İranın nüvə obyektlərinə zərbə bəşəriyyətə hədiyyə olacaq

Əgər İsrail İranın soyqırımçı, teokratik və qeyri-sabit rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bu ölkənin nüvə obyektlərinə hücum etsə, bu, yəhudi dövlətinin bəşəriyyətə hədiyyəsi olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Kanada Mühafizəkarlar Partiyasının lideri Pierre Polivir deyib. Qeyd edək ki, İsrailin Tehranın raket hücumuna cavab zamanı İranın nüvə obyektləri və neft təsisatlarının da hədəf alınacağı barədə məlumatlar yayılıb.

Müşfiqabad sakinləri 4 gündür susuz qalıb - SƏBƏB AÇIQLANDI

Bu barədə redaksiyamıza şikayət daxil olub.  Şikayətdə bildirilir ki, Müşfiqabadda məcburi köçkünlər üçün  salınan Pereşükül qəsəbəsində  4 gündür su təminatı dayandırılıb. Bəs görəsən səbəb nədir? Mövzu ilə bağlı sakinlərin şikayəti əsasında Azərsu Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik.  Moderator.az- a bildirildi ki, sözügedən ərazidə texniki problem yaranıb:  “Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə, təmir işləri aparılır. Bu səbəbdən Z.Tağıyev, Müşfiq, 28 may, Güzdək qəsəbələrinə su təchizatı dayandırılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür”.

Metroda ölüm hallarının qarşısını necə alaq? - Ekspert

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin “28 May” və “Ulduz” stansiyalarında sərnişin qatar yoluna düşüb. Bu, ilk belə hadisə deyil. İldə bir neçə dəfə metrostansiyalarda ölüm hadisəsi baş verir. Bəziləri ehtiyatsızlıqdan yıxılsa da, çoxu intihar məqsədilə özünü qatarın altına atır. Yaponiya və başqa bir neçə ölkədə perronda sədd çəkilib ki, bu da yaşana biləcək bənzər hadisələrin qarşısını alır. Azərbaycanda da eyni tədbir görülə bilərmi? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev stansiyalarda belə səddin olmasının mütləq olduğunu deyib. Onun fikrincə, bundan sonra təhlükəsizliklə əlaqədar sədd çəkmək olar: “Təbii ki, metrostansiyaların layihələndirilməsi zamanı bunlar nəzərə alınmalı idi. Sonradan sədd qurmaq mürəkkəb prosesdir. Amma təhlükəsizlik baxımından çox vacib məsələdir. Hətta təhlükəsizliklə bağlı səddin quraşdırılması məqsədəuyğundur. Növbəti stansiyaların tikintisi zamanı bunlar nəzərə alınsa, çox yaxşı olar”. O qeyd edib ki, metroda insan sıxlığı az qala pik həddə çatıb və belə məqamda təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, platforma qapıları ilə bağlı araşdırılma aparılıb və kifayət qədər böyük vəsaitin tələb olunduğu məlum olub: “Bu proses Metropolitenin infrastrukturunun bir sıra sahələrini əhatə etməlidir. Söhbət sərnişin təhlükəsizliyindən gedirsə, bu, hər aspektdə qiymətləndirilməlidir. Bir təhlükəsizlik problemini həll etdikdə digər problem yaradılmamalıdır. Təbii ki, müasir dünyada hər şey mümkündür. Amma platforma qapılarının quraşdırılması kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb edən işdir”.

40 faizlə kredit, yoxa çıxan qızıllar: Lombard və BOKT-lara "dur" deyiləcək?

