Redaktor seçimi

Pənah Hüseyn: "Gözləyirəm...”

Azərbaycan Xalq Partiyasının yenidən qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə etdiyi müraciətə hələ cavab verilməyib. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədri Pənah Hüseyn məlumat verib.  Sədr bildirib ki, "Siyasi partiyalar haqqında” qanunun bütün tələblərinə əməl edilib:  "Hamı kimi biz də gözləyirik. Düşünürən ki, yaxın iki gün ərzində bizə cavab veriləcək”. 

Ana həbsdə olan oğluna narkotik aparmaq istədi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a Xidmətdən bildirilib. Qeyd edilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Alim oğlu Əsgərova anası Salyan şəhər sakini Ruhəngiz Rzalı qızı Əsgərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

"Azərbaycan Rusiyadan bu istiqamətdə gözlənilən hər cür təxribata hazır olmalıdır....”

“Şəxsən Putin özü Qarabağ məsələsinə xüsusi diqqət ayırır və yaxın gələcəkdə  öz qoşunlarını həm Qarabağ, həm də Ermənistandan çıxarmamaq üçün hər cür mümkün addımlar atır və bundan sonra da atmaqda davam edəcək...” "Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa beynəlxalq qurumun Azərbaycana təzyiqinə əsas verə bilməz…" Son günlər Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsində məskunlaşmış ermənilərin separatçı-revanşist qruplarının aksiyaları Azərbaycanın beynəlxalq qanunlara tam uyğun olaraq və haqlı olaraq Ermənistanla dövlət sərhədində- Laçın rayonundakı Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurmasına etirazla əlaqələndirisə də, əslində burada əsas məqsəd başqadır. Əsas məqsəd dövlətimizi beynəlxalq ictimaiyyətin gözündən salmaq və onu Qərbin sanksiyaları altında qoymaq cəhdidir.  Və təbii ki,  ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatçı aksiyalarının birbaşa Kreml tərəfindən hazırlanıb idarə olunmasına şübhə yoxdur”. Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında belə deyib. “Sözsüz ki, Qarabağdakı haykların əsassız etiraz aksiyalarından bəzi Qərb ölkələri də öz məqsədləri üçün istifadə edə bilər. Lakin öncə qeyd etdiyim kimi, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasında və oradan xarici vətəndaş (yəni Ermənistan) pasportuyla keçən ermənilərin və onların avtomobillərinin, yüklərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur. Və bu, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa dövlətin və ya beynəlxalq təşkilatın Azərbaycana qarşı hər hansı təzyiqlər etməsinə heç cür əsas verə bilməz”,- deyə siyasi şərhçi əlavə edib. “Sizcə, ordusu Ukraynada bataqlığa düşmüş Putin bu saat birbaşa özü Qarabağ məsələsi ilə maraqlana bilirmi?” sualını isə analitik qısa cavablandırıb: “Bilirsiz, imperiya xislətli Kreml, onun başında duran Putin Ukraynada Rusiya ordusunun doğrudan da çabalamasına rəğmən, Güney Qafqazdan, xüsusən Azərbaycandan əl çəkmək istəməz. Moskva Qərbin Azərbaycanla Ermənisan arasındakı sülh prosesində təşəbbüsü ələ almasından və ümumiyyətlə, Qərbin regionda güclənməsindən bərk narahat olduğundan, hesab edirəm ki, şəxsən Putin özü Qarabağ məsələsinə xüsusi diqqət ayırır və yaxın gələcəkdə  öz qoşunlarını həm Qarabağ, həm də Ermənistandan çıxarmamaq üçün hər cür mümkün addımlar atır və bundan sonra da atmaqda davam edəcək. Azərbaycan da Rusiyadan bu istiqamətdə gözlənilən hər cür təxribata hazır olmalıdır....”

“Dağlıq Qarabağ respublikasını” bu ərazidə qursunlar

Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır. Həmçinin bilmək vacibdir ki, söhbət təkcə bəzi jurnalistlərin müsahibəsindən getmir. Bu halda hökumətlər də var. Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib. "Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar", - Prezident qeyd edib.

Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini azad edib

“Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini Rusiya qoşunlarının işğalından azad edib”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri ötən həftə ərzində 12 kv.km cənubda, 4 kv.km isə Baxmut istiqamətində irəliləyib. Cənub cəbhəsində hücumun gedişində Ukrayna ordusu bütövlükdə 192 kv.km ərazini geri qaytarıb. Ötən həftə bu istiqamətdə 12 kv.km, Baxmut istiqamətində isə 35 kv.km ərazi işğalçı qoşunlardan təmizlənib. Baş Qərargahın məlumatına görə, Rusiya hazırda qüvvələrini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirir.

