Redaktor seçimi

Ermənistan Azərbaycanla bazarlıq etmək istəyir

Əlverişsiz hava şəraitində itkin düşən Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanda tutularaq mühakimə edilməsi tamamilə qanuna zidd şəkildə həyata keçirilib. Bu sözləri Axar.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Hüseyn Axundova ömürlük həbs cəzası veriləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, əsgərlərə qarşı irəli sürülən ittihamlar və qəbul edilən qərarlar çox qərəzlidir: “Naxçıvanın Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraitində azıb sərhədi keçən azərbaycanlı hərbçilər bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib. Azərbaycan Ordusunun əsgərlərinin mühakimə edilməsi tamamilə qanunsuzdur. Onlarla beynəlxalq hüququn müəyyən etdiyi normalara uyğun şəkildə davranmayıblar. Hətta əsgərlərimizə işgəncə verərək sosial şəbəkələrdə yayıblar. Bu isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına ziddir. Sözügedən konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. Ermənilər həmişə olduğu kimi, gülünc iddialar irəli sürərək, guya bizim əsgərin hansısa zavodun gözətçisini öldürdüyünü və buna görə mühakimə olunduğunu bəyan edirlər. Təcrübə onu göstərir ki, indiyə kimi Azərbaycandan ələ keçirilmiş bir neçə şəxs barəsində də belə məhkəmə qərarları olub. Lakin onlar sonunda həmin şəxsləri Azərbaycan tərəfinə vermək məcburiyyətində qalıb”. Səməd Vəkilov bildirib ki, haqsız yerə mühakimə olunan əsgərlərimiz də Azərbaycana qaytarılacaq: “Ermənilər bizim əsgərlərə belə yüksək cəza verməklə Azərbaycanda olan hərbi cinayətkarların geri alınması ilə bağlı bazarlıq etmək istəyirlər. Lakin bu, real görsənmir. Ermənistan tərəfi hərbçilərimizi vermək məcburiyyətində qalacaqlar. Buna Azərbaycan dövlətinin gücü imkan verir”.

"İsa Qəmbər başqanlıqdan gedəndən sonra hakimiyyətin Müsavatı dağıtmaq üçün çoxlu cəhdləri oldu, amma bunu bacarmadılar"

