Redaktor seçimi

"Terrorçular üzərində qələbə həyatın dəyərini bilən hər kəsin şərəf məsələsidir" - Zelenski

"Müharibənin təkcə bir cinayəti Rusiya təcavüzü haqqında hər şeyi deyir. Vəhşilər yaşamağa imkan verən nə varsa hamısını məhv edir..." "Belarus ərazisindən raket buraxılışı bu ölkəni mühadibəyə cəlb etmək üçün imitasiya ola bilərdi..." Rusiyanın terrorçu qoşunları Xarkov vilayətində qanköçürmə mərkəzinə aviasiya bombası atıb. Zərbə nəticəsində həlak olan və yaralananlar var. Sozcu.az xəbər verir ki, bu barədə "unian.net" nəşri məlumat yayıb. Ukrayna prezidenti Vladimir Zelenski bununla əlaqədar olaraq bunları bəyan edib: "Müharibənin təkcə bir cinayəti Rusiya təcavüzü haqqında hər şeyi deyir. Vəhşilər yaşamağa imkan verən nə varsa, hamısını məhv edir. Terrorçular üzərində qələbə həyatın dəyərini bilən hər kəsin şərəf məsələsidir", - Zelenski vurğulayıb. Bütövlükdə, ukraynalı hərbçilərin məlumatlarına görə, Ukraynanın, demək olar ki, regionlarının yarısı təcavüzkarın atəşləri altındadır. Bu zaman raketlərin hərəkət istiqaməti dəyişə bilər, əhalidən sığınacaqlarda qalmaq xahiş edilir. Rusiyanın Ukraynaya avqustun 5-də raket hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri raketlərin Belarus ərazisindən buraxılması barədə məlumat verib. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi hesab edir ki, Rusiya ölkəni müharibəyə cəlb etmək üçün bu raket buraxılışlarını imitasiya edə bilərdi. Bu barədə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bəyan edib.  "Belarus ərazisindən buraxılan raketlərə gəlincə, bu, elektron buraxılışı və ya buraxılış imitasiyası olub, çünki bu ölkənin ərazisində ölkəni Ukraynaya qarşı müharibəyə cəlb etmək məqsədilə müxtəlif təxribatlar üçün Rusiyanın qoşunları, qüvvə və vəsaitləri yerləşdirilib", - o, bəyan edib. Yusov əlavə edib ki, fiziki olaraq raket buraxılışı olmaya da bilərdi. Lakin "hər şey elə quraşdırılıb ki, sanki raketlər Belarus ərazisindən buraxılıb". O, vurğulayıb ki, bu məlumat hazırda öyrənilir. Rusiyanın Ukraynaya zərbələri Rusiyalı qəsbkarlar hər gün Xarkov vilayətinin ərazisini atəşlərə məruz qoyur. O cümlədən son sutka ərzində vilayətin Boqoduxov, Xarkov, Çuquyev, İzyum və Kupyansk yaşayış məntəqələri atəş altına düşüb. Yaşayış evləri, təsərrüfat tikililəri zədələnib, yanğınlar baş verib. Bundan başqa, avqustun 5-də axşam Rusiya Ukraynaya "Kalibr" və "Kinjal" raketləri buraxıb. Zaporojye, Xmelnitsk və Jitomir vilayətlərində partlayışlar baş verib. Sonradan bəlli olub ki, rusiyalıların hədəflərindən  biri Zaporojyedəki "Motor Siç" zavodu olub. Orada yanğın baş verib.

İmran Xan barədə qərar: 3 il həbs

Pakistanın devrilmiş baş naziri maliyyə mənimsəmə işi ilə əlaqədar 3 il həbs və 5 il siyasi və hüquqi vəzifə tutma hüququndan məhrum edilib. Sozcu.az Geo TV-yə istinadla xəbər verir ki, İslamabadın antikorrupsiya məhkəməsinin hakimi bu gün “Təhrik-i-İnsaf” lideri İmran Xana qarşı hökm çıxarıb. Məhkəmə, həmçinin, İmran Xanın dərhal həbsinə qərar verib.

Oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb

Gəncədə oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub. Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elcan Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bu ünvanda evlər söküləcək - Sakinlərə hər ay kirayə pulu veriləcək

Bakıda “Kubinka” adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb. Sozcu.az xəbər verir ki, Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib. Sakinlərə sökülən evləri müqabilində 11 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 m² əlavə sahəsi olan mənzillər və tikinti prosesi başa çatana qədər kirayə pulu təklif edilib. Sakinlərin böyük bir qismi bununla razılaşaraq evlərini tərk ediblər. Lakin evlərini tərk etməkdən imtina edən, əlavə kvadrat metr və ya daha çox pul istəyən sakinlər də var. “Kubinka”da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.

Obyekti söküb, metro tikdilər, pulunu vermədilər - RİH-lə vətəndaş arasında 4 milyonluq qalmaqal

Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.  Sozcu.az xəbər verir ki, iddiaçı Yusifov İbiş Əli oğludur.  Araşdırmalarımız zamanı məlum olub ki, 2008-ci ildə İbiş Yusifova məxsus 358 kvadratmetrlik obyekt sökülüb. Obyektin sökülməsi "Nəsimi” metrostansiyanın tikintisi ilə bağlı olub. Lakin buna görə vətəndaşa kompensasiya ödənilməyib.  İbiş Yusifov dəfələrlə "Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə, Bakı şəhər və Binəqədi rayon icra hakimiyyətlərinə müraciətləri nəticəsiz qalıb.  Vətəndaş öncə sökülən obyektə görə 1 milyon 878 min, ötən illərdə əldən çıxmış fayda və mənəvi ziyana görə də 500 min manat (cəmi 2 milyon 378 min) kompensasiya tələb edib. Sonradan iddia tələbində məbləğ dəyişib. Mülkiyyətçi 4 milyon tələb edib. Lakin qarşı tərəf bununla razılaşmadığına görə iş məhkəməyə qədər uzanıb. Məhkəmə çəkişməsi illərdir ki, davam edir.  İşə bir dəfə Bakı İnzibati-İqtisadi Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb. Hazırda iş yenidən apellyasiya mərhələsindədir. İbiş Yusifovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. qaynarinfo)

Paşinyan Azərbaycan xalqına müraciət etdi

“İki siyasətçi bir-biri ilə danışanda, əslində, iki xalq danışır. Çünki bir tərəfdə o xalqın seçdiyi, digər tərəfdə bu xalqın seçdiyi şəxs masa başında oturur. Söhbətlərimizə gəldikdə isə bunlar beynəlxalq platformalarda müzakirə edilir. Bu, xalqlarımızın rifahına hesablanmış bir addımdır”. Sozcu.az “Euronews”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, telekanala verdiyi müsahibə zamanı Azərbaycan və Ermənistan xalqına müraciətində bildirib. “Yeri gəlmişkən, həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir. Bu, ictimai tələb isə sülhün bərqərar olunmasında çevikliyi həyata keçirmək bacarığı kimi formalaşdırılmalıdır”.

"Rus generalları Putinə qarşı üsyan edəcək, ordu Kremlin üzərinə gedəcək..."

