Redaktor seçimi

“Erməniləri diz çökdürüb sülhə məcbur etməliyik, qalanı boş söhbətlərdir”

“Bu gün hamımız sülhdən danışırıq. Amma belə bir dövlətlə, millətlə və cəmiyyətlə sülhdən danışmaq heç məqsədəuyğun deyil və məncə, yersizdir. Ermənilər bütün hərəkətləri, çıxışları və bəyanatları ilə düşmənçilik mövqeyindən əl çəkmirlərsə, ərazi iddiası edirlərsə, bunlarla hansı sülhdən danışmaq olar?!”  Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. O, ermənilərin 2 hərbçimizi əsir götürüb onlara işgəncə verməsi ilə yanaşı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasından sonra iki ölkə arasındakı sülh danışıqlarının yekun motivlərinə toxunub.  “Yəhudiləri bir məsəli var: “düşmənlə sülhdən danışmaq onda məqsədəuyğun hesab olunur ki, artıq düşmən yoxdur”. Yəni nə qədər ki bunlar var, bunlarla sülhdən danışmağın mənası yoxdur. Yalnız bunları sülhə məcburetmədən söhbət gedə bilər. Biz öz fəaliyyətimizlə bunları sülhə məcbur etməliyik. Elə belə, xoşa-xoşluqla ermənilərlə sülhdən danışmaq məsələsi yersizdir. Biz nə qədər sülhdən danışıb, humanistlik göstəririksə, bunlar əks cavablarını verirlər”. “Yadınızdadırsa, yaralı erməni əsgərinə hərbçilərimiz tibbi yardım göstərirdilər. Ona qarşı necə insani münasibət bəslənilirdi. Amma ermənilər tərəfindən əsir götürülən 2 əsgərimizin başına açılan oyunları, onlara verilən işgəncələrə baxın! Bizim insani hərəkətlərimizə qarşı ermənilərin vəhşiliklə cavab verməsi onu göstərir ki, bu millətlə barışıqdan danışmaq mənasız bir şeydir. Biz onları qarşımızda diz çökdürüb sülhə məcbur etməliyik. Onlar məcburən tabe olub sülhə gəlməlidirlər. Başqa yolu yoxdur”, - yekunlaşdırıb.

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - V hissə

Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur                   V Hissə       Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi  müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı.  Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir :  . “Hörmətli  Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın  harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228).     20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95).       1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi.     Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir.     Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi.      1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117).     İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir:     “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97).     Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir.   1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019.  4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

İranın məşhur din alimi hökumətin hicabsız qadınlara qarşı davranışını sərt tənqid edib

İranın məşhur din alimi məcburi hicabla bağlı fətva verərək hicabsız qadınları təhqir etməyin, onlarla qarşıdurmanıın şəriət baxımından haram olduğunu bəyan edib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, Ayətullah Seyid Əsğər Nazimzadə Qumi hökumətin hicabsız qadınlara qarşı ikili davranışını tənqid edib: “Bizim məmurlar bir tərəfdən hicabsızlığı və yarımçıq hicabı anomaliya hesab edir və bununla mübarizə aparırlar, digər tərəfdən isə İslam Respublikası ilə bağlı nümayişlərdə və ya tədbirlərdə iştirak edən yarımçıq hicablıları təşviq edirlər. Bu ayrı-seçkilik hicab taxmamağa qarşı mübarizəni formal, məqsədyönlü və siyasi mübarizə kimi göstərir”.

"Etdiyi təxribatlara görə Ermənistanı peşman etməliyik"

"İlk dəfə deyil ki, Ermənistan idman, mədəniyyət proseslərini siyasi məqsədlərlə istismar edir. Biz müxtəlif illərdə bu cür situasiyaların şahidi olmuşuq". Bu sözləri politoloq Yeganə Hacıyeva  İrəvanda Azərbaycan bayrağının yandırılması hadisəsi ilə bağlı Musavat.com-a açıqlamasında deyib. Politoloq qeyd edib ki, yandırılan Azərbaycan bayrağının dərhal alışması onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış təxribatdır: "Məlum məsələdir ki, bayraq həmən alışıb, yana bilməzdi. Bayrağın tez alovlanması sübut edir ki, onun tez alışması üçün xüsusi yağ maddələrindən istifadə olunub. Yəni, bu, xüsusi planlaşdırılmış təxribat idi". "Azərbaycan hansı addımlar atmalıdır?" sualına politoloq bu cür cavab verdi: "Azərbaycan artıq addımlar atır. Zatən idmançılarımızın orada təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var idi və indi bu narahatlıqlardan biri özünü artıq doğruldur, indi idmançılarımızın oradan sağ-salamat geri dönməsi, bir sözlə, təhlükəsizlik məsələləri sual doğurub, telefonlarına zəng çatmır və sairə. Ermənistan son günlərdə bir-birinin ardınca Azərbaycana qarşı təxribatlar törətməkdədir. Əsgərlərimizə işgəncə verilir, daha sonra bayrağımız yandırılır. Azərbaycan bütün bu təxribatları dünyanın diqqətinə çatdırmalı, Ermənistanın əsl simasını göstərməlidir. Bunun üzərindən həm yerli, həm də beynəlxalq, regional səviyyədə kampaniya aparmalı, bu məsələnin izini biraxmamalı və bu istiqamətdə işlər həyata keçirməliyik. Bu cür təxribatları törətdiklərinə görə Ermənistanı peşman etdirməliyik".

