Redaktor seçimi

Türkiyənin Gənclər və idman naziri Ermənistana getdi -FOTO

Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan - Türkiyə futbol qarşılaşması səbəbilə İrəvana səfər etmişdi. 15 ildən sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gerçəkləşdirilir. Sozcu.az

SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb - Fotolar

SEPAH-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edilib. Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını vurğulayıb.

Ermənilər silah daşıyır - Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar

Bakının bütün xəbərdarlığına rəğmən, ermənilər Qarabağa silah-sursat daşıyır, canlı qüvvə cəlb edir, hətta daşımaları daha rahat həyata keçirmək üçün yeni yol çəkirlər. Rusiya sülhməramlıları da faktiki onların mühafizəçisi rolunda çıxış edir. Sozcu.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib. “Xəbərdarlıqlar praktiki addımla da edilməlidir, əks təqdirdə, nə ermənilər əməllərindən əl çəkəcək, nə də ruslar. Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar”, - o bildirib.

Aprel şəhidi Pəncəli Teymurovun doğum günüdür

Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Şəhid gizirimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstəmizin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Ermənistan da Putini həbs etmək hüququna sahib oldu

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib. Qeyd edilib ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb. Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olunub və 123 ölkə tərəfindən imzalanıb. Avropa İttifaqının 27 üzvünün hamısı nizamnaməni imzalayıb. Məhkəmənin yurisdiksiyası Rusiya, eləcə də ABŞ və Çin tərəfindən tanınmır. Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Oderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməyib. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. 

Pentaqon: "İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”

“Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”. Sozcu.az xarici KİV-ə istinadən bildirir ki, bunu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib. O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”. Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşəcək.report

SEPAH-ın Quru Qoşunları komandanı da sərhədimizə gəldi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə İan mediası məlumat yayıb. Məlumata görə, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib. Pakpur gecə-gündüz taktiki təlimlərinə də qatılıb. “Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik”, - deyə o, qoşunlara müraciətində deyib. Qeyd edək ki, ötən gün İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi də Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə gəlmişdi.

Bizə daha müasir döyüş təyyarələri lazımdır - Zelenski

Ukrayna MiQ-lərin tədarükünə görə tərəfdaşlarına minnətdardır, lakin daha müasir təyyarələrə də ehtiyac var. Sozcu.az xəbər verir ki, bunu Avropa İttifaqı liderlərinə videomüraciətində Ukrayna prezidenti Volodimir Zelenski bildirib. O, Ukraynaya MiQ döyüş təyyarələri verdiyi üçün Polşa və Slovakiyaya təşəkkür edib. Zelenski bildirib ki, bugünkü çatdırılma Ukrayna səmasının qorunmasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Lakin o, Ukraynanın daha müasir təyyarələrə ehtiyacı olduğunu da vurğulayıb və bu barədə tərəfdaşlarla danışıqlar apardığını qeyd edib. Xatırladaq ki, bu gün Slovakiya Ukraynaya 4 ədəd MiQ-29 döyüş təyyarəsi verib.

KİV: Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək

“Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək”. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunub ki, İsrail Tehranın bu cür hərəkətlərinin Təl-Əvivi hərbi güc tətbiq etməyə təhrik edə biləcəyi barədə ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib. “Axios”un digər rəsmiyə istinadən verdiyi məlumata görə, İran bu məsələdə İsrailin mövqeyindən xəbərdardır.

Tramp bu gün həbs oluna bilər?

Bir çox mənbələrin verdiyi məlumata əsasən, bu gün Manhettendə böyük jüridə(*izahatı sonda) səsvermə olacaq. Səsvermə predmeti prokuror Elvin Breqqin Trampa qarşı irəli sürdüyü ittihamlardır. Böyük jüridə ittihamlar səs çoxluğu toplasa(ittihamlar çox sadə, həm də mükəmməl hazırlanıb, bu səbəbdən böyük jürinin lehinə səs verəcəyinə şübhəm yoxdur), ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı rəsmi ittihamlar irəli sürüləcək(şəkilləri çəkiləcək, barmaq izləri götürüləcək, təsəvvür edin ki, dünyanın ən qüdrətli ölkənin sabiq prezidenti üçün bu nə dərəcədə utancverici səhnədir). Tramp maliyyə dələduzluqda ittiham olunur(porno aktrisaya ilə intim əlaqədə oluğuna görə, həmin aktrisaya susqunluğu əvəzinə Tramp 130 min$ ödəmişdi, bu pullar seçki kampaniyası zamanı ianələr hesabından verilib, bu isə cinayətdir). Nyu York ştatının qanunvericiliyinə əsasən bu cür cinayətlərə görə ittihamların irəli sürülməsi təqdirdə həbs qətimkan tədbiri olmur(məhkəməyə qədər). Yəni andlılar məhkəməsinə qədər Tramp azadlıqda olacaq, sonrası isə məhkəmənin qərarından asılı olacaq. Təbii ki, etirazlar olacaq, amma: -Etirazların miqyası o qədər də böyük olmayacaq; -Nyu York polisi bu gün fövqəladə(xüsusi avadanlıqlar və s) rejimdə fəaliyyət göstərəcək. Sizə bu barədə xəbər vermişdim, təkrarlamaq yerinə düşər, Trampa qarşı irəli sürülən ittihamlar və hətta həbs, ona seçki kampaniyasında və ya seçkilərdə iştirak etməyə mane olmayacaq. Nəzəri cəhətdən Tramp həbsxanada olarkən də, prezident seçilə bilər, qanunvericilik buna imkan verir(təbii ki bu baş verməyəcək, amma hüquqi yox, siyasi səbəblərdən). *ABŞ dünyada yeganə ölkədir hüquqşünaslıqda böyük jüri institutunu qoruyub saxlayıb. Böyük jüri bir növ istintaqın son mərhələsidir. İstintaq bitəndən, bütün materiallar hazırlanandan və ittihamlar əsaslandırılandan sonra, bütün bunlar böyük jüriyə təqdim olunur və ittihamların irəli sürülməsi ya da sürülməməsi böyük jürinin səsverməsindən asılı olur. Kamran Cəfərov 

