“2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..”

“Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq...”

Ermənilərin Azərbaycana qarşı hər gün yeni iddialarını, saymazyana, meydan oxurcasına xüsusi siyasi ambisiyalı çıxışlarını, bəyanatlarını görməmək mümkün deyil. Azərbaycan türklərinə nifrət dolu münasibət, bizim xoş məramlı, humanitar addımı düşməncəsinə qarşılamaq - son günlərin əsas mövzusudur. Bu mənzərə situativ formadan çıxaraq strateji xarakter almağa başlayır və Qarabağ hadisələrinin başlandığı ilk illərdəki erməni iddialarından mahiyyət etibarı ilə fərqlənmir, çünki o illərdə olduğu kimi, Rusiya yenə də separatçıların arxasında, yanında, önündədir. Ermənilər Şarl Mişel başda olmaqla Qərbi də hədəfə alıblar, Rusiyaya xoş görünmək üçün Qərbi hədəfə almaq ermənilərin işinə yarayır və Rusiya XİN-in Azərbaycana qarşı yönəlik son bəyanatı buna sübutdur. Rusiya artıq yerdəki adamlarına xüsusi təlimatlar göndərir və bu onların çıxışlarında aydın görünür...

Bir ildir ki, Ruben Vardanyan Qarabağdadır. Hərbi kontingentlə kifayətlənməyən Rusiya zəngin və şovinist Vardanyanı siyasi perspektivlə təlimatlandıraraq Qarabağa göndərib. Vardanyanın dediklərinə bəlkə də diqqət yetirməmək olardı, onsuz da erməninin terrorçusu, katolikosu, prezidenti, baş naziri, sıravisi hər gün Qarabağ barədə nəsə danışır, amma Vardanyan danışanda, deməli, Kreml danışır. Ona görə də, bəzi məqamlara nəzər salmağı məqsədəuyğun hesab etmək olar. Vardanyanın dünən “FB” səhifəsində yazdıqlarının tezis şəklində Kremldən göndərildiyinə şübhə olmasın...  

Bəs Vardanyanın dili ilə Moskva hansı tələblərlə, ideyalarla maddə-maddə çıxış edir?..

Vardanyan “humanitar hava dəhlizinin açılmasının birinci dərəcəli əhəmiyyət kəsb etdiyini”- deyir. Və məhz bu hava yolu ilə BMT-nin və başqa beynəlxalq təşkilatların Bakıdan yan keçməklə Xankəndinə gəlməsini, kömək göstərməsini tələb edir. Ağdam -Əsgəran yolundan istifadə etməklə humanitar məqsədlərdən imtina edən ermənilərə bizim nəzarətimiz olmayan heç bir hava dəhlizi açmağa yol vermək olmaz. Onsuz da ruslar son günlər çox intensiv şəkildə helikopterlər vasitəsilə Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrinin təminatını həyata keçirir. Əgər hava dəhlizinə icazə verilsə, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin mənası qalmaz. Xocalı hava limanı o zaman açıla bilər ki, ora birbaşa Azərbaycan nəzarət edəcək, gediş-gəliş, daşınan yüklər, Laçın yolunda olduğu kimi bizim filtrasiyadan keçəcək... 

Rusiya özünü hədəfə gətirməmək üçün Azərbaycana təkbaşına deyil, beynəlxalq güclərin vasitəsilə təzyiq planlaşdırır və Vardanyanın dili ilə bildirir ki, “Vaşinqton, Paris, Moskva vasitəçi kimi Azərbaycana təzyiq etməlidir ki, situasiyada dəyişiklik yaransın”. Bir az da irəli gedərək tamam yeni oyunçunun – Çinin də sülhməramlı kontingentlə bölgəyə cəlb edilməsini vacib bilir. Ermənilərin fantaziyasına görə planetdəki dövlətlər, xüsusilə qlobal güclər bütün problemlərini, işlərini unudub yalnız Qarabağ ermənilərinin maraqları ilə məşğul olmalıdırlar. BMT Ukraynanı unudub ruslara beynəlxalq mandat verməlidir. Adam olsaydılar, deyilərdi ki, BMT-nin, dünyanın Rusiyanı işğalçı kimi gördüyü bir vaxtda adı çəkilən dövlətlərdə, qurumda necə Rusiya sevgisi ola bilər ki, dünyanın ən aqressiv ölkəsinə sülhməramlı mandatı versin?.. 

Azərbaycanı ermənilərə nifrət təbliğatı aparmaqda ittiham edənlərə sonuncu hərəkətlərini xatırlatmaq lazımdır. Ağdam yolundan istifadə etməklə minimum qida problemlərinin həll olunmasına etiraz edərək yola beton plitə döşəyən, “biz düşmən qapısına getmərik” şüarı ilə çıxış edən erməni daha çox bizə nifrət təbliğatı aparır, yoxsa 30 ildən çox müddətdə torpaqlarını işğal etmənizə baxmayaraq Sizə xoş məram nümayiş etdirib humanitar yol təklif edən Azərbaycan?..