Hüseyn və Aqşinin yaxınları Avropa Məhkəməsinə müraciət etdi

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçilərinin yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək onlardan Ermənistan hökumətinin hərbçilərin təhlükəsizliyini təmin etməyə və onlara tibbi yardım göstərilməsinə məcbur edilməsini tələb ediblər. Sozcu.az xəbər verir ki, KİV-də Azərbaycan hərbçisinə qarşı zorakılıq faktlarını əks etdirən video və foto materialların yayılmasından sonra Hüseyn Axundov və Aqşin Bəbirovun yaxınları Ermənistana qarşı müvəqqəti tədbirlərin görülməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Müraciətdə Ermənistan hakimiyyətini dərhal Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək və onlara tibbi yardım göstərmək, habelə onların harada olması, saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə məlumat verməyə məcbur etmək barədə tələblər yer alıb.

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - IV hissə

Azərbaycan Cümhuriyyətinin qurulmasında yer alması və həmin dönəm fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur                     IV hissə Transqafqaziyanın dağılmasından sonra azərbaycanlıların üz-üzə qaldığı məsələlər erməni və Gürcüstandakılardan olduqca fərqli idi. Azərbaycanlılara görə Türkiyə bir düşmən deyil, ancaq bir müttəfiq idi. 28 mayda Tiflisdə Seyimin azərbaycanlı üzvüləri və Müsəlman Milli Şurasının üzvüləri Azərbaycanın istiqlaliyyətini elan etdilər. Fətəli Xan Xoylu Baş nazir seçildi(2, 151).     Həmin günü Fətəli Xan Xoylu rəhbərlik edəcəyi hökümətin tərkibini elan etdi və həmin hökümətdə Xəlil bəy Xasməmmədli Ədliyyə naziri vəzifəsini tutdu. İyun böhranına qədər Xəlil bəy həmin vəzifəni icra etmişdi.     İyun böhranı zamanı birinci hökümət kabinəsi fəaliyyətini dayandırdı. İyunun 17-də axşam F.X.Xoylunun rəhbərlik etdiyi ikinci hökumət kabinəsi yaradıldı. İkinci kabinədə Xəlil bəy portfelsiz nazir vəzifəsi tutmuşdu.      İyun ayının 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətlərinin İstanbul konfransına göndəriləcək diplomatik heyətinin müəyyən edilməsi və onlar üçün müvafiq sənədlərin təsdiq edilməsi oldu. Bu konfransın Azərbaycanın həyatında oynayacağı mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətinin üç nəfərdən - M.Ə.Rəsulzadədən, X.Xasməmmədovdan və A.Səfikürdskidən, habelə dörd nəfər məsləhətçi, texniki işçidən ibarət olmasını təsdiq etdi. Onlara hökumət tərəfindən səlahiyyət verildi ki, İstanbul beynəlxalq konfransının iştirakçısı olan Türkiyə, Almaniya, Avstriya-Macarıstran, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqının nümayəndələri ilə siyasi, iqtisadi maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparsınlar və müqavilələr bağlasınlar. Bundan əlavə, hökumət İstanbula gedən diplomatik nümayəndəliyə Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi müqavilələr bağlamaq və imzalamaq hüququ da verirdi. Belə bir səlahiyyət Dağlılar respublikası ilə münasibətlərə də aid idi(1, 92).     İstanbulda keçirdikləri birinci görüşlər haqqında M.Ə.Rəsulzadə xarici işlər naziri M.H.Hacınskiyə bunları yazırdı: "İyunun 24-də İstanbula yetişdik və Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq, xarici işlər naziri Ənvər paşa, Хəlil bəy, Şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayırıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı ilə, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki, bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik. Fikirləşirik ki, konfrans Ramazan bayramından tez başlamayacaq"(1, 94).     1918-ci ilin sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş Sultan VI Mehmedin İstanbulda olan Azərbaycan nümayəndələrini qəbul etməsi Azərbaycanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılınc asma mərasimi ilə bağlı İstanbulda olan bir sıra nümayəndəliklər Sultanın qəbuluna dəvət edilmişdilər. Lakin Sultanın şəxsi təşəbbüsü ilə birinci olaraq Azərbaycan nümayəndələri qəbul edildilər. M.Ə.Rəsulzadə, X.Xasməmmədli və A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndələrini Ənvər paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Respublikası adından VI Mehmedi təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi ki, "sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə kimi qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzu edirəm". Bu qəbul barəsində Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"(1, 130-131).     Oktyabr ayının axırlarında İstanbul konfransında iştirak etmək üçün Türkiyədə olan Azərbaycan nümayəndələri, Mərkəz ölkələri tərəfindən respublikanın istiqlaliyyətini tanıyacaqlarına ümidini itirərək və yaranmış böhranlı vəziyyətlə əlaqədar olaraq konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdılar. Sonuncu olaraq noyabr ayının 1-də X.Xasməmmədli İstanbuldan Bakıya yola düşdü. Lakin, ümumiyyətlə, M.Ə.Rəsulzadənin, X.Xasməmmədlinin və A. Səfikürdskinin İstanbul səfəri əhəmiyyətsiz olmadı(1, 152).     