə bütövlükdə Rusiyaya aid olan adanın yarısını Putin 2008-ci ildə Çinə güzəştə getmişdi. Adanın ərazisi Amur çayında suyun səviyyəsindən asılı olaraq 327 ilə 350 kvadrat kilometr təşkil edir. İndi isə Çin adanı bütövlükdə öz sərhədləri daxilinə qatıb. Rusiyanın rəsmi dairələri bu hadisəyə etiraz da etməyiblər.  Böyük Ussuri adasının Çinin sərhədləri içərisinə daxil edilməsi ilk addımdır və ardı gələcək. Ancaq bu hadisənin bu qədər tez baş verəcəyini etiraf edim ki, gözləmirdim. Görünür ki, Rusiyanın vəziyyəti daha pisdir. Çin dövləti də bunu bilir və özünükü hesab etdiyi torpaqları sərhədləri daxilinə qatmağa başlayıb.  Çin Rusiya torpaqlarını özününküləşdirməyə başladığı bir zamanda Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumunu həyata keçirib. Ukrayna Silaahlı Qüvvələri Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərindəki hərbi obyektlərə zərbələr endirib. Pskovdakı hava limanında İl-76 hərbi-nəqliyyat təyyarələrinin yandığını göstərən videolar yayılıb. Ukraynanın bu hücumu da son deyil, yalnız başlanğacdır. Rusiya ordusunun Ukraynadakı itgiləri də çox böyük miqyas alıb. Ukrayna ordusu bütün cəbhə boyu Rusiya ordusuna ağır zərbələr vuraraq irəliləməkdədir.  Bütün bunlar Dərbəndi tələb etmə zamanı olduğunu təsdiqləyir. Xəqani Cəfərli, siyasi şərhçi 

Rusiya geri çəkilməyə hazırlaşır - Oseçkin

Rusiya Federasiyası əvvəlki kimi döyüşə bilmir və geri çəkilməyə hazırlaşır. Buna görə də “Vaqner”in rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin ləğv edildi, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkov (Qirkin) isə nəzarətə götürüldü. Sozcu.az xəbər verir ki, bunu “Gulagu-net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin deyib. “Sistem tikişlərlə parçalanır. Sistem yorulub. O, 2022-ci ilin yazında və yayında başladığı həcmdə mübarizəni davam etdirə bilməz. Sursatla, orduda xidmət etmək istəməyən, evakuasiya tələb edən çoxlu sayda insanla, ərazilərdə təxribat təlimatları və əmrləri ilə bağlı problemlər yaşanır. Ona görə də şəxsən mən burada sistemin müəyyən dərəcədə geri çəkilməyə hazırlaşdığını görürəm. Super optimist olub müharibənin sabah bitə biləcəyini demək istəmirəm. Amma aydındır ki, Rusiya müharibəni hələ altı ay əvvəl olduğu formatda apara bilməz”, - Oseçkin bildirib.

Moskvaya PUA hücumu edildi

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb. Məlumata görə, Moskvaya doğru uçan PUA Lyubertsı şəhərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur.

Rusiyanın itkiləri 260 minə yaxınlaşır

Ukrayna müharibənin 548-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 630 hərbçi, 4378 ədəd tank, 8521 ədəd zirehli döyüş maşını, 5361 ədəd artilleriya sistemi, 724 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 495 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7790 ədəd avtomobil texnikası, 4356 ədəd PUA, 1409 qanadlı raket, 18 gəmi/qayıq, 802 xüsusi avadanlıq itirib.

Ukrayna Bryanskı atəşə tutdu

Ukrayna ordusu Bryansk vilayənin Belaya Beryozka qəsəbəsini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Aleksandr Boqomaz məlumat verib. Onun sözlərinə görə, nəticədə enerji təchizatına ciddi ziyan dəyib. Tələfat yoxdur.

Ukrayna ikinci müdafiə xəttinə yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Novoprokopovka və Novodanilovka istiqamətində irəliləyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Baş Qərargahı məlumat yayıb. Hazırda mövqelərdə möhkəmlənmə işləri aparılır. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu isə Ukrayna Silahlı Qüvvələrinin tədricən Rusiyanın ikinci müdafiə xəttinə yaxınlaşdığını bildirib.

Ukrayna Donetksi vurur: Ard-arda partlayışlar

Hazırda Ukrayna ordusu Donetskin mərkəzini atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, şəhərin mərkəzində 3 güclü partlayış eşidilib. Bildirilib ki, partlayışlar rasında cəmi 1 dəqiqə fərq var. Donetskin “meri” Aleksey Kulemzin şəhərin kütləvi şəkildə atəşə tutulduğunu təsdiq edib.

Arayikin tərəfdarları “parlament”ə niyə silahlı hücum etdi? – Yeni komandanlıq yaradılır...