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlının “Yeni Sabah”a müsahibəsi:  - Sentyabrda Müsavat Partiyasının növbəti qurultayının olacağı və yeni başqanın seçiləcəyi bildirilir. Başqanlığa namizədlərin sırasında sizin də adınız hallanır. Bu barədə nə deyə bilərsiniz?  - Müsavat Partiyası demokratik bir təşkilatdır. Müsavat Partiyasında yaşlı, orta və gənc nəsil təmsilçilərindən başqanlığa namizəd olacaq kifayət qədər adam var. Bizim Divan üzvlərimizin hər biri Müsavat başqanlığına namizəd olmağa layiq insanlardır.  Müsavat Partiyası ağır bir dönəmdən keçdi. İsa Qəmbər başqanlıqdan gedəndən sonra hakimiyyətin Müsavatı dağıtmaq üçün çoxlu cəhdləri oldu, amma bunu bacarmadılar. Bu da yalnız Arif Hacılının başqanlığının sayəsində mümkün oldu. Arif bəy bu illər ərzində Müsavat Partiyasını ayaqda saxlaya bildi. Müsavat Partiyası bütün işlək strukturları ilə demək olar ki, həmişə Ana Müxalifətin önündə gedən siyasi partiyalardan biri olub. - Qurultaya hazırlıq işləri necə gedir?  - Hər 3 aydan bir Müsavat Məclisi keçirilir, hər həftə Divan iclası və Sədrlər Şurasının iclası olur. Bütün bu strukturlar Müsavatın işlək bir siyasi partiya formasına gətirdi. Müsavat Partiyası bütün zamanlarda dövlətin – hakimiyyətin yox – yanında olan bir siyasi partiyadır. Dövlətimizə xeyirli nə olacaqsa, təbii ki, Müsavat onu dəstəkləyəcək. Xatırladım ki, 44 günlük İkinci Qarabağ müharibəsində Müsavat Partiyası siyasi fəaliyyətini dondurdu və bu ərəfədə heç bir siyasi fəaliyyətlə məşğul olmayıb dövlətin yanında oldu. - Perspektivdə ən güclü namizəd, sizcə, kimdir? Siz, yoxsa İsa Qəmbər?  - Müsavat Partiyası demokratik bir partiya olduğu və Azərbaycan cəmiyyətinə demokratik bir ab-hava gətirdiyi üçün İsa bəy başqanlıqdan getdi. Müsavat Partiyasının başqanının isə 2 dəfə seçilmək hüququ var. Arif bəy 2 dəfə seçiləndən sonra növbəti dəfə başqanlığa namizədliyini irəli sürməyəcək. Başda özüm olmaqla bilirəm ki, bütün müsavatçıların ən böyük arzusu İsa Qəmbərin yenidən Müsavat başqanlığına qayıtmasıdır. Bunu hamımızın arzusu kimi qəbul edirəm və məncə, İsa bəyin verəcəyi bu qərar ən önəmli, önəmli və ən vacib qərarlardan biri olub. Lakin İsa bəy hələ bu qərarı verəcək, ya yox, bu da sual altındadır. - Müsavat Partiyası parlamentə daxil olsa, hakimiyyətin siyasi kursunu dəstəkləyən müxalifət partiyalarının sıralarına qoşula bilərmi?  - Parlamentə seçkilərə gəldikdə, Müsavar Partiyası ana müxalifət olduğu üçün ölkənin bütün bölgələrində bizim strukturlarımız var. Lakin parlament seçkiləri zamanı baxmayaraq ki, müsavatçılar ən yüksək səs alırdılar, amma sonda qutudan ən aşağı səslə çıxırdılar. Ona görə ki, hakimiyyət müsavatçıları parlamentə buraxmırdı. Amma bu səfər, əgər proporsional seçkilər obyektiv olarsa, mən əminəm ki, Müsavat Partiyası parlamentə düşəcək. Mən niyə “obyektiv olarsa” söylədim? Yadınızdadırsa, biz Ədliyyə Nazirliyinə siyahı vermişdik, məni – Müsavat Partiyasının Məclisinin sədrini eyniləşməyən kimi göstərmişdilər. Əgər yenə də bu oyunlar davam edəcəksə, müxalifətə bu münasibətlər olacaqlarsa, təbii ki, parlamentdə olmağımız sual altında olacaq. Mənə elə gəlir ki, demokratik seçkilərin olması hakimiyyət üçün də maraqlı olmalıdır. Əgər demokratik seçkilər olarsa, Müsavat Partiyası mütləq şəkildə Azərbaycan xalqının səsinin böyük əksəriyyətini alacaq. - Belə bir iddialar da səslənir ki, Müsavat parlamentə daxil olandan sonra konstruktiv müxalifət olacaq və hakimiyyətlə anlaşacaq. Çünki iqtidar AXCP ilə uzlaşa bilmir, lakin parlamentdə real müxalifətə də ehtiyac var...  - Belə olacağını düşünmürəm. Çünki Müsavat Partiyası parlamentdə daha fərqli mövqedən çıxış edəcək. Müsavat Partiyası hər şeyə əl çalan, yalanı doğru kimi təqdim edən bir siyasi partiya deyil. Təbii ki, doğru dəstəklənəcək, yalan ifşa olunacaq. Müsavat Partiyasının əvvəldən tutduğu mövqe və xətt budur. Bu, Rəsulzadə-Elçibəy yoludur. Qısası, Müsavat Partiyası ömründə bir dəfə də olsun nə hakimiyyətə, nə də parlamentə gəlmək üçün heç kəslə sövdələşməyib, bundan sonra da elə bir şey ola bilməz. 

