Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bir neçə gündür ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəbdə baş verənlər müzakirə predmetinə çevrilib. Yada salaq ki, məktəbdə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qalması ilə bağlı məlumatlar yayılmışdı. Düzdür, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi açıqlamasında qeyd edilib ki, kamera görüntülərinə əsasən məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb. Bununla belə, valideynlər bu açıqlama ilə razılaşmadıqlarını bildiriblər. Valideynlər Baku TV-yə açıqlamalarında hadisənin ört-basdır edildiyini bildiriblər: “Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”. Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə də saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib. 6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu, həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb. Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib. Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib. Bir gün öncə isə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülməsi məktəblərə olan etimadı, inamı daha da sarsıtdı. Son günlər məktəblərdə baş verən kriminal hadisələr valideynlərin təlaşına səbəb olub. Artıq təhsil ocaqlarında kameraların olmasının yetərli olmadığı görünür. Burada təhlükəsizliklə bağlı daha ciddi tədbirlərin görülməsi zərurəti yaranıb. Bəs məktəbliləri necə qorumalı? Məsələ ilə bağlı təhsil üzrə ekspert Qoşqar Məhərrəmov Musavat.com-a fikirlərini açıqlayıb. O deyib ki, məktəblərdə şagirdlərin nəzarətsiz qaldığı tək yer altı tam bağlı, kilidi olan ayaqyolu olmalıdır: “Qalan hər yerdə şagirdlər nəzarətdə olmalıdır. Bunun üçün lazımi növbətçilik sistemi direktorlar tərəfindən qurulmalıdır. Bunu edə bilmək üçün isə direktorun tam gün məktəbdə olan və lazımi qədər məvacib alan müəllimlərə ehtiyacı var. Direktor məktəbin hər yerində, bütün şagirdlərə hər an nəzarət edə bilmək üçün hər müəllimə həftədə maksimum 30-60 dəqiqə növbətçilik versə, bu məsələni həll etmək olar. Müəllimlər bəli, həm də şagirdləri mühafizə etməlidirlər. Bu məsələni mühafizə xidməti ilə həll edəsi olsanız, onda hər məktəbdə 5-6 mühafizəçiyə ehtiyac olacaq. Bu da hazırda çətin görünür. Çünki qəza vəziyyətində olan məktəblərə belə hələ sıra gəlməyib. Təklifim budur ki, məktəblərdə siniflərin hamısının qapısında kilid olsun. Bütün siniflərdə məktəbdaxili telefon olsun. Şagirdlər məktəbə gələrkən sinfə keçmədən hamısı bir məkanda gözləsin. Müəllimlər siniflərini özlərində olan açarla açdıqdan sonra şagirdləri qəbul etsinlər. Dəhlizlərdə, bufetdə, şagirdlərin gözləmə zalında və həyətdə növbətçilər, onların xüsusi təlimatı olsun. Bu üsullar yaranan problemin qarşısını ala bilər”.
Sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilər üçün Ermənistanın Sosial Məsələlər Nazirliyində yeni layihə hazırlanır və bu barədə onlar artıq məlumatlandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Past” məlumat verib. Erməni nəşri yazır ki, söhbət mənzillərin verilməsi proqramından gedir: “Burada hər bir Qarabağ ermənisinə 5 milyon dram (12.410 dollar) məbləğində sertifikatın ayrılması planlaşdırılır ki, bu da yalnız mənzil alarkən istifadə olunacaq. Tutaq ki, bir ailədə 4 nəfər varsa, bu zaman həmin ailəyə 20 milyon dram (49,627 dollar) veriləcək. Bundan