Nərimanovda 2 nəfər küçədə öldü

Bakı şəhər Nərimanov rayonunda iki nəfər küçədə ölüb. Sozcu.az qafqazinfo-ya istinadla xəbər verir ki, Tovuz rayon sakini 1976-cı il təvəllüdlü F.Cəfərov Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb. Bundan başqa, tüfeyli həyat tərzi sürən 1966-cı il təvəllüdlü E.Əhmədov küçədə halsız vəziyyətdə qalması səbəbindən təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daha sonra onun ölməsi məlum olub. Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

İran yenə Ermənistana dəstəyini nümayiş etdirdi

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bu gün Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyanla görüşüb. Sozcu.az “Mehr” Agentliyinə istinadən xəər verir ki, görüşdə Məcid Təxt Rəvançi İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə toxunaraq, “İranın regionda geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır” deyib. Taxt Revançi Ermənistanla əlaqələrin İranın xarici siyasətində xüsusi əhəmiyyət kəsb etdiyini və bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib. Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyan isə İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə təbrik edib və deyib: “İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi Ermənistan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edir”. Bu görüşdə Ermənistan və İran arasında siyasət, iqtisadiyyat, infrastruktur, enerji və regional inkişaf sahələrində əməkdaşlıq da müzakirə edilib.

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin səfər mübadiləsi barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tramp “Truth Social”da yazıb. Trampın sözlərinə görə, Putinlə Ukrayna böhranının həllinin zəruriliyi barədə razılığa gəliblər: “Biz ölkələrimizə səfərlər də daxil olmaqla, çox sıx əməkdaşlıq etməyə razılaşdıq”. Qeyd edək ki, az öncə Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.

NATO Müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq

NATO ölkələri müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Alyans məlumat yayıb. Bildirilib ki, bununla da tərəflər 2025-ci ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Sammitinə hazırlıqlara başlayacaqlar. Məlumata görə, görüş çərçivəsində nazirlər yenilənmiş Müdafiə İstehsalı Fəaliyyət Planı da daxil olmaqla müdafiə sənayesi potensialının gücləndirilməsinə diqqət yetirəcəklər. Görüşdən əvvəl dəyərləndirmə aparan NATO Baş katibi Mark Rutte qeyd edib ki, Alyansın hərtərəfli istehsal qabiliyyətinin artırılması üçün daha sürətli olmaq lazımdır. Məlumatda o da vurğulanıb ki, sabah əsas gündəmdə NATO-nun Ukraynaya dəstəyi məsələsi dayanacaq. "Sabahki NATO-Ukrayna Şurası görüşündə isə Ukraynanın müdafiə naziri Rustem Umerov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə birlikdə Ukraynadakı vəziyyət və ölkənin təcili ehtiyacları müzakirə ediləcək",-əlavə edilib.

“Rus Evi” də söküldü

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi binanın üzərindəki hər iki dildə olan lövhə sökülüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, dünən “Rus Evi”nin əməkdaşları divarlardan tabloları çıxarıb, məkanı boşaldıblar. Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Repetitorluğu ləğv etməklə problem həll olunmayacaq

"Biz təhsilin bir dövrəsinə gəlib çatmışıq ki, uşaqlar 1-ci sinifdən repetitor yanına gedir, sanki məktəb yoxdur. Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?" Sozcu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov yazıb. O bildirib ki, hazırlıq sistemini ləğv etməklə problem həll olunmayacaq: "Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi? Hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik. Təhsili keyfiyyətli etmədən, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın". Ekspert qeyd edib ki, ibtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır: "Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun. Əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır".

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

HƏMAS İsrailin Qəzza zolağında atəşkəs razılaşmasını pozmasını əsas gətirərək girovların azad edilməsini dayandırıb. Sozcu.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan hərbi sözçüsü məlumat verib. O qeyd edib ki, İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi növbəti xəbərdarlığa qədər təxirə salınıb. Məsələyə İsrailin müdafiə naziri İsrail Kats da münasibət bildirib: “Bu bəyanat atəşkəs razılaşmasının və girovların azad edilməsi ilə bağlı razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada baş verə biləcək hər hansı prosesə və əhalinin məskunlaşdığı əraziləri qorumaq üçün ən yüksək səviyyədə hazır vəziyyətə gətirilməsini əmr etdim. Oktyabrın 7-dəki vəziyyətə qayıtmağa imkan verməyəcəyik”.

Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı

İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib. Sozcu.az xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriyada saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib. Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb. Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Hərbi vəzifəlilər atış çalışmalarını icra etdi

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını icra ediblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. Toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir. Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Bu barədə Sozcu.az a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Vardanyanın cinayət işi: Məhkəmənin baxış iclası başladı

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində başlayan prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan müdafiəçi və vəkillə təmin olunub.

Rusiyadakı azərbaycanlıların nəzərinə: deportasiya oluna...

Rusiyada bu gündən miqrantlarla bağlı qaydalar sərtləşdirilir. Sozcu.az-ın məlumatına görə, bu gündən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib. Müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna edilib. Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq. Qaydalar bütün miqrantlara, o cümlədən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına da aiddir.