Redaktor seçimi

Ruslar döyüşmür, bir neçə tağım təslim oldu

Ukraynanın cənubundakı rus qoşunları təchizat, maddi-texniki təminat və rotasiya ilə bağlı problemlər yaşamaqda davam edir. Bu, əsgərlərin döyüşməkdən imtina etməsinə və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təslim olmasına gətirib çıxarır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Kremlə bağlı olan məşhur rusiyalı bloger əks-hücum əməliyyatları ilə Ukrayna ordusunun cənub bölgələrini saxlayan Rusiya qüvvələrini tükəndirdiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya hərbi komandanlığı general Popovun işdən çıxarılmazdan əvvəl danışdığı qüvvələrin rotasiyası problemini həll etməyib. Bəzi rusiyalı hərbi müxbirlər Zaporojye istiqamətində bir tağım qədər bir neçə rus hücum qrupunun Ukrayna qüvvələrinə eyni vaxtda təslim olması barədə xəbərlər yayırlar. Rusiyanın Ukraynanın cənubundakı logistikası və əməliyyatları ilə bağlı davamlı problemlər bu qüvvələrin döyüşə bilməməsinə, sonradan isə təslim olmalarına səbəb ola bilər”, - məlumatda deyilir.

Hayklar Ağdam-Əsgəran yolunu beton bloklarla bağladı...-FOTOLAR

Qədirbilməz və məkrli hayklar həmişəki kimi Azərbaycanın xoş məramları qarşısında namərd əməllər törətməkdə davam edirlər.  Bu dəfə Xocalı rayonunun Əsgəran qəsəbəsindəki hayklar Azərbaycanın Ağdam-Əsgəran yolu vasitəsi ilə Qarabağdakı ermənilərə humanitar yardım çatdırılması təklifinə öz xislətlərinə məxsus cavab veriblər. Sozcu.az xəbər verir ki, "Hraparak" nəşrinin yazdığına görə, qəsəbədəki hayklar “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” üzvlərinin təşkilatçılığıyla bu gün saat 14:45-də Əsgəran "bələdiyyəsi"nin ətrafına toplaşıb  Ağdam yolundakı “Qələbə tankı” üzdəniraq abidə kompleksinə yürüş ediblər. Daha sonra xəstə təxəyyüllü separatçı-revanşistlər Ağdamdan keçən yolun açılması "artsax"ı düşmən qapısına aparmaq deməkdir" söyləyərək Ağdam-Əsgəran yolunda barrikada qurmaq qərarına gəliblər. Son nəticədə hayklar həmin yolu beton plitələrlə bağlayıblar...moderator)

Azərbaycanda 2 general işdən çıxarıldı

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi. Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi. Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur.

Leninin mavzoleyinə molotov atıldı

Moskvada bir nəfər şəxs bu gecə Leninin mavzoleyini yandırmaq istəyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiyanın “112” Teleqram kanalı məlumat yayıb. Məlumatda şəxsin mavzoleyin divarına “Molotov kokteyli” atdığı bildirib. Şəxs yaxalanıb, lakin onun kimliyi açıqlanmayıb.

Natiq Cəfərli: “Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun...”

“Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb. Sənəddən sitat: "Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir”. Baş nazir deyir ki, ölkədə qiymət artımın günahı onlarda deyil, hamı günahkardır, bircə hökumətdən başqa. Yaxşı, qlobal təsirlər var, dünyada da inflyasiya güclənib, amma ölkədəki inhisarçılığı, yanlış rüsum-vergi siyasətini, bazara çıxış imkanlarının məhdudluğunu Putin edir, ya Bayden?! Bəlkə ÜST bizə, məsələn, ərzaq və dərmanlarda ƏDV-i 18%-dən aşağı salmağa qoymur?! Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun, eləmi?! Və ya, Yeni Zellandiyada inəklər qaz buraxır, iqlim korlanır, Azərbaycanda da qiymətlər qalxır?! Əli Əsədov 12 nəfər qalstuklu müəllimlərdən ibarət işçi qrupu yaradıb ki, qiymət artımının qarşısını alacaq. Müəllim, niyə camaata əziyyət verirsiz?! Yol-iz bəllidir, qrupa ayrıca vəsait, enerji xərcləməyin, bazarı liberallaşdırın, rəqabəti artırın, pərakəndə satışda ərzaq və dərmanlarda ƏDV-ni 18%-dən 2%-ə salın, gedin ÜTT-yə üzv olun, AB ilə yeni sazişi tez imzalayın, vəssalam, görəcəksiz ki, qiymətlər təbii, orqanik halda enməyə başladı”. Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib. “Həm imhisarçı, rəqabətsiz iqtisadiyyat qur, həm də qiymətlərin qalxmasından şikayət elə, işçi qrupu yarat – olmur belə, dolamayın camaatı, o işçi qrupa daxil olanların əksəriyyətinin qiymət artımında öz işlərini pis gördükləri üçün payı, və ya şəxsi marağı var...” – N.Cəfərli qeyd edib.