Ermənilər Hüseynə ömürlük cəza tələb edirlər

Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Faktİnfo” nəşri məlumat yayıb. Bildirilir ki, Azərbaycan əsgəri Hüseyn Axundovun guya qətlə yetirdiyi Zəngəzur mis-molibden zavodunun gözətçisi Ayrapet Məliksetyanın hüquqi varisləri məhkəmənin hökmündən narazıdırlar. Onlar saxta ittihamlarla həbs edilən Azərbaycan hərbçisinə ömürlük cəza tələb edirlər. Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb və onlara qarşı saxta ittihamlar irəli sürülüb. Aqşin Bəbirov 11,5, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Separatçılar bu gün ordumuza hücum edə bilər!

Bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyət” müzakirə olunacaq. Sozcu.az xəbər verir ki, Ermənistan iclasda “humanitar fəlakət” iddialarını gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin yüklər üçün açılması üçün Azərbaycana qarşı qərarın qəbul edilməsinə çalışacaq. Siyasi və hüquqi şərtlər Ermənistanın uğursuz olacağını öncədən proqnozlaşdırmağa imkan verir. Lakin Ermənistanın və Qarabağdakı separatçıların öz iddialarını daha da təsirli etmək, eləcə də “arqument”lər göstərmək üçün bu gün müəyyən addımlar ata biləcəyi gözləniləndir. Bu addımları bir neçə istiqamətdə dəyərləndirmək olar. Birincisi, “humanitar fəlakət” iddiasını ispat etməkdir: artıq dünəndən etibarən Qarabağda “aclıqdan ölüm halları”nın olduğuna dair dezinformasiyalar tirajlanmağa başlayıb, hətta bunun üçün xüsusi hazırlanmış fotolardan da istifadə olunur; bununla bağlı yeni feyk-nyusların yayılacağı istisna deyil; İkincisi, Xankəndidə nümayişlərin keçirilməsi ola bilər: dünən axşamdan separatçıların tapşırığı ilə bir qrup erməni Rusiya sülhməramlılarının qərargahı önünə göndərilib; məqsəd beynəlxalq ictimaiyyətə “əhali etiraz edir” görüntüsünü nümayiş etdirməkdir, həmçinin, Təhlükəsizlik Şurasının üzvü olan Rusiyaya bu yolla təzyiq göstərməyi də düşünə bilərlər; Üçüncüsü və ən əsası, separatçıların təxribat hücumu ilə silahlı qarşıdurma yaratması ehtimalıdır: artıq günlərdir qanunsuz hərbi birləşmələrin döyüş mövqeləri hazırladığına dair məlumatlar, görüntülər yayılır, istisna deyil ki, məhz bu gün təxribat törədə, mümkün qarşıdurmada mülki əhalinin zərər görməsinə nail olaraq, BMT TŞ-də “ermənilərə qarşı soyqırımı” iddialarını qaldıra bilərlər, xüsusilə atəş nöqtələrinin mülki evlərin yanında qurulması buna hesablanmış addımdır; BMT TŞ-də ermənilər üçün ürəkaçan nəticənin olacağı gözləntisi azdır, lakin Xankəndidə nələrin baş verəcəyinə də diqqət etməli, informasiya və hərbi müstəvidə edilə biləcək təxribatlara qarşı hazırlıqlı olmalıyıq.

Arif Əliyev: “Rusiyaya təzyiqlər artır, sentyabr həlledici ay olacaq”

