Ronaldo: "Əl-Nəsr" yeni mövsümdə hər kuboku qazanacaq"

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Yaponiyada təlim-məşq toplanışı zamanı yeni mövsümlə bağlı fikirlərini bildirib. Sozcu.az goal.com-a istinadən xəbər verir ki, o deyib:  “Biz Yaponiyada olmaqdan çox şadıq. "Əl-Nəsr" üçün bu, ilk belə səfərdir. Qarşıda bizi iki yaxşı matç gözləyir və həyəcanlıyıq. Yaponiyada hamı futbola çox həvəslidir. Biz şou göstərmək üçün buradayıq. Yeni mövsümdə bütün kubokları qazanacağımıza ümid edirik. Bəli, çətin olacaq, amma düşünürəm ki, yeni məşqçi və yeni oyunçularla yaxşı komandamız var. Biz möhtəşəm mövsümü səbirsizliklə gözləyirik". "Əl-Nəsr" Yaponiyada PSJ və “İnter”lə qarşılaşacaq. 

"Əl-Nəsr"dən Maneyə təklif

"Bavariya"nın yarımmüdafiəçisi Sadio Mane "Əl-Nəsr"ə keçə bilər. Sozcu.az xəbər verir ki, Kriştianu Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu Maneyə bonuslar da daxil olmaqla ildə 40 milyon avro ödəməyə hazırdır. "Bavariya" "Tottenhem"in hücumçusu Harri Keynin transferi üçün vəsait əldə etmək üçün seneqallını satmaqda maraqlıdır.

Ançelotti Arda Güler haqda

"Real"ın baş məşqçisi Karlo Ançelotti bir müddət əvvəl "Fənərbaxça"dan Madrid klubuna keçən türkiyəli yarımmüdafiəçi Arda Gülerlə bağlı fikirlərini bölüşüb . Sozcu.az xəbər verir i, təcrübəli mütəxəssis 18 yaşlı futbolçunu tərifləyib: “Gülerin çox gözəl xüsusiyyətləri var. Düşünürəm ki, bu, "Real" azarkeşlərinin xoşuna gələcək”. Arda Güler ​​“Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klunun akademiyasında olub, daha sonra “Fənərbağça”da çıxış edib, əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 məhsuldar ötürmə verib. O, Türkiyə millisində də dörd oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbağça" ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədə idi. 

"Atletiko"nun futbolçusu: "Barselona"ya keçmək istəyirəm"

"Atletiko"nun hücumçusu Joao Feliks arzusunun "Barselona"da oynamaq olduğunu açıqlayıb. Sozcu.az jurnalist Fabrizio Romano "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu deyib: "Mən "Barselona"da oynamaq istərdim. "Barselona" həmişə ilk seçimim olub və mən bu kluba keçmək istərdim. Bu, mənim uşaqlıqdan bəri həmişə arzum olub. Transfer reallaşsa, mənim üçün bu, gerçəkləşən bir yuxu olacaq". Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısı icarə əsasında "Çelsi"də oynayıb.

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq. Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

"Neftçi"dən 400 min avroluq transfer

"CFR Kluj" futbolçusu Yuri Matiası "Neftçi"yə satıb. Sozcu.az xəbər verir ki, bu barədə Ruminiyanın "Fanatik" nəşri məlumat yayıb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tezliklə "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı bildirilib. Nəşrin yazdığına görə, bu transfer üçün "Neftçi" "CFR Kluj"a 400 min avro təzminat ödəyəcək. Sözügedən transfer "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə həyata keçirilib. Qeyd edək ki, artıq futbolçu Rumıniyanı tərk edərək Moskvaya yola düşüb. Hazırda "Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu şəhərdədir. Sabah onlar "Spartak"la yoxlama oyunu keçirəcək. Xatırladaq ki, daha əvvəl "CFR Kluj"un prezidenti Yuri Matiasa görə "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləmiş və 700 min avro təzminat tələb etdiklərini demişdi.