X.Xasməmmədli  İstanbuldan döndükdən sonra 1918-ci il oktyabrın 6-da aparılan kabinədaxili dəyişikliklərdən sonra X.Xasməmmədli yollar naziri təyin edilmişdi. Fətəli Xan Xoylunun rəhbərlik etdiyi 3-cü hökumət kabinəsində (26.12.1918 – 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etməyə başlayır.  Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etdi. Azərbaycan Cümhuriyyəti dönəmində Daxili İşlər orqanlarının təkmilləşdirilməsi, kadr potensialının artırılması, polis orqanları ilə bağlı hüquqi bazanın dahada inkişafı Xəlil bəy Xasməmmədlinin adı ilə bağlıdır.     X.Xasməmmədlinin nazirliyi dövründə onun əmri ilə 14 fevral 1919-cu ildə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin Təftiş İstintaq Komissiyası yaradılmışdı. Onun təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təşkili haqqında” qanun layihəsinə baxmışdı. (Parlamenti Mühafizə Dəstəsi sonra alaya çevrilmişdi)(4, 107).     X. Xasməmmədlinin başçılıq etdiyi Daxili İşlər Nazirliyi öz fəaliyyətində Milli Ordu ilə qarşılıqlı fəaliyyət göstərirdi. Bunu Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S. Mehmandarovun 1918-ci ilin dekabrında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi məlumatlardan da bilmək olar. X.Xasməmmədlinin nazirliyi zamanı Daxili İşlər Nazirliyinin məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisinin sayı rəsmən 9661 nəfərə çatmışdı. Bundan 1-ci dərəcəli qorodovoylar 498 nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keşikçilər 242 nəfər, 2-ci dərəcəli keşikçilər 243 nəfər idi(7, 47). Həmin vaxtdan əvvəllər ləğv edilmiş Bakı Qradonaçalnikliyinin faəliyyəti də bərpa olun-muşdu. Bu qurum birbaşa Azərbaycan DİN-ə tabe idi. 3-5 yanvar 1919-cu i il Bakıdakı Böyük Britaniya Müvəqqəti Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DİN-in birgə əməliyyatları nəticəsində milli hökumətimizə qarşı yönəlmiş İrandakı sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun qəsdinin üstü açılmışdı(4, 108).     Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabineti zamanı daxili işlər naziri işləmiş X. Xasməmmədli yorulmaz və barışmaz şəxsiyyət olmuşdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və bunu tabeliyində olanlardan da tələb edirdi. Onun ölkədə ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahəsində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi. Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniş iclasında çıxış edən daxili işlər naziri X. Xasməmmədov demişdi: - ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliyyət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iştirakına da aiddir”. Xəlil bəy Parlamentdəki həmin çıxışında Quba, Göyçay, Gəncə və bəzi başqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə yanaşı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yollarından da bəhs etmişdi. Nazir Qazax qəzasında polisin istintaq orqanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını bildirmiş, həmçinin Ağstafa stansiyası vasitəsilə qonşu Gürcüstan və Ermənistana daşınıb 1 pudunun 20 manata satıldığı neft alverindən bəhs edib bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə çatdırmışdı.     18 yanvar 1919-cu il Bakıdakı müttəfiq dövlətlərin müvəqqəti Polis Komissarlığının razılığı və təşəbbüsü ilə Bakı Polismeysterliyinin yeni ştatlar üzrə Xəfiyyə Polisi təsis olunmuşdu. Bu vaxtadək həmin Polismeysterliyin Xəfiyyə hissəsinin rəisi olan Həsən bəy Fətəlibəyov Bakı Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin edilmişdi. Həmin vaxt Azərbaycan hökumətinin qərarı və daxili işlər naziri X. Xasməmmədlinin əmri ilə mərkəzi Şuşa şəhəri olan, tərkibinə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının daxil olduğu Qarabağ General-Qubernatorluğu təsis edilmişdi. Gəncə quberniyasından ayrılaraq 1919-cu il yanvarın 13-də təsis edilən Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-da Xosrov bəy Sultanov təyin edilmişdir.     Xəlil bəy Xasməmmədli Daxili İşlər nazirliyinin rəhbəri olarkən bolşevizmə, onun təbliğatına qarşı ciddi işlər görürdü. Onun bolşevizmə qarşı mövqeyi birmənalı idi. Milli hökümətimiz qurulmamışdan əvvəl belə Gəncədə İctimai Təşkilatların İcrayə Komitəsinin rəhbəri olarkən o açıq şəkildə bolşevizmə qarşı mübarizə elan etmişdi.     Daxili İşlər naziri olarkən 8 aprel 1919-cu ildə general-qubernator doktor X. Sultanova “ N.Nərimanovun Azərbaycan ordusunda bolşevizmin təbliğatını apardığına görə həbs edilməsi barədə” sərancamgöndərmişdi. Həmin sərəncamda yazılmışdı: “Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümmət”dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə catmışdır. Bu barədə Sizə məlumat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədli”(6, 224).     Xəlil bəy Xasməmmədli tutduğu bütün postlarda hüququn aliliyi prinsipini qorumağa, dövlətin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün gücü və enerjisini səfərbər etmişdi.      