"Rusiyaya təzyiqlərin yalnız Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqazdan da gücləndiyinin şahidi oluruq”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin imzaladığı və Rusiyadan Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindən çıxmasını tələb edən sənədi şərh edərkən deyib. "Rusiyaya qarşı yeni cəbhə çoxdan açılıb. Bu sadəcə yeni uzantılarından, yeni "döyüş səhnələri”ndən biridir. Bütün bu tələb və təzyiqlər  Rusiyanı bütün cəbhələrdə zəiflətməyə yönəlib. BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin Moskvadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmaqla bağlı tələbi də həmin prosesin davamıdır”, deyə Arif Əliyev vurğulayıb. Həmsöhbətimiz qeyd edib ki, bu istiqamətdə cərəyan edən proseslər payıza doğru - sentyabr ayında daha da gərginləşəcək: "Bu, Ukrayna prezidenti Volodirmi Zelenskinin bəyanatlarında öz əksini tapıb. O bildirib ki, payıza yaxın yeni əməliyyatlar gözlənilir. BMT TŞ-nın 6 ölkəsinin Rusiya ilə bağlı qəbul etdikləri həmin sənədi də payıza doğru yeni əməliyyatların başlanması ehtimalı ilə əlaqələndirirəm”.  Adif Əliyev bildirib ki, bir sıra məsələlərə həmçinin Rusiya və Türkiyə prezidentlərinin görüşündə aydınlıq gətiriləcək:  "Məhz bu görüşdən sonra bir sıra məsələlərə daha dəqiq münasibət bildirmək imkanı yaranacaq. Çünki orada müzakirə olunacaq məsələlərin Rusiyanın indiki dairədən daha geniş bir mühitə çıxış cəhdinə aydiyyatı vardır”.  Arif Əliyevin fikrincə, Orta Asiyanın ən sakit dövlətlərindən olan Türkmənistan da Moskvanın yeni iqtisadi əlaqə cəhdlərinin öz ərazisində nəticə verməyəcəyi barədə ciddi bir bəyanat verib.  "Onlar bu bəyanatı verərkən Orta Asiyanın digər ölkələrinə də istinad etdilər. Rusiyaya təzyiqlərin tək Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqaz istiqamətindən də gücləndiyinin şahidi oluruq. 6 ölkənin verdiyi bəyanat da məhz bunun təzahürüdür”, deyə ekspert bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının altı üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edən sənəd imzalayıblar. Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırıblar. Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır. 

10 min erməni silahlı var: hər an əməliyyat başlaya bilər

Azərbaycanın siyasi iradəsi ilə atılan addımlar Ermənistanda təşvişə səbəb olub. Bu gün onlar müxtəlif şoular yaradaraq, prosesin qarşısını almağa çalışırlar. Bu sözləri Axar.az-a tanınmış hərbi ekspert Alparslan İmamqulu Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplaması ilə bağlı yayılan videogörüntünü şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın antiterror əməliyyatları həyata keçirəcəyini anlayır. Çünki işğaldan azad olunan torpaqlara qayıdış planlarının həyata keçirildiyi, inşaat-quruculuq işləri görüldüyü bir vaxtda ərazidə terror qruplarının mövcud olması ciddi bir təhlükədir: “Torpaqlarımızı işğaldan azad etmişik, lakin hələ də ərazilərimizdə terrorçu qüvvələr mövcuddur. On minə yaxın əli silah tutan bir qüvvə fəaliyyət göstərir və bu, çox ciddi rəqəmdir. Tez bir zamanda irimiqyaslı antiterror əməliyyatları keçirərək bu qrupları tamamilə zərərsizləşdirmək lazımdır. Əks halda Rusiya davamlı olaraq bölgədə revanşizmi dəstəkləyəcək və terrorçu qrupları müxtəlif vasitələrlə silahlandıracaq”. Onun sözlərinə görə, Ermənistanın yürütdüyü siyasət rəsmi Bakını antiterror əməliyyatlarını tez bir zamanda həyata keçirməyə vadar edir: “Buna müharibə yox, irimiqyaslı antiterror əməliyyatlarının başlanması deyərdim. Bu, hər an ola bilər. Çünki Ermənistanın vədinə əməl etməməsi, revanşist fikirlər səsləndirməsi Azərbaycan üçün başqa yol qoymur. Hətta deyərdim, qaçılmazdır. Bunun qarşısının alınmasının da yeganə yolu terrorçuların zərərsizləşdirilməsidir. Ona görə də irimiqyaslı antiterror əməliyyatları tez bir zamanda başlayacaq”. Azərbaycan Ordusunun yüksək hazırlığından bəhs edən ekspert bildirib ki, antiterror əməliyyatları da Bakının zəfəri ilə yekunlaşacaq: “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda struktur dəyişikliyi, təşkilatlanmada və silahlanmada gedən inkişafa baxsaq, Ermənistanın İran, Rusiya, Hindistan kimi ölkələr tərəfindən dəstəklənməsi heç bir məna kəsb etmir. Təbii ki, təhlükələr nəzərə alınmalıdır. Çünki ərazilərimizin içərisində olan bu qüvvə hər an ciddi təxribatlar törədə bilər. Azərbaycan bir neçə dəfə kiçik antiterror əməliyyatı keçirib. Bölgədə strateji yüksəkliklər nəzarətə götürülüb. Bu da bizə Ermənistan və onun ərazilərimizə buraxdığı terrorçu qrupların fəaliyyətini daim izləmək imkanı verib. Bununla yanaşı hava məkanı da daim nəzarətimizdədir. Odur ki, ciddi narahatlığa əsas yoxdur. Sadəcə, tez bir zamanda bu əməliyyatların başladılması önəmlidir. Əks halda, əlində silah olan terrorçu qüvvələrin daha da güclənməsi Azərbaycana gələcəkdə çətinlik yaradacaq”.

