Redaktor seçimi

Vaqonda yaşayan 18 yaşlı qız: “Atam öldü, anam zəng edib evləndiyini dedi” - VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında vaqonda yaşayan 18 yaşlı Jalə öz həyat hekayəsini danışıb. Onun sözlərinə görə, 14 yaşında olarkən atası vəfat edib, iki il sonra isə anası yenidən ailə qurub: “Məndən yaşca kiçik bacım da var. Anam ailə qurmamışdan əvvəl hamımız burada yaşayırdıq. Mən məktəbdə olanda zəng edib evləndiyini dedi. Onunla getmədim”. Hazırda şəraitsiz vəziyyətdə yaşayan Jalə aylıq 150 manatla dolanmaq məcburiyyətində olduğunu deyib: “66 manat “çörək pulu” alıram. Bir də bacımın “atasızlıq pulu” var. Bir müddətdir geyim almıram, verilənləri geyinirəm. Ərzağı da dükandan götürürəm, ayın axırı borcumu qaytarıram”. Ətraflı süjetdə:

Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib

Ötən gün Bakıda, Xətai rayonunda baş verən qətliama qətl hadisəsi kimi baxmaq doğru deyil, bu, terrordur. Qonşunun gözlükdən çəkdiyi görüntüləri, yəqin, çoxlarınız izləməyə fürsət tapdınız – indi media bu dəhşəti silir, ancaq yeni mediadan az-çox başı çıxanlar bilir ki, nəyinsə qarşısını almaq mümkün deyil: hadisə varsa, ən dəhşətli səhnələri ilə yayılır – istər müharibə olsun, istər qətl, istərsə də terror; ört-basdırla dərd həll olunmaz! O kadrlarda nəyi görürük? Bir əsəbi, dəli, psixi pozuntusu olan şəxsin vəhşiləşmiş əməlinimi? Təəssüf ki, yox: biz öz işini soyuqqanlılıqla görməyə öyrəşmiş terrorçu görürük, o, sakit tərzdə qətliamı icra edir. Sanki cəlladdır və bu da onun adi işidir. Cəmiyyəti silkələməli olan hadisədir və silkələyib də. Nə baş verir, bu qədər dəhşətli şiddətin, terrorun səbəbi nədir? Kimdir günahkar? Belə bir terrorçunun yetişdiyinə görə biz heçmi günahkar deyilik? Əhməd 10 il əvvəl, 15 yaşında ikən öz həmyaşıdını 30 bıçaq zərbəsi ilə öldürəndə biz hardaydıq? Bu olayı xatırlayan varmı? Mediada yayılıbmı? Bunu sosioloqlar, psixoloqlar nəzarətə götürüb, ictimai müzakirələr aparıblarmı? İstintaq necə gedib və nə qərar qəbul edib? Cəmiyyət olaraq 10 il öncə bu hadisənin yat-yut olunmasına göz yummuşuq. Məsələ təkcə onun qətlə yetirdiyi yeniyetmə və onun ailəsinin iztirablarına rəhimsizliyimiz deyil, bütövlükdə necə bir terrorçu yetişdirdiyimizə laqeydliyimizdir. Hansı xəstəxana, hansı həkim onu “dəli” çıxarıb; hansı xəstəxana, hansı həkim bu “dəlinin” artıq sağaldığını təsdiqləyib? Ata – sayılıb-seçilən, imkanlı, xeyirxah biznesmen, ana – böyük bir məktəbin direktoru, sosial şəbəkələrdə ciddi şəxslərin Bikə Əhmədova haqqında yazdıqlarından belə nəticəyə gəlmək olur ki, yaxşı insan, yaxşı müəllim, yaxşı direktor imiş. Ancaq pis ata, pis ana, pis valideyn olublar – eynilə xalqımıza xas xüsusiyyətləri ilə aydın, ziyalı, uzaqgörən yox, korafəhm davranıblar, burunlarından uzağı görməyiblər. Necə ki, Azərbaycan xalqı erməniləri onillərlə “kirvəm” deyib qoynunda əzizlədi, canı-qanı ilə bəslədi, həmən tərzdə bu ata-ana da qatil-terrorçu yetişdirdiklərini