Gəncə qubernatoru polkovnik İ.Vəkilov 1919-cu ill martında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi raportda bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi “fitnə-fəsadlar” aşkar edilmişdir.Yerli bolşeviklərlə birləşən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.     1919-cu ilin martında Novruz Bayramı münasibəti ilə Milli Ordunun paradı keçirilmişdi. Respublika hərbi naziri, tam artillerya generalı S. Mehmandarov, bir qrup Parlament üzvü (onların içərisində X. Xasməmmədlidə var idi) paradda iştirak etmək üçün Gəncəyə gəlmişdilər. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbi nazir S. Mehmandarov Daxili İşlər Nazirliyinin vəzifə daşıyan yüksək rütbəli məmuru qubernator, polkovnik İ.Vəkilova səmimi təşəkkürünü bildirmişdi. Bununla bərabər, daxili işlər naziri X. Xasməmmədlinin verdiyi təqdimatlar və Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər nümunəvi xidmətinə görə İbrahim ağa Paşa oğlu Vəkilova general-mayor ali hərbi rütbəsi, onun müavini Hüseynqulu xan Xoyluya isə polkovnik rütbəsi verilmişdi(4, 115).     Xəlil bəy Xasməmmədli 1919-cu ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi ilk hökümət kabinetində qısamüddətli Daxili İşlər naziri çalışır. Həmçinin Nəsib bəyin rəhbərlik etdiyi sonuncu, 5-ci kabinədə o Ədliyyə naziri olur. Ümumilikdə götürdükdə Azərbaycan Cümhuriyyətinin hüquq, ədliyyə və polis sisteminin qurulmasının ağırlığı Xəlil bəy Xasməmmədlinin üzərində olub. Hüquq sahəsindəki savadı, işin praktiki tərəfini mükəmməl bilməsi bütün bu məsuliyyətləri ona tərəf yönləndirib. Dövlət Dumaları və Seym zamanı qazandığı təcrübə ona bu işlərdə geniş imkanlar yaratmışdı.     Tadeuş Svyataxovki Xəlil bəy Xasməmmədli haqqında bildirirdi ki, o çox dərin adam idi, ölkədə hansı addım atılırdısa, sonuncu söz bir hüquqşunas kimi ona verilirdi.     O öz işinə yaxşı bələd olduğu üçündür ki, Gürcüstanın hökümət nümayəndələri Azərbaycanda apelyasiya instansiyasının Tiflis Məhkəmə Palatasının nəzdində təşkil edilməsini təklif edəndə Xəlil bəy buna qəti etiraz etmiş, uzaqgörənliklə : “müstəqil dövlətin müstəqil məhkəməsi olmalıdır” demiş və bunun Azərbaycan Ali məhkəməsinin özündə yaradılmasına nail olmuşdu. Azərbaycanda Məhkəmə palatasının, onun əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılmasıda Xəlil bəyin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Məhkəmə Palatasının böyük sədri Xəlil bəyin böyük qardaşı Ələkbər bəy Xasməmmədli təyin edilmişdir(3, 190). Nazirlər Şurasının 28 fevral 1919-cu il tarixli qərarı ilə o bu vəzifəyə təyin edilmişdi. O həmçinin Mülki departamentə rəhbərlik edir. Ələkbər bəy Xasməmmədli gələcək fəaliyyətlərində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfindən işlənib hazırlanmış prinsipləri rəhbər tutcaqlarını, ədalət mühakiməsini qorxuya görə deyil, vicdana görə həyata keçirəcəklərini və bu zaman qanunçuluq və ədalətə riayət edəcəklərini bəyan edir (5, 49-50).     1920-ci ilin aprel ayında Xəlil bəy Xasməmmədli Azərbaycan Cümhuriyyətinin Türkiyədəki səfiri təyin edilir. Həmin ilin apreli Azərbaycan Cümhuriyyətinin mövcudluğunun son ayı idi. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilir. Bu xəbəri Xəlil bəy İstanbuldan eşidir. Bu xəbər onun üçün çox ağır və məyyusedici idi.     Həmin xəbərdən sonra bir çox silahdaşlarının - F. Xoylunun, H.Ağayevin, M.Vəkilovun, Ş. Rüstəmbəylinin və başqalarının o zaman Tiflisə gələrək orada yaşadıqlarını bilən Xəlil bəy də bu şəhərə gəlmiş, bir müddət orada yaşamışdı. Lakin duyurdu ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurtara bilməyəcək. Odur ki, 1920-ci il iyunun 19-da Tiflisdə Azərbaycan hökumətinin sabiq baş naziri və daxili işlər naziri Fətəli xan Xoylunun muzdlu erməni terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil bəy erməni terrorçusu ilə atışmada özü də yaralanmışdı. Xəlil bəy boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmişdi) daha Tiflisdə qalmayıb Türkiyəyə, İstanbula mühacirət etmiş və ömrünün sonunadək orada yaşamışdı.(4, 120). Fətəli Xanın qətlinin və Xəlil bəyin vurulmasının bilavasitə icraçıları erməni daşnakları olsada, polkovnik-leytenant Korbelin fikrincə bu cinayətin arxasında Azərbaycanda üsyançı hərakatı başsız qoymağa ümid edən bolşeviklər durmuşdu(3, 50). 1. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009  2. Firuz Kazımzadeh “TRANSKAFKASYA İÇİN MÜCADELE (1917-1921) Türkiye-İngiltere-Rusya, İstanbul, 2016 3. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015 4.  Iltifat Şahevən(Əliyarlı), Tahir Behbudov – “İstiqlal fədailəri- Azərbaycan Xalq Cümhuriyyətinin  Daxili İşlər Nazirləri və silahdaşları (1918-1920), Bakı, 2013. 5. Mehman Dəmirov “Azərbaycan prokrorluğu- tarix və müasirlik”, Bakı, 1997 6. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 7. İltifat Əliyarlı- Şahsevənli “ Azərbaycan polisinin yaranması və təşəkkül tarixindən”, Bakı, 2018. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Arayik “qəhrəman” “hərbi hissə” komandirini Xocavəndə “başçı” təyin etdi… -FOTO