Vətəndaşlar maddi ehtiyacı ilə bağlı vəsait əldə etmək üçün adətən müxtəlif təşkilatlara müraciət etməli olurlar. Lakin bu zamana bank vasitəsilə kredit əldə etmək xeyli zaman tələb etdiyindən vətəndaşlar bunun üçün qeyri-bank kredit təşkilatı və lombardlara üz tuturlar. Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. Azərbaycanda qısamüddətli lombard krediti verən şirkətlər çoxdur ki, bu şirkətlər lombard adlanır. Lakin bu gün ölkədəki bank olmayan kredit təşkilatları və lombard şirkətlərinin heç də hamısının fəaliyyəti qənaətbəxş deyil. Bəzi vətəndaşlar var ki, yüksək faizlə həmin təşkilatlardan girov müqabilində kredit götürürlər, ancaq həm kreditlərini ödəməkdə, həm də girovlarını geri almaqda çətinliklərlə üzləşirlər. Hətta vətəndaşların girovlarını dələduzluqla ələ keçirən lombard şirkətləri də var. Bu sahədə mövcud problemlərin həlli üçün lombard və bank olmayan kredit təşkilatları ilə bağlı yeni qaydaların tətbiqə nə dərəcədə ehtiyac var? Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  bildirib ki, ölkənin maliyyə sektorunda lobard və bank olmayan kredit təşkilatlarının fəaliyyəti qənaətbəxş sayıla bilməz: “Son illər həm lombardlar, həm də bank olmayan kredit təşkilatları tərəfindən çox yüksək faizlərlə, ehiyacı olan adamların iqtisadi savadının olmamasından istifadə edərək onlara 30-40 faiz dərəcə ilə kredit vermək, onların əmlakını girov götürmək, sonradan əmlaklarını əllərindən almaq kimi neqativ hallar mövcudur. Nəticə etibarı ilə bütün bunlar bank və maliyyə sektorunun işinə mənfi təsir göstərir. Məhz bu sahədə onların fəaliyyətinə yenidən baxmaq, onu daha təkmil etmək lazımdır. Yəni haradasa bir məhdudiyyətlər, ölçülər olmalıdır. Doğrudur, onların fəaliyyəti müəyyən normativ aktlarla tənzimlənir. Görünən odur ki, bu aktlara yenidən baxılmasına ehtiyac var. Bu gün xarici ölkələrdə həmin qurumlar fəaliyyət göstərmirlər. Bildirim ki, bank olmayan kredit təşkilatları insanları iqtisadi, maliyyə savadının olmamasından, eyni zamanda ehtiyacının daha çox olmasından istifadə edib, müəyyən tələyə salıb və onlara yüksək faizlə kredit verib, əmlaklarını girov götürüb sonrada da əmlaklarını əllərindən alırlar. Lombardlarla bağlı da onlarla belə faktlar var ki, insanların qızıl-zinət əşyalarını ucuz qiymətə girov götürüb, müəyyən vəsait verirlər. Dəyərindən bir neçə dəfə aşağı girov götürürlər. Sonra qızıl-zinət əşyalarının götürüb qaçırlar”. Onun sözlərinə görə, bütün bunların qarşısını alacaq yeni qaydalar işləyib hazırlamaq lazımdır: “Müəyyən ölçülər, kriteriyalar olmalıdır ki, ondan kənara çıxa bilməsinlər. Tam sərbəstlik verəndə, insanların ehtiyacının yaranmasından, məlumatsızlığından məhz bu sferalarda fəaliyyət göstərən “işbazlar” məharətlə istifadə edirlər. Təbii ki, cəmiyyətdə bu istiqamətdə maarifçiliyi artırmaq lazımdır. Məsələn, mən adam tanıyıram ki, gedib 37-38 faizlə bank olmayan kredit təşkilatından kredit götürüb. Bu insanın iqtisadi biliyi yoxdur. Faktlar var ki, bank olmayan kredit təşkilatı iş adamına 40 faizlə kredit verib. Həmin insan təxminən 10 ildir ki, həmin krediti ödəyib bitirə bilmir. Hər dəfə də gecikmələr, cərimələr, yenidən müqavilə bağlayırlar, ödənilməmiş məbləğləri onun üzərinə gəlirlər. Fakt var ki, vətəndaş aldığı kreditdən 3 dəfə artıq ödəniş edib, yenə də ondan əl çəkmirlər. Çünki evini, yaxud digər əmlakını girov qoyub. Bütün bunlar hamısı dələduzluq hallarıdır. Bir insan bank olmayan kredit təşkilatından, məsələn, 1000 manat kredit götürürsə, onun yerinə 3 min ödəyirsə, onun əmlakını da əlindən almaq istəyirsə, bu artıq nə deməkdir? Hazırda onların fəaliyyəti müəyyən normativ aktlarla tənzimlənir. Ancaq elə korrektələr edilməlidir ki, bu kredit təşkilatları, lombardlar qeyd edilən hallara yol verə bilməsinlər. Bunun üçün qanunda hədd müəyyən edilməlidir. Yəni sərbəst şəkildə insanları aldatmaq üçün onların bu qədər imkanları olmamalıdır”./“Cebheinfo.az”

