"Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından bir aydan çox vaxt ötür. Ancaq hələ də ondan heç bir xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib, lakin indiyədək vətəndaşımız taleyi barədə yeni bir informasiya əldə olunmayıb".
Bunu Demokrat.az-a açıqlamasında hazırda Finlandiyada yaşayan Təbrizdən olan soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bildirib.
O, azərbaycanlı gənc tələbənin İranda siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib:
"Fəridin İrana gediş şəkli onun planlaşdırılmış və məqsədli şəkildə Tehrana aparıldığını göstərir. Bunun şəxsi zəmində baş vermədiyini və adam qaçırma hadisəsi olduğuna dair şübhələri gücləndirir. Üstəlik hadisənin İranda daxili sabitliyin olmadığı, dünya dövlətlərinin öz vətəndaşlarına İrana getməməyi tövsiyə etdiyi, Azərbaycanla İran arasında münasibətlərin gərginləşdiyi bir zamanda baş verməsi şübhələri daha da artırır".
Güneyli politoloq qeyd edib ki, İranın xüsusi xidmət orqanlarının bənzər metodlarla hədəf seçdiyi şəxsi aldadaraq, İstanbula gətirib, orada yerləşmiş kəşfiyyat şəbəkəsinin vasitəsilə İrana qaçırması sıx-sıx rastlanan hadisədir:
"İranın rejimə qarşı çıxmış müxaliflərin, yəhudi dininə mənsub İsrail vətəndaşlarının, Amerika və Avropa vətəndaşlarının oğurlanaraq, İrana aparılması xüsusi xidmət orqanının son dönəmlərdə tez-tez əl atdığı üsuldur. Hətta, İrana səfər etmiş Qərb ölkə vətəndaşlarının da tutularaq, casusluqda ittiham edildiyini, bununla da İranın həmin ölkələrdə bir sıra güzəştlər əldə etdiyini yaxşı bilirik. Bütün bunları və Azərbaycanla İran arasındakı münasibətlərdə gərginliyin pik həddinə çatdığı gərçəyini nəzərə alsaq, Fəriddən Azərbaycana qarşı təzyiq etmək və bir sıra güzəştlərə nail olmaq, yaxud da İrana casusluq etməyə zorlamaq məqsədilə əvvəlcədən planlaşdırılmış formada İrana qaçırıldığını söyləmək mümkündür".