Redaktor seçimi

Əsgərimiz intihar etdi

Gəncədə əsgər intihar edib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, intihar N saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü ataraq intihar edib. Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.

Nəcməddin Sadıqovun yaxın adamının azadlığa buraxılmasına ETİRAZ

Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, dövlət ittihamçısı təqsirləndirilən şəxslər barədə hökmdən narazı qalıb. Prokuror birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Z.Niftəliyev və E.Niftəliyevin külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini istəyir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə təqsirləndirilib. Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə  Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Brüssel görüşü qabağa çəkildi – Paşinyan açıqladı

Brüsseldə 15 iyulda Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, - Paşinyan bildirib. Xatırladaq ki, ötən gün 21 iyulda nəzərdə tutulan görüşün qabağa çəkilə biləcəyi haqda məlumat yayılmışdı.

Rusiya Türkiyədən Qarabağda “əvəz” çıxacaq - Akyar

Öncə “Azov” batalyonuna qısa şəkildə tarixi perspektivdə baxmaq və məsələnin hüquqi tərəfinə nəzər yetirmək lazımdır. Bu sözləri Axar.az-a “Azov” komandirlərinin Ukraynaya verilməsi haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Polkovnik batalyonun yaranma tarixindən bəhs edib: “Azov” batalyonu 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra qurulan paramilitar qrupdur. Yəni tərkibində həm hərbçilər, həm də mülki insanlar var. Hazırda Ukraynanı dəstəkləyən bir sıra ölkələr batalyonu xüsusilə Donbas bölgəsində beynəlxalq humanitar hüquqa zidd olan fəaliyyətlərə görə tənqid edib. Kiyev 2018-ci ildə batalyonu Daxili İşlər Nazirliyinin nəzdindəki xüsusi bir idarənin tabeçiliyinə verdiyini açıqlayıb. Ancaq təbii ki, bütün ölkələrdə olduğu kimi, Ukraynada da müharibə başladıqdan sonra milli gücün bütün ünsürləri istifadə olunur. Müasir dünyada hibrid müharibənin əsas xüsusiyyəti budur. “Gerasimov doktrinası”nda da bu məsələ öz əksini tapıb”. Akyar Ankaranın əsir mübadiləsi məsələsində də vasitəçi rolunu oynadığını, “Azov” komandirlərinin verilməsinin Ukraynaya jest ola biləcəyini qeyd edib: “Bildiyimiz kimi, Türkiyə Ukrayna müharibəsinin əvvəlindən tərəflər arasında vasitəçi rolu oynayır. Bu da hazırki geosiyasi vəziyyətdə çoxtərəfli siyasətlə bağlıdır. Yenə ölkəmiz əsir mübadiləsi məsələsində vasitəçi və birbaşa iştirakçı olub. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasına görə hərbi əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə dəyişdirilir. Türkiyə də buna öz töhfəsini verib. Sözügedən sənədin 111-ci maddəsinə görə isə döyüşən tərəflərdən başqa digər dövlətlər hərbi əsirləri və s. qarşılıqlı müqavilələr əsasında öz ərazilərində saxlaya bilərlər. Buna görə Rusiya “Azov”un 5 komandirinin verilməsi ilə bağlı ölkəmizin əldə olunan razılaşmanı pozduğunu iddia edir. Ukrayna isə sözügedən konvensiyanın 117-ci maddəsini əsas gətirir. Bu maddə ilə müharibədə əsir düşən və sonra dəyişdirilərək öz ölkəsinə qaytarılan hərbçilərin yenidən döyüşlərə qatılması birmənalı şəkildə qadağan olunub. Rəsmi Kiyev Moskvanı qadağanı pozmaqda ittiham edir. Vladimir Zelenskinin Türkiyəyə son səfərində müdafiə sənayesi və iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinə dair çoxşaxəli müqavilə imzalandı. Ankaranın belə önəmli hadisə ilə bağlı Kiyevə jest etməsi də mümkündür. NATO-nun Vilnüs sammitinin və İsveçin üzvlük məsələsinin də prosesə təsiri ola bilər”. Alim hərbi əsirlərin Kiyevə təhvil verilməsinin ümumi mənada əlaqələrə təsir göstərməyəcəyini, ancaq qarşılıq olaraq Rusiyanın Suriya və Qarabağda müəyyən addımlar atmağa cəhd etməsinin mümkün olduğunu bildirib: “Rusiya “Azov” komandirlərinin Ukraynaya verilməsinin iqtisadi və s. münasibətlərə təsir göstərməyəcəyini, ancaq addımın yaxşı qarşılanmadığını bildirib. Yəqin ki, cənab Ərdoğanın İsveçin NATO üzvlüyünə razılıq verməsi münasibətləri bir az da gərginləşdirəcək. Ancaq Türkiyənin də özünə görə haqlı səbəbləri var və bunlar Ankaraya səfəri zamanı Putinin də nəzərinə çatdırılacaq. Eyni zamanda Vladimir Putinin Türkiyəni itirməmək üçün əlavə addımlar atması da gözləniləndir. Ölkələrimiz arasında münasibətlər pozulanda Rusiya hər zaman Suriya kartını irəli sürür. Məsələn, 2020-ci ilin əvvəllərində Türkiyə Liviyada ABŞ ilə birlikdə hərəkət etməyə başlayanda həmin ilin fevral ayında mənşəyi bəlli olmayan qırıcıların hücumu nəticəsində 34 nəfər hərbçimiz şəhid oldu. Yenə Suriyada hərəkətlənmələr ola və Rusiya Qarabağda Ermənistan lehinə addımlar atmağa çalışa bilər. Vilnüsdə İsveçin NATO-ya üzvlüyü hər nə qədər “Azov” komandirlərinin verilməsi məsələsini kölgədə qoysa da, Rusiya bununla bağlı hansısa addımlar atacaq. Türkiyə-Rusiya münasibətlərində problemli sahə yaransa da, ümumi mənada əlaqələr ciddi zədələnməyəcək. Çünki Türkiyə kimi güclü NATO ölkəsi ilə əlaqələr Rusiya üçün önəmlidir. Bu, Qərbə də sərf edir”.