“Bu gün Qarabağ separatçıları üçün çıxış yolu və alternativlər çox deyil. Bu baxımdan, qondarma qurumun “başçı” seçimi çox məhduddur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Analitik Qarabağ separatçılarının Laçın yolunun bağlanması fonunda Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu ilə bölgəyə daşınması planlaşdırılan humanitar yüklərlə bağlı onların Bərdəyə gələcəkləri barədə səslənən iddialara toxunub. Xatırladaq ki, bu iddia ilə Ermənistanın “Past İnfo” nəşri çıxış edib. Erməni nəşri Bərdədə yeni bir görüşün keçirilməsi ehtimalını istisna etməyib. N. Miriyə görə isə məsələnin ikinci tərəfi budur ki, A. Arutyunyanı tənqid edən, hətta onu təhqir edib söyən alternativ qüvvələr mövcuddur ki, bunlardan birinin başında dayanan elə Ruben Vardanyanın özüdür: “Ruben Vardanyanın özü ayrılıqda bir gücdür. Bundan başqa, Qarabağda digər güc şəbəkələri var ki, burada da ayrı-ayrılıqda hər şəbəkəyə məxsus silahlı qruplaşmalar mövcuddur. Bu da bölgədə fikir ayrılığı ilə bərabər, həm də Xankəndidə yaxın perspektivdə vətəndaş qarşıdurması təhlükəsini ortaya qoyur. Məhz bunun nəticəsidir ki, Arayik Arutyunyanı tənqid edən, onun “istefa”sini tələb edən “deputatlar”a qarşı dünən Arayik Arutyunyanın tərəfdarı olan silahlı birliklər “parlament”ə hücum edib. Bu, artıq sözü deyil, əksinə, gücün dili ilə danışıqların dövriyyəyə girdiyini göstərir. Eləcə də belə başıpozuq qüvvələr Qarabağdakı digər güclərdə də mövcuddur”. Onun fikrincə, A. Arutyunyan anlayıb ki, özünü və “hakimiyyəti”ni qorumaq üçün mütləq mənada güc nümayiş etdirməlidir: “Bununla bağlı yeni “silahlı qüvvələr komandanlığı” yaradılıb ki, bu da birbaşa Araik Arutyunyanı qorumaq və onun maraqlarını təmin etmək üçün yaradılan bir hərbi gücdür. Bu kontekstdə Araik və ətrafı Qarabağdakı “müxalif qüvvələr”i güclə susdurmaq və bundan sonra Azərbaycanla dialoqa getmək perspektivini ortaya qoymaq istəyirlər. Bu baxımdan, Bərdə danışıqlarının baş verməsi ehtimalı yüksəkdir. Əgər Bərdə danışıqlarına qədər Qarabağın daxilində hər hansı bir silahlı qarşıdurma və “vətəndaş müharibəsi” olmasa, düşünürəm ki, belə bir danışıqların baş tutması tam mümkün sayıla bilər. Çünki başqa alternativ yoxdur. Eləcə də müəyyən zaman keçəndən sonra Araik Arutyunyan əhalini çatışmayan ərzaqlarla təmin etmək məcburiyyəti ilə üzləşəcək”. Siyasi təhlilçi hesab edir ki, onların başqa alternativi yoxdur: “Yeganə alternativ rəsmi Bakının təklif etdiyi ərzaq təchizatının təminatı olan yollardır. Qısası, istər Araik Aruttyunyan, istərsə də digəri olsun, onlar bu təklifə getmək məcburiyyətindədir. Hesab edirəm ki, burada, həmçinin Rusiya məsələsi də var. Rusiya indiki vəziyyətdə bu danışıqların baş tutmasında maraqlı kimi görünür. Çünki ərzaq təchizatının olmaması indiki vəziyyətdə bölgədəki rus hərbi kontingentini də pis vəziyyətdə qoyur”. O, əlavə edib ki, biz paralel olaraq Rusiya vətəndaşlarının Qarabağın dağlıq hissəsindən çıxarılması məsələsini də diqqətə gətirməliyik: “Bunların hamısı, bir tərəfdən, separatçı rejimin “rəhbərliyi”, digər tərəfdən isə Rusiya sülhməramlılarının razılığı çərçivəsində baş verib. Çünki Qarabağı tərk edənlərin əksəriyyəti Rusiya pasportu daşıyanlardır. Deməli, bu prosesin gerçəkliyini həm Kreml, həm də Xankəndidəki qondarma qurum nümayəndələri anlamağa başlayıb. Ona görə də ortada hərbi qarşıdurma və “vətəndaş müharibəsi” potensialı olmasa, Bərdədəki görüşlərin baş tutması realdır”.

ABŞ-dan ukraynalı pilotlarla bağlı açıqlama

Əgər avropalı tərəfdaşlar çatdıra bilməsələr, ABŞ ukraynalı pilotlara təlim keçməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib. “Avropada təlim proqramları dolu olarsa, biz pilot təlimlərinə açığıq. Hazırlıqlara Danimarka və Niderland rəhbərlik edir. Əgər onların Ukraynanın göndərdiyi qədər pilot yetişdirmək imkanları yoxdursa, biz ABŞ-da təlim keçməkdə kömək edəcəyik”, - məlumatda qeyd olunub. Sinqx həmçinin bildirib ki, ukraynalı pilotlar həm də ingilis dili proqramını keçməlidirlər.

Putin qorxur ki, bu bizim plandır - Şolts

Qərb Rusiyadakı siyasi rejimin dəyişdirilməsi üçün səy göstərmir. Sozcu.az xəbər verir, verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. “Kimin harada oturduğunu biz həll etmirik. Biz həmçinin Rusiyada rejim dəyişikliyi də planlaşdırmırıq. Amma Rusiya prezidenti qorxur ki, bu bizim plandır. Putin Avropa Birliyinin onun qonşusu olması faktı ilə yaşamalı olacaq. Açıq cəmiyyətlər, liberal demokratiyalar birliyi kimi azadlığın da virus olmadığına ümid edəcək”, - kansler bildirib.

ABŞ NATO-nun bənzərini yaradır?

ABŞ NATO şəklində Yaponiya və Cənubi Koreya ilə rəsmi hərbi ittifaq yaratmaq niyyətində deyil. Sozcu.az xəbər verir ki, bu sözləri Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Biz üçtərəfli ittifaqın yaradılmasını yekun hədəf olaraq qarşımıza qoymuruq”, - Sallivan bildirib.