Yevlaxda qadın dəm qazından öldü

Yevlaxda qadın evində dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qaramanlı kəndində qeydə alınıb. Kənd sakini Sevgül Orucova yaşadığı evdə dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Bağçalarda dolaşan kabus: Uşaqları hansı təhlükə gözləyir?

Ötən həftə bağçada 2 yaşlı qızın ölümü hər kəsi məyus etdi. Hadisədə bir sıra nüanslar səbəb kimi göstərilsə də (uşağın yıxılmağı, boğazında qida qalmağı, ürək qüsuru olmağı) körpənin atası açıqlamasında övladında ürək qüsuru olmadığını bildirdi. Hadisə zamanı bağçada tərbiyəçilərin əvəzinə aşpazın olması, xəstəxanaya uşağı həmin şəxsin çatdırması kimi məqamlar bağçalarda uşaqların təhlükəsizliyi məsələsini gündəmə gətirir.  Sözügedən məsələ barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Sabah”a danışıb: “Həqiqətən də çox məyusedici bir hadisədir. Valideynlərinə Allahdan səbr diləyirəm. Uşağı sağlam uşaq bağçasına qoyub sonra ordan ölüm xəbərini almaq çox ağır travmadır. Belə ki, baş verən hadisə bir çoxlarında yaranmış əminlik hissini yox edir. Gələcəkdə daha tələbkar yanaşmaq, daha ehtiyatlı olmağa vadar edir.  Əlbəttə, qeyd edilən nüanslar məhkəmə tibbi ekspertizası ilə bağlıdır. Lakin məsuliyyətli valideyn öz uşağını vaxtlı-vaxtında müayinədən keçiribsə, o halda o, bu məsələ ilə bağlı axıra qədər getməli və hadisənin təkcə məsuliyyətsizliklə yekunlaşmasına, ciddi tədbirlər görülməsi ilə nəticələnməsinə nail olmalıdır”.  vakansiyalar M.Zeynalova bağçalardakı təhlükəsizlik məsələsinə də toxunub: “Bağçalarda müəllim heyətinin peşəkarlığı, hər hansı hadisədə ilkin tibbi yardımı göstərə biləcək şəxslərin olması mütləq şəkildə monitorinq edilməlidir. Uşağa aşpazın baxması o deməkdir ki, müəllimlər iş başında olmayıb, eləcə də müəssisə rəhbəri. Aşpazın uşağı xəstəxanaya çatdırması da vaxtından  tibbi yardımın göstərilməsi üçün təhlükəsizlik tədbirlərinin nəzərdə tutulmasından xəbər verir. Bütün göstəricilərə görə, belə qənaətə gəlmək olar ki, ümumiyyətlə, baxçada təlim-tərbiyə işləri və təhlükəsizlik tədbirləri qənaətbəxş deyilmiş. Mən yenə qeyd edirəm ki, bu daha çox istintaqın araşdırmasında müəyyən ediləcək məqəmlardır. Amma ictimaiyyyəti hazırda baş vermiş hadisənin qədər tərəfi yox, məhz bağçaya verilən uşaqlarla bağlı ciddi sistemin olmaması və ilkin tibbi yardım, ilkin təhlükəsizlik tədbirləri üçün personalın məlumatlandırılmaması da maraqlandırır. Personal bütün qeyd edilən böhran vəziyyətlərin aradan qaldırılması ilə bağlı tədbrilər planında iştirak etməli, məlumatlı olmalı və onun praktik tədbiqini öyrənməlidir”. 

82 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Sozcu.az Trend-ə istinadən istinadən xəbər verir ki, rayon sakini, 1942-ci il təvəllüdlü Nəsib Süleymanov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkidən istifadə nəticəsində 4 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib. Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər. Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.

