Luçesku Kiyev “Dinamo”sundan getdi və karyerasını başa vurdu

Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.

78 yaşlı mütəxəssis bu sözləri Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra deyib.

“Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ilimi Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən karyeramı başqa cür bitirmək istərdim, amma hər şey sona çatır - futbolçu karyeram, sevgim, həyatım. Hər şeyin başlanğıcı və sonu var”, - Luçesku bildirib.

Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində yeddinci yerdədir.

Luçesku üçün “Dinamo” karyerasında ikinci Ukrayna klubu olub. Bundan əvvəl o, “Şaxtyor” klubunun baş məşqçisi vəzifəsində çalışıb. 2004-2016-cı illərdə kluba rəhbərlik edən məşqçi «Şaxtyor»la 8 dəfə ölkə çempionu olub və 2009-cu ildə UEFA kubokunu qazanıb. 78 yaşlı mütəxəssis Türkiyə millisi, “İnter”, “Zenit”, “Qalatasaray” və “Beşiktaş”a da rəhbərlik edib. Mirça UEFA Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi onun 35 kuboku var. Bu göstəriciyə görə yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola Luçeskudan öndədir.

Mənbə: championat.com

Share on Facebook