Yağış yağdı, taksi qiymətləri kəskin qalxdı

Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin artırıb. Sozcu.az xəbər verir ki, bu gün müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 2 dəfə bahalaşdırıb. Taksi şirkətlərindən saytımıza bildirilib ki, bahalaşma bugünki yağışlı hava şəraiti ilə bağlıdır. Ənənəvi olaraq belə havalarda qiymətlər artırılır. Qiymətlərin havanın düzələcəyindən sonra normallaşacağı gözlənilir.

İranla Rusiya arasında gərginlik artır: Dostlar düşmənə çevrilir

Tehranın gözləntisi budur ki, Çin və Rusiya ərəb dövlətləri ilə münasibətlərini İrana görə tənzimləsin. Bu isə mümkün deyil. Rejimə müxalif KİV-lər, hətta dünya mediası dəfələrlə Rusiyanın İrana dəyər vermədiyini yazıb.  Bu sözləri Axar.az-a tanınmış güneyli yazar və siyasi şərhçi Əlirza Ərdəbilli son günlər Rusiya və İran arasında yaranan soyuq münasibətlərdən danışarkən deyib.  İranın öz anlayışı, təbliğatı və ağırlığı haqqında fikirlərinin tamamilə illüziya olduğunu deyən siyasi şərhçi bildirib ki, Rusiyaya indiki məqamda özü haqqında yanlış təsəvvürləri olan İran lazım deyil: “Moskvada keçirilən Körfəz Əməkdaşlıq Şurasının bəyanatından narazı qalan İran, əslində, öz xəyallarının qurbanı olub. Çünki özünü istər Avropa, istərsə də Rusiya üçün dəyərli hesab edirdi. Düşünürdü ki, bu ölkələr İrana görə öz maraqlarından keçəcək. Lakin belə olmadı. İranla münasibətlərdə söz sahibi Rusiyadır. İran hər nə qədər əksini iddia etsə də, gerçəklik başqadır. Çin, Rusiya və digər ölkələr İrana görə ərəb dövlətləri ilə münasibətlərini korlamadı. Çünki Moskvaya varlı ərəb ölkələri İrandan daha çox lazımdır”. O, mübahisə predmeti olan adaların əslində ingilislərə məxsus olduğunu bildirib: “BƏƏ ilə İran arasında 3 ada - Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adası ilə bağlı narazılıq var. İran iddia edir ki, bu adalar ona məxsusdur. Lakin adıçəkilən adalar vaxtı ilə ingilislərin əlində idi. İngiltərə adalardan çəkilən kimi Şah rejimi dövründə İran onu götürdü. Adalar İrana təhvil verilməmişdi, sadəcə, İran onları özünə götürmüşdü”.  Siyasi şərhçi Tehranın Moskva üçün önəmi ilə bağlı İran daxilində parçalanmalar yarandığını diqqətə çatdırıb:  “Gecə-gündüz rejimə müxalif KİV-lər bu barədə yazır. Rusiyanın adını konkret çəkmirlər. Hətta rejimin öz içində olan cinahlar da dilə gəlib. Məhəmməd Cavad Zərif İranı Moskvanın əlində alət olmaqda suçlayıb və deyib ki, Tehran hökumətinin Rusiya üçün bir dəyəri yoxdur”.  Xatırladaq ki, Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bildirilib. Bununla bağlı İranla ikili danışıqların aparılması, yaxud beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə münaqişənin həll olunması dəstəklənib. Tehran rejimi isə bu bəyanatı rədd edərək, 3 adanın İranın ayrılmaz əraziləri olduğunu iddia edib. 

Gənc həkimlərin Azərbaycanı kütləvi tərk etməsinin günahı kimdədir?

