“Və məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq...”
Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcəyi və hətta yeni münaqişələr üçün zəmin yarada biləcəyi” barədə son bəyanatını şərh edərkən “Söhbət Azərbaycan və Ermənistan haqqında gedirsə, Rusiyadan danışmaq istəməzdim... Biz inanırıq ki, savaşda tərəf olmayan digər ölkələrin hər hansı şərhindən asılı olmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik” söyləməsi Ağ Evin artıq əvvəlki dövrlərdən fərqli olaraq iki ölkə arasında sülh sazişinin imzalanması və Qarabağ məsələsinin yekun həllinə əsl mənada qətiyyətlə çalışdığını göstərirmi?..
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
“Metyu Müllerin bəyanatı, şübhəsiz ki, Rusiya Xarici işlər Nazirliyinin verdiyi açıqlamaya cavab idi. Ona görə ki, bu açıqlama hansısa bir adi şəxsin adından verilmir. Şübhəsiz ki, o, rəsmi şəxsdir MDB üzrə departament rəhbəridir. Və əlbəttə ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyidir. Və bu barədə mənim mətbuatda da açıqlamalarım olub, “Facebook” səhifəmdə də yazmışam. Amma şəxsən mən ABŞ tərəfindən belə qəti və birmənalı mövqenin, cavab mövqeyinin ortaya qoyulacağını gözləmirdim. Hər bir halda Millerin bəyanatı göstərdi ki, Birləşmiş Ştatlar bölgədəki mövqelər və proseslərlə bağlı və özünün bölgəyə yönəlik siyasəti ilə bağlı Rusiyanın varlığını nəinki nəzərə almır, hətta onun istəklərini belə, onun prosesə qoşulmaq şansını belə, qəbul etmir”.
“ABŞ sülh istəyirmi? Əlbəttə ki, istəyir. Vaşinqton sülhü ona görə istəyir ki, bu onun bölgədəki mövqelərini möhkəmlətmiş olacaq və sülh imzalayan tərəflərin ABŞ-ın tərəfdaşına çevrilməsini təmin edəcək. Və bu həm də Birləşmiş Ştatların Avropa Birliyi ilə iş birliyində olaraq Azərbaycan-Ermənistan sülh müqaviləsinin təmin olunmasına çalışdığının özəl bir göstəricisidir. Düşünürəm ki, Qərb, kollektiv Qərb, konkret halda istər ABŞ olsun, istər Avropa Birliyi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Və məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq”- deyə analitik vurğulayıb.