"Ukrayna Silahlı Qüvvələrinin hücumu davam edir və biz hərəkətlərin sürətləndiriləcəyi məqama yaxınlaşırıq"

Əks-hücumun ləng irəliləməsinin səbəbi odur ki, o, nəzərdə tutulandan daha gec başladı. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib. O bildirib ki, əks-hücumu yazda başlamağı planlaşdırırdılar: “Ancaq başlamadıq, çünki kifayət qədər döyüş sursatı və silahımız, bu silahlarla lazımi təlim keçmiş briqadalarımız yox idi. Gec başlamağımız Rusiyaya bütün işğal etdiyi torpaqlarımızı minalamaq və bir neçə müdafiə xətti tikmək üçün vaxt verdi”. Zelenski qeyd edib ki, işğalçıların Ukrayna Silahlı Qüvvələrinin hücumuna hazırlaşmağa vaxtı var idi: “Əlbəttə, onların lazım olduğundan daha çox vaxtı var idi; buna görə bütün bu müdafiə xətlərini tikdilər. Doğrudan da bizim meydanlarımızda onların çoxlu minaları var. Buna görə də əks-hücum hərəkətlərimizin tempi daha yavaşdır. Lakin Ukrayna Silahlı Qüvvələrinin hücumu davam edir və biz hərəkətlərin sürətləndiriləcəyi məqama yaxınlaşırıq, çünki artıq bəzi minalanmış sahələrdən keçirik və bu əraziləri təmizləyirik”.

Bu Afrika(!) ölkəsi Putinin həbsinə dair orderi icra etməyə hazır olduğunu bəyan etdi...

Cənubi Afrika hökuməti Rusiya prezidenti Vladimir Putinin “nə vaxtsa Cənubi Afrika Respublikası ərazisinə ayaq basacağı təqdirdə” onun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderini icra etməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu haqda yerli “News24” qəzeti yazıb. Məlumata görə, Cənubi Afrikanın Ədliyyə Nazirliyi Putinin hipotetik həbsi və onun BCM ilə əlaqəli strukturlara verilməsi ilə bağlı yarana biləcək bütün hüquqi xərcləri ödəməyə hazır olduğunu bəyan edib. Cənubi Afrikanın əsas müxalifət partiyası olan Demokratik Alyans “Twitter”də bildirib ki, hökumət rəsmi olaraq Putinin həbsinə razılıq verərək partiyanın tələblərini yerinə yetirib. Bundan əvvəl partiya fəalları məhkəməyə müraciət edərək, respublika hökumətinin BCM-nin orderini yerinə yetirmək öhdəliyini öz üzərinə götürməsi tələbi ilə müraciət etmişdilər. 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatası Putin və Lvova-Belova barəsində “Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən insanların qanunsuz deportasiyası [nəticəsində] ukraynalı uşaqlara dəymiş ziyan” iddiası ilə bağlı həbs qərarı çıxarıb. Kreml bildirib ki, BCM-nin yurisdiksiyası 2016-cı ildən Roma Statutunun iştirakçısı olmayan Rusiyaya şamil edilmir.