Səlim Müslümovun məhkəməsi niyə uzanır?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi biraylıq təxirə salınıb. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin bu dəfə təxirə salınmasına səbəb sədrlik edən hakim Faiq Qəniyevin məzuniyyətə çıxmasıdır. Ümumilikdə bir-iki iclası nəzərə almasaq, 6 aya yaxındır ki, bu iş üzrə məhkəmə iclasları keçirilmir. Ötən ilin dekabr ayında şahidlərin dindirilməsi yekunlaşıb, eks-nazir sərbəst ifadə verib. Prosedura görə, bundan sonrakı iclaslarda sənədlərin tədqiqi mərhələsi keçirilməli, məhkəmə istintaqı tamamlanmalıdır. Sədrlik edən hakim F.Qəniyevin sözlərinə görə, məhkəmə iclaslarının təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində şirkətlər tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqəmətində işlərin aparılmasıdır. Cinayət işi üzrə dəymiş ziyan 27 milyon manat hesablanıb. Həmin məbləğin 20 milyonu mənimsəmə və rüşvət alma, 7 milyonu isə israfetmə epizodu ilə bağlıdır. Dəymiş ziyanın 20 milyon manatı ibtidai istintaqın sonunda, 5 milyonu isə məhkəmə istintaqı dövründə ödənilib. S.Müslümovun nazir olduğu müddətdə müxtəlif şirkətlər tərəfindən şəhid ailələri və qazilər üçün evlərin tikilməsi zamanı qanunsuzluğa yol verilərək dövlət büdcəsindən ayrılmış 7 milyon manat israf edilib. Bir müddət əvvəl S.Müslümov könüllü olaraq həmin ziyanın da  4.5 milyon manatını ödəyib. Şirkət rəhbərləri isə hələ ki yerə qalan məbləğin 600 min manatdan bir az çox təşkil edən hissəsini ödəyiblər.  Əldə etdiyimiz məlumata görə, növbəti ay keçiriləcək iclasda ödəmənin mahiyyəti barədə yekun məlumat veriləcək. Həmin gün məhkəmə istintaqı tamamlanacaq, prokuror ittiham nitqi ilə çıxış edəcək. Proses 11 avqusta təyin edilib. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan keçmiş nazir sonradan ev dustaqlığına buraxılıb.

