Ağsuda su anbarında batan şəxsin meyiti çıxarıldı

Ağsu rayonunda “Cavanşir” su anbarında batan şəxsin meyiti tapılaraq çıxarılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oğul atasını öldürüb hadisə yerindən QAÇDI

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Bakıda bir ailənin 3 üzvünü qətlə yetirən şəxsin istintaqı başa çatdı

Ötən il Buzovnada bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirən Səfərov Nofəl Səfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə araşdırılacaq. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib. Belə ki, ötən il noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb. Hadisə Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 76 mənzil 4 ünvanında baş verib. Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli Ellaida Mirəsgər qızı 2-ci mərtəbənin eyvanının pəncərəsindən yıxılaraq xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada vəfat edib. Faktla bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Azər Qaraşovu oğlu öldürübmüş

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

İcra başçısının qardaşının özünü öldürməsi ilə bağlı - Yeni məlumatlar

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində intihar edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Azay oğlu Qaraşovla bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər özünü yaşadığı evdə güllələyərkən otaqda tək olub. İlkin araşdırmalar zamanı məlum olub ki, A.Qaraşovun həyat yoldaşı, övladları və anası hadisə vaxtı evdə olsa da, digər otaqlarda olublar. A.Qaraşov bir neçə dəqiqə əvvəl həyat yoldaşına harasa gedəcəyini və geyimlərini hazırlamasını deyib. Bir qədər sonra isə otaqdan atəş səsi eşidilib. A.Qaraşovun olduğu otağa ilk olaraq anası daxil olub və oğlunun özünü qarnından güllələdiyini görüb. Dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət edilib. Lakin bir neçə dəqiqə sonra A.Qaraşov dünyasını dəyişib. Hadisə yerinin araşdırılması zamanı evdən beşatılan növ tüfəng aşkar edilib. A.Qaraşovun qarnından aldığı xəsarətlərdən ölümü müəyyən edilsə də, hadisə vaxtı evin tavanında da güllə izləri müəyyən edilib. Tüfəng və digər maddi sübutlar prokurorluq əməkdaşları tərəfindən götürülüb. Müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyəti hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsi barədə məlumat yayıb.

Əncir yığan qadın faciəvi şəkildə öldü

Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub. O, hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Daha bir hərbçimiz özünü ÖLDÜRDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Hərbi Prokurorluqdan məlumat verilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilibvə təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.

Turalə Aslanovanın işində adları hallanan şəxslər işdən çıxarıldılar

İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıblar. Dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər. Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıb. Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. O, dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb. Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb. T.Aslanovanın vəkili Emin Kiçibəyov açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib.(qafqazinfo) 

Qubada qısqanc ər arvadını öldürdü

İyulun 25-də saat 06 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Quba rayon Prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bakıda 2 sərnişin avtobusu toqquşdu: xəsarət alanlar var

Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır.

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil digər iki avtomobillə toqquşub. Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb. 1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.