əlavə, həmin arayışlara əmsalların tətbiqi məsələsini də müzakirə edirlər. Məsələn, İrəvandan kənarda yerləşən mərzlərdə mənzillər alındıqda, sertifikatlara 1,6 əmsalı tətbiq ediləcək, yəni 5 milyon dram 1,6 əmsalı ilə artaraq 8 milyon drama (19.855 dollar) çatacaq”. Qəzet iddia edir ki, sərhəd kəndlərində isə daha yüksək nisbətdən danışılır: “Ən yüksək qiymətlər İrəvanda olsa da, sertifikat yalnız İrəvanda işləyəcək. Lakin layihə hələ ki, tamamlanmayıb. Əgər nazirlik bunu qəbul etsə, o zaman hakimiyyət paytaxtı Qarabağ ermənilərindən azad etməyə nail olacaq, çünki bu vəsaitlə ancaq mərzlərdə mənzillər almaq olar. Ona görə ki, paytaxtda mənzillərin qiyməti, əsasən, 20-30 milyon dram arasında dəyişir”. Analitiklərin fikrincə, Qarabağ erməniləri Paşinyan üçün əməlli-başlı başağrısına çevrilib. Baş nazir onları gözünün qabağında, yəni İrəvanda görmək istəmir. Bu məqsədlə hətta dövlət büdcəsindən milyonlar ayırmağa hazıdır. Yeni plan da məhz buna hesablanıb. yenisabah)
16 il rəhbərlik etdiyi Azərbaycan səhiyyəsi bu dəfə də Oqtay Şirəliyevin dərdinə dərman olmadı. Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq nazirin səhhəti ağırlaşdı və o, müalicə üçün Türkiyəyə aparıldı. Əslində elə nazir olduğu illərdə də Şirəliyev öz sağlamlığını yerli həkimlərə etibar etmirdi - müalicə üçün tez-tez ya Türkiyəyə, ya da Almaniyaya üz tuturdu. Hətta o zaman bununla bağlı dillərdə dolaşan bir lətifə də vardı. Deyirdilər ki, jurnalistlərdən biri nazirə zəng vurur və xalq arasında geniş yayılan “Azərbaycan səhiyyəsi ölüb, ağlayanı yoxdur” ittihamı ilə bağlı açıqlama istəyir. Xaricdə olan nazir səhiyyəmizin bərbad vəziyyətdə olması ilə bağlı ittihamları rədd edib deyir: “Hazırda Almaniyada müalicə alıram, qayıdanda onu deyənlərin cavabını verəcəyəm". Əlbəttə, sabiq nazirin indi necə deyərlər, canı ilə əlləşdiyi bir vaxtda bu yazını yazmamaq da olardı. Hətta səhhətində heç bir problem olmasaydı da, o, yəqin ki, bu yazını oxumayacaqdı. Amma hər halda maraqlıdır, görən, Şirəliyev bu ağır durumunda müalicə üçün xaricə aparılması haqda nə düşünür? Axı o, nə az, nə çox, düz 50 il səhiyyə sahəsində çalışıb. Bu stajın təxminən 30 ilini rəhbər postlarda keçirib, yuxarıda dediyimiz kimi, 16 il Səhiyyə naziri olub. Yəni, Oqtay Şirəliyevin səhiyyə sahəsində, o cümlədən indi əziyyət çəkdiyi onkologiya sahəsində vəziyyəti nizama salmaq üçün böyük səlahiyyətləri olub. Fəqət, sabiq nazir bu səlahiyyətlərdən yetərincə istifadə etməyib. Görən, heç olmasa, indi bu barədə düşünür, bunun peşmançılığını çəkirmi? Yoxsa canı ağrıya-ağrıya, bu ölkədən o ölkəyə daşınmaq ona daha xoşdur? 16 il nazir işləyən Oqtay Şirəliyevin səhiyyədən mirası da var: Respublika Diaqnostika Mərkəzi. Hətta başqa bir klinikasının olduğu da bildirilir. Azərbaycan səhiyyəsi bir yana, bu adam heç öz klinikalarına da "gün ağlamayıb" və taleyin ironiyasına baxın ki, bu gün əcnəbi həkimlərin şəfqətinə möhtac qalıb! Yeri gəlmişkən, Azərbaycanda onkoloji xəstəliklər ildən-ilə artır və cavanlaşır. Amma bu xəstəliklə mübarizənin necə bərbad vəziyyətdə olduğu hamıya bəllidir. Elə son dövrlərdə bir neçə cavan həmkarımızın, tanınmış insanların bu xəstəlikdən dünyasını dəyişməsini xatırlatmaq kifayətdir. Azərbaycan onkoloqları müalicə bir yana, bu bəlaya düçar olunların ömrünü uzatmaqda belə acizdirlər. Kimlərsə nicat tapırsa, yaxud bu xəstəlikdən bir qədər gec dünyasını dəyişirsə, buna görə, Qərb səhiyyəsinə minnətdardırlar. Azərbaycanda onkoloji xəstələrin düz-əməlli statistikası belə aparılmır. Baxmayaraq ki, indiki onkologiya mərkəzi ötən əsrin 40-cı illərində açılıb. 