Azərbaycanda varlılar “İphone”, kasıblar isə “Kitayski” telefon işlədir

Mobil telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İlk vaxtlar əlaqə vasitəsi kimi nəzərdə tutulan telefonlarda foto və video çəkiliş funksiyalarının, eyni zamanda internetə giriş imkanının olması bu cihazlara marağı kəskin artıb. Mobil telefonların qiyməti marka və parametrlərinə görə dəyişir.  Bəs Azərbaycanda hansı marka telefonlara üstünlük verilir? İnformasiya texnologiyaları üzrə mütəxəssis Pərvin Əsədov Modern.az-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə ən çox Samsung, Xiaomi, Apple şirkətlərinin məhsulları satılır. Onun sözlərinə görə, qiymətlərə görə fərq markaların biznes stragiyalarından asılı olaraq dəyişir: “Keçən ilə əhalinin 0,7 faizindən çoxu mobil telefonlardan istifadə etmirdi. Bu il istifadəçilərin sayında artım müşahidə olunur. İnsanlar telefon istifadə edərkən funksionallığını üstün tuturlar. İstifadəçiləri daha çox şəkil çəkməsi, video lentə alması kimi funksiyalar maraqlandırır. Bəzi biznes strategiyaları var ki, məsələn, Apple markalı telefon aldıqda qutusundan adapter və kabel çıxmır. Alıcı məcbur qalıb özü alır. Amma Xiaomi və Samsung markalarında bu kimi hallar olmur. Qutuda qulaqlıq və digər lazımi aksesuarlar da olur”. Mütəxəssis, həmçinin telefon alarkən insanların nələrə diqqət etməli olduğunu da açıqlayıb: “Əsasən yeni telefon olub-olmaması, IMEI kodlarının saxta olmaması, dəyişdirilməməsi kimi məlumatları yoxlamaq lazımdır. Telefonun hansı ölkənin istehsalı olması da önəmlidir. Telefon var ki, görünüşündə orginal markalarla eyni olsa da, saxta çıxa bilir. Telefonların saytlarında yoxlama qaydaları haqqında təlimatlara mütləq baxmaq lazımdır”. Son illər yerli bazarda aparılan müşahidələr göstərir ki, ölkəmizdə ən çox alınan telefon "Samsung" istehsalıdır. İkinci yerdə Çin brendi olan "Xiomi" gəlir. İnsanlar bu telefonlara daha çox foto çəkilişinin keyfiyyətli olmasına görə üstünlük verirlər. Çəkilişin keyfiyyətinə gəlincə, “İphone” daha çox diqqət çəkir. Lakin bu marka telefonlar qiymətinin baha olmasına görə bir çox insanlar üçün əlçatan deyil. Bununla belə “İphone” alıcılarının sayının az olduğunu demək olmaz. Əsasən maddi durumu yaxşı olan insanlar dünya brendi olması səbəbilə “İphone” cihazlarına üstünlük verir. Lakin imkansız təbəqə isə daha çox "Xiomi"yə maraq göstərir. 

"Putinin vəziyyəti pisdir, o, ağıl zəifliyindən əziyyət çəkir" - "Newsweek"

"Putin İrkutsk vilayətinin qubernatoru ilə görüşündə ondan Ukraynada həlak olan hərbi qulluqçulara salam göndərməsini xahiş edib..." "Putin xərçəng, Parkinson xəstəliyi və ağıl zəifliyindən əziyyət çəkir..." Rusiya prezidenti Vladimir Putin Kremldə növbəti iclas zamanı körpə uşağın yaşı ilə bağlı dolaşığa düşüb, bu da sosial şəbəkələrdə onun yaşla bağlı demensiyadan əziyyət çəkdiyi şübhələrinə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı yazıb. Nəşr "Rusiya imkanlar ölkəsidir" qrupunun görüşündən videoya diqqət çəkib, burada Putin Nijni Novqorod şəhəri rəhbərinin sabiq müavini, hazırda cəhbə bölmələrinin birində alay komandirinin hərbi-siyasi işlər üzrə müavini vəzifələrini icra edən İlya Ştokmanla söhbət edir. Ştokman çörəkxanadakı işindən İT-biznesinədək öz karyerasından, habelə menecerlərin müsabiqəsində uğurları sayəsində Rusiyanın iri şəhərlərindən birinin merinin müavini olmasından, onun fəaliyyət sahəsinə informasiya texnologiyaları, turizm və biznesin inkişafının daxil olduğu barədə müfəssəl danışıb. Kreml rəhbərinə bu tarixçə qəribə gəlib. "Bilirsiniz, hər birimizdə olduğu kimi, bu tarixçədə, Sizin taleyinizdə, yəqin ki, ölkəmizin tarixinin hansısa bir hissəsi əks olunub. Nəticə etibarilə Siz həqiqətən öz axtarışınızda başlıca nəticəyə gəlmisiniz, bu da özünüzü ölkəyə sərf etməyinizdir. Nəticə etibarilə bu, övladlarımız və Sizin xatırladığınız körpənizin gələcəyi uğrunda mübarizədir. Yeri gəlmişkən, onun indi neçə yaşı var?" - Putin soruşub. O, cavab verib ki, balacanın 9, böyüyünün artıq 23 yaşı var. "Sizin iki övladınız var, kiçiyinin cəmi üç yaşı var, amma özünüz üçün cəbhə xəttinə getmək qərarı vermisiniz. Qəribədir!" - Rusiya prezidenti münasibət bildirib. Görüşün stenoqramı Kremlin saytında yerləşdirilib, onun videofraqmenti bloger Ulyana Yapparova özünün "Twitter" səhifəsində dərc edib. Jurnal qeyd edir ki, öz şərhlərində istifadəçilər Putinin ruhi sağlamlığına diqqət çəkib. İstifadəçilərdən biri yazıb ki, Putin "tavana baxır" və "ölkədə yerinin axtarışı barədə astaca donquldanır" və bu, "normal deyil". Digəri qeyd edib: "O, ümumiyyətlə, insanları eşitmir". Üçüncüsü bu nəticəyə gəlib ki, bu, "ağıl zəifliyinin" təzahürüdür. Kimsə açıq yazıb ki, bu, Altsheymer xəstəliyidir. Jurnal həm də Rusiya prezidentinin bu yaxınlarda yol verdiyi yanlışlığı xatırladıb. İyulun 17-də İrkutsk vilayətinin qubernatoru İqor Kobzevlə görüşündə o, Ukraynada həlak olan hərbi qulluqçulara salam göndərməsini xahiş edib. Rusiya prezidentinin sağlamlığı ilə bağlı ilk dəfə deyil ki, yazılır. Tanınmış rusiyalı politoloq Valeri Solovey dəfələrlə əmin edib ki, Rusiya dövlətinin başçısı "həlli mümkün olmayan problemlərlə" üzləşib və Kreml rəhbərinin tezliklə öləcəyi barədə açıq şəkildə eyham vurub. Bir ay öncə Solovyovla əlaqəli hesab edilən "General SVR"  Teleqram-kanalı yazıb ki, Putində xərçəng xəstəliyi var və beyninə metastaz verib. Putin xəstədir - bəlli olanlar Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlayandan sonra Putinin sağlamlığı ilə bağlı yoxlanılmamış şaiyələr yayılmağa başlayıb. O cümlədən Rusiya prezidentində xərçəng, Parkinson xəstəliyi və hətta ağıl zəifliyi olduğu iddia edilir. Kreml Putinin tamamilə sağlam olduğuna təkid edir.