"Bu qiyama rəhbərlik üçün Kolçak, Vrangel, Denikin kimi adam tapılarsa, çoxlu qan töküləcək..." "Rusiyada Putin hakimiyyəti yoxdur, yalnız generalların hakimiyyəti mövcuddur..." Psixoloq Putinə qarşı üsyana kimin başçılıq edə biləcəyini dəyərləndirib. Ekspertin sözlərinə görə, əgər Rusiya ordusunun aşağı "təbəqələrində" qiyam baş verərsə, o zaman Putin tamamilə amansız və zalım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə psixologiya elmləri namızədi Dmitri Popov bəyan edib. Rusiya diktatoru Vladimir Putinə qarşı üsyan tamamilə realdır, bunu həm generallar, həm də Rusiya ordusunun nisbətən aşağı təbəqələri təşkil edə bilər. "Düşünürəm ki, bu, hərbçilər arasında hansıda "qara qu quşu" ola bilər. Düzünü desəm, mən generallardan birini görürəm. Mənı elə gəlirdi ki, bu rola general Popov uyğun gələrdi. Bu, ağ qvardiyaçı deyil, məhz Rusiya zabitidir, proqnozlaşdırılandır, öz anlayışları var, Ukrayna barəsində qaniçəndir, Ukraynanı süpürüb atmağa və məhv etməyə hazırdır. Buna baxmayaraq, bu adam orduda nüfuza malik olub. O, vəzifədən kənarlaşdırılanda, mən nəyinsə baş verəcəyinin mümkünlüyünü gözləyirdim", - o, deyib. Lakin general Popov "yoxa çıxıb, onun harada olması və nə düşündüyü bəlli deyil". Onun fikrincə, gec-tez Rusiyada belə qiyama başçılıq edən adam tapılacaq. "Düşünürəm ki, gec-tez general poqonlu, orduda hörməti olan hər hansı İvanov-Petrov-Sidorov tapılacaq, o da diviziyadan az olmayan birləşməsini Kreml yerləşən tərəfə yönəldəcək. Mən buna inanıram. Siyasilərin nöqteyi-nəzərincə, hətta elə həmin FTX-çılar, həmin Patruşev də olmayacaq, hazırda bütün bu sistemə FTX rəhbəri deyil, Patruşev rəhbərlik edir...Mən heç kimi görmürəm. Priqojin də bu sistemə meydan oxuya biləcək adam deyil", - o, əlavə edib. Rusiyanın aşağı "təbəqələrində" qiyam baş verərsə, ekspertin fikrincə, Putin tamamilə amansız və zalım olacaq. Lakin ona rəhbərlik etmək üçün general və ya bu kütlə və texnikanı idarə etmək üçün polkovnik səviyyəsində baş zabit tələb ediləcək. "Texnikasız şineldə və avtomatları olan bu piyada kütləsinin uzağa gedə bilməyəcəyi dəqiqdir. Bu qiyama rəhbərlik etmək üçün Vrangel, Kolçak və bu kimi fiqurlar gərəkdir.  Mən əsgər qiyamını görmürəm. Əsgər qiyamı o zaman baş verə bilərdi ki, bolşevizm kimi ideologiya olsun və əhalinin aşağı təbəqələrini səfərbər edə bilsin. Rusiyada nə din var, nə də ideologiya, ona görə də bütün bunlara rəhbərlik edəcək savadlı adam lazımdır. Biz isə beləsini görmürük. Amma hər hansı Kolçak, Vrangel, Denikin kimi adam tapılarsa, o zaman çoxlu qan töküləcək. Bu mənada Priqojinin yürüşü, sadəcə, avtoqaçış kimi görünəcək", - Popov deyib. Rusiyanın taleyi-ekspertlərin fikirləri Bu ilin iyun ayında "vaqnerçilər"in başçısı Priqojin Moskvaya elan etdiyi yürüş başa çatdıqdan sonra bir çox ekspertlər iddia edir ki, tarixçə bununla birməyib. Bu hadisələr zamanı Kreml və Putin öz zəifliyini göstərib. Eyni zamanda, rusiyalı sosioloq və hüquq müdafiəçisi Vladimir Oseçkin hesab edir ki, Rusiyada Putin hakimiyyəti yoxdur. Onun sözlərinə görə, orada indi yalnız generalların hakimiyyəti var.

Putin artıq qlobal proseslərə təsir edən şəxs deyil

Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarının qlobal proseslərə təsir etmədiyini beynəlxalq ictimaiyyətin dərk etməsinin vaxtı çatıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Etiraf etməyin vaxtıdır ki, Putin artıq qlobal proseslərə təsir edən və hadisələrin gedişatını müəyyən edən şəxs deyil. Rusiya diktatoru yalnız yalnız heç olmasa kiminləsə Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün yalvara və işğalçıların "xahişlə" Kiyev vilayətindən çıxarıldığı haqqında hekayələr danışa bilər. Sadəcə Putinin yalanlarına məhəl qoymayın, onda çox şey tez həll olunacaq”, - Podolyak qeyd edib.

