Redaktor seçimi

“Ukraynanın NATO üzvlüyünə dəstək verin”

Ukrayna parlamenti NATO-ya üzv dövlətləri Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu haqda ukraynalı deputat Aleksey Qonçarenko sosial media hesabında paylaşım edib. Paylaşımda NATO Parlament Assambleyasının 2008-ci il Buxarest sammitində Ukraynanın üzvlüyü ilə bağlı qəbul edilmiş qərarları yerinə yetirmək üçün parlamentə üzv olan NATO dövlətlərinə çağırış edilib: “Biz ölkələri NATO Parlament Assambleyasının Lüksemburqda keçiriləcək yaz sessiyasında və iyulda Vilnüs Sammitində Ukraynanın alyansa üzvlüklə bağlı yanaşmasını dəstəkləmək üçün birgə sənədlərin qəbulunu asanlaşdırmağa görə hökumətləri ilə əlaqə saxlamağı xahiş edirik”.qafqazinfo

İran ritorikasından əl çəkmir: İstənilən dəyişiklik...

Qafqazda yaşanan gərginlik və münaqişələr heç bir ölkəyə sərf etmir, eyni zamanda İranın bu regionda istənilən coğrafi dəyişikliyə qarşı olduğunu göstərir. Sozcu.az xəbər verir ki, İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib. “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür, - Şamxani bildirib.

Bu il keçid balları aşağı düşəcək

Xəbər verdiyimiz kimi, martın 5-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. Abituriyentlərin qazandığı nəticələr qənaətbəxş sayılırmı? Bu il ali məktəblərə keçid  balında artım, yoxsa azalma müşahidə olunacaq? Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov keçirilən imtahanın çətinliyinin nəticələrə də təsir etdiyini deyib: “DİM 5 martda keçirilən buraxılış imtahanının test tapşırığı nümunələrini öz saytında yerləşdirib. Biz bundan əvvəl imtahan keçirildikdən sonra sosial şəbəkələr vasitəsilə abituriyentlərimizin yadında qalan imtahan suallarının təhlilini aparmışdıq. Test tapşırıqlarıyla bağlı ölkə üzrə ilk rəyi də mən vermişdim. Riyaziyyat test tapşırıqlarından biri mübahisəli qalmışdı. Sual səhv olmasa da həll etmək üçün olduqca çox vaxt lazım idi və buraxılış imtahanı modeli üçün uyğun deyildi. Azərbaycan dili test tapşırıqlarında olan mətn isə uzun idi və abituriyentlərə tanış mətn deyildi. Ümumi sualların ağırlıq səviyyəsi 5 martda yüksək idi. Məhz bunun nəticəsidir ki, imtahanda iştirak edən 50 000-dən yuxarı abituriyentdən yalnız 1 nəfər 297 bal toplayıb.  Son 4 ilin imtahan nəticələrinə baxdıqda nəticələr eynidir. Ümumi nəticələr təbii ki, qənaətbəxş deyil. Nəticələr olduqca aşağı düşüb. Bu onu göstərir ki, son 3 ildə təhsilin idarə olunması və məktəblərə nəzarət olunması ilə bağlı ciddi problemlər var. Müvafiq qurumların məktəblərlə kommunikasiyası yoxdur.  Müsabiqə şərtləri öncədən DİM tərəfindən elan olunur. Keçid balları isə abituriyentlərin nəticəsinə və plan yerlərinə uyğun hesablanır. Keçid ballarının enməsi gözlənilir. Buna 3 amil təsir göstərir: son 3 il ərzində məktəblərdə təhsil keyfiyyətinin aşağı düşməsi, martın 5-də və 12-də keçirilən imtahanların çətin olması və ali təhsil müəssisələri üçün ayrılan plan yerlərində kəskin artım. Bütün bu amillər keçid ballarının aşağı düşməsini öncədən proqnozlaşdırmağa imkan verir.”