gizləyiblər, ona idmançı kimi güc-qüvvət veriblər, ev-maşın alıb, imkanlı ediblər ki, daha da vəhşiləşsin. Nə düşünürdü bu biznesmen ata, ziyalı ana? Heç bir anlaqsızlıqdan, dəlilikdən söhbət gedə bilməz. Bacısını soyuqqanlı tərzdə öldürüb, atasını doğrayıb, sonra da anasına zəng edib, sakit şəkildə evə çağırıb, onu da kiçik qardaşı ilə birgə doğrayan oğul bunu planlaşdırıb. Və bu terrorçunu onlar özləri bəsləyib, bizim, yəni cəmiyyətin yardımı ilə. Ona dəlilik və sağlamlıq kağızı verən həkimin vicdanı sızıldayırmı? Ona sürücülük vəsiqəsi verən polisin vicdanı ağrıyırmı? 10 ildir dəhşətli qətl törədib, cəzadan yayınmağı bacardığına görə bu olayı bilən-görən və susan qohum-qonşu, cəmiyyətin bir kəsimi nə düşünür? 10 ildir yetişən, gözümüzün qarşısında böyüyən bu terrora kimsə dur deməyib, heç bir “profilaktik tədbir” görülməyib... Hadisənin şokunu yaşayıram: 25 yaşında şəxs... Bir gənc necə belə soyuqqanlı terakt törədə bilər? Və Əhməd təkdirmi, bu cəmiyyətdə nadir hadisədirmi? Qorxuram ki, yox! Bir çoxları İlahi Ədalətdən danışır: 10 il əvvəlki qətlə görə cəzadan yayındırıldığı üçün ailə elə məhz qatilin əli ilə məhv edildi, üstəlik, 10 il əvvəl 10 il cəza alacaq şəxsi indi ömürlük cəza gözləyir. Budur təsəlliniz? Sosial şəbəkələri dünəndən başına götürən “haqq oldu” ilə özünüzü toxdadıb, yaxanızı qırağa çəkə bilməzsiniz. Əhmədovların qanı dünən hamımızın üstünə sıçradı: o həkimin, o xəstəxananın, o sürücülük vəsiqəsi verənin, onu taksi işləməyə qəbul edənin, gözlükdən bu olayı videoya çəkənin, Əhmədin cinayətini ört-basdır edən müstəntiqin... Hamımızın vicdanında bir ləkə yarandı. Necə təmizləyəcəyik? Heç bir problem ört-basdır edilməklə həll edilmir – bu, cəmiyyətdə də belədir, dövlətdə də, xalqda da. Problemin üstünə getmək, çılpaqlığı ilə göstərmək və ümumi həlli üçün hərəkət etmək lazımdır. Bu, ailədən başlamalıdır – oğlunun narkomanlığını ört-basdır edib, ona elçi gedib, gözəl-göyçək bir qız alan varlı-hallı ata nə boyda dəhşətə yol açdığını bilirmi? Cəmiyyətdə hər gün belə faktlarla rastlaşmırıqmı? Neçə ata “evlənsin, bəlkə düzəldi” düşüncəsi ilə elçi gedib, bir qızın bədbəxtliyinin baiskarı olur? Nə qədər valideyn övladının tərbiyəsi ilə məşğul olmaq əvəzinə naqisliklərini ört-basdır etməyə çalışır? Özümüzdən başlayaq, özümüzdən – yoxsa bu terror evimizə qədər girəcək. Bu qətliamla bağlı isə uzun, çox uzun istintaq getməlidir: bütün şəbəkə - Əhmədi terrorçuya çevirənlərin hamısı cəzasını almalıdır – həkimindən tutmuş taksi şirkətinə, müstəntiqinə qədər...(axar) Orxan Saffari

Sərhəddə insident törədən şəxslər cəzalandırılacaq - Ermənistan MN

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir. “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və (və ya) məcbur qaldığı hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - açıqlamada qeyd olunub. Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Basarkeçər sakinləri Paşinyana müraciət etdi: “Silah, tank, qoşun istəyirik”

