Düşmən təxribata cəhd etdi, Ordumuz dərhal dayandırdı!

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ana özünü bıçağın qarşısına verdi - DƏHŞƏTLİ hadisənin TƏFƏRRÜATLARI

Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb. Sədaqət Kərimova bıçaqla özünə qəsd etmək istəyib. Hadisə zamanı ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıb. Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir. Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.

Gədəbəy və Laçındakı mövqelərimiz atəşə tutuldu

Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.

Şəkidə sirkə turşusu içən sərxoş kişi öldü

Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib. Həmin zaman evdə olan ailə üzvləri tərəfindən o, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqustun 19-u saat 01 radələrində həmin xəstəxanada ölüb. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Ṣöbəsinə şəhər ərazisindəki qəbiristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb. Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumluq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xaçmazda bədbəxt hadisə nəticəsində fəhlənin qolu amputasiya edilib

Xaçmazda çörək zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub. Hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunda baş verib. Belə ki, zavodda fəhlə işləyən Quba rayonu Zərdabi qəsəbə sakini, 2002-ci il təvəllüdlü Tele-Zadə Muxtar Hidayət oğlunun ehtiyatsızlıqdan qolu xəmir qarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq dərhal əməliyyat olunub, qolu amputasiya edilib. Faktla bağlı araşdırma aparılır.

Dənizdə batan 4 nəfərin meyiti tapıldı

Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb. Bu barədə Sozcu.az-a FHN-dən bildirilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu öldü

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovun törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədovdur. Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.

Hacıqabulda kütləvi zəhərlənmə

Hacıqabulda kütləvi zəhərlənmə baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb. Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli, 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1952-ci il təvəllüdlü Sidiqə Məmməd qızı Soltanova, 1994-cü il təvəllüdlü Pikəxanım Hafiz qızı Süleymanova, Nuranə Hüseyn qızı Süleymanova, 1973-cü il təvəllüdlü Afaq Soltanəli qızı Əliyeva, 2017-ci il təvəllüdlü Məhəmməd İlkin oğlu Süleymanovun halı pisləşib. Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şərurda TIR aşıb, xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Siyaqut kənd yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yüklə dolu TIR aşıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Əraziyə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

27 yaşlı gənc beşinci mərtəbədən yıxılıb öldü

Bakıda 27 yaşlı gənc faciəli şəkildə ölüb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılıb. Onun hadisə nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Xanlar Cəfərov dələduzluqda təqsirləndirilir - MƏHKƏMƏ

Bakıda dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, “Avro Qrand” şirkətinin rəhbəri olan X.Cəfərov Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillərin açarları sahiblərinə verilməyib. Belə ki, X.Cəfərov həmin mənzilləri bir neçə şəxsə satıb. İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib. Məhkəmədə X.Cəfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. Növbəti proses avqustun 23-nə təyin edilib. Qeyd edək ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.