Qəbələdə minik avtomobili yanıb

Qəbələ rayonunun Nic qəsəbəsində MG markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yüksək temperaturdan yaxınlıqdakı evin xarici divarına quraşdırılan elektrik sayğacı əriyib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanda maşın qatara çırpıldı: xəsarət alanlar var

Azərbaycan Dəmir Yollarına məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Lerik polisindən əməliyyat: qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lerik RPŞ-də zəruri istintaq tədbirləri həyata keçirilir.

Kürdə batan 14 yaşlı Əsmanın axtarışları aparılır

Ötən gün Kürdə batan 14 yaşlı Əsmanın axtarışları davam edir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları axtarışlara başlayıblar. Günü ikinci yarısında əlavə olaraq ikinci dalğıc-axtarış dəstəsi də axtarışlara qoşulub. Eyni zamanda, yeniyetmənin tapılması istiqamətində kənd sakinləri də səfərbər olaraq kiçik taxta qayıqlarla axtarışlar aparırlar. Hazırda axtarışlar böyük bir ərazidə davam edir.

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan xəbər var

Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyitini hissələrə bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Sozcu.az xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Bu səbəbdən onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə onun şirkətinə baxılan zaman bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Xatırladaq ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb. İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.pravda

Kəlbəcərdə maşın dərəyə aşdı: Türkiyə vətəndaşları öldü

Kəlbəcərdə avtomobil dərəyə aşıb, 2 Türkiyə vətəndaşı ölüb, xəsarət alan var. Sozcu.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mitsubişi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Partlayışda xəsarət alan bacı-qardaş vəfat etdi

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh Əbdül qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Əbdül oğlu Quliyev xəstəxanada dünyasını dəyişib. Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

Priqojinin təyyarəsində ölənlərdən biri ermənidir

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub. Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib. Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Hindistanda körpü uçdu: 17 nəfər öldü

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib. “İndiyədək 17 nəfərin meyiti tapılıb, itkin düşənlər var”, - polis əməkdaşı bildirib. İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.

İsmayıllıda idman zalı yandı

İsmayıllıda idman zalında yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsmayıllı rayonunun Çayqovuşan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli tikilinin (idman zalı kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Türk Hava Yolları"nın təyyarəsi Bakıya təcili eniş etdi

Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Sozcu.az bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, buna səbəb təyyarədə olan 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub. “Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.

Ağsuda dağlıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Sozcu.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.