“Ən yaxın yüksəklikdə türklər var və bu gün onlara qarşı çıxanlar cüzi maaş alırlar”. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu fevralın 12-də Basarkeçərdə keçirilən etiraz aksiyası zamanı Mets Masrik kəndinin sakini David Qasparyan deyib. “Burada, sərhəddə nə baş verdiyini bilən varmı? Qoy dövlət insanların Rusiyaya gedib beton tökməməsinə çalışsın, pul versinlər, insanlar vətənini müdafiə etsinlər. Əvvəllər Qarabağ bizim qapımız idi, indi bu qapılar yoxdur, indi qapı Vardenisdir. Bu bizim dağımızdır, onu qorumalıyıq, insanların Vardenisi tərk etməməsi üçün çalışmalıdırlar ki, bura Ağdama çevrilməsin. Burada vətəndaşların 90%-i əlinə silah alıb döyüşə bilir. Biz bir daha Paşinyana müraciət edirik - silah, tank, qoşun istəyirik. Gəncləri cəlb edin ki, gəlib kamikadze olsunlar”, - Qasparyan bildirib.

Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski

Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".

Arayik seçkilərdə səs vermək istəyir - Müraciət edib

Arayik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib. Sozcu.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, Qarabağdan qovulmuş separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və gələcəkdə ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini bildirir. Xatırladırıq ki, bu barədə TV Musavat rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir. Qeyd olunur ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonıa danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib. Mötəbər qaynağımız bildirir ki, Arayik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Arayikin arzusu var.

Ordunu gücləndirib Qarabağı geri qaytarsaq… – Erməni deputat

“Tarixi ədalətdən danışaraq bütün qonşularımıza qarşı ərazi iddiası irəli sürməyimiz nə dərəcədə məntiqlidir?” Sozcu.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib. Deputat bildirib ki, 3 milyonluq Ermənistanın bu kimi addımları doğru deyil: “Müstəqillik Bəyannaməsi və Ermənistanın Konstitusiyanın dəyişdirilməsi məsələsində ilk növbədə özümüzlə müzakirə aparmalı, vəziyyəti dərk etməliyik. Bir anlıq özümüzə kənardan baxaq, Azərbaycan, İran, Türkiyə, Gürcüstanla qonşuluq münasibətlərimizi indiki kimi davam etdirməyimiz nə dərəcədə xeyrimizədir? Gələcək nəsilləri Qarabağı geri qaytarmaq arzusu ilə böyütməməliyik. Tutaq ki, bu baş verdi, sonra nə olacaq? Azərbaycan güclənəcək və beynəlxalq mexanizmə uyğun öz ərazilərini yenidən geri alacaq. Nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımayıb”.