Oğlunun batdığını görən ana özünü çaya atıb

Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub. Sozcu.az Baku.ws-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib. Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib. Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərində fəal olan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayit Musiqi Kollecinin məzunu olub. Nurlan evin ən böyük övladı olub. Onun Ruslan və Aqşin adlı qardaşları var. Kürdə batanlardan biri də onun özündən 5 yaş kiçik qardaşı Akşin Elburus oğlu Kərimovdur. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.

Ermənistan sərhədə hərbi texnika TOPLAYIR

"Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb". Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.

“Humanitar yardım” şousunun hansısa silahlı qarşıdurmaya keçəcəyini gözləmirəm...”

“Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir...” “Qarabağdakı ermənilərə “humanitar yardım” şousunun hansısa silahlı qarşıdurmaya keçəcəyini gözləmirəm. Ona görə ki, Ermənistanın bu məsələdə mövqeləri zəifdir. Baxmayaraq ki, yeni silahlar alınıb, guya ordu təchiz olunub, Qarabağdakı separatçıları da ruslar təchiz edirlər”.  Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının “ “Artıq 3 həftəyə yaxındır ki, Ermənistanla sərhədimizdə davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousunun əvvəlkilərə nisbətən genişmiqyaslı silahlı qarşıdurma ilə nəticələnməsi ehtimalı nə qədərdir və bu, hansı güclərə lazımdır?” sualını cavablandırarkə ifadə edib. “Amma nəzərə alsaq ki, bu aksiyanın arxasında Ermənistan hökumətindən daha çox ona opponnet olanlar durur, - bunun da kimliyi, dediyim kimi, göründü,-  əlbəttə, ilk növbədə Ermənistan hökuməti konfliktdə maraqlı deyil. Yalnız ona görə yox ki,  İrəvan sülhsevərdir, sülhü müharibədən üstün tutur, sadəcə, həm də ona görə ki, bu ölkənin yetərincə gücü yoxdur. Belə bir şəraitdə müəyyən lokal hərbi qarşıdurmalar ola bilər. Amma bunun böyükmiqyaslı hansısa konfliktə keçməsi qeyri-mümkündür”,- deyə davamında analitik bildirib. “Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir. Bunu isə, səhv etmirəmsə, nə Azərbaycan istəyir, nə də Ermənistan. Rusiyaya lazım olan bu konflikt yaratmaq cəhdi digər geo-siyasi oyunçulara da, yəni Türkiyəyə, Qərbə,  hətta İrana da lazım deyil. Ümumiyyətlə, bütün bu olaylara: istər həmin “humanitar yardım” şousuna, istər onu hansısa konfliktə çevirmək cəhdinə, istər ona Ermənistan tərəfindən dəstək aksiyası keçirmək cəhdinə, istərsə də Qarabağdakı separatçıların təhdidlərinə kompleks baxdıqda biz, əlbəttə ki, Rusiyanın konflikt yaratma fəaliyyətini görürük. Bax, bu fəalaliyyətin də başlanğıcının anonsu, - əslində ona zəmin çoxdan yaradılıbdır,-  məhz Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə departament rəhbərinin son bəyanatıydı”, - deyə ekspert vurğulayıb.