"Azərbaycan komandası ilə danışıqlar aparırıq" - Sərvət Çətin

Türkiyə superliqa təmsilçisi "Sivasspor" Azərbaycan klubu ilə yoxlama matçı keçirə bilər. Sozcu.az "TRT Spor"a istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin məlumat verib. O, komandasının iyulun17-də Ərzurum şəhərində təlim-məşq toplanışına başlayacağını deyib.  "Dörd yoxlama oyunu keçirməyi nəzərdə tuturuq. Artıq iki rəqibimiz bəllidir. Bunlar "Antalyaspor" və "Ümraniyespor"dur. Bundan başqa, bir İran və bir Azərbaycan komandası ilə də oyunumuz ola bilər. Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir".  Qeyd edək ki, iyulun 10-dan etibarən Azərbaycan klublarından "Səbail" Ərzurumda təlim-məşq toplanışındadır. Bugünlərdə baş məşqçi Şahin Diniyev Qol.az-a bildirib ki ,Ərzurumda toplanış müddətində 3 yoxlama oyunu keçirəcəklər: "Rəqiblər "Ərzurumspor", "Konyaspor" və “Sivasspor” olacaq. Son iki komanda  Türkiyə Superliqasının təmsilçisidir. Bu cür rəqiblərlə oyunlar bizim üçün dərs olacaq. Bütün problemlər məhz həmin matçlarda üzə çıxacaq”.

ÇL-də ən az azarkeş "Linkoln" - "Qarabağ" matçında olub

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə keçirilən "Linkoln" - "Qarabağ" oyununu izləyən azarkeş sayı məlum olub. Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Viktoriya" stadionunda keçirilən görüşü tribunalardan 683 azarkeş izləyib. Bu, 1-ci təsnifat mərhələsinin ən aşağı göstəricisidir. Ən çox azarkeş isə "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. Oyunu 27 328 azarkeş tribunadan izləyib. Xatırladaq ki, "Qarabağ" səfərdə  "Linkoln"u 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda olacaq.

Caner Erkin aşağı liqa klubunda

"Başakşehir"dən ayrılan Caner Erkinin yeni klubu müəyyənləşib. Sozcu.az xəbər verir ki, Türkiyə müdafiəçisi karyerasını 1-ci liqa təmsilçisi "Eyüpsor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Caner Erkin bu ilin yanvar ayından "Başekşehir"də çıxış edirdi. O, İstanbul klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi edib.

"Qarabağ" və "Neftçi"nin dünya reytinqindəki yeni mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Sozcu.az qurumun saytına istinadən xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb. Ağdam təmsilçisi bundan əvvəlki reytinqlə müqayisədə 138,5 xalla 3 pillədə geriləyərək 74-cü pillədə qərarlaşıb. "Nefti" isə 4 pillə geriləyib və 67 xalla 291-ci sırada yer alıb. Qeyd edək ki, siyahıya 315 xalla "Real" başçılıq edir. "Mançester Siti" 311 xalla 2-ci, "Flamenqo" 296 xalla 3-cüdür.

Ukrayna Futbol Federasiyası “Neftçi”yə etiraz edir

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "PARI Premyer Kuboku"nun iştirakçılarına etirazını bildirib. Sozcu.az xəbər verir ki, federasiya bununla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan klubu “Neftçi”, eləcə də “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) Rusiyada təşkil olunan turnirdə iştirakına görə qınanıb: "Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub. Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi". Xatırladaq ki, iyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı Rusiya "Zeni"i də iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.

"Neftçi"nin baş məşqçisi vəzifəsi ilə bağlı yeni iddia

"Neftçi" hazırda baş məşqçi axtarışlarını davam etdirir. Sozcu.az xəbər verir ki, hazırda "Matç TV" turniri üçün Rusiyanın Sankt-Peterburq şəhərində olan "ağ-qaralar" Konfrans Liqasına hazırlığını da orada davam etdirir. Lakin baş məşqçi olmadan. Bu arada Rumıniya mətbuatı yeni iddia ilə çıxış edib. Bu ölkənin gsp.ro saytının yazdığına görə, Laurensio Regekampfla yolları ayıran paytaxt təmsilçisi başqa bir rumın mütəxəssisə təklif göndərmək fikrindədir. Söhbət 44 yaşlı Adrian Mutudan gedir. Sayt iddia edib ki, "Neftçi" Rumıniya millisinin sabiq üzvünə illik 1 milyon avro ödəməyə hazırdır. Bununla belə, qeyd edilir ki, hazırda "Neftçi" üçün əsas namizəd Sərgən Yalçındır. Əgər Mutu Azərbaycana gələrsə, bu halda onun hazırkı klubu "Rapid 1923"ə müəyyən təzminat ödənilməlidir. Qeyd edək ki, bu məlumatla əlaqədar "Neftçi"dən fikir almaq mümkün olmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi ilə bağlı klubdan indiyədək heç bir açıqlama verilməyib. Ehtimal etmək olar ki, yekun qərar həmişə olduğu kimi bu dəfə də "Neftçi"nin sponsoru SOCAR tərəfdən veriləcək. Odur ki, bu məsələ klub rəhbərliyi faktiki olaraq ofsaydda qalıb.