Alternativ hərbi xidmət modeli: Bu şəxslər əsgərliyə getməyəcək

Uzun müddətdir ki, ölkədə alternativ hərbi xidmətlə bağlı yeniliklərin tətbiqi müzakirə olunur. Son olaraq bu gün Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. Deputat bu kimi addımın gənclərin təhsilinə əlavə təkan olacağını bildirib.  Bəs görəsən alternativ hərbi xidmət modeli özündə hansı dəyişiklikləri ehtiva etməlidir?  Mövzu ilə bağlı ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov Yenisabah.az-a danışıb. Ekspert belə bir modelə çoxdan ehtiyac olduğunu qeyd edib:   “Əvvəla, Azərbaycanda bu günə qədər qəbul olunmamış əsas hərbi qanunlardan biri alternativ hərbi xidmət haqqında qanundur. Bu qanun qəbul olunmalı və daha sonra buna uyğun olaraq bəzi işlər həyata keçirilməlidir. Biz 2025-ci ilə qədər ordumuzu NATO və qardaş Türkiyə standartlarına gətirib çıxarmalıyıq. Türkiyədə ordu sahəsində hansı qanunvericilik varsa, onun Azərbaycan reallıqlarına uyğun hazırlamalıyıq. Azərbaycanda artıq bir övladını şəhid vermiş, yaxınlarını müharibədə itirmiş ailələrin digər üzvlərinin heç olmasa arxa cəbhədə xidmət etməsi və yaxud müəyyən güzəştlərin verilməsi ilə bağlı addımlar atılmalıdır. Mən 25 ilə yaxın hərbi xidmət keçmiş və ali hərbi-siyasi jurnalist təhsili almış şəxs kimi deyirəm ki, Azərbaycanda hərbi sahə ilə bağlı fikir bildirənlərin 90 faizi bu sahədən anlayışı olmayanlardır. Deputatların səsləndirdiyi fikirlər prinsip etibarı ilə kənardan cəlbedici görünə bilər. Amma onun nə dərəcədə real olub-olmaması barədə düşünmək lazımdır”.  Ekspert mövzu ilə bağlı öz təkliflərini də bildirib:  “Mən təklif edirəm ki, xidmət yaşına çatmış hər kəsi hərbi xidmətə aparmaq lazım deyil. Hər bir şəxsin müəyyən maraq dairəsi, istedadlı olduğu sahə var. Gəlin, millətin gələcəyi naminə fikirləşək, əgər hansısa gənc təhsil, elmi yaradıcılıq və bu kimi fəaliyyət sahələrinə maraqlıdırsa, onun 1 il və ya 1 il 6 ay hərbi sistemdə xidmətə cəlb etmək düzgün olmaz. Vətənə xidmət təkcə hərbi sferada deyil, müxtəlif sahələrlə bağlı da yerinə yetirilə bilər. Ümumiyyətlə, Azərbaycanda Qarabağ məsələsi həll olunduqdan sonra hərbi qanunvericilik demək olar ki, təzədən format edilib yenidən hazırlanmalıdır. 21-ci əsrin tələblərinə cavab verən müddəalar yeni qanunvericilikdə öz əksini tapmalıdır. Biz neçə vaxtdır deyirik ki, alternativ xidmət haqqında qanun mütləq qəbul olunmalıdır”. 

Ermənistan üçün Putinin həbsi qərarının icrası məcburiləşdi

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan üçün fevralın 1-dən - bu gündən qüvvəyə minir.  Sozcu.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.  Bununla İrəvan BCM-in tam hüquqlu üzvü olub. Artıq Ermənistan üçün Məhkəmənin Rusiya prezidenti Vladimir Putinin həbsi barədə qərarının icrası məcburidir.  Qeyd edək ki, bununla bağlı uzun müddət gərgin müzakirələr aparılıb. 

İranda səfirliyimizə hücum edən terrorçu hakim qarşısına çıxarılır: Asılacaq!

