Dövlət qurumunun əməkdaşları QƏZAYA DÜŞDÜ - Yaralılar var - YENİLƏNDİ

16:07

ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.

Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə şəhər xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.

Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.

*********

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza verilən məlumata görə, üç nəfər Füzuli rayonu Horadiz qəsəbə sakini (hər üçü kişi) müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.

Onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyəti ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır”, - məlumatda bildirilib.

Share on Facebook