Hələ cinayətkar, Xocalı qatili Samvel Babayan da dünən təklifləri ilə bir az da qabağa gedib, birbaşa BMT-yə müraciət edərək Azərbaycanın bu təşkilata hansı ərazi ilə daxil olmasına yenidən baxılmasını xahiş edir. Yəni bunların ağlından keçən odur ki, BMT Azərbaycanın ərazi bütövlüyündən imtina edib, Qarabağı sinidə ermənilərə hədiyyə etsin. Erməni qatil, BMT-nin yaxasını yalnız bu absurd xahişlə buraxmır, Qarabağda beynəlxalq təminatlı sülhməramlı mandatın təmin edilməsini də istəyir. BMT xətti həm Vardanyanın, həm də Babayanın planında təsadüfən səslənmir, çünki tezislər eyni mənbədəndir. Təbii ki, Rusiyaya müraciət heç yaddan çıxmır və Rusiyadan yaranmış situasiyaya müdaxilə etməyi xahiş edir. Bütün dünya ermənilərini də yaddan çıxarmadan ümumi mübarizəyə səsləyir. Azərbaycanı intensiv olaraq hədəf göstərməkdə əsas məqsəd Laçın yolunun açılması, nəzarət məntəqəsinin ləğv edilməsidir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, hətta yol açılmasa, sərbəst gediş-gəlişə şərait yaradılmasa danışıqları dayandıracaqları ilə hədələyir. Azərbaycan bu hücumları zərərsizləşdirmək üçün özü hücum diplomatiyasına başlamalı, tələblərin reallaşma mexanizmini şərt olaraq göstərməklə qarşı tərəfi müdafiə mövqeyinə çəkilməyə məcbur etməlidir. Məsələn, erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarmağa 10 gün vaxt verməklə. Ermənilərin yenidən dərsi verilməsə, şirnikib iddialarını reallaşdırmaq üçün Rusiya ilə birlikdə Qarabağda təxribatların miqyasını böyüdəcəklər... 

Danışıqlar prosesi real nəticələrlə yekunlaşmır, əksinə, sadə, pozitiv bir fikir belə Ermənistan və Rusiya tərəfindən süngü ilə qarşılanır.  Perspektiv Brüssel, Qranada görüşlərindən sonra da eyni reaksiyaların şahidi olacağıq. Rusiyanın qeyri-konstruktiv mövqeyi, ermənilərin revanşist çağırışları, Qərbin yumşaq tərzi Azərbaycanın 2025-ci ildə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa edəcəyini şübhə altına alır. İki il səkkiz ay ərzində bir sıra taktiki və sərhəd-buraxılış məntəqəsi ilə strateji uğurlar qazansaq da, məsələnin yekun nöqtəsinin vurulmaması bu gedişlə vəziyyəti mürəkkəbləşdirir. Düzdür, buna birmənalı qiymət vermək mümkün deyil və ən azı Rusiya -Ukrayna müharibəsinin perspektivdə hansı beynəlxalq şəraiti yaratmasından çox məsələlər asılı olacaq. Amma biz qeyri-müəyyən gələcəyə deyil, bu günə hesablanan və real nəticələr verəcək siyasi, hərbi addımlar atmalıyıq. Düşməni və havadarını müdafiəyə çəkilməyə məcbur edib, Qarabağın qalan hissəsində suveren hüquqlarımızı bərpa etməliyik... 

Niyə erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmirik? Əgər bu tələbimiz keçmirsə, növbəti tələbimiz daha sərt və konkret olmalıdır. Məsələn, sabah elan edirik ki, Rusiya hərbi kontingenti Qarabağda qaldığı məlum müddətdə Azərbaycan dövlət strukturları 10 gündən sonra Xankəndinə daxil olacaq və legitim hakimiyyət strukturları fəaliyyətə başlayacaq. Rusiya silahlı qüvvələri də iki toplum arasında asayişi, təhlükəsizliyi təmin edəcək. Yəni, gəlirik! Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq. Erməni razı olmayacaq, Rusiya sülhün yaranmasını tez hesab etdiyi kimi, Azərbaycanın da dövlət nəzarətinin bərpasını Lavrovun sözləri ilə “hələ tezdir, bu məsələni gələcək nəsillər həll edərlər” cavabını verəcək. 27 sentyabr 2020-dək də belə siyasət yeritdilər, indi biz də tarixdən dərs götürüb deməliyik ki, zor-xoş biz öz torpaqlarımızda dövlət nəzarətimizi yaradırıq. Ermənilər istəsələr qalsın, istəməsələr yol açıqdır. Bir sözlə, 2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..moderator)

İlham İsmayıl

Share on Facebook