“Yemək nəcisə qarışırdı, Hikmət Həsənova dedim ki...” — TÜKÜRPƏDƏN DETALLAR

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovun məhkəməsi davam edib. Sənan Maşıyev və digərləri yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay - 6 il azadlıqdan məhrum ediliblər. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub. Sənan Maşıyev və digərləri hərbçilərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub. Musavat.com xəbər verir ki, hazırda məhkəmədə zərərçəkmişlər dindirilir. Sonuncu məhkəmə iclasında yenə zərərçəkmişlərdən İzzət Cəfərov ifadə verib. O, başına gələnlərə baxmayaraq, indi də orduda tabor komandirinin müavini vəzifəsində xidmət edir. İzzət Cəfərov deyib ki, 2017-ci ilin may ayının 5-də hərbi hissə komandiri Vüsal Ələsgərov (digər qrupun tərkibində mühakiməsi davam edir) onun xidmət etdiyi posta gəlib. Postdakı 4 əsgərlə bağlı maraqlanıb, gedəndə əsgərləri də özü ilə aparıb. Sabahı gün ona hərbi hissədən zəng vuraraq bildiriblər ki, hərbi hissəyə gəlib, buraxılış vərəqəsi götürüb, evə gedə bilər. Bütün bunları edib və evə yola düşüb. Yolda olanda hərbi hissədən zəng vuraraq geri qayıtmasını tapşırıblar: “Məni Cəmilliyə çağırdılar, hər şey də orda baş verdi. Vüsal dedi, bizdə məlumat var ki, sən erməniyə işləyirsən. Mən etiraz etdikcə, onlar daha da üstümə gəldi. Başıma torba keçirib, yerə yıxmışdılar, biri də üstümdə oturmuşdu. Vüsal dedi ki, al boynuna. Tapşırdı ki, aparın bunu otağa, ordakıları görsün, ağıllansın. Məni bir otağa apardılar, içəri girəndə dəhşətə gəldim. Yerdə qan içində qolları arxasına qandallı iki nəfər uzanmışdı, demək olar ki, meyit idilər. İşgəncədən elə vəziyyətdə idilər ki, demək olar ikisi də ölmüşdü. Dedilər istəyirsən, səni də bu günə qoyaq? Məni elə günə saldılar ki... Papaninə aparılanda özümdən xəbərim olmayıb. İzzət Cəfərovun sözlərinə görə, Mərkəzi Hərbi Hospitalda da ona münasibət yaxşı olmayıb: “Hospitalın rəisi gəldi, məni gördü, işçilərə dedi, bu oğraş erməniyə satılıb. Mənə ancaq kofe verirdilər ki, yatmayım”. Zərərçəkən orada bir neçə gün qalandan sonra Biləcəri haupvaxtına etap edilib. Orda da işgəncəyə məruz qalıb: “Deyiləsi, danışılası deyil, qollarım arxaya qandallı, gözüm bağlı şəkildə saatlarla qışqıra-qışqıra qalırdım, gəlib ayaqyoluna aparmırdılar, elə altıma batırırdım. Nəcisimin üstündə yatırdım. Əynimə pampers geyindirmişdilər, dolub daşırdı, ayağımdan aşağı nəcis axırdı. Gəlib, araya qoyub, aşağılayıb, gülürdülər. Yeməyə də elə o vəziyyətdə aparırdılar. Öz qabaqlarından qalmış yemək “otxodlarını” qabağımıza tökürdülər, sonra da sayırdılar, tutaq ki, 10 deyəndə gərək yeməyi bitirəydik. Halbuki qollarımız arxaya qandallı, gözlərimiz bağlı, əlbəttə ki, yeyə bilmirdik. Su istəyəndə gətirib ağzımıza çöp qoyurdular, suya çatanda çöpü çəkirdilər, gülüşürdülər. İnsanlığa sığmayan belə işgəncələr...” Zərərçəkən danışdıqca sözləri boğazında düyünlənirdi, özünü ağlamaqdan zorla saxlayırdı. O deyirdi ki, üzünə 41 hərbçi yoldaşı qoyulub. Toka verilib, suda boğulmalara məruz qalıb və sair: “Mənim arxamı müayinə etmək üçün 26 dəfə stola çıxarıblar. Hər dəfəsində də aşağılanmışam. 40 gün batırıb, nəcisimin üstündə yatmışam”. Sonra məhkəmə digər zərərçəkmiş Tural Qocayevi dindirib. O da başına gələnlərə baxmayaraq, hazırda Müdafiə Nazirliyinin hərbi hissələrindən birində komandirin tərbiyəvi işlər üzrə müavini işləyir. Tural Qocayev əvvəlcə bildirdi ki, 17 ildir orduda xidmət edir, bunun 15 ili cəbhə xəttində keçib. Aprel döyüşlərində iştirak edib. Şəxsən general Hikmət Həsənov həmin döyüşlərdəki iştirakına görə ona qol saatı hədiyyə edib. 44 günlük müharibədəki iştirakına görə isə Prezidentin sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalıyla təltif olunub. Tural Qocayev özü barədə məlumatları verdikdən sonra 2017-ci ilin may ayına qayıdır. Deyir ki, mayın 4-də məzuniyyətə buraxılıb, Qazaxa – evinə gedib. Bir neçə gün