Gədəbəydə doğuş zamanı ölən körpə ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-a məlumat verilib.
Bildirilib ki, 18 yaşlı Gədəbəy rayon sakini (qadın cinsli) ilk dəfə 26 avqustda 10-11 həftəlik hamiləlik diaqnozu ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Laborator müayinələr zamanı hamilə qadında orta-ağır anemiya aşkar olunub:
"Anemiyanın aradan qaldırılması üçün pasiyentə daha ixtisaslı müayinə və müalicələrdən keçməsi tövsiyə edilib.
Pasiyent 19 sentyabrda 13 həftəlik hamiləlik diaqnozu ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təkrar müayinə olunub. Onda yenə də orta-ağır anemiya halı təsdiqlənib. Ona zəruri müalicələr təyin edilərək ayda 1 dəfədən gec olmayaraq həkim qəbulunda olması tövsiyə edilib. Lakin pasiyent 18 noyabradək Gədəbəy RMX-ya müraciət etməyib.
Qadın qeyd olunan tarixdə 22 həftəlik hamiləlik diaqnozu ilə təkrar müayinədə olub. Müayinələr nəticəsində xəstədə orta-ağır anemiya hamiləlik zamanı proteinuriya aşkar edilib. Yenə zəruri müalicələr təyin olunub və iki həftə sonra müayinə üçün gəlməsi tövsiyə edilib. Lakin pasiyent tövsiyə edilən tarixdə tibb müəssisəsinə müraciət etməyib".
"Bundan sonra xəstə 9 dekabr saat 04:35-də ambulansla Gədəbəy RMX-nın Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 25-26 həftəlik hamiləliklə, vaxtından əvvəl doğuş, ölü döl, sağrı gəlişi, doğuşun ikinci dövrü aktiv faza diaqnozu təyin edilib", - deyə açıqlamada bildirilib.