60-cı illərdən isə radiologiya ilə yanaşı, həm də onkoloji problemlərlə məşğuldur. Bu mərkəzdə bilavasitə statistika ilə bağlı fəaliyyət göstərən "Bədxassəli şişlərin epidemiologiyası və statistikası şöbəsi" var. Amma mərkəzin saytında o şöbəyə aid bölmədə bircə dənə də olsun, nə statistik məqalə, nə də məlumat yoxdur. Onda bu şöbə nə üçün yaradılıb? Eləcə də İnternet resurslarda onkolji xəstəliklərlə bağlı heç bir statistikaya rast gəlmək mümkün deyil. Ən yaxşı halda 2012-13-cü illərin statistikasına dair cüzi məlumatlar əldə etmək mümkündür. Müstəqil araşdırmalara görə isə hər gün Azərbaycanda ən azı 37 nəfər onkoloji xəstəliklərə mübtəla olur. İl ərzində belə xəstələrin sayı orta hesabla 13 -14 min nəfərə yüksəlir. Nəzərə alaq ki, onkoloji xəstəliklərin müalicəsi xeyli vəsait tələb edir və hər kəsin Oqtay Şirəliyev kimi xaricdə müalicə olunmaq lüksü yoxdur. Başqa sözlə, Azərbaycanda onkoloji xəstəliyə tutulmaq və imkansız olmaq potensial ölüm deməkdir! Qısa müddətli xəstəlik və ölüm! Əslində bütün sahələrdə belədir. Səhiyyədə də, təhsildə də, mədəniyyət də, hətta nəqliyyatda da. İllərlə bu sahəyə rəhbərlik edib ancaq öz ciblərini düşünən məmurlarla həyat eynən Oqtay Şirəliyevlə davrandığı kimi davranır... Zaur BakuPost
General-leytenant Hikmət Mirzəyevin Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı vəzifəsinə təyin edilməsi müzakirəsiz ötüşməyib. Hazırda ən çox maraq doğuran sual isə XTQ-nin yeni komandanının kim olacağıdır. Yenisabah.az bildirir ki, bu postu tutmağa layiq olan xeyli peşəkar zabit var. Hərbi ekspertlər də o fikirdədir ki, H. Mirzəyev XTQ-yə rəhbərlik etdiyi uzun illər ərzində öz yerini tutmağa layiq olan bir neçə yüksək rütbəli hərbçi yetişdirib. Adının çəkilməsini istəməyən keçmiş yüksək rütbəli zabitlərdən biri saytımıza ən şanslı namizədin kimliyini açıqlayıb. Mənbə deyib ki, XTQ-nin yeni komandanı general-mayor Akif Pirverdiyev ola bilər. Qeyd edək ki, Akif Səməndər oğlu Pirverdiyev peşəkar hərbçidir. Onun karyerasının əsas dövrü Müdafiə Nazirliyi ilə bağlıdır. A.Pirverdiyev polkovnik rütbəsini daşıdığı dövrdə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyun 2022-ci ildə general-mayor rütbəsinə layiq görülüb, “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. H. Mirzəyev Quru Qoşunlarının komandanı-müdafiə nazirinin müavini təyin olunandan sonra A.Pirverdiyev onun vəzifəsini icra edir.
İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Çalışmaq üçün işlək kanallar var, xüsusən də mənim aparatımla Azərbaycan prezidentinin aparatı arasında. Birgə bəyanatı məhz o kanallar vasitəsilə qəbul etmişik. Əlbəttə, mövzu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, üzərində işləyirik, yenidən göndəririk. İndi iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminatlar istəyirik ki, bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərdə alt qeydlər və sair olur. Hesab edirəm ki, bu vəziyyətə bir iş prosesi kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər davam etməliyik”, - baş nazir bildirib.