Qarabağ ermənilərinə silahlı dəstəyə hazırıq – Yeni “hərəkat”

Bu gün İrəvanda “Könüllülər, milis və ehtiyatda olan hərbçilər dərnəyi” adlı qurum mətbuat konfransı keçirib. Sozcu.az xəbər verir ki, yeni yarandığını elan edən bu qurumun təşəbbüsçüləri keçmiş deputat Vardan Xaçatryan, İrəvanın keçmiş meri Albert Bazeyan, sosioloq Razmik Martirosyan və başqalarıdır. Tədbirdə çıxış edən Qagik Saruxanyan adlı “hərəkat üzvü” deyib ki, dərnək Qarabağdakı erməni əhalisinə dəstək üçün yaradılıb. “Lazım gələrsə, onlara silahlı dəstək verməyə hazırıq. Ancaq hesab edirəm ki, “artsax xalqı” özü təşkilatlanmalı və BMT Təhlükəsizlik Şurasına müraciət etməlidirlər”.axar)

Hakerlər ABŞ-ın Çindəki səfirinin elektron poçtunu sındırıb, yüz minlərlə məxfi yazışma ələ keçirilib

Hakerlər ABŞ-ın Çindəki səfiri Nikolas Berns və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrinkin elektron poçtlarını sındıraraq, yüz minlərlə hökumət yazışması giriş əldə ediblər. Sozcu.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, hakerlər Çin hakimiyyəti ilə əlaqədədirlər. Hakerlər hər iki diplomatın poçt qutularına girişlə ABŞ Prezidenti Cozef Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinin Çinə son səfərləri barədə məlumat əldə ediblər. Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə ekspertləri və “Microsoft”un qiymətləndirmələrinə görə, kiberhücumlar may ayında başlayıb, lakin ilk dəfə ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfəri ərəfəsində, iyunun ortalarında aşkar edilib.

“2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..”

“Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq...” Ermənilərin Azərbaycana qarşı hər gün yeni iddialarını, saymazyana, meydan oxurcasına xüsusi siyasi ambisiyalı çıxışlarını, bəyanatlarını görməmək mümkün deyil. Azərbaycan türklərinə nifrət dolu münasibət, bizim xoş məramlı, humanitar addımı düşməncəsinə qarşılamaq - son günlərin əsas mövzusudur. Bu mənzərə situativ formadan çıxaraq strateji xarakter almağa başlayır və Qarabağ hadisələrinin başlandığı ilk illərdəki erməni iddialarından mahiyyət etibarı ilə fərqlənmir, çünki o illərdə olduğu kimi, Rusiya yenə də separatçıların arxasında, yanında, önündədir. Ermənilər Şarl Mişel başda olmaqla Qərbi də hədəfə alıblar, Rusiyaya xoş görünmək üçün Qərbi hədəfə almaq ermənilərin işinə yarayır və Rusiya XİN-in Azərbaycana qarşı yönəlik son bəyanatı buna sübutdur. Rusiya artıq yerdəki adamlarına xüsusi təlimatlar göndərir və bu onların çıxışlarında aydın görünür... Bir ildir ki, Ruben Vardanyan Qarabağdadır. Hərbi kontingentlə kifayətlənməyən Rusiya zəngin və şovinist Vardanyanı siyasi perspektivlə təlimatlandıraraq Qarabağa göndərib. Vardanyanın dediklərinə bəlkə də diqqət yetirməmək olardı, onsuz da erməninin terrorçusu, katolikosu, prezidenti, baş naziri, sıravisi hər gün Qarabağ barədə nəsə danışır, amma Vardanyan danışanda, deməli, Kreml danışır. Ona görə də, bəzi məqamlara nəzər salmağı məqsədəuyğun hesab etmək olar. Vardanyanın dünən “FB” səhifəsində yazdıqlarının tezis şəklində Kremldən göndərildiyinə şübhə olmasın...   Bəs Vardanyanın dili ilə Moskva hansı tələblərlə, ideyalarla maddə-maddə çıxış edir?.. Vardanyan “humanitar hava dəhlizinin açılmasının birinci dərəcəli əhəmiyyət kəsb etdiyini”- deyir. Və məhz bu hava yolu ilə BMT-nin və başqa beynəlxalq təşkilatların Bakıdan yan keçməklə Xankəndinə gəlməsini, kömək göstərməsini tələb edir. Ağdam -Əsgəran yolundan istifadə etməklə humanitar məqsədlərdən imtina edən ermənilərə bizim nəzarətimiz olmayan heç bir hava dəhlizi açmağa yol vermək olmaz. Onsuz da ruslar son günlər çox intensiv şəkildə helikopterlər vasitəsilə Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrinin təminatını həyata keçirir. Əgər hava dəhlizinə icazə verilsə, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin mənası qalmaz. Xocalı hava limanı o zaman açıla bilər ki, ora birbaşa Azərbaycan nəzarət edəcək, gediş-gəliş, daşınan yüklər, Laçın yolunda olduğu kimi bizim filtrasiyadan keçəcək...  Rusiya özünü hədəfə gətirməmək üçün Azərbaycana təkbaşına deyil, beynəlxalq güclərin vasitəsilə təzyiq planlaşdırır və Vardanyanın dili ilə bildirir ki, “Vaşinqton, Paris, Moskva vasitəçi kimi Azərbaycana təzyiq etməlidir ki, situasiyada dəyişiklik yaransın”. Bir az da irəli gedərək tamam yeni oyunçunun – Çinin də sülhməramlı kontingentlə bölgəyə cəlb edilməsini vacib bilir. Ermənilərin fantaziyasına görə planetdəki dövlətlər, xüsusilə qlobal güclər bütün problemlərini, işlərini unudub yalnız Qarabağ ermənilərinin maraqları ilə məşğul olmalıdırlar. BMT Ukraynanı unudub ruslara beynəlxalq mandat verməlidir. Adam olsaydılar, deyilərdi ki, BMT-nin, dünyanın Rusiyanı işğalçı kimi gördüyü bir vaxtda adı çəkilən dövlətlərdə, qurumda necə Rusiya sevgisi ola bilər ki, dünyanın ən aqressiv ölkəsinə sülhməramlı mandatı versin?..  