İlk Qədr gecəsi: Hacı Şahinin dua və moizəsi - Video

Bu gecə ilk Qədr (Əhya) gecəsidir. Sozcu.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17-də olacaq. Mərhum Hacı Şahinin ötən il ilk Qədr gecəsində məsciddə etdiyi moizə və duaları təqdim edirik:

"Kılıcdaroğlunun əsas namizəd olması Məhərrəm İncədə qıcıq yaradır" -Ceyhun Nəbi

Məhərrəm İncə seçki mitinqinə Boluda Koroğlu heykəlinin önündən başladı. Çıxışında "Koroğlu" kimi döyüşəcəklərini bildirdi. Bütün mesajlarını elm, doğruluq, həqiqət üzərində quran M. İncə, tarixdə olması şübhə doğuran, şifahi xalq ədəbiyyatı nümunəsindən ilhamlanırcasına mübarizə yolu seçməsi heç şübhəsiz ki, gülüş doğurur. Adam Koroğlu kimi, öz iddiasına uyğun olaraq qılınc əlinə alıb qarşısına keçəni qılınclayır.  Maraqlı tərəfi isə budur ki, qılıncı "TƏK ADAM" rejiminə daha tutarlı şəkildə vurmaq əvəzinə, "TƏK ADAM"ın küfrlərlə, aşağılamalar, hədələmələr ilə üzərinə getdiyi müxalifətə endirir (Həm də,  "Tək adam"ın əlinə qüvvət verir). Çıxış iqtidarın üzərinə yüklənəcəyi yerdə, müxalifətə yüklənib (illər öncə Azərbaycanda da belə hallar olub). Həm də belə bir təəssürat yaranır ki, Kamal Kılıçdaroğlunun böyük məharət və bacarıqla müxtəlif siyasi baxışları özündə ehtiva edən siyasi kəsimləri öz ətrafında cəmləşdirməsi, iqtidara əks qüvvələrin əsas namizədi kimi çıxış etməsi onda qıcıq yaradır.  Əslində daha barışcıl, birləşdirici, yeni dünyanın bir parçası olacaq gələcəyi vəd edəcəyi yerdə(Türkiyədə gənclər əslində onu elə düşünür), parçalayıcı vizyonu ilə vətəndaş hüquqlarını unudaraq, millətçi baxışla hərəkət etməyə cəhd edir. Sekluyar camiyənin təsəvvüründəki M. İncə Sinan Oğan vizyonunda canlanmağa başlayır. K. Kılıçdaroğlu quçaqlaşaq, birləşək deyir, M. İncə isə kəsib-doğramaq( Bu günün siyasi Koroğlusu), Tək adam ritorikasında parçalayıcı bir mövqeyə sərgiləyir. Heç şübhəsiz ki, qalibiyyət üçün çalışanlar bilir ki, qələbə birləşərək əldə oluna bilər, ayıraraq, parçalayaraq yox. Ceyhun Nəbi 

"Döyülən köpəklər zingildəyər" - Almaniyanın "Bild" nəşri Medvedyevi təhqir etdi...