Şeyx Hacı Şahinin yerinə adam tapa bilmir

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin qəfildən dünyasını dəyişməsi ölkə müsəlmanlarını yasa boğdu. Sevənləri izdihamla yola saldıqları mərhum üçün uzun müddət yas tutdular. Hacı Şahinin ürəktutmasından dünyasını dəyişməsi Qafqaz Müsəlmanları İdarəsində də müəyyən problemlərə yol açıb. QMİ sədri Hacı Allahşükür Paşazadə Hacı Şahini əvəzləyəcək şəxsi tapmağa çətinlik çəkir. Hacı Şahinin vəfatından sonra onu ilk əvəzləyən şəxs yetirməsi Hacı Elbrus Kərimov oldu. Martın 10-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qıldılar. O vaxt şiə cameəsinin sevdiyi və hörmət etdiyi gənc və savadlı ilahiyyatçı Hacı Elbrus Kərimovun Hacı Şahini əvəzləyəcəyi, Məşədi Dadaş məscidinə onun yerinə axund təyin olunacağı ilə bağlı məlumatlar yayıldı. Azərbaycan dili ilə yanaşı rus, ərəb və fars dillərini də yüksək səviyyədə bilməsi, Hacı Şahinin sağlığında tez-tez onun yaxın ətrafında görünməsi, mərhumun ən sevimli yetirmələrindən biri olması bu ehtimalı daha da artırdı. Amma QMİ martın 17-də cümə namazını ona deyil, Hacı Şahinin başqa bir yetirməsinə – Kərbəlayi Elmir Vəliyevə həvalə etdi. Təbii ki, bu qərar birmənalı qarşılanmadı və dindar çevrələrdə müzakirələrə yol açdı. Hazırda martın 24-də Hacı Şahini hansı ilahiyyatçının əvəzləməsi böyük maraq doğurur. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bununla bağlı QMİ rəhbərliyi arasında qeyri-müəyyənlik hökm sürür. Başda QMİ sədri Hacı Allahşükür Paşazadə olmaqla İdarənin rəhbər şəxsləri Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi barədə qəti qərar verməyə çətinlik çəkirlər. Həm Hacı Elbrus Kərimovun, həm də Kərbəlayi Elmir Vəliyevin Məşədi Dadaş məscidinin axundu olmayacağı dəqiqləşsə də, Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi hələ ki bəli deyil. QMİ əməkdaşlarından biri saytımıza açıqlamasında deyib ki, hazırda bu məsələ rəhbərlik tərəfindən ciddi müzakirə olunur. Onun sözlərinə görə, Hacı Şahinin “40” mərasimindən sonra Məşədi Dadaş məscidinə yeni axund yerinə təyin olunacaq.

UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Əfqanıstana nəzarət edən “Taliban”ı qızların orta məktəblərdə oxumasına icazə verməyə çağırıb. Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir. "Əfqanıstanın de-fakto hakimiyyətinin qızların orta məktəbə getməsinə növbəti dəfə mane olması dərin məyusedicidir. Bu əsassız və qeyri-uzaqgörən qərar bir milyondan çox qızın ümid və arzularını puça çıxarır və bütün ölkədə qızların və qadınların hüquqlarının pisləşməsinin davam etməsində daha bir qaranlıq mərhələdir”, - Rassel BMT-nin saytında bildirib. Qeyd edək ki, bir gün əvvəl Əfqanıstan rəsmi olaraq yeni tədris ilinin başlandığını elan edib. Hesabatda qeyd olunur ki, “Taliban” liderləri dəfələrlə, o cümlədən BMT nümayəndələrinə qızların və qadınların təhsilinə mane olmayacaqlarına dair söz veriblər. Amma bir neçə ildir ki, oxumaq hüququndan məhrum ediliblər. UNICEF rəhbəri hesab edir ki, təhsil almaq imkanlarının olmaması uşaqların psixi sağlamlığına və rifahına, eləcə də bütövlükdə ölkənin gələcəyinə böyük ziyan vurur. "Qız və yeniyetmələrin, o cümlədən imkanları məhdud olanların təhsil almaq hüququ var. Qızların təhsil almaq imkanından məhrum edilməsi ölkənin iqtisadiyyatı və səhiyyə sistemi üçün çox böyük fəsadlar törədəcək", - o vurğulayıb. Əfqanıstan dünyada qızların təhsil ala bilmədiyi yeganə ölkədir. 2021-ci ilin avqustunda “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orta məktəblərdə qızların təhsili dayandırılıb.