Azərbaycanı ermənilərə nifrət təbliğatı aparmaqda ittiham edənlərə sonuncu hərəkətlərini xatırlatmaq lazımdır. Ağdam yolundan istifadə etməklə minimum qida problemlərinin həll olunmasına etiraz edərək yola beton plitə döşəyən, “biz düşmən qapısına getmərik” şüarı ilə çıxış edən erməni daha çox bizə nifrət təbliğatı aparır, yoxsa 30 ildən çox müddətdə torpaqlarını işğal etmənizə baxmayaraq Sizə xoş məram nümayiş etdirib humanitar yol təklif edən Azərbaycan?.. Hələ cinayətkar, Xocalı qatili Samvel Babayan da dünən təklifləri ilə bir az da qabağa gedib, birbaşa BMT-yə müraciət edərək Azərbaycanın bu təşkilata hansı ərazi ilə daxil olmasına yenidən baxılmasını xahiş edir. Yəni bunların ağlından keçən odur ki, BMT Azərbaycanın ərazi bütövlüyündən imtina edib, Qarabağı sinidə ermənilərə hədiyyə etsin. Erməni qatil, BMT-nin yaxasını yalnız bu absurd xahişlə buraxmır, Qarabağda beynəlxalq təminatlı sülhməramlı mandatın təmin edilməsini də istəyir. BMT xətti həm Vardanyanın, həm də Babayanın planında təsadüfən səslənmir, çünki tezislər eyni mənbədəndir. Təbii ki, Rusiyaya müraciət heç yaddan çıxmır və Rusiyadan yaranmış situasiyaya müdaxilə etməyi xahiş edir. Bütün dünya ermənilərini də yaddan çıxarmadan ümumi mübarizəyə səsləyir. Azərbaycanı intensiv olaraq hədəf göstərməkdə əsas məqsəd Laçın yolunun açılması, nəzarət məntəqəsinin ləğv edilməsidir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, hətta yol açılmasa, sərbəst gediş-gəlişə şərait yaradılmasa danışıqları dayandıracaqları ilə hədələyir. Azərbaycan bu hücumları zərərsizləşdirmək üçün özü hücum diplomatiyasına başlamalı, tələblərin reallaşma mexanizmini şərt olaraq göstərməklə qarşı tərəfi müdafiə mövqeyinə çəkilməyə məcbur etməlidir. Məsələn, erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarmağa 10 gün vaxt verməklə. Ermənilərin yenidən dərsi verilməsə, şirnikib iddialarını reallaşdırmaq üçün Rusiya ilə birlikdə Qarabağda təxribatların miqyasını böyüdəcəklər...  Danışıqlar prosesi real nəticələrlə yekunlaşmır, əksinə, sadə, pozitiv bir fikir belə Ermənistan və Rusiya tərəfindən süngü ilə qarşılanır.  Perspektiv Brüssel, Qranada görüşlərindən sonra da eyni reaksiyaların şahidi olacağıq. Rusiyanın qeyri-konstruktiv mövqeyi, ermənilərin revanşist çağırışları, Qərbin yumşaq tərzi Azərbaycanın 2025-ci ildə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa edəcəyini şübhə altına alır. İki il səkkiz ay ərzində bir sıra taktiki və sərhəd-buraxılış məntəqəsi ilə strateji uğurlar qazansaq da, məsələnin yekun nöqtəsinin vurulmaması bu gedişlə vəziyyəti mürəkkəbləşdirir. Düzdür, buna birmənalı qiymət vermək mümkün deyil və ən azı Rusiya -Ukrayna müharibəsinin perspektivdə hansı beynəlxalq şəraiti yaratmasından çox məsələlər asılı olacaq. Amma biz qeyri-müəyyən gələcəyə deyil, bu günə hesablanan və real nəticələr verəcək siyasi, hərbi addımlar atmalıyıq. Düşməni və havadarını müdafiəyə çəkilməyə məcbur edib, Qarabağın qalan hissəsində suveren hüquqlarımızı bərpa etməliyik...  Niyə erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmirik? Əgər bu tələbimiz keçmirsə, növbəti tələbimiz daha sərt və konkret olmalıdır. Məsələn, sabah elan edirik ki, Rusiya hərbi kontingenti Qarabağda qaldığı məlum müddətdə Azərbaycan dövlət strukturları 10 gündən sonra Xankəndinə daxil olacaq və legitim hakimiyyət strukturları fəaliyyətə başlayacaq. Rusiya silahlı qüvvələri də iki toplum arasında asayişi, təhlükəsizliyi təmin edəcək. Yəni, gəlirik! Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq. Erməni razı olmayacaq, Rusiya sülhün yaranmasını tez hesab etdiyi kimi, Azərbaycanın da dövlət nəzarətinin bərpasını Lavrovun sözləri ilə “hələ tezdir, bu məsələni gələcək nəsillər həll edərlər” cavabını verəcək. 27 sentyabr 2020-dək də belə siyasət yeritdilər, indi biz də tarixdən dərs götürüb deməliyik ki, zor-xoş biz öz torpaqlarımızda dövlət nəzarətimizi yaradırıq. Ermənilər istəsələr qalsın, istəməsələr yol açıqdır. Bir sözlə, 2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..moderator) İlham İsmayıl