Neftçalada yük və minik maşınları toqquşdu: yaralılar var

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Neftçala rayonunun Həsənabad kənd yolunda qeydə alınıb. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlar - Aqşin Əzizov və Günel Əzizova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

DSX əməkdaşı Qazaxda minaya düşdü - Yenilənib

12:36 Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib. Bu barədə Sozcu.az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Xəsarət alan şəxsin durumu stabildir. Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.

Buzovnadakı qətlə görə cinayət işi AÇILDI

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Abşeronda 49 yaşlı qadın qətlə yetirilib, əri saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə S.Ağayevann həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Bakı metrosunda ÖLÜM

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının keçidində təxminən 60-65 yaşlarında bir qadın epilepsiya tutmasından dünyasını dəyişib. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. Sozcu.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. (Lent.az)

Pomidor turşusundan zəhərlənən şəxs öldü

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Murad Ramazan oğlu Ramazanov “Botulizm (turşu) zəhərlənməsi” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Baş Prokurorluqdan Sozcu.az-a verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat 23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya müraciət edib. Araşdırma aparılır.

14 yaşlı oğlan 4 yaşlı əmisi qızının boğazını kəsərək öldürdü - Dəhşətli hadisə

Türkiyədə dəhşətli hadisə baş verib. Sozcu.az xəbər verir ki, Kahramanmaraşda 4 yaşlı Sultan Akgül (4) əmisi oğlu A.A. (14) tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisə ötən gün Elmalar rayonu ərazisində baş verib. İtkin qızı Sultan Akgüllə əlaqə saxlaya bilməyən ailəsi jandarmaya xəbər verib. Xəbər üzərinə jandarma qrupları Sultan üçün axtarış başladıb. İstintaqın sonunda Akgülün cansız bədəni evlərinin yanındakı ot tayasında boğazı kəsilmiş halda tapılıb. Araşdırmalar zamanı qruplar Sultan Akgülün əmisi oğlu A.A.-nın ayaqqabılarında qan ləkələri aşkar ediblər. Nəzarətə alınan A.A. törətdiyi cinayəti etiraf edib və hadisədə istifadə etdiyi bıçaq da götürülüb. Dindirilməsi zamanı ona daş atdığı üçün öldürdüyünü deyən A.A., həbs edilərək həbsxanaya salınıb.

Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA

Bakıda daha bir məhkum həbsxanada ölüb. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 65 yaşlı Namazov Güloğlan Rəşid oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir. Qeyd edək ki, G. Namazov 2012-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində bələdiyyə binasının önündə qətl törədib. O, qonşusu Əziz Lalayevi bıçaqlayıb. Ə. Lalayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib./Lent.az

Culfa rayonunda ağır qəza: ölənlər var - Foto

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadla xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Şevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Nəticədə avtomobildə olan Kamal Qürbət oğlu Cəfərov və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü İbrahim İldırım oğlu Sahilov və 1998-ci il təvəllüdlü Əbülfəz Elçin oğlu Əlizadə isə yaralanıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Şirvanda kardioloq ürək çatışmazlığından öldü

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumatı təsdiqləyib. “Həkim infarkt keçirib. O, təcili tibbi yardım vasitəsi ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, kifayət qədər savadlı və işinin peşəkarı olan həkim idi. Allah rəhmət eləsin”, - Ədilova bildirib.

Yasamalda 23 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, "İnşaatçılar" metrostansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Allahverdiyeva Aynur İbad qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Report