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun 2 il 5 aydan çoxdur Rusiyanın nəzarətində qalan hissəsindəki separatçı-terrorçu erməni rejiminin başçısı Arayik Arutyunyan Xocavənd rayonunun işğalda qalan hissəsinə yeni qanunsuz “başçı” təyin edib. Sozcu.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb. Məlumata görə, Edik Avanesyan sözügedən “rayon”un “administrasiya rəhbəri” vəzifəsindən azad edilib, onun yerinə isə Unan Hayrumyan təyin edilib. Qeyd edilir ki, bundan əvvəl Unan Hayrumyan separatçı rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin “direktor müavini” vəzifəsindən azad edilib. Araşdırmamıza görə, U.Hayrumyan keçmiş qanunsuz hərbi hissə komandiri olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı döyüşlərdə fəal iştirak edib. Arayik  2020-ci ilin noyabrında Azərbaycana qarşı müharibədə göstərdiyi “şücaətə” görə U.Hayrumyana “Artsax qəhrəmanı” adı verib və onu “Qızıl qartal” ordeni ilə təltif edib.(moderaor)

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - III hissə

Dumadan sonrakı və Azərbaycan Cümhuriyyətinə qədər ki, fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur                       III hissə Xəlil bəyin Dumadan sonrakı fəaliyyəti Yelizavetpol şəhər bələdiyyəsi ilə bağlıdır. 1913-1917-ci illər arasında o şəhər bələdiyyəsinin rəhbəri idi. Bütün ömrü boyu milli maraqlardan çıxış edən, xalqın istək və arzuları uğrunda mübarizəni ali dəyər hesab edən Xəlil bəy ana prinsipi, ideyanı həmişə qorumağa çalışmışdı. Dumadakı fəaliyyəti, ortaya qoyduğu mövqeyi, fəaliyyəti zamanı qaldırdığı məsələlər, qətiyyətli və mətin siyasi davranışları onun Azərbaycanda, bütünlükdə o zamankı Rusiya müsəlmanları arasında mövqeyini möykəmləndirmiş və adını şöhrətləndirmişdi. Bələdiyyə rəisi olduğu zaman Gəncənin ziyalı elitası və milli düşüncəyə sahib insanları ilə əlaqələri möykəmləndirən Xəlil bəy 1917-ci ilin fevralında Rusiya ərazisində qarşıqlıq zamanı Gəncədə ən nüfuzlu və hörmətli şəxslərdən biri idi. 1917-ci ilin mart ayında Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən elan edilmiş Türk Ədəmi-Mərkəziyyət Partiyasının rəhbər heyətinin əsas simalarından biri Xəlil bəy Xasməmmədli idi. Savadlı hüquqşunas, zəngin siyasi bioqrafıya malik bir şəxs və peşakar hüquq bilcisi kimi partiya proqramının hazırlanmasında onunda rolu var.     1914-cü ilin sentyabrında Şəhərlər Birliyinin Bakı və Yelizavetpol komitələri fəaliyyətə başladı. Onlar şəhər özünüidarəsi xadimlərinin, burjua ziyalılarının və xırda burjuaziyanın bir hissəsinin cəmləşdiyi mərkəzlərə çevrildilər. Bakı komitəsininin sədri şəhər qlavası L.L.Bıç, Gəncə komitəsinin sədri isə şəhər qlavası Xəlil bəy Xasməmmədli oldu(1, 146).    1917-ci ilin martında Gəncə və Qazax qəzalarında və həmin şəhərlərdə İctimai Təşkilatların İcrayə Komitələri təsis edildi. Gəncə quberniyası icra komitəsinin sədri vəzifəsinə quberniyanın ən böyük bəylərindən Xəlil bəy Xasməmmədli seçilmişdi. İsmayıl Xan Ziyadxanlı isə milis rəisi vəzifəsinə kemişdi. Xəlil bəy seçildiyi ilk gündən bildirmişdi ki, bolşeviklərin inqilabi hərakatını təqib edəcək və bütün qüvvəsi ilə ona qarşı mübarizə aparacaq(4, 24).     