"Medvedevin nitqinin bu qədər dolaşıq və jarqonla dolu olması heyrət doğurur, sanki o, düşünməkdə çətinlik çəkir..." Alman jurnalistləri "Putinin ev köpəyi"nin "iyrənc" mətnlərini darmadağın edib Rusiyanın Ukraynada işləri dalana dirəndikcə rusiyalı təbliğatçılar qarşıdakı qələbədən daha ucadan çığır-bağır salır.  Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti Medvedevin "iyrənc" tezislərinə münasibət bildirərək yazıb. Bu məsələdə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev xüsusilə canfəşanlıq edir. O, həm Ukraynanın, həm də onun Qərb tərəfdaşlarının ünvanına qəzəb, təhqir və təhdid dolu əcaib postları ilə "fontan vurur". Qəzetin jurnalistləri rusiyalı siyasətçinin növbəti postunu təhlil edib, orada o, bəyan edir ki, Ukrayna məhv edilməli, Almaniyaya nüvə zərbəsi endirilməlidir. "Putinin ev köpəyi yenidən "Twitter"də hürüb-bağırır. Rusiyanın sabiq prezidenti uzun-uzadı Ukraynanın məhvə məhkum olunması barədə sərsəmləyir", - nəşr yazıb. Medvedevin "şedevr"ini diqqətlə oxuduqdan sonra jurnalistlər onun kəskin ziddiyətinə diqqət çəkib. Belə ki, siyasətçi iddia edir ki, Ukrayna yox olacaq, çünki o, guya, heç kimə lazım deyil. Eyni zamanda o, əmin edir ki, Avropa Ukraynaya istisnasız olaraq ABŞ-ın təzyiqi ilə dəstək verib. Bu zaman, onun sözlərinə görə, Ukrayna üçün silah tədarükü və maliyyə ayırmaları Avropa ölkələrini "malyyə-siyasi cəhənnəmə" qərq edib.  Sonucda Medvedev bu nəticəyə gəlib ki, ukraynalılar Avropa İttifaqının "qocalıb əldən düşmüş boynunu" soran "qanlı parazitdir". ABŞ-ın yardımını Medvedev "çoxdan bəri özünün acizliyini və fərsizliyini sübut edən siyasi boşboğazların piarı" adlandırıb. Bu zaman Medvedev ABŞ prezidenti Co Baydenin nədən Avropanı Uktaynaya dəstək verməyə vadar etdiyini izah etməyib. Nəşr Rusiyanın sabiq prezidentinin Rusiya imperiyasının dirçəldilməsi barədə arzularına da diqqət çəkib. "Bizə Ukrayna lazım deyil. Bizə böyük, güclü Rusiya lazımdır", - Medvedev yazıb və yenidən Kremlin Ukraynanın süni törəmə olduğu barədə tezisini irəli sürüb. "Medvedevin nitqinin nə qədər dolaşıq və jarqonlarla dolu olması heyrət doğurur, sanki o, düşünməkdə çətinlik çəkir. Məsələn, sabiq baş nazir Ukrayna prezidentini özünün "oğru nasist təlxək bandası"ndan Qərbdən oğurladığı pulları offşor hesablarında saxlamaq üçün istifadə edəcək "xaki rəngli idman köynəyində olan təlxək" adlandırır", - "Bild" yazır. Nəşr həmçinin Medvedevin Berlinin Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsi üçün orderini öz ərazisində icra edəcəyini təsdiq etdikdən sonra Almaniyaya qarşı nüvə silahını tətbiq edəcəyi ilə bağlı təhdidlərini də xatırladıb.  O zaman Medvedev bəyan edib ki, Rusiya özünün "bütün vasitələrini, raketlərini və s. Bundestaqa, kanslerin ofisinə və s. yönəltmək istəyərdi". Alman jurnalistəri üçün aydındır ki, söhbət nüvə zərbəsindən gedir. "Medvedevə, deyəsən, bu ifadə yaraşır: "Döyülən köpəklər zingildəyər", - "Bild" vurğulayıb.

Mənsimovdan direktora cavab: Ləyaqətsiz oyun...

Bir necə gündür ki, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru mənimlə bağlı bəzi media orqanlarında açıqlmalar verir. Mülahizələr irəli sürür ki, güya mən onun rəhbərlik etdiyi məktəbi bağlatdırmaq istəyirəm və s. Əslində, bu cür əsilsiz və şər-böhtan xarakterli iddialara cavab vermək fikrim yox idi. Lakin azərbaycanlı balaların təhsil məsələsi gündəmdə olduğuna və təhsil məsələsi mənimçün son dərəcə həssas məsələ olduğuna görə bu barədə qısa fikir bildirmək qərarına gəldim. Sozcu.az xəbər verir ki, bunu “Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktorunun onun haqqında mətbuatda səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. M.Mənsimov iddiaların əsassız olduğunu bildirib: “Mən və rəhbərlik etdiyim “Palmali Holding” şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu mənim ən başlıca həyat prinsiplərimdəndir və təmənnasız gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni, bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına izləyici qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır”.

