"İsa Qəmbər başqanlıqdan gedəndən sonra hakimiyyətin Müsavatı dağıtmaq üçün çoxlu cəhdləri oldu, amma bunu bacarmadılar"

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlının “Yeni Sabah”a müsahibəsi: 

- Sentyabrda Müsavat Partiyasının növbəti qurultayının olacağı və yeni başqanın seçiləcəyi bildirilir. Başqanlığa namizədlərin sırasında sizin də adınız hallanır. Bu barədə nə deyə bilərsiniz? 

- Müsavat Partiyası demokratik bir təşkilatdır. Müsavat Partiyasında yaşlı, orta və gənc nəsil təmsilçilərindən başqanlığa namizəd olacaq kifayət qədər adam var. Bizim Divan üzvlərimizin hər biri Müsavat başqanlığına namizəd olmağa layiq insanlardır. 

Müsavat Partiyası ağır bir dönəmdən keçdi. İsa Qəmbər başqanlıqdan gedəndən sonra hakimiyyətin Müsavatı dağıtmaq üçün çoxlu cəhdləri oldu, amma bunu bacarmadılar. Bu da yalnız Arif Hacılının başqanlığının sayəsində mümkün oldu. Arif bəy bu illər ərzində Müsavat Partiyasını ayaqda saxlaya bildi. Müsavat Partiyası bütün işlək strukturları ilə demək olar ki, həmişə Ana Müxalifətin önündə gedən siyasi partiyalardan biri olub.

- Qurultaya hazırlıq işləri necə gedir? 

- Hər 3 aydan bir Müsavat Məclisi keçirilir, hər həftə Divan iclası və Sədrlər Şurasının iclası olur. Bütün bu strukturlar Müsavatın işlək bir siyasi partiya formasına gətirdi. Müsavat Partiyası bütün zamanlarda dövlətin – hakimiyyətin yox – yanında olan bir siyasi partiyadır. Dövlətimizə xeyirli nə olacaqsa, təbii ki, Müsavat onu dəstəkləyəcək. Xatırladım ki, 44 günlük İkinci Qarabağ müharibəsində Müsavat Partiyası siyasi fəaliyyətini dondurdu və bu ərəfədə heç bir siyasi fəaliyyətlə məşğul olmayıb dövlətin yanında oldu.

- Perspektivdə ən güclü namizəd, sizcə, kimdir? Siz, yoxsa İsa Qəmbər? 

- Müsavat Partiyası demokratik bir partiya olduğu və Azərbaycan cəmiyyətinə demokratik bir ab-hava gətirdiyi üçün İsa bəy başqanlıqdan getdi. Müsavat Partiyasının başqanının isə 2 dəfə seçilmək hüququ var. Arif bəy 2 dəfə seçiləndən sonra növbəti dəfə başqanlığa namizədliyini irəli sürməyəcək. Başda özüm olmaqla bilirəm ki, bütün müsavatçıların ən böyük arzusu İsa Qəmbərin yenidən Müsavat başqanlığına qayıtmasıdır. Bunu hamımızın arzusu kimi qəbul edirəm və məncə, İsa bəyin verəcəyi bu qərar ən önəmli, önəmli və ən vacib qərarlardan biri olub. Lakin İsa bəy hələ bu qərarı verəcək, ya yox, bu da sual altındadır.

- Müsavat Partiyası parlamentə daxil olsa, hakimiyyətin siyasi kursunu dəstəkləyən müxalifət partiyalarının sıralarına qoşula bilərmi? 

- Parlamentə seçkilərə gəldikdə, Müsavar Partiyası ana müxalifət olduğu üçün ölkənin bütün bölgələrində bizim strukturlarımız var. Lakin parlament seçkiləri zamanı baxmayaraq ki, müsavatçılar ən yüksək səs alırdılar, amma sonda qutudan ən aşağı səslə çıxırdılar. Ona görə ki, hakimiyyət müsavatçıları parlamentə buraxmırdı. Amma bu səfər, əgər proporsional seçkilər obyektiv olarsa, mən əminəm ki, Müsavat Partiyası parlamentə düşəcək. Mən niyə “obyektiv olarsa” söylədim? Yadınızdadırsa, biz Ədliyyə Nazirliyinə siyahı vermişdik, məni – Müsavat Partiyasının Məclisinin sədrini eyniləşməyən kimi göstərmişdilər. Əgər yenə də bu oyunlar davam edəcəksə, müxalifətə bu münasibətlər olacaqlarsa, təbii ki, parlamentdə olmağımız sual altında olacaq.

Mənə elə gəlir ki, demokratik seçkilərin olması hakimiyyət üçün də maraqlı olmalıdır. Əgər demokratik seçkilər olarsa, Müsavat Partiyası mütləq şəkildə Azərbaycan xalqının səsinin böyük əksəriyyətini alacaq.

- Belə bir iddialar da səslənir ki, Müsavat parlamentə daxil olandan sonra konstruktiv müxalifət olacaq və hakimiyyətlə anlaşacaq. Çünki iqtidar AXCP ilə uzlaşa bilmir, lakin parlamentdə real müxalifətə də ehtiyac var... 

- Belə olacağını düşünmürəm. Çünki Müsavat Partiyası parlamentdə daha fərqli mövqedən çıxış edəcək. Müsavat Partiyası hər şeyə əl çalan, yalanı doğru kimi təqdim edən bir siyasi partiya deyil. Təbii ki, doğru dəstəklənəcək, yalan ifşa olunacaq. Müsavat Partiyasının əvvəldən tutduğu mövqe və xətt budur. Bu, Rəsulzadə-Elçibəy yoludur.

Qısası, Müsavat Partiyası ömründə bir dəfə də olsun nə hakimiyyətə, nə də parlamentə gəlmək üçün heç kəslə sövdələşməyib, bundan sonra da elə bir şey ola bilməz. 

Share on Facebook