“20 yanvar hər bir azərbaycanlının qəlbində bir yaradır. O dəhşətli, faciəli gün heç vaxt yadımızdan çıxmaz. Elə bir ailə olmadı ki, ona ziyan, zərər toxunmasın. İstər maddi, istər mənəvi, istərsə də itkiləri ilə. 20 yanvar Azərbaycanın azadlığı üçün atdığı ilk addım idi. Düzdür, hamımız günahsız, silahsız idik. Vətənimizin övladları o vəhşilərin qarşısına ona görə çıxmışdı ki, onları başa salsınlar ki, əhali silahsızdır, körpələr yatıblar. Bütün bunlara baxmayaraq həmin vəhşilər o insanlara atəş açdılar, onları qətlə yetirdilər. Binaları, küçələri güllələdilər. Demək olar ki, nə qədər insan itkin düşdü. Birinin qolu, birinin qıçı tapıldı” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı bildirib. O daha sonra əlavə edib. “Bu hadisələr mənim evimin qarşısında olub. O dəhşətli gecə ölənə qədər yadımdan çıxmaz. İnsanların qışqırıq səsləri, tankların ətrafa səpələdikləri güllələr hafizəmdə dərin iz buraxıb. O illərdə Xamis hələ kinostudiyanın operatoru idi. Baş verənləri lentə almaq istəyirdi. Qışqırdı ki, “mənə kamera verin, çox xahiş edirəm”. Nazim İmanovun qardaşı Rasim İmanov artıq kamera tapmışdı, hər şeyi lentə alırdı. Bu vəhşiliyi bəşər tarixi yaddan çıxara bilməz. Nə 20 yanvar, nə də Xocalı qətliamı yaddan çıxa bilmərik. Bütün bunlarla bərabər biz o çətinliyə sinə gərdik, dözdük. İlk dəfə Şəhidlər Xiyabanı gördük. İlk dəfə Şəhidlər Xiyabanının nə olduğunu gördük. Heç bunu arzulamazdıq. İndi o xiyaban bizim üçün fəxrdir. Azadlıq, qəhrəmanlıq rəmzidir. Sonra isə Qarabağ şəhidləri. Azərbaycan verdiyi şəhidlərin, tökülən qanların naminə daha da bərkidi, mükəmməl oldu. Bu azadlığı, onların bizim üçün qoyub getdikləri torpaqların həmişə qədrini bilməyə çalışmalıyıq. Biləcəyik də. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə xalq artisti Afaq Bəşirqızı bildirib.
Qubada qadın qarşı xuliqanlıq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az publika.az-a istinadən xəbər verir ki, hadisə Quba şəhəri Timirzayev qəsəbəsində baş verib. Quba sakini, 1977-ci il təvəllüdlü Elvin Abduləzizov (soyadlar şərtidir) daimi müştərisi olduğu "480" adlı çay evində ofisiant xanıma qarşı xuliqanlıq edib. Belə ki, o, Nəzirə adlı qadının gətirdiyi çaynikin lüləyini onun istiqamətdə qoymasına irad bildirərək mübahisə edib. Sərxoş halda olan şəxs özündən çıxaraq masadakı külqabını qadının başına çırpıb. Barəsində Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanılan Elvin bildirib ki, Nəzirə daha əvvəl də çaynikin lüləyini ona tərəf qoyub və həmin vaxt ona irad bildirib: "Axşam saatlarında Timiryazev qəsəbəsindəki "480" adlı çay evinə gedib 5-6 bakal pivə qəbul eləmişdim. Sonra çay sifariş etdim. Bu zaman Nəzirə stola yaxınlaşıb çayniki masanın üzərinə qoydu, çaynikin lüləsini mənə tərəf çevirdi. Mən də Nəzirəyə "çaynikin lüləsini mənə tərəf qoyma" dedim. Nəzirə heç nə demədən masadan uzaqlaşıb getdi. Həmin günü axşam saatlarında çay evini işlədən Aynur adlı xanıma "whatsap"la ismarıc yazıb bundan sonra mənə Nəzirənin deyil, Ayan adlı işçinin qulluq eləməsini dedim. Bundan 1 gün sonra yenidən çay evinə getdim, 2-3 bakal pivə içdim, bir qədər oturduqdan sonra tanımadığım şəxslərin təklifinə əsasən onların masasına əyləşdim, onlarla spirtli içki qəbul etdim. Həmin günü saat 17 radələrində işim olduğundan kafedən çıxıb getdim. Bir qədər keçdikdən sonra Aynur onunla əlaqə saxlayaraq bir qədər öncə yanında oturduğum şəxslərin hesabın mənim ödəməli ölacağımı deyərək getdiklərini bildirdi. 15-20 dəqiqə sonra həmin çay evinə qayıtdım. Bir qədər sonra Nəzirə çay gətirdi, çayniki masanın üzərinə qoydu, lüləsini yenə də mənə tərəf çevirdi. Nəzirəyə "çayı Ayanın gətirməyini istəmişdim. Sən niyə mənim stoluma qulluq edirsən?" deyə soruşdum. O da cavabında "Ayan başqa stola baxır, ona görə mən qulluq edirəm", dedi. Ona "dünən sənə demişdim axı çayniki lüləsini mənə tərəf qoyma" dedim. Nəzirədə da qışqırıb "mən vorzakon deyiləm, avtoritet deyiləm, mən nə bilim çayniki sən tərəfə qoymaq nə deməkdi" dedi". Bundan sonra tərəflər arasında münaqişə olub və çoxsaylı müştərilərin içində Elvin masadakı külqabını götürərək Nəzirənin başına çırpıb və ona xəsarət yetirib. Hadisə ilə bağlı açılmış cinayət işinə bu ilin yanvarında Quba rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İsrailin bölgədəki daimi təhlükəsizlik problemini həll etmək və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol yoxdur. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında çıxışı zamanı deyib. “İsrailin hazırda belə bir imkanı var, çünki region ölkələri İsrailin təhlükəsizliyinə zəmanət verməyə hazırdır”, - o əlavə edib. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi.