QRU-nun zabiti Ukraynanın tərəfinə keçdi

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladislav Ammosov Ukrayna tərəfə keçib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, Yakutiyadan olan kəşfiyyatçı bundan sonra Rusiyaya qarşı döyüşəcək. 15 ildən çox Rusiya ordusu və xüsusi xidmət orqanlarında xidmət edən Ammosov bildirib ki, İkinci Çeçen müharibəsində də iştirak edib.

“Deyib ki, qızımın yaxşı fiqurası var... Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır”

“Hər kəs öz yolunu özü seçir deyə, demək olmaz ki, sənətçilərimiz niyə Türkiyədəki kimi siyasətə qatılıb öz namizədliklərini irəli sürmürlər. Vaxtında Zeynəb Xanlarova da deputat olub və parlamentdə oturub”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış ifaçı Akif İslamzadə deyib. O, Azərbaycanda parlament seçkiləri ərəfəsində sənətçilərin siyasətə qarışmamasından və öz namizədliklərini irəli sürməməsindən söz açıb. Xatırladaq ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Türkiyənin bir sıra incəsənət xadimləri millət vəkili olmaq üçün öz namizədliklərini irəli sürüblər. “O ki qaldı mənə, mən birincisi, yaşıma görə istəmirəm, ikincisi də lap cavan olsaydım belə, gedib orada oturmaq mənə vaxt öldürmək kimi gəlir. Əksinə, daha səmərəli işlə məşğul olardım. Çıxın, şəhərə sorğu aparın. Əgər qohumu, qonşusu və kəndlisi deyilsə, soruşduğunuz deputatların çoxunun adını bilməyəcəklər. Görün, kimsə tanıyacaq?!”, – müğənni etiraz edib. “Biz hələ sənətçilərin siyasətə qatılmağından söz açırıq. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyində məni – Akif İslamzadəni tanımadılar. Nazirlikdə məndən soruşdular ki, siz kimsiniz? Qısası, mənə görə, parlamentdə oturmaq vaxt itkisidir. Əgər ev-eşik, var-dövlət hayında deyillərsə, orada oturmağın mənası yoxdur”, – əlavə edib. A. İslamzadə söyləyib ki, nəinki Azərbaycanda, hətta dünyada tənəzzül gedir: “Siyasətlə məşğul olanların özlərinə diqqətlə fikir verin. Hamısının kompleksi var. Məsələn, Makron danışanda əzilib-büzülür, Bayden danışığını bilmir, sovet dönəmi liderləri də eynilə. Baydendən əvvəl olan prezident Tramp da deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır. Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır. Bunların hamısı dünyanın özünün mənəviyyatsız və əxlaqsız olmasının göstəricisidir Biz Nuh peyğəmbərin dövründə bu halla qarşılaşdıq, bir də ki indi. Nuh peyğəmbərin dövründə rəbbimiz su ilə bizi imtahana çəkdi, indi də odla. Amma bəşər özünü doğrultmur”.

Rəis iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir

Bakının Binəqədi rayonunda vəzifəli şəxs iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilir. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Zamanov Elmin Elbəyi oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə protokol tərtib olunub. Sözügedən maddəyə görə, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Artıq Elmin Zamanov müfəttişliyin qərarından Binəqədi Rayon Məhkəməsində şikayət verib. İşə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qarabağa başqasının kimliyi ilə keçmək istədi, saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müvafiq icazəsi olmadan işğaldan azad edilmiş əraziyə daxil olmaq istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb. Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib. Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Ağdaban soyqırımından 31 il ötür

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 31 il ötür. Sozcu.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb. Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.