Azərbaycanda varlılar “İphone”, kasıblar isə “Kitayski” telefon işlədir

Mobil telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İlk vaxtlar əlaqə vasitəsi kimi nəzərdə tutulan telefonlarda foto və video çəkiliş funksiyalarının, eyni zamanda internetə giriş imkanının olması bu cihazlara marağı kəskin artıb. Mobil telefonların qiyməti marka və parametrlərinə görə dəyişir. 

Bəs Azərbaycanda hansı marka telefonlara üstünlük verilir?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Pərvin Əsədov Modern.az-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə ən çox Samsung, Xiaomi, Apple şirkətlərinin məhsulları satılır.

Onun sözlərinə görə, qiymətlərə görə fərq markaların biznes stragiyalarından asılı olaraq dəyişir:

“Keçən ilə əhalinin 0,7 faizindən çoxu mobil telefonlardan istifadə etmirdi. Bu il istifadəçilərin sayında artım müşahidə olunur. İnsanlar telefon istifadə edərkən funksionallığını üstün tuturlar. İstifadəçiləri daha çox şəkil çəkməsi, video lentə alması kimi funksiyalar maraqlandırır. Bəzi biznes strategiyaları var ki, məsələn, Apple markalı telefon aldıqda qutusundan adapter və kabel çıxmır. Alıcı məcbur qalıb özü alır. Amma Xiaomi və Samsung markalarında bu kimi hallar olmur. Qutuda qulaqlıq və digər lazımi aksesuarlar da olur”.

Mütəxəssis, həmçinin telefon alarkən insanların nələrə diqqət etməli olduğunu da açıqlayıb:

“Əsasən yeni telefon olub-olmaması, IMEI kodlarının saxta olmaması, dəyişdirilməməsi kimi məlumatları yoxlamaq lazımdır. Telefonun hansı ölkənin istehsalı olması da önəmlidir. Telefon var ki, görünüşündə orginal markalarla eyni olsa da, saxta çıxa bilir. Telefonların saytlarında yoxlama qaydaları haqqında təlimatlara mütləq baxmaq lazımdır”.

Son illər yerli bazarda aparılan müşahidələr göstərir ki, ölkəmizdə ən çox alınan telefon "Samsung" istehsalıdır. İkinci yerdə Çin brendi olan "Xiomi" gəlir. İnsanlar bu telefonlara daha çox foto çəkilişinin keyfiyyətli olmasına görə üstünlük verirlər.

Çəkilişin keyfiyyətinə gəlincə, “İphone” daha çox diqqət çəkir. Lakin bu marka telefonlar qiymətinin baha olmasına görə bir çox insanlar üçün əlçatan deyil. Bununla belə “İphone” alıcılarının sayının az olduğunu demək olmaz.

Əsasən maddi durumu yaxşı olan insanlar dünya brendi olması səbəbilə “İphone” cihazlarına üstünlük verir. Lakin imkansız təbəqə isə daha çox "Xiomi"yə maraq göstərir. 

Share on Facebook