Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasova uduzan Rusiya təmsilçisi Marif Pirayev çəkisini dəyişir.
Bu barədə 30 yaşlı idmançı "Sport-express"ə açıqlamasında bildirib.
O, artıq 77 kq-da mübarizə aparacağını söyləyib: "Hamıya qələbə qazandırmağın nə mənası var? Bu çəkidə daha yaxşı olacağını düşünürəm. Tamam başqa cür olacağam. Məşqçilər, ailə, yaxınlarım çəkimi dəyişməli olduğumu deyirdilər. Özümü tam göstərə bilmədiyimi anladım".
Pirayev 70 kq-da məhz Nəriman Abbasova yenildiyi döyüşü də xatırlayıb: "Onunla görüşdə formada olsam da, özümə gələ bilmədim. Təəssüf ki, bunu heç kimə izah edə bilməzsiniz. Mətbəxi içəridən heç kim görmür. Azarkeşlər qarşılaşmaya gəlirlər, birinin məğlub, digərinin isə qalib olduğunu görürlər. İdmançıların necə işlədiklərini, ailəsi və dostları ilə vaxt keçirə bilmədiklərini görmürlər".
Qeyd edək ki, Marif Pirayev ötən ilin yayında Moskvadakı "AMC Fight Nights"da Nəriman Abbasova məğlub olub. Beləliklə, Azərbaycan döyüşçüsü çempionluq kəmərini müdafiə edib.