İmişli rayonunda 26 dekabr 2023-cü il tarixində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin axtarışları davam edir. Sozcu.az xəbər verir ki, ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişində səsləndirilən iddia hər kəsi təəccübləndirib. Bildirilib ki, 11 yaşlı Rasimi yolda TIR vurub. İddiaya görə, TIR şoferi qəzadan sonra qorxduğu üçün azyaşlının bədəninə daş bağlayaraq onu su kanalına atıb. Ətraflı süjetdə:
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıya alınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. İl ötdükcə şəhər sakinlərinin sayı artır . Bəs görəsən bunun səbəbi nədir? Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Moderator.az-a danışdı. “Əgər inkişaf proporsional, ərazi üzrə bərabər getmirsə, inkişaf gedən istiqamətdə artım gedəcək. Bu da o deməkdir ki, insanlar şəhərlərə cəmləşəcək. Azərbaycanın misalında şəhərlər də demək olmaz, burdan bir şəhərdən söhbət gedir, Bakıdan. Yəni bu gün Azərbaycanın iqtisadiyyatı, siyasəti elə qurulub ki, bütün Azərbaycan bir Bakı üzərindədir. Azərbaycan adlı dövlətdən daha çox, Bakı adlı dövlət varmış kimi. Az qala əhalinin yarısı paytaxtda yaşayır. İşsizlikdən insanlar şəhərlərə axışırla r, regionlarda iş yerləri yoxdur. Misal üçün regionlarda nə iqtisadi, nə mədəni, nə də sosial baxımdan inkişaf getmir. Nəinki regionlarda, heç region şəhərlərində belə inkişaf getmir. Məsələn, Sumqayıta, Gəncəyə, Lənkərana, Mingəçevirə baxsaq, ordakı inkişafla, Bakı arasındakı inkişaf fərqi kifayət qədərdir. Bu məsələdə mən düşünürəm ki, xüsusi proqram qəbul olunmalıdır. Əhalinin paytaxta belə axınının qarşısı alınmalıdır. Eyni zamanda, kənd təsərüfatının artıq o qədər də gəlirli bir sahəyə çevrilməməsini, orada yaşayan insanların kənd təsərüfatından gəlir əldə edə bilməməyi də onları şəhərlərə köçməyə, iş axtarmağa məcbur edir. Neçə adam bu gün gəlib Bakıda kirayədə qalır, taksi və digər fəaliyyətlərlə məşğul olur. Bunun üçün xüsusi proqramlar qəbul olunmalıdır və əhalinin öz yaşadığı, qeydiyatda olduğu yerlərdə yaşayıb inkişaf etməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə ildən ilə paytaxta axın edənlərin sayı da artacaq. Bir də gözümüzü açacağıq ki, 10 milyon əhalinin 9 milyonu Bakıdadır.”
Yanvarın 13-də Bakıya yağan qar onsuz da tıxac problemi yaşayan paytaxt yollarında vəziyyəti daha da dözülməz həddə çatdırdı. İlk saatlardan yolların iflic olması müşahidə olunmağa başladı. Sosial şəbəkələrdə yolların qardan təmizlənməsi, buz bağlamaması üçün duz və ya qum səpilməsi barədə çağırışlar olsa da, müvafiq qurumların bu yöndə ciddi addımları gözə dəymədi. Hər halda bir neçə gündür ki, bununla bağlı sosial şəbəkələrdə ancaq tənqidlərin şahidi oluruq. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu – Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması ilə bağlı tender keçirib. Tenderin qalibi “Fidan-TN” MMC seçilib. Qurumla şirkət arasında maliyyə dəyəri 262 199,54 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə 2300 ton xam duzun alınması nəzərdə tutulub. Nəzərə alsaq ki, 2023-cü ilin avqustundan 2024-cü ilin yanvarına qədər Bakıya qar yağmayıb, alınan bu qədər duzun hara istifadə edildiyi sual doğurur. Duz satan “Fidan-TN” haqqında isə açıq mənbələrdə məlumatlara rast gəlinmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. Araşdırmalarımız zamanı məlum olub ki, “Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur. Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və “obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.Qafqazinfo