sonra azyaşlı övladlarının müalicəsinə görə ailəsi ilə Bakıya gəlib, bu zaman ona hərbi hissədən zəng olub, bildirilib ki, xaricə kurs keçməyə göndərilir, təcili toparlanıb hərbi hissəyə qayıtmalıdır. Yola düşüb, yolda olarkən hərbçi qardaşı ona zəng vurub, ailənin başını aşağı edəcək hər hansı əməli olub-olmadığını soruşub. Elə yolda ikən onunla danışan hərbi hissə yoldaşı ilə əlaqəsi kəsilib. Öyrənib ki, onu hərbi polisə aparıblar. Dalıyca gedib, özünü də saxlayıblar: “Məni ordan hərbi hissəyə gətirdilər. Hikmət Həsənov da orda idi. Hərbi hissənin binasından gələn insan uğultusundan qulaq tutulurdu. İlahi, qışqırtılar, yalvarmalar, sanki eyni vaxtda yüzlərlə insana işgəncə verilirdi. Vahimədən az qalırdı adamın ürəyi partlasın. Hərbi hissənin qarşısında dayanmışdım. Hər yer qan idi. İnsanları lüt soyundurub qan içərisində uzandırmışdılar, əl-qolları qandallı, gözləri bağlıydı. Nə baş verdiyini hələ də dərk edə bilmirdim. İnanmazsız, adamları “Kamaz”larla gətirirdilər, “Kamaz”ların kuzasından yerə - asfaltın üstünə kartof kisəsi kimi götürüb atırdılar. Kimsə qışqırırdı ki, bu vətəni satanları da yığın içəri. Gözümün qabağında lüt soyundurulmuş və işgəncə görmüş bir zabiti çamadan kimi qatladılar, dörd tərəfə skoçladılar, maşının baqajına yerləşdirə bilmirdilər, basırdılar ki, baqaj bağlansın. Mənə yaxınlaşan yox idi. Məni gətirən sürücü dedi, burdan uzaqlaşaq. Elə maşını işə salıb yerindən tərpənəndə arxadan fit çaldılar. Sonra da hər şey iki dəqiqənin içərisində baş verdi”. Zərərçəkən danışır ki, onu da lüt soyundurublar, gözlərini bağlayıblar, qollarını arxadan qandallayıblar. Hərbi hissənin içərisində isə işgəncələr başlayıb: “Allah heç kəsə göstərməsin. 22 gün mən orda nələr yaşadım... Xayalarıma tok verdilər, bütün qap-qara idim (aşağı ətraflarını göstərir), başıma əski atıb, suda boğurdular... Zərərçəkən işgəncələrdən danışdıqca sözlər boğazında düyünlənirdi: “SAT-ın uşaqları idi bizə işgəncə verənlər... Heç itlə elə davranmazlar, necə ki, bizimlə davranırdılar. Hər gün işgəncə, hər yer qan gölməçəsi... Bizi yeməyə aparanda da, tualetə aparanda da aşağılayırdılar. Baxırdın ki, özündən rütbəcə, yaşca kiçik birisi sənin arxana təpik vura-vura tualetə aparıb-gətirir, dözülməz idi... Qollarımız arxamıza qandallı, gözümüz bağlı, başımızdan basırdılar ki, yeyin. Yeməklər də öz qabaqlarından qalmış “otxodlar” olurdu. Elə vaxt olurdu ki, gətirib elə işgəncə yerində yerə tökürdülər yeməyi... Elə bil it qabağına tökürlər. Yemək palçığa, nəcisə qarışırdı, yeyə bilmirdik”. Tural Qocayev işgəncə yerində general Hikmət Həsənovu, Babək Səmidlini gördüyünü deyir: “General Hikmət Həsənov birbaşa işgəncələrə nəzarət edirdi. 1-ci Korpusun komandir müavini Babək Səmidli də ora gəlirdi. (44 günlük müharibədən bir neçə gün sonra minaya düşərək həlak olub). Qara, yekə CİP-də gəlirdi, gözündə qara eynək... Nə qədər qışqırdımsa Hikmət Həsənov, mənim günahım yoxdur, üzünü o tərəfə çevirdi”. Mayın 29-da vətən xaini söhbətindən “təmiz çıxanların siyahısı elan olunanda Tural Qocayevin də adı çəkilib. Daha bir neçə gün orda qaldıqdan sonra evə buraxılıb: “Mənə çox çətin idi. Hələ də bilmirdim ki, ailəmin baş verənlərdən nə qədər xəbəri var. Düşünürdüm, bəlkə də elə bilirlər xaricdə kursdayam. Bədənimdə qaradan, göydən başqa rəng yox idi. Bilmirdim ki, işgəncə izlərini necə gizlədim. Oğlum dedi, ata, qonşular uşaqları mənimlə oynamağa qoymurlar, deyirlər, onun atası erməniyə satılıb. Atamsa məni görüb, infarkt keçirdi”. Sonradan Tərtər Hərbi Prokurorluğunda Tural Qocayevə qondarma cinayət işi açmaq istəyiblər. Guya 2015-ci ildə işlədiyi hərbi hissədə generator almaq adıyla pul yığıb və mənimsəyib. Deməsinə görə, buna görə hərbi hissədən saxta şahidlər də tapılıb. Ancaq o, İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edəndən sonra işə xitam verilib. Məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam edir.

