15 yanvar 2024-cü il tarixində Bakıda mebel sexində, elə həmin gün Sumqayıtda yataqxanada ölümlə müşayiət edilən partlayışlar baş verdi. Partlayışlar zamanı onlarla insan xəsarət aldı.
Sirr deyil ki, istər Sumqayıt, istərsə də paytaxtda belə “ölüm məhəllələri” çoxdur. İlkin məlumata görə, yataqxanadakı partlayışa məhz kanalizasiyadakı qaz sızması səbəb olub. Abay Kunanbayev küçəsində yerləşən və partlayışın baş verdiyi sexin isə qaz borusunun üzərində tikildiyi iddia edilir. Bəs bu tikintilərə kimlər icazə verir?
“Azəriqaz” İstehsalat Birliyindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, hadisə baş verən yataqxanaya qaz verilməyib:
“Sadəcə, yataqxanaya yaxın bir zavod var, ora qazlaşdırılıb. İlkin ehtimala görə, həmin yeraltı boru xəttindən sızma olub. Orada istintaq işi aparılır, hər şey aydın şəkildə ortaya çıxacaq. Hüquq mühafizə orqanlarının əməkdaşları ilə bərabər bizim də əməkdaşlarımız hadisə baş verən ərazidədirlər. Nəticə haqda ictimaiyyətə açıqlama veriləcək”.
E.Vəliyev mebel sexinin qaz borusu üzərində tikilməsinə aydınlıq gətirib:
“Mebel sexinin dəqiq qaz xəttinin üzərində tikilməsi də araşdırılacaq. Əslində, hər hansı bina, obyekt tikilən zaman “Azəriqaz”dan da icazə alınmalıdır. Lakin bir çoxları buna əməl etmirlər. Bəzən çoxmərtəbəli bina tikildikdən sonra yada düşür ki, infrastruktur nəzərə alınmayıb. Yəni bina tikildikdən sonra kommunal xətlərinin haradan çəkiləcəyini düşünürlər. Normalda qaydalara riayət edilməlidir. Tikinti aparılması üçün icazənin olub-olmaması yoxlanılmalı, icazə verilərsə, tikilməli, verilməzsə, tikinti dayandırılmalıdır. Abay Kunanbayev küçəsində baş verən partlayışın səbəbi də araşdırılır”.