Ukrayna qalib gəlir, möcüzə isə olmayacaq - "Tayms"

Ukrayna Rusiya ilə müharibədə qalib gəlir, lakin müharibə Yeni il bayramına qədər bitməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” qəzeti məlumat yayıb. “Hazırda uzanan əks-hücumda möcüzə olacağına ümid edirdilər. NATO möcüzələr gözləyirdi və ukraynalılar onlara bunu vəd etdilər. Ancaq optimizm əsasında müharibə apara bilməzsiniz. Əks-hücum zamanı üzə çıxan problemlər Ukrayna ilə müttəfiqlər arasında gərginliyə səbəb olub. Qarşılıqlı ittihamlar səsləndirməyə başladılar. Müharibə isə uzanır. İndi Ukraynaya dəstək üçün uzunmüddətli planlar hazırlamaq lazımdır. Bu, bəlkə də nəhayət, hansısa sülhün mümkünlüyünü nəzərdən keçirmək üçün şərait yaradacaq”, - nəşrin analizində bildirilib.

Rusiyanın 4298 ədəd tankı məhv edlib

Ukrayna müharibənin 536-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 253 850 hərbçi, 4298 ədəd tank, 8335 ədəd zirehli döyüş maşını, 5072 ədəd artilleriya sistemi, 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 475 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7543 ədəd avtomobil texnikası, 4204 ədəd PUA, 1378 qanadlı raket, 18 gəmi/qayıq, 760 xüsusi avadanlıq itirib.

“ABŞ artıq bölgədəki proseslərlə bağlı Rusiyanın varlığını nəzərə almır...”

“Və məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq...” Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcəyi və hətta yeni münaqişələr üçün zəmin yarada biləcəyi” barədə son bəyanatını şərh edərkən “Söhbət Azərbaycan və Ermənistan haqqında gedirsə, Rusiyadan danışmaq istəməzdim... Biz inanırıq ki, savaşda tərəf olmayan digər ölkələrin hər hansı şərhindən asılı olmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik” söyləməsi Ağ Evin artıq əvvəlki dövrlərdən fərqli olaraq iki ölkə arasında sülh sazişinin imzalanması və Qarabağ məsələsinin yekun həllinə əsl mənada qətiyyətlə çalışdığını göstərirmi?.. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib: “Metyu Müllerin bəyanatı, şübhəsiz ki, Rusiya Xarici işlər Nazirliyinin verdiyi açıqlamaya cavab idi. Ona görə ki, bu açıqlama hansısa bir adi şəxsin adından verilmir. Şübhəsiz ki, o, rəsmi şəxsdir MDB üzrə departament rəhbəridir. Və əlbəttə ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyidir. Və bu barədə  mənim mətbuatda da açıqlamalarım olub, “Facebook” səhifəmdə də yazmışam. Amma şəxsən mən ABŞ tərəfindən belə qəti və birmənalı mövqenin, cavab mövqeyinin ortaya qoyulacağını gözləmirdim. Hər bir halda Millerin bəyanatı göstərdi ki, Birləşmiş Ştatlar bölgədəki mövqelər və proseslərlə bağlı və özünün bölgəyə yönəlik siyasəti ilə bağlı Rusiyanın varlığını nəinki nəzərə almır, hətta onun istəklərini belə, onun prosesə qoşulmaq şansını belə, qəbul etmir”. “ABŞ sülh istəyirmi? Əlbəttə ki, istəyir. Vaşinqton sülhü ona görə istəyir ki, bu onun bölgədəki mövqelərini möhkəmlətmiş olacaq və sülh imzalayan tərəflərin ABŞ-ın tərəfdaşına çevrilməsini təmin edəcək. Və bu həm də Birləşmiş Ştatların Avropa Birliyi ilə iş birliyində olaraq Azərbaycan-Ermənistan sülh müqaviləsinin təmin olunmasına çalışdığının özəl bir göstəricisidir. Düşünürəm ki, Qərb, kollektiv Qərb, konkret halda istər ABŞ olsun, istər Avropa Birliyi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Və məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq”- deyə analitik vurğulayıb.