Ərdoğan Əhməd əş-Şaranı qəbul etdi

18:39 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara arasında Ankarada görüş başlayıb. Sozcu.az xəbər verir ki, ikitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əhməd əş-Şara birgə mətbuat konfransı keçirəcəklər. Qeyd edək ki, Suriyanın müvəqqəti prezidenti Ankarada səfərdədir. *** Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara arasında görüş başa çatıb. Görüşdən sonra liderlər mətbuata açıqlamalar verirlər.

Müharibə yenidən başlaya bilər - Fidan

Netanyahu hökuməti müharibəni yenidən başlada bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib. “Mən bazar günü Dohada HƏMAS üzvləri ilə görüşdüm. Onlar atəşkəsin tələblərini yerinə yetirməkdə tərəddüd etmir. Bununla belə, İsrail məhbusları azad edildikdən sonra Netanyahu hökumətinin hansı mövqe tutacağı ilə bağlı bütün dünyada bəzi sual işarələri var. Netanyahunun müharibəni yenidən başlada bilməsi ehtimalı sülhü dəstəkləyənlərin hamısını narahat edir. 16 aylıq müharibədən sonra həm Fələstinə, həm də İsrailə sülh və əmin-amanlıq lazımdır. Beynəlxalq ictimaiyyət ortaq mövqe tutmalı və Netanyahunun siyasi məqsədlər üçün soyqırımı yenidən başlatmasının qarşısını almalıdır”, - XİN başçısı bildirib.

Xüsusi təyinatlı yaralandı, 8 terrorçu məhv edildi - Təcili/Video

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülmüşdür. Sozcu.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunmuşdur. İlkin mərhələdə qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilmişdir. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olmuşlar. Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülmüşdür. Həmçinin görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilmiş və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilmişlər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilmişdir. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət almışdır. Habelə Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tiflisdə aksiya: Ən böyük müxalif partiyanın lideri həbs edildi

18:34 “Tiflis Moll”da keçirilən aksiyada iştirakçılar Gürcüstan paytaxtından giriş-çıxışı qismən məhdudlaşdırıblar. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, aksiyaçılar ticarət mərkəzinin mərkəzi girişində cəmləşiblər, lakin sonradan yol boyu yürüş keçirmək qərarına gəliblər və nəticədə yol bağlanıb. Etirazçılarla polis arasında toqquşma yaşanmayıb. Aksiyada müxalifət nümayəndələri də iştirak edir. *** Gürcüstan polisi yeni parlament seçkiləri tələbi ilə keçirilən və minlərlə nümayişçinin iştirak etdiyi aksiyada Tiflisin kənarında magistral yolu bağladığı üçün bir neçə nümayişçini həbs edib. “Röyters”in məlumatına görə, həbs olunanlar arasında ölkənin ən böyük müxalifət partiyası olan Dəyişiklik Koalisiyasının lideri Nika Melia da var. Yerli mətbuat isə Tiflisin keçmiş meri Georgi Uqulavanın da həbs edildiyini yazıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1075-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 840 360 hərbçi, 9 908 ədəd tank, 20 667 ədəd zirehli döyüş maşını, 22 538 ədəd artilleriya sistemi, 1 267 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1050 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 35 709 ədəd avtomobil texnikası, 23 793 ədəd PUA, 3054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 729 xüsusi avadanlıq itirib.

Tramp qərar verdi: ABŞ ordusu bu ölkəyə girəcək!

ABŞ ordusu bundan sonra Meksikanın narkotik kartellərinə qarşı xüsusi hərbi əməliyyatlar keçirə biləcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat yayıb. Onun sözlərinə görə, Amerika hərbçiləri belə səlahiyyətləri Donald Trampın narkotik kartellərini terror təşkilatı kimi tanıyan fərmanından sonra alıb. Pentaqon rəhbəri yaxın vaxtlarda qonşu dövlətin ərazisində hərbi əməliyyatların planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib. Qeyd edək ki, bundan öncə ABŞ ordusunun sabiq kəşfiyyatçısı Skott Ritter narkokartellərin terrorla cavab verəcəyini iddia etmişdi.

Ukraynadan Vardanyanla bağlı Azərbaycana ÇAĞIRIŞ

Ruben Vardanyan təkcə Qarabağdakı əməllərinə görə deyil, həm də Ukraynadakı hərəkətlərinə, Rusiyaya qarşı təcavüzü maliyyələşdirdiyinə görə cəzasını almalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukraynanın xalq deputatı, Ali Radanın Müvəqqəti İstintaq Komitəsinin sədri Anna Skoroxod bəyan edib. O, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputatın Vardanyanın namizədlər siyahısından çıxarılması tələbi ilə Nobel Komitəsinə kollektiv məktub imzaladığını xatırladıb: “Vardanyan Putinin pul kisəsidir, Ukraynaya qarşı təcavüzün sponsorudur, Qarabağda qanunsuz separatçı təşkilatın keçmiş rəhbəridir. Ümid edirəm, rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa qarşı təcavüzdə iştirak etdiyinə görə deyil, həm də Ukraynaya görə, 21-ci əsrin baş diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir. Əgər ABŞ, AB və Ukrayna Vardanyana qarşı sanksiyalar təklif edibsə və ya tətbiq edibsə, o zaman Azərbaycan Vardanyana real cəza tətbiq etməlidir. O, buna layiq olduğunu dəfələrlə və müxtəlif ölkələrdə sübut edib”./Axar.az

Aİ müşahidəçiləri yenidən sərhəddə gəldi

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar. Sozcu.az xəbər verir ki, bir neçə maşında gələn avropalı müşahidəçilər bu dəfə də binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər. Müşahidə Missiyasının hərəkətləri Azərbaycan sərhədçilərinin nəzarətindən yayınmayıb. Azərbaycan sərhədçiləri onların həm avtomobil, həm də piyada hərəkətlərini müşahidə altında saxlayıblar. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

Tramp bu ölkələri hədələdi

Donald Tramp qlobal ticarətdə dollara alternativ yaratmağa çalışacaqları təqdirdə BRİKS ölkələrinə 100% idxal rüsumları tətbiq edəcəyinə söz verib. Sozcu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb. “Bu düşmən kimi görünən ölkələrdən yeni BRİKS valyutası yaratmayacaqlarını və ya güclü ABŞ dollarını əvəz etmək üçün başqa bir valyutanı dəstəkləməyəcəklərini tələb edəcəyik, əks halda onlar 100% rüsumla üzləşəcək və gözəl Amerika iqtisadiyyatına mal satmaq imkanı ilə vidalaşacaqlar”, - o bildirib.

Lənkəranda ailə faciəsi: Ana və oğul eyni gündə öldü - FOTO

Lənkəranda ana və oğul eyni gündə vəfat edib. Sozcu.az “Oxu.az”a istinadən xəbər verir ki, Lənkəran sakini, Seyran Cəfərli Bakı şəhərində dünyasını dəyişib. Övladının ölüm xəbərini eşidən ana Məhrəba Cəfərova da həyatını itirib. Ana və oğul bu gün Lənkəran rayonunda dəfn olunublar. Qeyd edək ki, Seyran Cəfərlinin bir qardaşı Fikrət Cəfərov Lənkəranda məktəb direktoru, digər qardaşı Rüstəm Cəfərov isə Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədir.

Bakıda polisə silahlı müqavimət - 1 nəfər yaralandı

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib. Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb. Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Zaqatalada ehtiyatsızlıqdan ölən qazinin meyiti dağlıq ərazidən endirildi

Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 32 yaşlı H. Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb. Xatırladaq ki, o, Vətən Müharibəsi qazisi olub, 2 övladı var.