Ukrayna Silahlı Qüvvələri Staromayorskoyeni azad etdi

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut və Avdiivka istiqamətində rusların hücumlarını dəf edib, Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib. Qeyd olunur ki, son sutka ərzində 30-dan çox toqquşma olub. "Baxmut istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Kleşçievkasının qərb və cənubunda yerləşən ərazilərdə düşmənin hücumlarını uğurla dəf ediblər. Düşmən Donetsk vilayətinin Kurdyumovka, Belaya Qora və Nyu York ərazilərinə aviazərbələr endirib", - Baş Qərargah qeyd edib. Bu istiqamətdə düşmənin artilleriya atəşindən 10-dan çox yaşayış məntəqəsi zərər çəkib. "Avdiivka istiqamətində düşmənin ağır hava və artilleriya atəşi altında müdafiəçilərimiz Avdiivka ərazisində rus qoşunlarının hücumlarını uğurla dəf ediblər. 15-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb", - məlumatda deyilir. Şaxtyorsk istiqamətində aviasiya və artilleriyadan güclü atəş altında Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Donetsk vilayətinin Ravnopol və Makarovka rayonlarında ruslar itirilmiş mövqelərini geri qaytarmaq üçün uğursuz cəhd ediblər. "Limanski istiqamətində düşmən ümid bölgəsində uğursuz hücum əməliyyatları keçirib və Luqansk vilayətinin Beloqorovka yaxınlığında hava hücumu təşkil edib", - Baş Qərargah Luqansk və Donetsk vilayətlərində 6 yaşayış məntəqəsinin artilleriya atəşinə məruz qaldığını bildirib.  Marinka istiqamətində Ukrayna müdafiə qüvvələri rus qoşunlarının Marinka şəhəri ərazisində irəliləməsini dayandırmağa davam edir; Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin İzyumski rayonuna hava zərbəsi endirib, Xarkov vilayətinin daha beş yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub. Zaporojye və Xerson istiqamətlərində ruslar əsas səylərini Ukrayna qoşunlarının daha da irəliləməsinin qarşısını almağa cəmləşdirirlər. Onlar Xerson vilayətinin Novoberislav bölgəsinə hava zərbəsi endirib, 15-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb. "Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir və əldə olunan xətlərdə möhkəmlənir", - Baş Qərargah qeyd edib. Severski və Slobojanski istiqamətlərində ruslar 35-dən çox yaşayış məntəqəsinə minaatan və artilleriya hücumu həyata keçirib. Volın və Polesye istiqamətlərində əməliyyat vəziyyəti əhəmiyyətli dəyişiklik olmadan qalır.

İrandan narkotikin keçirilməsinin qarşısı alındı

İyul ayının 27-də saat 10:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-dən bildirilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə “marixuana”, narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1725 ədəd “pregobalin 150” və 12 ədəd “Golden wolf” həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

İran Ermənistana hərbi dəstəyi genişləndirir - ABŞ-dan XƏBƏRDARLIQ

Ermənistan Azərbaycanla son hərbi gərginliklər ərəfəsində İranın “Şahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Ola bilsin ki, Moskvada keçirilən XİN başçılarının sonuncu üçtərəfli görüşündə bu məsələ də müzakirə olunub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun gündəlik məlumatında bildirilib. Məlumatda deyilir ki, İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. "Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”, - ABŞ İnstitutunun yaydığı məlumatda vurğulanıb. Amerikalı ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir. Qeyd edilib ki, Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa çalışıb. Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.