Bakıda yolu keçən 7 yaşlı uşağı avtomobil vurdu

Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, 2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. socar vakansiya Faktla bağlı araşdırma aparılır.

Şəhidlərin məzarları ziyarət olunur - Foto

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsininin dördüncü ildönümü ilə əlaqədar anım mərasimi başlayıb. Sozcu.az xəbər ki, anım mərasimində hərbi orkestrin müşayiəti ilə vətənpərvərlik mahnıları ifa olunur. Azərbaycan Ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur. Sozcu.az xəbər verir ki, şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri xiyabana gələrək onların xatirəsini hörmətlə yad edir, məzarları önünə gül və əklil qoyurlar. Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad olunub.report)

345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat

Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq: "Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil". Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər".

"Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün"

“Elə məsələlər var ki, maksimum dərəcədə həssas və diqqəıtli omaq lazımdır. Bunlardan biri də azad olunmuş ərazilər və öz doğma yurdlarına dönən həmvətənlərimizlə bağlıdır”.  Bu fikirləri Herbiand.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Emin Həsənli qeyd edib ki, ölkəmizin bütövlüyünün, suverenliyinin bərpa olunmasında Azərbaycanın bütün bölgələrindən mərd, igid oğullarımız şəhid olub, sağlamlığını itirib:  “Qarabağ uğrunda savaşda bütün bölgələrimizdən olan oğullar və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri canlarını fəda edib. Azərbaycan xalqının bu məslədə bir yumruq kimi birləşməsi bədxahların gözləmədiyi bir olay idi. Ermənilər də, onlara havadarlıq edənlər də bu birliyi gözləmirdi. Bu dünya üçün bir nümunə idi. Məhz bu birliyin nəticəsi idi ki, biz qalib gəldik. Bu qələbənin daimi olmasının əsas şərtlərindən biri də bu birliyi qoruyub saxlamağımız, Ali Baş komandan ətrafında daima sıx birləşməyimiz ola bilər”. vakansiyalar Hərbi ekspert hesab edir ki, bu birliyə xələl gətirmək mümkün deyil: “Əlbəttə, bu birliyə xələl gətirmək mümkün deyil. Amma bəzi hallarda ortaya atılan müzakirələr insanların ovqatına neqativ təsir edir. Buna görə də bəzi məslələrdə ehtiyatlı davranmaq, həssas olmaq lazımdır”.  Emin Həsənli 30 illik həsrətdən sonra öz doğma yurdlarına qayıdan insanların bu illər ərzində nələr yaşadıqlarını unutmamağı tövsiyə edir: “Məcburi köçkünlər 30 il olmazın əzab-əziyyət qatlaşıb. Mülkiyyət hüququndan məhrum olub. Yataqxana küncündə, heç bir elementar şəraiti olmayan yarımçıq tikililərdə, çadırlarda yaşayıb. Onların bir çoxu, müəyyən müddət təhsil hüququndan məhrum olub, normal səhiyyə xidməti almaq hüququndan məhrum olub. Və ən nəhayət bu ağır şərtlər altında yaşamaq məcburiyyətində qalıblar. İndi dövlət onların pozulmuş hüquqlarını bərpa edir, onları öz doğma yurdlarına qaytarır. Azərbaycan qanunvericiliyində də, dünyanın hər yerində də insanların mülkiyyət hüququ var. Və bu hüquqa hörmətlə yanaşılır. Biz də bu hüquqa hörmətlə yanaşmalıyıq. Bəli, bu həm də mənəvi məslədir. Ona görə də bu məsələlərin müzakirəsində maksimum dərəcədə həssas və ehtiyatlı olmaq lazımdır. Bir zamanlar “qaçqınlar və yerlilər” avantürasını ortaya atanlar indi də doğma yurduna qayıdan insanları digərləri ilə qarşı-qarşıya qoymaq istəyirsə, biz buna qarşı olmalıyıq. Xalqımızın birliyinə xələl gətirəcək belə müzakirələr ancaq Azərbaycanın düşmənlərinin işinə yarıya bilər. Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün. Azərbaycanın hər qarışı hər bir Azərbaycan vətəndaşının, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin vətənidir”.