“Şəxsən Putin özü Qarabağ məsələsinə xüsusi diqqət ayırır və yaxın gələcəkdə öz qoşunlarını həm Qarabağ, həm də Ermənistandan çıxarmamaq üçün hər cür mümkün addımlar atır və bundan sonra da atmaqda davam edəcək...”
"Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa beynəlxalq qurumun Azərbaycana təzyiqinə əsas verə bilməz…"
Son günlər Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsində məskunlaşmış ermənilərin separatçı-revanşist qruplarının aksiyaları Azərbaycanın beynəlxalq qanunlara tam uyğun olaraq və haqlı olaraq Ermənistanla dövlət sərhədində- Laçın rayonundakı Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurmasına etirazla əlaqələndirisə də, əslində burada əsas məqsəd başqadır. Əsas məqsəd dövlətimizi beynəlxalq ictimaiyyətin gözündən salmaq və onu Qərbin sanksiyaları altında qoymaq cəhdidir. Və təbii ki, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatçı aksiyalarının birbaşa Kreml tərəfindən hazırlanıb idarə olunmasına şübhə yoxdur”.
Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında belə deyib.
“Sözsüz ki, Qarabağdakı haykların əsassız etiraz aksiyalarından bəzi Qərb ölkələri də öz məqsədləri üçün istifadə edə bilər. Lakin öncə qeyd etdiyim kimi, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasında və oradan xarici vətəndaş (yəni Ermənistan) pasportuyla keçən ermənilərin və onların avtomobillərinin, yüklərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur. Və bu, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa dövlətin və ya beynəlxalq təşkilatın Azərbaycana qarşı hər hansı təzyiqlər etməsinə heç cür əsas verə bilməz”,- deyə siyasi şərhçi əlavə edib.
“Sizcə, ordusu Ukraynada bataqlığa düşmüş Putin bu saat birbaşa özü Qarabağ məsələsi ilə maraqlana bilirmi?” sualını isə analitik qısa cavablandırıb:
“Bilirsiz, imperiya xislətli Kreml, onun başında duran Putin Ukraynada Rusiya ordusunun doğrudan da çabalamasına rəğmən, Güney Qafqazdan, xüsusən Azərbaycandan əl çəkmək istəməz. Moskva Qərbin Azərbaycanla Ermənisan arasındakı sülh prosesində təşəbbüsü ələ almasından və ümumiyyətlə, Qərbin regionda güclənməsindən bərk narahat olduğundan, hesab edirəm ki, şəxsən Putin özü Qarabağ məsələsinə xüsusi diqqət ayırır və yaxın gələcəkdə öz qoşunlarını həm Qarabağ, həm də Ermənistandan çıxarmamaq üçün hər cür mümkün addımlar atır və bundan sonra da atmaqda davam edəcək. Azərbaycan da Rusiyadan bu istiqamətdə gözlənilən hər cür təxribata hazır olmalıdır....”