1917-ci ilin aprelində Bakıda Ümumqafqaz müsəlmanları qurultayı keçirilir və həmin qurultayda Xəlil bəy Xasməmmədli milli camiyənin əsas simalarından biri kimi iştirak edir.     1917-ci ilin oktyabr ayının 24-də Tatar alayının keçmiş komandiri Polovstevin Yelizavetpola gəlişi ilə bağlı Müsəlman Milli Komitəsinin fövqəladə iclası keçirilir. Generalı toplaşanların sürəkli alqışları və Xəlil bəy Xasməmmədlinin təbrik sözü ilə qarşılayırlar. Milli Komitənin nümayəndləri öz nitqlərində millət üçün milli alayların böyük əhəmiyyətini qeyd edir, alayın komandir tərkibinin zabitlərin siravilər və süvarilərlə birliyindəki xidmətlərini təsdiqləyir və milli alaylarla Milli Komitə arasında həmrəyliyə və əlaqəyə çağırırlar.     Polovstev ilə görüşdə Ə. Rəfibəyov, X. Xasməmmədli, A. Ağayev, Ş.Rüstəmbəyli, A. Səfikürdski, Qacar iştirak edirdi. Yelizavetpolda 1-ci müsəlman hərbi qurultayı keçirilir. Müsəlman korpusunun formalaşdırılması tapşırığı alan general-leytanant Ə.Şıxlinski Tiflisdən Yelizavetpola gəlir və könüllülərdən ibarət alayın formalaşmasına başlayır(3, 94).     1917-ci ilin noyabr ayının 24-də Zaqafqaziya Komissarlığı təsis edilir. Azərbaycandan 4 nəfər oradan nazir vəzifəsi tutur. Xəlil bəy Xasməmmədli Nəzarət naziri postuna sahiblənmişdi. Bu 4 şəxsdən 3-ü keçmiş Duma mənsubları idi. 1918-ci ilin fevral ayının 10-da Zaqafqaziya Seyimi təsis edilir. Xəlil bəy Xasməmmədlidə Müsəlman fraksiyasının tərkibində seymə daxil edilir. Seymin fəaliyyətində Xəlil bəy fəal iştirak edir, Trabzon konfransında iştirak edəcək heyyətin tərkibində yer alır. Martın 12-də heyyətin tərkibində danışıqların başlanacağı Trabzona gəlir(1, 244).     Trabzon konfransında heyyətə daxil olan gürcü və ermənilərdən fərqli olaraq Xəlil bəygilin qarşısında bir məqsəd var idi. Dilimiz, dinimiz bir olan Osmanlı türkləri ilə münasibətləri möykəmləndirmək, onların dəstəyini əldə etmək və onlara qarşı erməni və gürcülərin mənfur niyyətlərində yer almamaq.     Aprel ayının 20-də hümmətçilərin iştirakı olmadan Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasına daxil olan bütün partiyaların nümayəndələrinin iştirakı ilə təcili birgə iclası keçirildi. İclasda Bakı hadisələri ilə bağlı hökumətin biganə siyasətindən, bolşevik terroru və özbaşınalığına qarşı ciddi tədbir görülmədiyindən danışıldı, daşnakların Bakı bolşevikləri ilə əlaqəsindən, habelə gürcü menşeviklərində də belə meylin hiss edildiyindən bəhs edildi. Orada göstərildi ki, "polkovnik knyaz Maqalov indi hər gün həddindən artıq həyəcanlı teleqramlar göndərib xahiş edir ki, zirehli qatar, top, mərmi, pulemyot və patron göndərilsin, lakin hökumət buna heç bir əhəmiyyət vermir və onların göndərilməsi üçün əməli tədbir görmür"(2,54). Xəlil bəy Xasməmmədli həmin iclasda bildirdi ki, Zaqafqaziyada indi hökumət yoxdur, Geqeçkori, Karçikyan və Ramişvilidən ibarət erməni və gürcülərin diktaturası vardır, danışıqlarda bolşevik-erməni intriqası nəticəsində parçalanmaya məruz qalan gürcü xalqı üçün də böhranlı olan bu vəziyyətdə ona hər şeyi birbaşa söyləməyi və qəti cavaba nail olmağı təklif edir : “Bizimlə, yoxsa bizə qarşı. Əgər bizə qarşıdırsa, onda bizim əlimizdə başqa cür düymə var və əgər onu işə salsaq, böyük sarsıntılar baş verə bilər”(3, 305).        