Yaşıl meydanların iki əfsanəvi futbolçusu, “İnter Mayami”də çıxış edən argentinalı Lionel Messi və “Əl Nəsr”də çıxış edən portuqaliyalı Kriştianu Ronaldonun komandaları fevralın 1-də qarşılaşacaq.
Sozcu,az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin “İnter Mayami” klubu məlumat verib.
Məlumata görə, komanda mövsüm ərəfəsindəki hazırlıqlar çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl Hilal” və “Əl Nəsr” komandaları ilə yoldaşlıq oyunu keçirəcək.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək oyunda “İnter Mayami” yanvarın 29-da “Əl Hilal”, fevralın 1-də isə “Əl Nəsr”lə qarşılaşacaq.
Qeyd edək ki, Ronaldonun formasını geydiyi “Əl Nəsr” komandası əsas liqada ikinci yerdə qərarlaşıb.
Messinin zədə ilə əlaqədar meydana çıxa bilmədiyi “İnter Mayami” komandası isə matçlarda zəif nəticə göstərdiyi üçün liqada pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, yaşıl meydanların iki ulduzu Messi və Ronaldo öz komandaları ilə 38 dəfə qarşılaşıblar. Bu görüşlərin 17-də Messinin komandası, 11-də isə Ronaldonun komandası qalib gəlib.