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Prezidentin təyin etdiyi yeni rəis kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sozcu.az xəbər verir ki, M.Seyidov bundan əvvəl Pentensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Masallıda 15 yaşlı oğlan suda boğularaq ölüb

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb. Hadisə rayonun Qəriblər kəndində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zelenski: Qəhrəmanlarımızı vətənə aparırıq

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, - Zelenski bildirib.

“Ruslar dovşan kimi qaçacaqlar...”

Ukrayna Silahlı Qüvvələri Kleşşiyevka bölgəsindəki dominant yüksəkliyi azad edərək təkcə bu yaşayış məntəqəsini deyil, Baxmutu da atəş nəzarətinə götürüb. Müdafiə Qüvvələrinin bir neçə güclü artilleriya zərbəsindən sonra Rusiya işğalçıları Kleşçievkadan Popasnaya tərəf qaçmağa məcbur olacaqlar.  Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24” telekanalında hərbi ekspert Roman Svitan danışıb. "Söhbət Kleşşiyevkadan getmir, Kleşşiyevka xəritədə sadəcə bir nöqtədir. Baxmutun cənubundakı dominant yüksəklik həm Baxmutun, həm də Kleşşiyevkanın bizim artilleriyamızın birbaşa atəşi altında qaldığı yüksəklikdir. Bizim gördüyümüz iş bu yüksəkliyi götürmək idi. Kleşşiyevka bonus olaraq gedəcək, ruslar orada dayana bilməyəcəklər, hətta oraya girib onları vurmaq da lazım deyil, onlar bir neçə güclü artilleriya zərbəsindən sonra özləri dovşann kimi qaçacaqlar”-deyə  ekspert bildirib.

"Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər..."

"Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər..."  Ermənilərin son günlər xüsusi aqressivliyini hiss etməmək mümkün deyil. Aqressivlik ABŞ səfirinə, Ağ evə, qismən Paşinyan hakimiyyətinə ünvanlansa da, qəzəbin mərkəzində Azərbaycan dayanır. Demək olar ki, erməni mətbuatının 90 faizi sülh müqaviləsini bağlayıb “artsaxı” Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edən sənədə imza ata biləcək səlahiyyətli şəxsi, konkret olaraq Paşinyan hakimiyyətini artıq tənqid yox, hədələmək xəttini seçib. Bir erməni siyasətçisi tapa bilməzsən ki, sülhdən danışsın. Bütün ermənilər Azərbaycanla sülh imzalanmasının əleyhinədir. Bunu rəsmiləşdirmək üçün “Ayakve” adlı bir təşkilat yaradaraq imza toplayır, Ermənistanın heç bir səlahiyyətli şəxsinin “artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanıya bilməz” qanununu qəbul etməyi planlaşdırırlar. “Qolos Armenii” saytında bu təşkilatın yaydığı müraciətin başlığı qeyd etdiyimiz aqressivliyin nümunəsi ola bilər:  "Artsaxın cinayətkar dövlətin tərkibinə daxil edilməsi fikrini hətta ağlından keçirməyə cəsarət edən hər kəsin ağzı dayanmadan yumulmalıdır”. Gördüyünüz kimi, hədəf konkret olaraq Azərbaycan və mümkün ermənilərdir.  Özümüzü inandırmayaq ki, ermənilərin başqa yolu qalmayıb, mütləq masaya oturub sülh müqaviləsini imzalayacaq və bundan sonra Qarabağ problemində yekun nöqtə qoyulacaq. Separatçı rejimin liderləri bu işdə daha aqressivlik göstərirlər. Ona görə ki, Rusiya hələ də erməni silahlı qüvvələrini tam təmin edir və Azərbaycan ərazisində qalmasına hər cür şərait yaradır. Baş separatçı Arutyunyan Rusiya prezidentinə məktub göndərir və Paşinyandan xahiş edir ki, Putinlə danışıb onun fikirlərini çatdırsın. Fikir də budur ki, Putin ermənilərə kömək etməsə, “vulkan kimi partayacaqlar”. Şantaj ermənilərin xislətidir. Yeri gəlmişkən, telefon danışığı da baş tutur və Qarabağdan, Laçın yolundan danışırlar. Putinin bəşəriyyəti atom bombası ilə hədələdiyi bir vaxtda, yəni “iki daşın arasında” Laçın yolunu müzakirə etməyə həvəsli olduğu az inandırıcı olsa da, telefon danışığı faktdır...    İki il səkkiz aydır ki, məğlub olan ermənilər hər gün aqressivləşirlər. Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılmasını tələbinə bu gün Paşinyan bir daha özünə xas manevrlə cavab verərək: “Ermənistanın Qarabağda silahlı qüvvələri yoxdur”- açıqlamasını verib. Sual yaranır, yoxdursa, niyə Ermənistan Respublikasının 2023-cü ilin büdcəsində bu qüvvələrin maliyyələşdirilməsi üçün vəsait ayrılıb? Separatçı rejim isə bu qüvvələri onların təhlükəsizliyinin qarantı kimi təqdim edir. O zaman Rusiya hərbi kontingenti hansı funksiyanı həyata keçirir?..   Ermənilər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün  Azərbaycanla sülh müqaviləsini imzalanmasını bəhanə kimi görürlər. Bütün eks-məmurlar, diplomatlar Paşinyanı hədələyən bəyanatlar verirlər. Paşinyan da bu qüvvələri sakitləşdirmək məqsədilə Vaşinqton görüşünə kinayə ilə yanaşır, hansısa bir irəliləyişin“hiss olunmadığını” deyir. Son günlərdə baş verənlər və müharibədən sonra Ermənistan və Rusiya tərəfindən aparılan siyasət bir daha göstərir ki, sülh müqaviləsi bu il də imzalanmaya bilər. Baxmayaraq ki, ötən il olduğu kimi, bu il də ilin sonunda imazalanacağına “böyük ümidlər var” deyənlər də az deyil. Reallıq isə əksini deyir...  Qarabağdakı yerli əhalinin də yaranmış çətin vəziyyətə etirazı faktiki olaraq yoxdur. Onlara lazım olan zəruri malların Ağdamdan alınması üçün verilən təklifə müsbət yanaşması da yoxdur. Ya Araik Arutunyan, ya da sadə Qarabağ ermənisi Aşot bir-birinin ayağını basası deyil. Azərbaycana qarşı illlərlə yaranmış düşmənçilik onların gözünü çoxdan örtüb, üstəlik, yanlarında dayanan Rusiyanı hər gün gördükləri üçün hələ də “müstəqil artsax” xəyalı ilə ümidlənirlər. 44 günlük müharibədən dərs almayan ermənidən sülh müqaviləsi imzalanmasını gözləmək olmaz. Son günlərin erməni aqressivliyi onların öz başında çatlamalıdır... Belə vəziyyətdə Azərbaycanın atacağı addımlar taleyüklü və həlledici olmalıdır. Qarşıdakı Brüssel görüşündən sonra da konkret nəticənin olacağı şübhəlidir. Məhz bu görüşdən sonra İrəvanda hakimiyyət uğrunda mübarizənin daha dağıdıcı olacağı və qarşıdurmanın güclənəcəyi proqnozlaşdırılır. Bu, onların daxili işidir, Qarabağ isə bizim daxili işimiz. Onlar bir-birilə boğuşanda, biz Qarabağ karvanımızın yolunu açmalıyıq. Düz Xankəndinə qədər. Hansı yolla? Sərt xəbərdarlıq və vaxt verməklə. Ermənilər sakit diplomatiyadan 30 il anlamadılar, bundan sonra da anlayası deyillər...(moderator) İlham İsmayıl

Nəqliyyat əlaqələrini bərpa etməyə hazırıq - Paşinyan

"İrəvan çoxdan bərabərlik və suverenlik prinsipləri əsasında nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Biz bununla bağlı müvafiq sənədi dövriyyəyə buraxmışıq. O sənəd xüsusilə Ermənistan tərəfdən 3 keçid məntəqəsinin açılmasını nəzərdə tutur", - Paşinyan söyləyib.