May ayının 6-da Seymin müsəlman fraksiyasının birgə iclasında Seym üzvü F.X.Xoylu fövqəladə bəyanat verərək dedi: "Daşnaksütyun partiyasının Seym fraksiyasının məsul nümayəndələri bildirmişlər ki, Bakı hadisələrini ləğv etməyi bu şərtlərlə öz üzərlərinə götürürlər ki, Bakıda gələcək hökumət sırf müsəlmanlardan deyil, beynəlmiləl hökumət kimi yaradılsın və erməni hərbi hissələri Bakıda saxlanılsın". F.X.Xoylu qeyd edirdi ki, belə həyasız təklifi o, həmin dəqiqə taktiki mülahizələrlə rədd etməmişdi". Seym üzvü N.Yusifbəyli bildirdi ki, daşnakların bu qeyri-səmimi xidmətləri mehriban qonşuluq şəraitində yaşamaq arzusundan deyil, daha çox türk qoşunlarının Azərbaycana yaxınlaşmasından irəli gəlir. Seym üzvü X.Xasməmmədli Bakıda hakimiyyətin bölüşdürülməsinin yolverilməz olduğunu söyləyib qeyd etdi - Bakıda və ümumilikdə Şərqi Zaqafqaziyada bütün hakimiyyət müsəlmanlara məxsus olmalıdır, biz Bakını müvəqqəti olaraq itirmişiksə də, lakin onu bütövlükdə və əbədi olaraq qaytarmaq üçün hər şey etməliyik, ikinci bir yol yoxdur, ya hamısını, ya da heç nə.(2, 68). Sonra Xasməmmədli əlavə edir : “Daşnakların təklif ediyi şərtlər onlar qarşısında bədnam təslimçilik kimi qəbulolunmazdır. Bakı yarandığı ilk günlərdən qəti formada qoyulub: Ya hər şey, ya heç nə(3, 311). Həmin İclasda iki bənddən ibarət qərar qəbul edildi: "Bakıda hakimiyyət müsəlmanlara verilməlidir. 2. Müsəlman hərbi hissələri həmin hökuməti müdafiə etmək üçün Bakıya daxil olmalı, erməni hərbi hissələri isə tərksilah edilib oradan çıxarılmalıdır"(2, 68).     Batumdakı Azərbaycan nümayəndələri gürcülərə təklif etdilər ki, ermənilərsiz ikilikdə dövlət yaratsınlar. Lakin gürcülər bildirdilər ki, onlar özlərinin ayrıca dövlətlərini yaratmaq fikrindədirlər. Azərbaycan fraksiyası bu xəbəri eşidən gün iki dəfə, səhər və axşam iclas keçirdi. Səhər iclasında bildirildi ki, etibarlı mənbələrdən alınan məlumata görə, gürcü fraksiyası Batumda olan gürcü nümayəndələri ilə birlikdə Gürcüstanın ayrılmasına və müstəqilliyini elan etməsinə dair gizli danışıqlar aparırlar. Qərara alındı ki, Gürcüstanın ayrılması məsələsi demək olar ki, həll edildiyindən Seymin müsəlman fraksiyası bu akta hazır olmalıdır. İclasda bütün Seym fraksiyası belə bir qəti qərara gəldi ki, "Gürcüstanın ayrılıb müstəqilliyini elan edəcəyi halda, Azərbaycan da öz müstəqilliyini elan etməlidir". Axşam iclasında da Gürcüstanın ayrılacağı təqdirdə Azərbaycan fraksiyasının vəzifələri məsələsi müzakirə edildi. İclasa F.X.Xoylu sədrlik edirdi və on altı nəfər Seym üzvü toplanmışdı. İclas açılan kimi F.X.Xoyluya tapşırıldı ki, Zaqafqaziya Seyminin sədri Çxeidzenin yanına gedib sabaha təyin edilmiş iclasın gündəliyini öyrənsin və Batumdakı Azərbaycan nümayəndələri ilə birbaşa əlaqəyə girsin. F.X.Xoylu getdikdən sonra müvəqqəti olaraq iclasa sədrlik edən X.Xasməmmədli ölkədəki vəziyyət haqqında məlumat verir. O, Cənubi Qafqaz hökumətində əsl birliyin olmadığını və Azərbaycan türklərinə heç bir yardım göstərilmədiyini qeyd edib Kürdəmirə doğru hərəkət edən bolşeviklərə qarşı menşeviklərin heç bir ciddi tədbir görmədiyindən şikayətləndi(2, 71).     Tiflisdə olan Azərbaycan siyasi elitasının tərkibində Xəlil bəy Xasməmmədli Zaqafqaziya Seyminin üzvü kimi ən fəal siyasi xadimlərdən biri idi. Dumalarda olduğu kimi burada da aktivlik nümayiş etdirmiş, ən köklü məsələlərə münasibət bildirərək milli maraqlarımızın qorunmasına çalışmışdır. 1. Azərbaycan Tarixi, 5-ci cild, Bakı, 2008 2. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009 3. Həsən Həsənov “ Birinci Respublikaya aparan yollar”, Türkiyə, 2018 4. Teymur Miralayev “ Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərakatına bolşeviklərin rəhbərliyi”, Bakı, 1963. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədi - Ceyhun Nəbi