“1400 gənc həkimin ölkədən Almaniyaya getməsinin günahkarı bizik. Burada söhbət təkcə 1400 rəqəmindən yox, keyfiyyətdən gedir. Obrazlı şəkildə desək, xaricə gedən həkimlərimiz “qaymaqlarımız”dır. Onlar ən savadlı və ən yaxşı oxuyan həkimlərimizdir ki, qısa müddətə alman dilini də öyrəniblər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib. O, gənc həkimlərin ölkədən getməsinin, habelə Avropaya beyin axının səbəblərindən söz açıb. A. Əliyevin fikrincə, biz bu istedadları, səhiyyəmizin beynini itiririk: “Təəssüflər olsun ki, bu, çox acınacaqlı bir durumdur. Tək Almaniyaya 1400 həkim gedib. Axı bunun ABŞ-ı, Fransası, İngiltərəsi, İtaliyası, Türkiyəsi VƏ digər ölkələri var. Yaxşı oxuyan tələbələrimizin əlində şans olan kimi onlar bunu dəyərləndirib dərhal Avropaya gedirlər. Səhiyyə məmurlarımız hələ bunu başa düşmür. Amma bir neçə ildən sonra biz bunun fəsadlarının ən ağır bədəllərini verəcəyik. Bunun səbəbi nədir, deyim. Səbəb birmənalı şəkildə ölkəmizdə həkimlərə qarşı olan etinasızlıq və sayğısızlıqdır. Bu gün həkimlərin maddi rifah halı yaxşı deyil. Həkimlərin maaşını 100 manat qaldırıblar, amma keçən dəfə oxuyuram ki, TƏBİB-in rəhbəri Vüqar Qurbanov deyir ki, biz yaxşı işləməyən həkimlərin maaşlarını kəsəcəyik. Hələ verməyiblər, artıq kəsməkdən danışırlar. Təsəvvür edirsiniz, bu, nə deməkdir?” Müsahibimiz söyləyib ki, bu gün həkimlərə bonuslar verilmir, maaşlar gecikdirilir: “Xüsusən də bölgələrdə həkim çatışmazlığı var. Oraya getmək üçün həkimləri stimullaşdıraraq onlara 5-10 qat artıq əməkhaqqı vermək lazımdır. Həkim mənzil şəraiti və xidməti avtomobil ilə təyin edilməlidir. Lakin heç biri yoxdur. Ona görə də istər-istəməz tələbələrimiz bunu görüb ölkədən gedirlər. Çünki III kursdan etibarən, Tibb Universitetinin tələbələri Bakı şəhərinin müxtəlif klinikalarında təcrübələr keçirlər. Gedib oradakı həkimlərin vəziyyətinə, şəraitə baxırlar, avtomatik olaraq da dəyərləndirirlər ki, onların burada qalmağındansa, inkişaf etmiş xarici ölkələrə getmələri daha yaxşıdır” Həkim-radioloq onu da diqqətə çatdırıb ki, bir neçə xəstəxana və klinikaları çıxmaq şərti ilə, klinikaların əksəriyyətində maddi-texniki baza bərbad gündədir: “Heç olmasa, bunu yaxşılaşdıra bilmirlərsə,  həkimlərin maddi rifah halını nəzərə alsınlar. XXI əsrdə biz avtomatla, silahla həkimin qarşısını ala bilmərik ki, sən xaricə getmə. Burada rəqabət var. İnkişaf etmiş ölkələrdə savadlı insanlar niyə yığışır? Çünki o insanlara həmin ölkələrdə şərait yaradırlar. Avropa və Qərb ölkələrinin çoxundakı həkimlərin məvaciblərinə gəlin baxaq. Orada tibb bacılarının, hətta orta tibb işçisinin aldığı məvacib həkimlərimizin aldığı məvacibdən qat-qat üstündür. Bu, əlbəttə ki, nonsensdir”.

Ermənilər təyyarələrimizə radiomaneələr tətbiq edir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb. Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib.

Emin Əmrullayev: "İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır"

"İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır. Ailənin maddi vəziyyətindən asılı olmayaraq həmin uşaqları vahid məktəbdə toplayıb onları rəqabətli məzmunla hazırlamaq önəmlidir". Bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, son 7-8 ildə olimpiadalarda ən uğurlu nəticələr əldə edilib: "Təxminən 15 ilə olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq. Bilik və bacarıqların inkişafı milli sərvətimizdir. Bundan necə istifadədən asılı olaraq ölkənin iqtisadiyyatı, sosial inkişafı da məhz bundan asılı olacaq".

Əsgərimiz intihar etdi

Gəncədə əsgər intihar edib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, intihar N saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü ataraq intihar edib. Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.

Nəcməddin Sadıqovun yaxın adamının azadlığa buraxılmasına ETİRAZ

Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, dövlət ittihamçısı təqsirləndirilən şəxslər barədə hökmdən narazı qalıb. Prokuror birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Z.Niftəliyev və E.Niftəliyevin külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini istəyir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə təqsirləndirilib. Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə  Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.