Cəlilabad sakini dənizdə boğulub

Cəlilabad rayon sakini dənizdə boğularaq ölüb. Hadisə ötən gün Bilgəh çimərliyində baş verib. Belə ki, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Dəyanət Muradlı dənizdə boğularaq dünyasını dəyişib. Məlumata görə, D.Muradlı Cəlilabad rayonunun Adınalı kənd sakinidir.

Kəlbəcərdəki qəzada ölən hərbçimiz...

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonu ərazisində hərbçilərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində, baş əsgər Əliyev Emin Eldəniz oğlu vəfat edib.  Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə ölən hərbçinin fotosu yayılıb. Qeyd edək ki, qəzada leytenant Hüseynov Əli İlyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycanda tələbə intihar etdi

Quba kollec tələbəsi intihar edib. Hadisə rayonun Muçu kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Adgözəl Camərdov yaşadıqları evin həyətində olan dülgər sexi kimi istifadə olunan tikilinin tavanından özünü kəndirlə asaraq intihar edib. Onun meytini anası aşkarlayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, A.Camərdov Şirvan Dövlət və Humanitar kollecinin III kurs tələbəsi olub./Report

Azərbaycanda ağır qəza - 18 yaşlı sürücü öldü

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda ata oğlunu bıçaqladı

Bakıda ata oğlunu bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 21-də Qaradağ rayon Qızıldaş qəsəbəsində qeydə alınıb. Belə ki, Ramiz Vahabov şəxsi münasibətlər zəminində oğlu, 33 yaşlı Hafizə bıçaqla ağır dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Uzunoba gölündə batan uşağı xilas edən polis həyatını itirib - FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib. Bu barədə Sozcu.az-a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Bir yaşlı uşaq milçək dərmanından zəhərləndi

Qaxda nəzarətsiz qalan körpə milçək dərmanı içib. Sozcu.az xəbər verir ki, dərmanın təsirindən zəhərlənən 1 yaşlı Nuran Səbrili xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyətinin ağır olduğu bildirilir.qafqazinfo

Bakıda market işçisi kəsiçi alətlə hədələnib

Bakıda quldurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 18 radələrində M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan ətriyyat məhsulları talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Əzimzadə, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Anar İmamquliyev və İlkin Mehrabov saxlanılıblar. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Oğuzda TIR qəzaya düşdü, yol bağlandı

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə TIRın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb. Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.

Sərxoş qohumlar ərzaq mağazasını yandırdı

Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşən ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmraslanov və onun yeniyetmə qohumu müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar. Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Bakıda dənizdə uşaq batdı

Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə uşaq batıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub: “Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”.

Xəzərdə yenidən zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 63 km olub.