Xameneinin bacısı qızı molla rejiminin qondarma məhkəməsindən imtina etdi

İranın ali dini rəhbəri Əli Xameneinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani molla rejiminin qondarma məhkəməsindən imtina edib. Bu barədə “Azad İran” “Telegram” kanalı hüquq müdafiəçisinin qardaşına istinadla xəbər verib. Onun sözlərinə görə, bacısı 20 gün əvvəl atasıgildən öz evinə gedərkən heç bir hüquqi göstəriş olmadan hökumət məmurları tərəfindən həbs edilib. “Onun evində olan şəxsi sənədləri və mobil telefonu da götürülüb. 20 gündür, bacımdan heç bir xəbər yoxdur. Hazırda Evin həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Anamla bir neçə saniyə telefonla danışıb. Səsindən yorğun olduğu hiss olunurdu, bundan artıq danışmağa icazə vermirlər, nəzarət altında olduğu üçün demək istədiyi sözü deyə bilmir”. Hüquq müdafiəçisinin qardaşı bildirib ki, F.Muradxani ETTELAAT tərəfindən qəfil həbs edilib və hazırda araşdırmalar getdiyi üçün vəkil tuta bilmir. “Bu, rejimin siyasi məhbuslara qarşı həyata keçirdiyi metoddur və hazırda ölkədə hədsiz sayda siyasi məhbus var”, - deyə o vurğulayıb.

"İran rejimi Fəridi Azərbaycana qarşı təzyiq etmək və bununla nəsə qoparmaq üçün oğurlayıb"

"Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından bir aydan çox vaxt ötür. Ancaq hələ də ondan heç bir xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib, lakin indiyədək vətəndaşımız taleyi barədə yeni bir informasiya əldə olunmayıb". Bunu Demokrat.az-a açıqlamasında hazırda Finlandiyada yaşayan Təbrizdən olan soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bildirib. O, azərbaycanlı gənc tələbənin İranda siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib:  "Fəridin İrana gediş şəkli onun planlaşdırılmış və məqsədli şəkildə Tehrana aparıldığını göstərir. Bunun şəxsi zəmində baş vermədiyini və adam qaçırma hadisəsi olduğuna dair şübhələri gücləndirir. Üstəlik hadisənin İranda daxili sabitliyin olmadığı, dünya dövlətlərinin öz vətəndaşlarına İrana getməməyi tövsiyə etdiyi, Azərbaycanla İran arasında münasibətlərin gərginləşdiyi bir zamanda baş verməsi şübhələri daha da artırır". Güneyli politoloq qeyd edib ki, İranın xüsusi xidmət orqanlarının bənzər metodlarla hədəf seçdiyi şəxsi aldadaraq, İstanbula gətirib, orada yerləşmiş kəşfiyyat şəbəkəsinin vasitəsilə İrana qaçırması sıx-sıx rastlanan hadisədir:  "İranın rejimə qarşı çıxmış müxaliflərin, yəhudi dininə mənsub İsrail vətəndaşlarının, Amerika və Avropa vətəndaşlarının oğurlanaraq, İrana aparılması xüsusi xidmət orqanının son dönəmlərdə tez-tez əl atdığı üsuldur. Hətta, İrana səfər etmiş Qərb ölkə vətəndaşlarının da tutularaq, casusluqda ittiham edildiyini, bununla da İranın həmin ölkələrdə bir sıra güzəştlər əldə etdiyini yaxşı bilirik. Bütün bunları və Azərbaycanla İran arasındakı münasibətlərdə gərginliyin pik həddinə çatdığı gərçəyini nəzərə alsaq, Fəriddən Azərbaycana qarşı təzyiq etmək və bir sıra güzəştlərə nail olmaq, yaxud da İrana casusluq etməyə zorlamaq məqsədilə əvvəlcədən planlaşdırılmış formada İrana qaçırıldığını söyləmək mümkündür".

"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir" - Britaniya səfiri

Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld özünün Tvitter paylaşımında qeyd edib. Səfir bunun yolverilməz olduğunu vurğulayıb: “Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.

Erməni polisi əsgərimizi MTX-yə təhvil verdi

Erməni polisi Qafanda saxlanılan əsgərimizi Milli Təhlükəsizlik Xidmətinə təhvil verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb. Polis məsələ ilə bağlı təfərrüatı açıqlamayıb.