“Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik. Hələ də əksəriyyətimizin bu arzusu həyata keçməyib. Çünki bu günə kimi işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunan məcburi köçkünlərin sayı 10 min nəfərə çatmayıb. Yüz minlərlə insan hələ də doğma yurda qovuşmaq həsrəti ilə yaşayır”.
Bu sözləri "Sherg.az"a açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Jurnalist işğaldan azad olunmuş ərazilərdə yaşayan keçmiş məcburi köçkünlərə dövlət tərəfindən verilmiş evlərlə bağlı yaranmış ajiotajdan narahat olduğunu bildirib. Seymur Verdizadə söyləyib ki, bu cür hallar kütləvi deyil: vakansiyalar
“Ola bilsin ki, 3-4 nəfər məcburiyyət qarşısında qalaraq evini kənar şəxslərə kirayə verib. Həmin adamlar bu addımı niyə atıb? Bunu araşdırmaq lazımdır. Kim doğma evini kirayə verib özgəsinin evində kirayə qalar?! Bəlkə də, həmin adamların məşğulluğu təmin olunmayıb. Bəlkə də onlar ehtiyac üzündən bu addımı atıblar. Buna görə də, işğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin məşğulluq səviyyəsi yüksəldilməlidir. Qarabağa köçürülən hər bir məcburi köçkün işlə təmin olunmalıdır. Sosial problemlər həll olunsa, heç bir məcburi köçkün evini başqa adamlara kirayə verməz".
Jurnalist təklif edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni kəndlər, qəsəbələr, şəhərlər inşa olunarkən, mütləq orada yaşayacaq əhalinin rəyi nəzərə alınmalı, bu məsələdə ictimai nəzarət təmin olunmalıdır:
"Niyə yaşayacağımız evlərin təməli qoyulanda, divarı hörüləndə, damı vurulanda biz bunu müşahidə etməməliyik. Axı orada ev tikən, yol çəkən inşaatçılar deyil, biz yaşayacağıq. Həmin adamların deyil, bizim zövqümüz əsas götürülməlidir”.
Seymur Verdizadə qeyd edib ki, onun və ailə üzvlərinin ən böyük arzusu doğulduğu Cəbrayıl rayonunun Soltanlı kəndinə getmək, ata yurdunun çırağını yandırmaqdır:
“Əsassız söz-söhbətlərlə insanları ruhdan salmaq lazım deyil. Biz elliklə Qarabağa qayıdıb, ermənilərin viran qoyduğu torpaqları birlikdə cənnətə çevirəcəyik”.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinə qayıdan məcburi köçkünlərin evlərini kirayə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Komitə məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur.
“Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq Dövlət Komitəsinin səlahiyyətində deyil”, - qeyd olunub.