“Bir neçə ay əvvəl Tehran prokurorluğu bəyan etdi ki, Yasin Hüseynzadə barəsində edam hökmü tələb edib. Amma bu məhkəmə prosesi ilə bağlı fasilə uzandı və yekun hökm çıxarılmadı”.  Bu sözləri Yenisabah.az-la söhbətində iranşünas Sədrəddin Soltan deyib.  Analitik ötən ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı terrorçu Yasin Hüseynzadənin məhkəməsinin başlaması faktına toxunub.  Xatırladaq ki, bu 2024-cü ilin yanvarın 27-də məhkəmənin başladılmasından sonra İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, terrorçu ilə bağlı yekun hökm çıxarılacaq.  Müsahibimiz əlavə edib ki, İran hakimiyyətinin rəsmilərinin fikrincə, məhkəmə prosesi çox uzanmayacaq:  “Bu tip hallar İran qanunvericiliyinə görə, edamdır. Məsələn, mövzu İran tərəfinin iddia etdiyi versiya olsa belə, avtomatla başqa bir ölkənin ərazisinə basqın etmək cinayətdir və həmin hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məhz bunun üçün o şəxs barəsində İranın cinayət məcəlləsinə görə, yekun hökm edamdır. Onu dar ağacından asacaqlar, yaxud güllə ilə öldürəcəklərsə, bu, artıq icraatdan asılıdır”.  Müshaibimiz diqqətə çatdırıb ki, bu gün İsfahanda İran Müdafiə Nazirliyinin hərbi sənaye obyektlərinə hücum təşkil etməkdə ittiham olunan 4 nəfər edam olunub:  “Yəni İran hakimiyyəti 1 il ərzində edam hökmünü verib. Yaxud 2022-ci ilin sentyabrında İranda başlamış etiraz aksiyalarında iştirak edən ayrı-ayrı şəxslərlə bağlı 5 edam hökmü çıxarılıb və icra olunub. Ona görə də İran hakimiyyəti istəsəydi, Yasin Hüseynzadə barəsində istər ömürlük, istər edam, istərsə də “qanpulu” olsun, onlar vaxtında hökmü çıxara bilərdi. Çünki hadisənin baş verməsi səbəbi, dəlil və sübutların hamısı ortada idi, uzun istintaq araşdırması aparmağa ehtiyac yox idi”.  S.Soltana görə, bu hadisə Azərbaycan-İran münasibətlərində siyasi bir məsələdir:  “Ona görə də İran tərəfi bu cinayət işindən siyasi qazanc əldə etməyə çalışır. Tehran hakimiyyəti Azərbaycana münasibətdə özünü xoşməramlı göstərmək üçün Yasin Hüseynzadəni qurban da verə bilər ki, səfirliyə hücum olmuşdu və bunu edəni öldürdük. Amma Azərbaycan tərəfinin istədiyi əsas məsələ səfirliyin binasının, ərazisinin, səfirin, oradakı diplomatların və texniki işçilərin terror və başqa xoşagəlməz hadisələrdən qorunmasıdır. İran tərəfi bununla bağlı hansı addımları atıb işlər görəcək? Ona görə də İran tərəfi özünü xoşməramlı göstərmək üçün Azərbaycanın Təbrizdəki konsulluğunda iştirak edib. Amma prosesdə əvvəldən Azərbaycanın ədliyyə sistemi və prokurorluğu iştirak etməyib”.  Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan tərəfi bu hadisəni terror aktı kimi qiymətləndirsə də, İran tərəfi bunu məişət hadisəsi kimi dəyərləndirib:  “Ona görə də törədilmiş hadisəyə tərəflərin baxışı eyni deyil. Eyni olmadığı üçün nəticə nə olursa-olsun, məsələ Azərbaycan tərəfini tam qane etmir. Azərbaycan iddia edir ki, hadisəni bir nəfər törətməyib, əksinə, bu səfirliyimizə qarşı törədilmiş bir aksiyadır. Çünki İranda əli avtomatlı polisin qarşısında gəzmək mümkün deyil, amma günün günorta çağır səfirliyə hücum edir və çıxanda polislə də salamlaşır. Maraqlıdır, polisin nəzarəti altında olmayan İranda nə isə varmı? İranda bütün sərhədlər SEPAH-ın nəzarəti altındadır. Bu halda Azərbaycan səfirliyinə hücumdan belə bir sistemi olan hakimiyyət necə xəbərsiz ola bilər?  Odur ki, hadisələr və münasibətlərdə bu tip nüansların nəzərə alınması vacibdir. Ola bilər ki, səfirlik açılsın, münasibətlər bərpa olsun, amma etimad və etibar əvvəlki səviyyədə olmayacaq. Onsuz da Tehran hakimiyyətinə etimad az idi və onların hadisəni bu tip təhlil etməsi münasibətlərə xələl gətirdi”. 

Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketi təqdim edib - RƏSMİ

Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik. Bunu xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək. "Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək", - deyə bildirib.

İrəvandan delimitasiya açıqlaması: Yalnız bu halda...

Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyadan sonra öz suveren ərazisi haqqında məlumat əldə edəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr sertifikatının olmaması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. “Baş nazir bəyanatında sərhədlərin delimitasiya edilməməsini nəzərdə tuturdu. Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağını söyləmək mümkün olacaq”, - Tovmasyan bildirib.